19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Şərur rayonu

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qətiyyətlə və ardıcıllıqla apardığı böyük quruculuq siyasəti Şərur rayonunun da simasını günü-gündən dəyişir, hər il onlarla yeni obyektlər tikilir, yaxud əsaslı şəkildə yenidən qurulur, yollar çəkilir, körpülər salınır, yaşayış məntəqələri abadlaşdırılır, meliorativ tədbirlər həyata keçirilir.
Təkcə bir faktı qeyd edək ki, 2017-ci ilin on bir ayında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 73 milyon 658,9 min manat investisiya yönəldilib. Bunun da əsas hissəsi – 69 milyon 727,4 min manatı tikinti-quraşdırma işlərində istifadə olunub. Arpaçay, Çəmənli, Qarahəsənli, Ələkli və Arbatan kəndlərində yeni sosial obyektlər, Şərur şəhərində üçmərtəbəli tam orta məktəb binası istifadəyə verilib, adıçəkilən yaşayış məntəqələrində bütün infrastrukturlar təzələnib, rayon mərkəzində bir beşmərtəbəli ictimai yaşayış binası əsaslı şəkildə yenidən qurulub, içməli su və kanalizasiya xətlərinin çəkilişi başa çatıb. Ərəbyengicə kəndində aparılan quruculuq tədbirləri isə yekunlaşmaq üzrədir.
Aqrar sahənin inkişafı da diqqət mərkəzində saxlanılıb, on bir ayda kənd və balıqçılıq təsərrüfatlarında istehsal olunmuş məhsulun həcmi 124 milyon 170,2 min manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çoxdur.
Sakinlər yaşıllaşdırma tədbirlərində fəal iştirak edib, yaz və payız iməcilikləri zamanı müxtəlif ərazilərdə on minlərlə meyvə tingi, meşə ağacı və gül kolu əkilib, əvvəlki illərdə salınmış bağlarda və yaşıllıq zolaqlarında becərmə və bərpa işləri aparılıb.

Sənaye məhsulu istehsalı əvvəlki illə müqayisədə 1,1 faiz artaraq 84 milyon 395,3 min manat təşkil edib.
Ümumiyyətlə, 2017-ci ildə bütün sosial-iqtisadi sahələr üzrə nəzərəçarpacaq səviyyədə artım qeydə alınıb.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən ümumrayon bayram tədbirində aparıcılar qazanılan nailiyyətləri sadalayıb, bu yüksəlişin, tərəqqinin əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğunu vurğulayıb, həmin böyük siyasətin ardıcıl və qətiyyətli davamçıları olan Prezidentimiz cənab İlham Əliyevin və muxtar respublika Ali Məclisi Sədrinin xidmətlərini dərin minnətdarlıq hissi ilə qeyd ediblər.
Rayon mədəniyyət sarayının qarşısında bəzədilmiş yolka ətrafına toplaşan minlərlə şərurlu maraqlı musiqi nömrələri dinləyib, rəqslərə tamaşa ediblər. “Arpaçay” instrumental ansamblının müşayiəti ilə müğənnilərin ifa etdikləri şən nəğmələr tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Həmişə olduğu kimi, “Şərur” və “Şərur qönçələri” yallı kollektivlərinin çıxışları şənliyi daha da rövnəqləndirib.
Şaxta baba və Qar qız şənliyə toplaşanları təbrik edib, uşaqlara hədiyyələr paylayıb, onlarla birlikdə rəqs ediblər.

Babək rayonu

Babək rayonunda keçirilən bayram tədbirində Vətənimizi, yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, yolka ətrafında Şaxta babanın, Qar qızın, rayon mədəniyyət evinin musiqi kollektivlərinin çıxışları şənliyə gələnlərdə xoş ovqat yaradıb, paylanan hədiyyələr balacalara əsl bayram sevinci bəxş edib.
Yola saldığımız 2017-ci il Babək rayonu üçün də əlamətdar olub. Belə ki, ötən il rayonda tikinti-quruculuq işləri davam etdirilib. Mart ayında rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı şəkildə yenidən qurularaq kollektivin istifadəsinə verilib. Bundan başqa, rayonun iri yaşayış məntəqələrindən olan Nehrəmdə Heydər Parkının açılışı olub, yeni üzümçülük təsərrüfatı yaradılıb. Görülən bu işlər əhalinin məşğulluğunu təmin etməklə yanaşı, həm də kəndin görkəminə yeni çalarlar qatıb. Ümumilikdə isə, hər il bu kənddə hansısa obyekt istifadəyə verilir, sakinlər yeni quruculuq ünvanlarının sevincini yaşayırlar. Ötən il tarixin yadigarı olan Nehrəm “İmamzadə”sində təmir-bərpa işləri aparılıb.
Ali Məclis Sədrinin iştirakı ilə 2017-ci ildə rayonun Şıxmahmud və Xəlilli kənd­lərini Naxçıvan şəhərinə birləşdirən yol, həmçinin su-kanalizasiya sistemlərinin açılışı olub.
Bilik günündə isə ucqar dağ kəndi olan Payızda bir gündə 4 sosial obyekt və kənd yolu sakinlərin ixtiyarına verilib. Müstəqillik illərinin bəhrəsi kimi gözoxşayan bu tədbirlər düşmənin beş addımlığında yerləşən Gərməçataq kəndini də əhatə edib. Belə ki, dekabr ayında bu sərhəd yaşayış məntəqəsində məktəb, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi, Babək qəsəbəsində isə yeni yaşayış binasının inşasına başlanılması ötən ilin əsas uğurlarından sayılır.
Şənlikdə rayon sakinləri söhbətlərində ildən-ilə qüdrətlənən Azərbaycan kimi bir ölkənin vətəndaşı olmalarından qürur hissi duyduqlarını dilə gətirdilər. El ağsaqqalları, ziyalılar, bir sözlə, rayon sakinləri bayramların belə yüksək səviyyədə qeyd olunmasına görə dövlətimizə öz minnətdarlıqlarını bildirdilər: “Qoy bu əmin-amanlıq, rahat həyat Azərbaycanımız, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanımız üçün əbədi olsun!”

Ordubad rayonu

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Ordubad rayonunda təntənə ilə qeyd edilib, sakinlər böyük ruh yüksəkliyi ilə Ordubad şəhərində keçirilən bayram tədbirinə qatılıblar. Rayonun mədəniyyət müəssisələrinin və musiqi məktəbləri kollektivlərinin təqdim etdikləri musiqi nömrələri alqışlarla qarşılanıb. Tədbirdə milli birliyimizə, həmrəyliyimizə, dövlətçiliyimizə, müstəqilliyimizə, doğma yurdumuza həsr olunan şeirlər səsləndirilib, mahnı və rəqslər tədbir iştirakçılarına xoş ovqat bəxş edib, Şaxta baba və Qar qız uşaqlara bayram sovqatı veriblər.

Tədbirin aparıcıları bildiriblər ki, muxtar respublikanın sosial-­iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər bütün bölgələr kimi, Ordubadın da sosial-iqtisadi inkişafına öz töhfələrini verib, rayon iqtisadiyyatının daha da güclənməsi əhalinin gün-güzəranını xeyli yaxşılaşdırıb. Bölgənin ən ucqar dağ və sərhəd kəndlərinin belə, siması dəyişib, yaşayış məntəqələrində tikinti-quruculuq işləri geniş vüsət alıb. Belə ki, 2017-ci ildə də Ordubad rayonunda geniş tikinti-­quruculuq işləri aparılıb, yeni bağlar, yaşıllıq sahələri salınıb. Bu rayonun daha da abadlaşmasına, gözəlləşməsinə səbəb olub.
Ötən il Şəhriyar qəsəbəsində yerləşən Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında tikinti işləri davam etdirilib.
2017-ci ildə yaşayış məntəqələrində aparılan tikinti-quruculuq işlərindən Ordubad şəhərinə, Üstüpü, Çənnəb, Düylün və Məzrə kəndlərinə xeyli pay düşüb. Ötən il noyabrın 21-də Üstüpü kəndində 340 şagird yerlik məktəb binası, 3 mərtəbəli kənd mərkəzi, xidmət mərkəzi, Düylün kəndində xidmət mərkəzi və 20 kilometr uzunluğundakı Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolu istifadəyə verilib.
Yola saldığımız ildə, həmçinin Ordubad şəhərinin “İstanbul” küçəsində 24 mənzilli, 5 mərtəbəli yaşayış binasında və onun ətrafında təmir-abadlıq işlərinin aparılmasına başlanılıb. Binanın çardağı və fasadı yenilənib, pəncərələri dəyişdirilib. Ötən il, eyni zamanda Ordubad şəhərinin və Şəhriyar qəsəbəsinin ərazilərində kanalizasiya və su xətlərinin çəkilişi davam etdirilib. Daha bir quruculuq tədbiri isə Ordubad şəhərinin Heydər Əliyev prospektində həyata keçirilir. Burada Rabitə Evi üçün 4 mərtəbəli bina inşa olunur. Bütün bu yeniliklər fonunda rayon sakinləri builki bayramlarını – 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlişini böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Belə ki, 2017-ci il dekabrın 31-də bayram libasına bürünmüş Ordubad şəhərində xalq gəzintisi təşkil olunub. Şəhər sakinləri tədbirlər meydanında bəzədilən yolka ağacının ətrafına toplaşaraq Yeni ili yüksək ovqatla qarşılayıblar. 2018-ci il yanvarın 1-də isə rayon mərkəzində bayram münasibətilə ədəbi-bədii proqram nümayiş etdirilib. Rayondakı mədəniyyət evlərinin, klubların, musiqi məktəblərinin bədii özfəaliyyət kollektivləri, rəqs qrupları və Ordubad Xalq Teatrının üzvləri rəngarəng konsert pro­qramları və səhnəciklərlə meydana toplaşan yüzlərlə rayon sakininə xoş ovqat bəxş ediblər.

Culfa rayonu

2018-ci ili Culfa rayonu da böyük nailiyyətlərlə qarşılayıb. Rayon iqtisadiyyatının bütün sahələrinin dinamik inkişafı ötən 2017-ci ildə də tikinti-quraşdırma, abadlıq və yenidənqurma işlərinin artmasına, yeni infrastruktur obyektlərinin yaradılmasına imkan verib. Belə ki, ötən il yanvarın 11-də Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı, kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edib.
“Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Əlincəçay yatağında kaptaj və onu sel sularından qorumaq üçün selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Su anbarlarından təmizlənmiş su öz axını ilə Culfa şəhərinin və Gülüstan kəndinin əhalisinə fasiləsiz olaraq verilir. Bununla da Culfa şəhəri və Gülüstan kəndində yaşayan əhali təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq təmin edilib.
Ötən il sentyabrın 6-da isə Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleks istifadəyə verilib.
Tikinti-quruculuq tədbirləri hazırda rayonun Dizə kəndində davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Culfa Rayon İdarəsinin inşaatçıları tərəfindən Dizə kəndində tam orta məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa olunur.
Culfa rayonunda yol tikintisi əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də diqqət mərkəzində saxlanılıb, yeni yolların çəkilişi və mövcud yolların təmiri məqsədilə ardıcıl olaraq zəruri tədbirlər həyata keçirilib. Hazırda Naxçıvan-Ordubad magistralının Yaycı kəndi ərazisindən başlayaraq Şurud kəndinə qədər olan yol yatağı yenidən qurulur.
Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da aqrar bölmənin inkişafı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifah halı daha da yaxşılaşıb.
Culfa şəhərində keçirilən bayram şənliyində qazanılan uğurlar, əldə edilən nailiyyətlərdən ətraflı bəhs edilib. Şaxta babanın, Qar qızın, nağıl qəhrəmanlarının, rayon mədəniyyət evinin özfəaliyyət və Culfa şəhərindəki uşaq musiqi məktəbi kollektivlərinin iştirakı ilə tamaşa və konsert proqramı təqdim olunub. Nağıl qəhrəmanları ilə görüşən və Şaxta babadan yeni il hədiyyələri alan uşaqlar əsl bayram sevinci yaşayıblar.
Bayram şənliyinin aparıcıları culfalıları əlamətdar bayramlar münasibətilə təbrik edərək 2017-ci ilin Culfa rayonu üçün uğurlu olduğunu vurğulayıb, sakinlərə yeni ildə ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatda uğurlar arzulayıblar.

Kəngərli rayonu

13 il bundan əvvəl yaradılmış Kəngərli rayonu ötən dövrdə böyük inkişaf yolu keçib. Həyata keçirilən tikinti-quruculuq tədbirləri çərçivəsində rayonun bütün yaşayış məntəqələri abadlaşdırılıb, rayon mərkəzi ilə kəndləri birləşdirən avtomobil yolları yenidən qurulub. Ancaq abadlıq və quruculuq tədbirləri bununla bitməyib.

Yola saldığımız 2017-ci ildə də bu sahədə mühüm işlər görülüb. Belə ki, ötən il aprelin 14-də rayon mərkəzində zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 224 yerlik yeni uşaq bağçası istifadəyə verilib. Eyni zamanda ötən il Qıvraq qəsəbəsində zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət 48 mənzilli yaşayış binasının inşasına da başlanılıb ki, bu da rayon sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin nəticəsi kimi qiymətləndirilir.
Muxtar respublikamızda tarix və mədəniyyətimizə göstərilən böyük dövlət qayğısını 2017-ci ildə Kəngərli rayonunda aparılan tədbirlərin mahiyyətində də görmək mümkündür. Yola saldığımız ildə rayonun Qarabağlar kəndindəki Qarabağlar Türbə Kompleksinin əsaslı şəkildə bərpası davam etdirilib. Şahtaxtı kəndində isə Şahtaxtinskilər Muzeyinin binası yenidən qurulub. Bundan əlavə, rayonda kənd təsərrüfatının inkişafı da diqqət mərkəzində saxlanılıb, şoranlaşma və eroziyaya qarşı mübarizə tədbirləri gücləndirilib. Bu məqsədlə Böyükdüz kəndi ərazisində 407 hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil olmasına imkan yaradan qapalı suvarma şəbəkəsi tikilərək istifadəyə verilib. Əldə olunan nailiyyətlər digər sahələri də əhatə edir.
Yanvarın 1-də rayon mərkəzindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə keçirilən şənlikdə 2017-ci ildə rayonda bütün sahələrdə qazanılan uğurlar barədə geniş danışılıb. Bayram tədbirində rayonun musiqi kollektivlərinin səsləndirdikləri mahnılar çoxsaylı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Yeni ilin personajları olan Şaxta baba və Qar qızın gəlişi uşaqlara şən əhval-ruhiyyə bəxş edib, onları sevindirib.

Şahbuz rayonu

 

Muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da Yeni il bayramı böyük coşqu ilə keçirilib.
Yola saldığımız 2017-ci il Şahbuz rayonu üçün də uğurlu olub. Muxtar respublikamızda bütün sahələrdə əldə edilən nailiyyətlər Şahbuzun da inkişafı üçün geniş imkanlar yaradıb, burada həyata keçirilən tədbirlərdən hər bir ailə, hər bir sakin bəhrələnib. Bütün yaşayış məntəqələri artıq abadlığa qovuşub, Şahbuzun ən ucqar dağ kəndlərinin belə, siması dəyişilib. Ötən illərdə rayonda aparılmış çoxsaylı qu­ruculuq işlərinə 2017-ci ildə yeniləri də əlavə olunub. Rayon mərkəzi və ətraf kəndlərə içməli su xətti çəkilib. Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası, “Şahbuz” yarımstansiyası istifadəyə verilib. Haliyədə rayon mədəniyyət evinin yeni binasının və Badamlı qəsəbəsində “Badamlı” zavodunun tikintisində işlər davam etdirilir.
Böyük quruculuq və inkişaf yolu keçmiş Şahbuzda təşkil edilən bayram tədbirində rayon sakinlərinin yüksək əhval-ruhiyyəsi hiss olunurdu. Abadlığı ilə seçilən Şahbuz şəhəri çox gözəl bəzədilmişdi. Şaxta baba və Qar qızın hədiyyələri, onlarla birlikdə rəqs etmələri uşaqların sevincinə səbəb olub. Şahbuz Rayon Mədəniyyət Evinin “Batabat” ansamblının ifası alqışlarla qarşılanıb.

Sədərək rayonu

 

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Heydərabad qəsəbəsində bayram şənliyi keçirilib.
Rayon ictimaiyyətinin iştirak etdiyi şənlikdə rayon mədəniyyət evinin musiqi və rəqs kollektivləri, rayon uşaq musiqi məktəbi şagirdləri şeir, musiqi və rəqs ifa ediblər. Rayon mədəniyyət evinin “Oğuz eli” instrumental ansamblının solistləri Fuad Qədimovun, Murad Abbaslının, Müslüm Əliyevin və Ədalət Məm­mədovun ifalarında səslənən mahnılar tədbirə toplaşanların alqışlarına səbəb olub. Aydın Qaybalıyevin sazda ifası maraqla izlənilib. Uşaq musiqi məktəbinin nəzdində fəaliyyət göstərən “Tejgar” yallı qrupunun ifa etdiyi “Tənzərə” və “Köçəri” yallıları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Heydərabad qəsəbəsindəki uşaq bağçasının fidanları “Yeni il”, “Naxçıvan” və “Şaxta baba” şeirlərini bədii qiraət ediblər. Bayram tədbirində iştirak edən uşaqları Şaxta baba hədiyyələrlə mükafatlandırıb.
Bayram tədbirində rayon sakinləri ilə söhbətlərimizdən belə nəticəyə gəldik ki, ötən il muxtar respublikamızın bütün bölgələri kimi, Sədərək rayonu üçün də uğurlu, yaddaqalan il olub. Sədərəklilər keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində düşmənə qarşı göstərdikləri qəhrəmanlıqları ilə dastan yazıblar. Sədərək belə insanların hesabına qorunub, bu gün də qorunur. Özü də yüksək səviyyədə – həm torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutan sədərəklilərin, burada xidməti borcunu yerinə yetirən, sərhəddə ayıq-sayıq dayanan hərbçilərimizin hesabına, həm də dövlətimizin böyük qayğısı gücünə. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir. Ötən il də iqtisadi, sosial, mədəni sahələrdə sürətlə tərəqqi edən muxtar respublikamızın inkişafında sədərəklilər fəal iştirak ediblər. İl ərzində rayonda tikinti-quruculuq işləri aparılıb. Ötən il rayon Mədəniyyət və Turizm Şöbəsinin inzibati binası yenidən qurularaq istifadəyə verilib. Haliyədə Heydərabad qəsəbəsində 7 mərtəbəli, 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.
Kənd təsərrüfatı sahəsində də nailiyyətlər əldə olunub, genişmiqyaslı yaşıllaşdırma tədbirləri həyata keçirilib, dövlət proqramlarının icrası istiqamətində bir sıra işlər görülüb, sahibkarlığın inkişafına diqqət artırılıb, əhalinin məşğulluğu təmin edilib. Təhsil, səhiyyə və digər sahələrdə də uğurlar qazanılıb.
Sözsüz ki, həyata keçirilən bütün bu tədbirlər əhalinin həyat şəraitinə də müsbət təsir göstərib. Sədərəklilər inanırlar ki, 2018-ci il də onlar üçün nailiyyətlər ili olacaq.

 

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612292
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
336
3542
89432
135534
3612292

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter