21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

1926-cı il noyabrın 6-da Azərbaycan Radiosu, 1956-cı il fevralın 14-də isə Azərbaycan Televiziyası fəaliyyətə başlamış, 70-ci illərdən etibarən Azərbaycan televiziyasının və radiosunun inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü əhatə edən bu illərdə milli özünüdərkin oyanmasında radio və televiziyanın imkanlarından da geniş istifadə olunmuş, teleradionun maddi-texniki bazası və kadr potensialı təkmilləşdirilmişdir.

Ulu öndər müstəqillik illərində də Azərbaycanda televiziya və radionun inkişafına xüsusi diqqət göstərmiş, bu sahənin qanunvericilik bazası təkmilləşdirilmiş, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Dahi şəxsiyyət teleradionun əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Televiziya və radio xalqın tribunasıdır. Müstəqilliyimizin əbədiliyinin və milli dövlət quruculuğu prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan dövlətinin dirçəliş mərhələsində televiziya və radionun fəaliyyəti əvəzolunmazdır”.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyev də teleradioların inkişafına hərtərəfli qayğı göstərir. 2003-cü ildən başlayaraq ölkəmizdə mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və jurnalist əməyinin qiymətləndirilməsi sahəsində bir sıra fərman və sərəncamlar imzalanmışdır. Son illər ölkəmizdə 2 kosmik peykin orbitə buraxılması Azərbaycan teleradio yayımçılarının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir.

Naxçıvan Muxtar Respublikasında da kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür. Son illər həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikanın informasiya blokadası ləğv edilmiş, azad mətbuatın inkişafı təmin olunmuşdur. Hazırda Naxçıvanda 2 televiziya, 2 radio, bundan başqa, “Universitet” televiziyası və radiosu fəaliyyət göstərir.
Naxçıvan teleradiosu əsl inkişaf dövrünü son onilliklərdə, “Televiziya məktəb qədər vacib bir sahədir. Çünki televiziya cəmiyyətin maariflənməsinə xidmət edir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə yaşamışdır. 1996-cı ildən müstəqil kanalda yayımlanmağa başlayan teleradionun bu dövrdən başlayaraq efir vaxtı əvvəlcə 4, sonra isə ardıcıl olaraq 8, 14 və 17 saatadək artırılmışdır. Bu ilin aprel ayının 1-dən etibarən isə həm Naxçıvan Televiziyasının, həm də Naxçıvan Dövlət Radiosunun efir vaxtı daha bir saat artırılaraq 18 saata çatdırılmışdır.
Hərtərəfli şəraitlə təmin olunan Naxçıvan televiziyası və radiosunun maddi-texniki bazası xeyli gücləndirilmiş, teleradionun binası əsaslı yenidənqurmadan sonra 2011-ci ildə istifadəyə verilmiş, radionun efir imkanları artırılmışdır. Naxçıvan dövlət radiosu da televiziya ilə bərabər sosial paketdə rəqəmsal olaraq muxtar respublikanın hər yerində yayımlanmağa başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Tele­radiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq məsələləri ilə bağlı verdiyi tapşırıqların İcra Planına uyğun olaraq 2014-2016-cı illərdə də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kadr hazırlığı, maddi-texniki bazanın möhkəmləndirilməsi və yaradıcılıq məsələləri sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
2016-cı il oktyabrın 17-də Naxçıvan Dövlət Teleradiosunun rəsmi internet saytı naxcivantv.az-ın fəaliyyətə başlaması ilə Naxçıvanın informasiya blokadası tamamilə yarılmışdır. Bununla da, Naxçıvan tele­viziyasının internet üzərindən canlı yayımı təşkil olunmuşdur. Ötən müddət ərzində sayta dünyanın 127 ölkə­sindən 5,5 milyondan çox müraciət olunmuşdur.
2017-ci il yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə Ali Məclis Sədrinin teleradionun inkişafı ilə bağlı verdiyi tapşırıqlar uğurla icra olunmuş, müxbir postlarının fəaliyyəti təmin edilmiş, Naxçıvan Dövlət Radiosu aprel ayının 1-də – Naxçıvanda radionun fəaliyyətə başlamasının 85-ci il­dönümü günü naxcivantv.az saytı üzərindən canlı yayıma başlamışdır.
Ötən müddətdə dünyanın 90-dan çox ölkəsindən dinlənilən Naxçıvan Dövlət Radiosunda proqram və efir keyfiyyəti daha da yüksəldilmişdir. Naxçıvan Dövlət Radiosunda milli dəyərlərimizin, adət-ənənələrimizin, tariximizin, Naxçıvanın qədim tarixi abidələrinin, turizm potensialının təbliği, vətənpərvərlik mövzusunda veriliş və proqramların hazırlanması, milli musiqi incilərimizin dinləyicilərə çatdırılması diqqət mərkəzindədir. İstər Naxçıvan Dövlət Tele­viziyasında, istərsə də Naxçıvan Dövlət Radiosunda yaradılan maddi-texniki imkanlar, öz növbəsində, yaradıcı işin keyfiyyətinə də təsir edib. Əgər əvvəllər Naxçıvan Dövlət Televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizini təşkil edirdisə, hazırda bu rəqəm 60-65 faizədək yüksəlib. Son illər ərzində 60-dan artıq sənədli və tele­viziya filmi çəkilib. Naxçıvan Dövlət Televiziyasının öz istehsalı olan verilişlər və filmlər Türkiyənin TRT, ölkəmizdə Azərbaycan Dövlət Tele­viziyası, İctimai Televiziya, AZƏRTAC informasiya agentliyi vasitəsilə də tamaşaçılara təqdim edilir.

Bu gün dünyanın istənilən yerindən teleradionu internet vasitəsilə izləmək və dinləmək mümkündür. Bu da muxtar respublikanın tanıdılmasına, qədim diyarın mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların daha geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan verir. Televiziya son illər sosial şəbəkələrdəki aktivliyini də artırıb, “YouTube”, “Facebook”, “İnstagram” və “Twitter”də ayrıca səhifələr yaradılıb, bu səhifələrdə televiziyanın 6 mindən artıq materialı yerləşdirilib. Ümumilikdə, bu səhifələrə baxış sayı 4 milyonu ötüb.
Bu gün “Kanal 35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun da fəaliyyəti üçün lazımi şərait yaradılmış, yeni studiya avadanlıqları quraşdırılmışdır. Hazırda “Naxçıvanın səsi” radiosunu www.nakhchivan.az və radionun www.nsfm.az saytında dinləmək mümkündür. Bu illər ərzində Naxçıvan Dövlət Televiziyasının zəngin arxivi formalaşmışdır ki, bu da Naxçıvanda jurnalistika tarixi ilə bağlı yeni elmi araşdırmaların aparılmasına rəvac vermişdir. Naxçıvanın radiotelejurnalistika tarixi elmi tədqiqat obyektinə çevrilmiş, 2013-cü ildə Naxçıvan Tele­viziyasının 50 illik yubileyi münasibətilə “Naxçıvan Muxtar Respublikasında televiziya və radionun inkişaf yolu” adlı monoqrafiya nəşr olunmuşdur.
Naxçıvan Dövlət Universitetində Jurnalistika və dünya ədəbiyyatı kafedrası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Həmçinin buradakı Media Mərkəzində, xüsusilə “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə yiyələnirlər. Bu gün artıq muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışanların böyük əksəriyyətinin gənc­lərdən ibarət olması bunu bir daha təsdiq edir.
Muxtar respublikada fəaliyyət göstərən televiziya və radioların kollektivləri bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini verəcəklər.

 Mehriban SULTAN

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5284106
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5483
18197
23680
332312
5284106

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter