20 Mart 2019, Çərşənbə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Ölkəmizdə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət pro­qramları respublikamızın simasını tanınmaz dərəcədə dəyişib. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi siyasət, görülən işlər, irəli sürülən təşəbbüslər sayəsində əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də böyük uğurlar əldə edilib.

2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları Naxçıvan Muxtar Respublikası üçün də uğurlu olub. Naxçıvan ölkəmiz üçün strateji əhəmiyyətli bir diyardır. Ümummilli lider Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində də bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində Naxçıvanın möhkəmlənməsinə və inkişafına xüsusi diqqət və qayğı göstərib. Heydər Əliyev siyasi kursunu uğurla və yaradıcılıqla davam etdirən ölkə Prezidenti də Azərbaycanın bütün regionları kimi, Naxçıvanın da hərtərəfli inkişafına daim diqqət yetirmiş, burada aparılan işlərin yüksək səviyyədə və zövqlə görülməsini dəfələrlə vurğulamışdır.
Naxçıvan Muxtar Respublikasının son 20 ildən artıq bir dövrü – yeni inkişaf mərhələsi, inkişafın “Naxçıvan modeli” adlandırılır. Heydər Əliyev quruculuq xəttinə sədaqət blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikanın hərtərəfli, dinamik və dayanıqlı inkişafına gətirib çıxarmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” ölkə­də həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirmişdir. Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq investisiya reytinqində lider olmuşdur.
Naxçıvan Muxtar Respublikasına səfər edən xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri “Caspian Energy” jurnalına müsahibələrində Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafını yüksək qiymətləndirmişlər. Onlar muxtar respublika rəhbərinin alternativ və bərpaolunan enerji mənbələrinə, innovasiya texnologiyalarının tətbiqinə, turizmin inkişafına, istehsal olunan məhsulların müxtəlifliyi və yüksək keyfiyyətinə, yerli iqtisadiyyatın inkişafı və regional məhsul çeşidlərinin şaxələndirilməsinə göstərdiyi səyləri yüksək qiymətləndirmiş və valeh olduqlarını söyləmişlər.
Qeyd olunan bu təşkilatın 18 parametr və 6 qrup üzrə (sosial-demo­qrafik göstəricilər, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastrukturun qurulması, insanların rifah halının artması və kənd təsərrüfatının inkişafı) hazırladığı təhlillər “Caspian Energy” jurnalının sonuncu nömrəsində dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının və aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim ediləcəkdir. Bütün bunlar Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın artan dinamika ilə getdiyini bir daha təsdiq edir.
Yanvarın 23-də Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı tədbir keçirilmişdir. “Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Ali Məclisin Sədrinə “Caspian European Club”un mükafatını təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə çıxış edərək qazanılan uğuru belə dəyərləndirmişdir: “Ölkə Prezi­dentinin qayğısı ilə bu gün Azərbaycanın bütün regionlarında davamlı inkişaf təmin edilib. Sağlam rəqabət mühiti formalaşıb. Yaradılmış inkişafın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin sədri olduğu “Caspian European Club”un 2017-ci il üçün ölkə­nin iqtisadi regionları üzrə 18 parametr üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq birinci yerə çıxmışdır. Təbii ki, muxtar respublikamız bu uğura ölkə başçısının göstərdiyi böyük diqqət və qayğı, ümummilli liderin ideyalarına sədaqət və onun arzularının gerçəkləşməsi yolunda çəkilən zəhmət sayəsində nail olmuşdur”.
Muxtar respublikada inkişafın əsas göstəricisi ümumi daxili məhsulun inkişaf səviyyəsində özünü göstərir. Belə ki, 2017-ci ildə muxtar respublikada 2 milyard 701 milyon 663 min manat dəyərində ümumi daxili məhsul əldə olunmuşdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı illə müqayisədə 3,6 faiz artaraq 5 min 990 manat təşkil etmişdir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş üç Dövlət Proqramı, həyata keçirilmiş iqtisadi islahatlar qısa dövr ərzində muxtar respublikada makroiqtisadi sabitliyin bərqərar olunması ilə nəticələnmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, ərazi, enerji və ərzaq təhlükəsizliyi təmin edilmişdir.
Artıq bir neçə ildir ki, muxtar respublika iqtisadiyyatında sənaye digər sahələri üstələyərək, ön mövqeyə çıxmış və aparıcı rola malik olmuşdur. Muxtar respublikada 1990-cı ildə 52, 1995-ci ildə 56, 2010-cu ildə 423, 2017-ci ildə isə 442 sənaye müəssisəsi fəaliyyət göstərmiş və keçən il 967 milyon 60 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2016-cı ildəki göstəricini 1,4 faiz üstələmişdir.
Muxtar respublikanın ümumi daxili məhsulunda tikinti-quraşdırma işləri xüsusi yer tutur. 2017-ci ildə 933 milyon manatdan artıq tikinti-quraşdırma işləri görülmüşdür. Son illərdə yeni və müasir Naxçıvan qurulmuş, quruculuq və abadlıq işləri muxtar respublikanın paytaxtı ilə yanaşı, ən ucqar kəndlərini də əhatə etmişdir. Muxtar respublikada kənd və xidmət mərkəzlərinin tikintisinə diqqət artırılmış, 2011-2017-ci illərdə 96 kənd mərkəzi istifadəyə verilmişdir.
Muxtar respublika iqtisadiyyatında kənd təsərrüfatı hər zaman öncül mövqeyini qorumuş, əhalinin ərzaq məhsullarına, emal müəssisələrinin isə xammala olan tələbatının ödənilməsindəki rolu, həmçinin əhali məşğulluğunun təmin olunmasındakı əhəmiyyəti nəzərə alınaraq bu sahənin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Ali Məclis Sədrinin qeyd etdiyi kimi, “muxtar respublikada kənd təsərrüfatı əsas məşğulluq sahəsi kimi öz aktuallığını qoruyub saxlamış”, 2017-ci ildə 93,4 min ton taxıl, 12,6 min ton qarğıdalı, 49 min ton kartof, 26,3 min ton ət, 82,9 min ton süd və digər kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Ümumiyyətlə, ötən il 453 milyon 364 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2016-cı ildəki göstəricidən 4 faiz çoxdur.
2017-ci ildə ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, 550 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 455 mindən çox ağac və gül kolu əkilmişdir. Beləliklə, muxtar respublikanın yaşıl örtüyü 0,6 faizdən 14 faizə çatdırılmışdır.
Sosial-iqtisadi inkişafın sürətləndirilməsində nəqliyyat və rabitə sahələrinin də xüsusi yeri vardır. Bunun üçün yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sahələrində infrastrukturun yenilənməsi davam etdirilmiş, 70 kilometr uzunluğunda yeni asfalt yol salınmış, 12 körpü, Naxçıvan şəhərində yerüstü piyada keçidi, Naxçıvan Beynəlxalq Hava Limanında karqo terminalı istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasında müasir rabitə sistemi yaradılmışdır. Yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin həcmi ilə yanaşı, onun keyfiyyətini də yaxşılaşdırmışdır. Belə ki, 2017-ci ildə informasiya və rabitə xidmətlərinin dəyəri 49,7 milyon manat olmuşdur ki, bu da 2016-cı illə müqayisədə 2 faiz çoxdur.
Muxtar respublikanın iqtisadi inkişafında energetika sisteminin özünəməxsus yeri vardır. Qısa müddət ərzində elektrik stansiyalarının sayı 8-ə çatdırılmış, Naxçıvan Muxtar Respublikası elektrik enerjisi idxal edən regiondan elektrik enerjisi ixrac edən regiona çevrilmişdir. Enerji təchizatında alternativ və bərpaolunan enerji mənbələrinə xüsusi əhəmiyyət verilmiş, 2017-ci ildə Günəş Elektrik Stansiyasının gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmışdır. Hazırda Ordubad SES-in tikintisi davam etdirilir. Muxtar respublika əhalisi və bütün təsərrüfat subyektləri mavi yanacaqla tam təmin olunmuşdur.
Həyata keçirilən tədbirlər sosial problemlərin də həllinə öz təsirini göstərmiş, işlə təminat yaxşılaşmış, minlərlə yeni iş yerləri açılmış, orta aylıq əməkhaqqı, əhalinin pul gəlirləri durmadan artmışdır. Sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, içməli su ilə təchizatı məsələsinə, sosial müdafiəsinə xüsusi diqqət və qayğı göstərilir. Səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili bu sahədə yeni texnologiyaların tətbiqi və kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları uğurla həyata keçirilir. 1995-2017-ci illərdə muxtar respublikada 276 səhiyyə obyekti tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir.
Xalqların və dövlətlərin sürətli inkişaf yolu elm və təhsildən keçir. Təsadüfi deyildir ki, vaxtilə ulu öndər Heydər Əliyev cəmiyyət həyatında təhsilin və elmin rolunu yüksək qiymətləndirərək demişdir ki, təhsil millətin gələcəyidir, iqtisadiyyat hansı vəziyyətdə olursa olsun, elm inkişaf etməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev də elm və təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahələr” kimi yüksək dəyər vermişdir. Təhsilə, elmə, onların inkişafına xüsusi əhəmiyyət verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Təhsil elə səviyyədə olmalıdır ki, o, insanlara yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və şəxsi həyatda layiqli yer tutmaq, sağlam həyat tərzi, ətraf mühitə və cəmiyyətdə gedən proseslərə münasibətdə düzgün mövqe seçmək imkanı yaratsın”. Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikanın elmi-texniki potensialını qorumaq və inkişaf etdirmək lazımdır. Sosial-iqtisadi inkişaf ilə elmin inkişaf strategiyası bir-biri ilə əlaqələndirilməlidir. Muxtar respublikada təhsilin yeniləşdirilməsi və keyfiyyətə nail olunması, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi, təhsil sahəsində müxtəlif proqramların həyata keçirilməsi istiqamətində fəal iş aparılmışdır. Nəticədə, zəngin biliyə, hərtərəfli intellektual səviyyəyə malik, fiziki və mənəvi cəhətdən sağlam gənclər yetişir.
Təhsilə göstərilən qayğı öz bəhrəsini vermiş, 2017-ci ilin qəbul imtahanlarında iştirak edən abituriyent­lərin 1735-i ali, 629-u isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 211 nəfəri müxtəlif ali hərbi məktəblərə qəbul olmuşdur. Məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun qızıl, 6 məzun gümüş medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülmüşlər. Həmin məzunlar qəbul imtahanlarında onlara göstərilən etimadı doğrul­daraq 500-700 arası bal toplayıblar. Ümumiyyətlə, imtahan verən məzunlardan 289-u 500-700 arasında bal toplayıb, 3 nəfər Prezident təqaüdünə layiq görülüb.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 3 orta ixtisas və 3 ali məktəbin – Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun həyatında da ciddi dəyişikliklər baş vermişdir. Hazırda muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində 100-dən çox ixtisas üzrə kadrlar hazırlanır. Ali təhsil müəssisələrində 84 ixtisas üzrə 7486 tələbə təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 462 professor-müəllim heyəti məşğul olur.
Ali Məclis Sədrinin təşəbbüsü və ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 2002-ci ildə AMEA Naxçıvan Bölməsi yaradıldı. Naxçıvan Bölməsinin yaradılması elmi mühitin canlanmasına, Naxçıvanın hərtərəfli öyrənilməsinə, yüksək­ixtisaslı elmi kadrların hazırlanmasına geniş imkanlar açdı. 13 nəfər fəlsəfə doktoru ilə fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsində hazır­da 2 akademik, AMEA-nın 5 müxbir üzvü, 5 elmlər doktoru, 56 fəlsəfə doktoru, xeyli sayda doktorant və dissertant fəaliyyət göstərir. 2017-ci ildə bölmə əməkdaşlarının 767 əsəri, o cümlədən 33 mono­qrafiyası, 17 kitabı, 2 atlası nəşr olunmuşdur.
İnkişaf səviyyəsinə görə muxtar respublikanın heç bir dövrünü 1995-2017-ci illərlə müqayisə etmək olmaz. Bu, mədəniyyət və turizm sahəsinə də aiddir. Muxtar respublikanın bölgələrində inşa olunan 100-dən çox kənd mərkəzlərində kitabxanalar və mədəniyyət obyektləri üçün nümunəvi şərait yaradılmışdır. Yeni tikilən xidmət mərkəzləri də kənd əhalisinə nümunəvi xidmət göstərən ticarət və xidmət obyektləridir.
Qədim tarixə malik diyarımızda muzeylərin fəaliyyətlərinin canlandırılması, yeni muzeylərin yaradılması istiqamətində işlər ardıcıl xarakter alıb. Hazırda muxtar respublikada 30 muzey fəaliyyət göstərir. Ali Məclis Sədrinin 2017-ci il 12 sen­tyabr tarixli Sərəncamı ilə Naxçıvan Duz Muzeyi yaradılmış, Şahtaxtinskilər Muzeyi yenidən qurulmuş, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikintisinə başlanmışdır.
Muxtar respublikada turizmin inkişafını nəzərdə tutan kompleks tədbirlərin görülməsi, muxtar diyarın təhlükəsiz regiona çevrilməsi, yol infrastrukturunun yüksək səviyyədə yaradılması və digər amillər buraya gələn turistlərin sayını ildən-ilə artırır. 2016-cı ildə muxtar respublikaya 403 min turist gəlmişdirsə, 2017-ci ildə turistlərin sayı 413 mindən çox olmuşdur.
Naxçıvan ərazisindəki tarix və mədəniyyət abidələri ikinci həyatını yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq muxtar respublika ərazisində 1218 tarix və mədəniyyət abidəsi qeydə alınmış və pasportlaşdırılmışdır. 60-dan çox tarix və mədəniyyət abidəsi bərpa edilmişdir.

Naxçıvan Muxtar Respublikasında əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də həyatın bütün sahələrində çox böyük uğurlara imza atılmış, yüksək nailiyyətlər qazanılmışdır. İqtisadiyyatın, kənd təsərrüfatının, elm, təhsil, mədəniyyət, səhiyyə və başqa sahələrin heç biri diqqətdən kənarda qalmamış, ilbəil müvəffəqiyyətlər artmışdır. Elə bunun nəticəsidir ki, muxtar respublikanın inkişaf və tərəqqisi beynəlxalq reytinq agentliklərinin diqqətini cəlb etmiş, onlar dərin iqtisadi islahatlar və sabitləşmə ili olan 2017-ci ildəki nailiyyətlərə görə muxtar respublikamızı illik investisiya reytinqlərində ən yüksək bal topladığı üçün birinci yerə layiq görmüşlər. Bu da Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın artan dinamika ilə getdiyini bir daha təsdiq edir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Çox şadam ki, Naxçıvan uğurla, sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3782859
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
921
1827
5409
47176
3782859

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter