20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Gərməçataq kəndinə işğalçı ermənilərin etdiyi ilk həmlə indiki kimi yadımdadı. Həmin gün hava yaman tutqun idi. Qara buludlar sanki bir-biri ilə vuruşacaq deyə, göy üzündən asılıb qalmış, ildırım şaqqıltısı ətrafı bürümüşdü. Axşamdan başlayan güclü yağış isə torpağı xal-xal bəzəmişdi. Həmin gün kəndimizdə top-tüfəng səsi səngimirdi. Erməni xisləti, nankorluğu yenə baş qaldırmışdı. Dağlar gözəli Gərməçataq düşmən işğalı ilə üz-üzə qalmışdı. Heç yana getməmək, əksinə yurdumuza su salmaq istəyəni qovmaq qərarına gəlmişdik. Yaşlı və orta nəslin nümayəndələri yaxşı bilirlər ki, həmin vaxt Naxçıvan necə də çətin günlər yaşayırdı. Enerji böhranı – zülmət qaranlığa qərq olan yaşayış məntəqələri, ərzaq qıtlığı – sonu görünməyən çörək növbələri və üstəgəl, erməni quldurlarının sərhədyanı kənd­lərə basqını. Beləcə, el-obamız, ümumilikdə, muxtar respublikamızın sərhəd kəndləri üçün ağrılı-acılı günlər başlamışdı. Səhəri səngərdə qarşılayıb, axşamı da orada yola salırdıq. Naxçıvanın hər yerindən döyüş zamanı bizim köməyimizə gəlirdilər. Hamımızın qəlbində tükənməz Vətən sevgisi, torpaq təəssübkeşliyi, hünər, qorxmazlıq var idi. Ulularımızdan bizə miras qalan yurda bağlılıq, onu dərin məhəbbətlə sevmək bizim üçün ən güclü ordu, silah-sursat demək idi. Belə çətin günlərdə bu torpağın dahi oğlu Heydər Əliyev dadımıza çatdı, Naxçıvanımızı qorudu, onu hifz etdi, yaşatdı. Yağı düşmənin arzusu, niyyəti puç oldu. Ulu öndərin ətrafında sıx birləşdik, vuruşduq, şəhidlər verdik, amma torpağımızı vermədik, onu qoruyub saxladıq.

Gərməçataqlı Piri İsmayılov söhbətin bu hissəsində əlavə edir ki, o qanlı günləri yola salıb, düşməni yerində oturtduqdan sonra isə gündə­lik məişət qayğılarımız başladı. Blokadanın nə olduğunu o illərdə yaşayaraq hiss edirdik. O vaxt rahat yaşayış, dolanışıq, gün-güzəran sahibi olmaq bugünkü kimi asan deyildi. Biz də köçüb şəhərdə yaşamağa başladıq. Deyirlər ədalət topaldır, amma getdiyi yerə gec də olsa, çatar. Aradan 28 il keçib. Və biz yenə də doğulub boya-başa çatdığımız, təmiz havasını udub, saf suyunu içdiyimiz və ən nəhayət, bizim üçün isti ana qucağı olan Gərməçatağa qayıtmışıq. Özü də bizdən başqa, daha 3 ailə doğma yurda qayıdıb.
Piri İsmayılov kəndə qayıdışın konkret səbəblərindən danışır: – Ürəyim doludur, vallah. Götürün, qeyd dəftərçənizi hamısını bircə-bircə yazın. Dövlətimiz yaratdığı şəraitlə, həyata keçirdiyi islahatlarla bizə öyrətdi ki, elə dolanışıq da, yaşayış da, doğma kəndimizdədir. Sadəcə, zəhmət çəkmək lazımdı. İndi Gərməçataq çox dəyişilib, müasirləşib. Dövlətimiz bu dağların qoynunda, işğalçı düşmənlə biraddımlıqda gülüstan yaradıb. Başında topa-topa ağ buludların dolaşdığı bu dağlarda indi biz yox, cəsur Azərbaycan əsgəri dayanır. Özü də əlində ən müasir silahla, qəlbində Vətən sevgisi ilə. Biz də tez-tez onlara baş çəkir, bayram və əlamətdar günlərdə əsgər və zabitlərin yanında oluruq. Bu gün düşmən öz qınında gizlənibsə, mərmi səsi bu kəndə yaddırsa, biz isə o illərdəki kimi ah-vayla yaşamırıqsa, deməli, bunun bir səbəbi var: O da ulu öndərimizin bizə əmanəti olan müstəqil və inkişaf edən Azərbaycan dövləti, qüdrətli və yenilməz Ordumuzdur!
Torpaq sahibi, məhsul yiyəsi olmuşuq, müxbir qardaş. Kəndimizdə elə bir ailə yoxdur ki, onun ayrıca təsərrüfatı olmasın. Dövlət də bizim əlimizdən tutur. Torpağın, suyun verib. Bazarın yaradıb. Deyir, zəhmət çək, əvəzində yaxşı güzəran sahibi ol. Ötən ilin noyabr ayında biri-birinin ardınca Naxçıvan şəhərində “Arıçılıq məhsulları-bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları keçirildi. Həmkəndlilərim Mətləb Quliyev, Lazım Mirzəyev kimi sahibkarlar yaxşı bal satdılar. Mən özüm isə təsərrüfatımda yetişdirdiyim halal nemətləri alıcılara təqdim etdim. Şükür, qazancım da pis olmadı.
Vaxtilə hansı ümidlə, hansı arzuyla buradan köç etmişdiksə, indi həmin şəraitin ən yaxşısı qapımızadək gəlib çıxıb. Bu gün düşmənin beşaddımlığında yerləşən Gərməçataqda sürətli internet mövcuddur, “Naxtel” mobil operatorundan hər kəs istifadə edir. Yeni iş yerləri açılıb. Yeni mənzillər tikilir. Evlərə daimi işıq, qaz verilir. Həyat yoldaşım Xeyrənsə kənd məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Mən özüm isə bu yaxınlarda istifadəyə verilən kənd mərkəzində kitabxanaçı işləyirəm. Kəndin mərkəzində əzəmətlə ucalan bu tikililər başqa bir mövzudur. Onları görəndə gənclik illərimə qayıdıram, kədərlənirəm. Deyirəm ki, kaş bizim də uşaqlığımız bugünkü sabitlik, firavanlıq dövrünə təsadüf edərdi. Artıq bizim uşaqlarımız müharibə, qorxu əhval-ruhiyyəsində deyil. Onlar hər cür şəraitlə təmin olunmuş məktəb binasında yaxşı təhsil alaraq həkim, mühəndis, zabit, müəllim olmaq arzusundadırlar. Bunun üçün onların da arxasında dayanan böyük bir güc, qüvvə var ki, o da dövlətimizdir. Heç uzağa getmirəm. Düşmənin muxtar respublika ilə sərhəddə yerləşən kəndlərində acınacaqlı vəziyyət hökm sürür. Tez-tez Naxçıvan tele­viziyasından izləyirik ki, müəllimlər əməkhaqlarını vaxtında ala bilmir, tədris ocaqlarında istilik yoxdur, valideynlər şəraitsizlik ucbatından uşaqlarını məktəbə göndərmir və sair və ilaxır. Amma biz daha blokada nədi, onu hiss etmirik. Vallah güclü iqtisadiyyatı, qüdrətli ordusu olan Azərbaycanın vətəndaşı olduğumuz üçün qürur duyuruq. Bir valideyn kimi, bir gərməçataqlı kimi bu şəraiti yaradanlara minnətdarıq.

İsmayılovlar ailəsinin timsalında Gərməçatağa qayıdanlar özlərinin və övladlarının gələcəyini məhz burada görürlər. Kənddən şəhərə doğru aparılan yeniləşmə prosesi muxtar respublikanın dağında da, aranında da, böyük-balaca kənd və şəhərində də eyni şəraiti, eyni yaşayışı təmin edib. Bu isə müstəqilliyimizin, dövlətçiliyimizin, inkişafımızın, rahat yaşayışımızın müəllifi olan ulu öndər Heydər Əliyev yoluna sədaqətin bəhrəsidir.

Muxtar Rzazadə
“Şərqin səhəri” qəzetinin redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782776
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
838
1827
5326
47093
3782776

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter