24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

XX əsrin 18-20-ci illərində Azərbaycanda və onun Naxçıvan bölgəsində çox mürəkkəb və ziddiyyətli hadisələr baş verirdi. Siyasi və iqtisadi vəziyyət çətin olduğundan Azərbaycandan lazımi köməyi ala bilməyən Naxçıvanın təkləndiyini görən azğın erməni daşnakları hərbi və siyasi yolla qədim diyarı işğal etmək istəyirdilər.
Böyük dövlətlərə arxalanan ermənilər Naxçıvan bölgəsinə basqınlar edir, şəhər və kəndləri dağıdırdılar. Ağlasığmaz vəhşiliklər və qırğınlar törədən erməni daşnakları Naxçıvan bölgəsində azərbaycanlıların inadlı müqavimətinə rast gəldilər.
Naxçıvanın qorunub saxlanılması, ərazi taleyinin və muxtariyyət statusunun müəyyənləşdirilməsində Qars müqaviləsinin əvəzsiz rolu vardır. Lakin bunu da xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumdan başlanır. Həmin referendum Azərbaycanın görkəmli dövlət xadimi, mahir diplomat Behbud ağa Şahtaxtinskinin apardığı qətiyyətli fəaliyyət nəticəsində baş tutmuş, Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu qədim diyar həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazanmışdır. Bu referendum özünün hərbi-siyasi əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər əhəmiyyətə malik siyasi hadisədir. Əgər Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin yanvar referendumu keçirilməsəydi, bəlkə də, Moskva və Qars müqavilələrinə heç ehtiyac da qalmayacaqdı. Bu, Azərbaycan tarixində Behbud ağa Şahtaxtinskinin adı ilə bağlı olan nadir və uğurlu diplomatik gedişdir.

Bu, Behbud ağa Şahtaxtinskinin, eyni zamanda əsl milli siyasətçi və diplomat olmasının da bariz nümunəsidir. Behbud ağa Şahtaxtinski Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi məktubda Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və faydalı təkliflər vermiş, nəticədə, bu təkliflər bəyənilərək RK(b)P MK Siyasi Bürosunda müzakirə olunmuş və Azərbaycan SSR tərkibində Naxçıvan SSR-nin təşkil edilməsi haqqında qərar qəbul edilmişdir.
Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında keçirilən görüşlərdə də qızğın müzakirə predmeti olmuşdur. Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü anlaşmasının qüvvədə olduğunu müdafiə edərkən, rus nümayəndələri bu anlaşmanı, dolayısı ilə Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. Bu görüşlərdə Naxçıvanın muxtar statusa malik olması və digər bir dövlətə verilmə­məsi şərtilə Azərbaycanın himayəsinə verilməsi qərarlaşdırılmış və müqavilə 1921-ci il martın 16-da imzalanmışdı.
“Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi 16 maddədən və 3 əlavədən ibarətdir. Bu müqavilənin üçüncü maddəsində deyilirdi: “Razılığa gələn hər iki tərəf bu müqavilənin 1 (B) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu himayəni heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir”.
Qeyd etməliyik ki, Moskva danışıqlarında Naxçıvan məsələsində Azərbaycanın səlahiyyətli nümayəndəsi Behbud ağa Şahtaxtinskinin apardığı diplomatik danışıqlar nəticəsində Türkiyə Gümrü müqaviləsinin, o cümlədən Türkiyənin Naxçıvan diyarına aid maddələrinin qüvvədən düşməsi ilə razılaşdı.
Türkiyə Cümhuriyyəti Cənubi Qafqaz respublikaları ilə müqavilə bağlamaq istəyirdi. Onun əsas məqsədi Ermənistan və Gürcüstanla mübahisəli sərhəd məsələlərini həll etmək idi. Buna görə də 19 aprel 1921-ci ildə Moskvada olan türk nümayəndə heyəti Azərbaycan SSR-in xarici işlər komissarı M.D.Hüseynov və ədliyyə komissarı Behbud ağa Şahtaxtinski ilə görüşüb məqsədini bildirir. B.Şahtaxtinski və M.D.Hüseynov bu təklifi qəbul edir. Və qərara alırlar ki, Qarsda görüşsünlər. Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə arasında Qarsda konfrans keçirilməsi qərara alındı.
Türkiyə tərəfi konfrans nümayəndələrinin siyahısını avqust ayında müəyyənləşdirsə də, Sovet Rusiyası nümayəndələrini müəyyənləşdirməyə tələsmirdi. Nəhayət, Türkiyə ilə Sovet Rusiyası arasında aparılan danışıq və müzakirələrdən sonra beynəlxalq konfransın Qarsda keçirilməsi qərara alındı. Azərbaycanı konfransda xalq fəhlə-kəndli nəzarəti komissarı Behbud ağa Şahtaxtinski təmsil edirdi.
Beynəlxalq Qars konfransı 1921-ci il 26 sentyabrda təntənə ilə açıldı. Yeri gəlmişkən, Naxçıvanın maraqlarını konfransda müdafiə etmək üçün Naxçıvan SSR-in Xalq Komissarları Soveti Tağı Səfiyevi Qarsa göndərmişdi. Konfrans 18 gün davam etdi və işində altı dəfə fasilə verildi. Nəhayət, 13 ok­tyabr 1921-ci ildə Qars müqaviləsi imzalandı.
Bəzi dəyişiklikləri nəzərə almasaq, 20 maddə və 3 əlavədən ibarət olan müqavilənin müddəaları Mos­kva müqaviləsinin müddəaları ilə uyğun idi. Qars müqaviləsinin 5-ci maddəsinə və 3-cü əlavəsinə əsasən Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri tərəfindən təsdiq edilmişdir. 5-ci maddədə yazılırdı: “Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycan hökumətləri razıdırlar ki, indiki müqavilənin 3-cü əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir”. Naxçıvan ərazisi: Urmiya kəndi, oradan da düz xətlə Arazdəyən stansiyası (O, Ermənistan Sosialist Sovet Respublikasına qalır), sonra düz xətlə qərbi Daşburun dağını (3142)-oradan şərqi Daşburun dağını (4108)-Cəhənnəm dərəsi çayını keçərək Bulağın (“Rövnə”) cənubuna çatır, Bağırsaq (Yağıqşık) dağının (6607), yaxud 6587-ci yüksəkliyin suayrıcı xətti ilə davam edərək keçmiş İrəvan qəzasının inzibati sərhədini, oradan Şərur-Dərələyəz sərhəd xəttini izləyir, 6629-cu yüksəklikdən Kömürlü dağa (6839, yaxud 6930) və oradan 3080-ci yüksəkliyə gəlir. Sayatdağ (7868)-Qurdqulaq (Kurt Kulaq) kəndi-Həməsür dağı (8160)-8022-ci yüksəklik-Küküdağı (10282) və keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqi”.
Qars müqaviləsinə görə, Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 kilometr uzunluğunda müəyyən edilmiş, İranla 176 kilometrlik sərhədi isə 1828-ci il Türkmənçay müqaviləsində müəyyən olunduğu kimi saxlanmışdı.
Beləliklə, 1918-ci ildən başlayaraq naxçıvanlıların qəhrəmanlıqla, inadla, ardıcıl, cəsurluqla və ciddiyyətlə apardıqları mübarizənin, Azərbaycan və Türkiyə diplomatlarının məqsədyönlü, səbirli fəaliyyətləri, xüsusilə Behbud ağa Şahtaxtinskinin dəmir iradə ilə apardığı diplomatik manevrlər, yazdığı məktublar, müraciətləri və təklifləri sayəsində əvvəlcə Moskva, sonra isə Qars müqavilələrində Naxçıvan vilayəti Azərbaycanın tərkibində muxtar ərazi kimi Rusiya, Türkiyə, Gürcüstan və Ermənistan tərəfindən tanındı və Naxçıvana beynəlxalq hüquqi təminat verildi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Qars müqaviləsi müddətsiz imzalanmışdır və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsindən sonra Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmişdir. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.
Qars müqaviləsinin ən mühüm tarixi əhəmiyyəti ondan ibarətdir ki, Ermənistan bu müqavilə ilə Naxçıvanı qeyd-şərtsiz Azərbaycan torpağı kimi qəbul etmişdir. Lakin Sovet hökuməti illərində Ermənistan tərəfi dəfələrlə Qars müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və tarixi havadarlarının köməyi ilə Naxçıvan diyarının 657 kvadratkilometr sahəsini zəbt etmişdir. Onlar bu prosesi 1990-cı ilədək davam etdirmiş, 1990-cı ildə Şərur rayonunun Kərki kəndini sovet ordusunun köməyi ilə işğal etmişlər.
Bir vaxtlar əhalinin müqaviməti və Behbud ağa Şahtaxtinski kimi böyük siyasi xadimlərin misilsiz xidmətləri sayəsində mövcudiyyətini qoruyan “türk qapısı” Naxçıvan Sovetlər İttifaqının dağılmasından sonra bu dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində varlığını mühafizə etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrlərdə ümummilli liderin Türkiyəyə səfəri zamanı Qars müqaviləsi yenidən gündəmə gətirilmişdir.
Ermənistan Respublikasının Naxçıvana qarşı iddialarının heç bir hüquqi əsası yoxdur və bu iddialar beynəlxalq hüquq normalarına ziddir. Həm Moskva, həm də Qars müqavilələri bundan sonra da öz hüquqi qüvvəsini saxlayacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi, “Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir”.

Musa Quliyev
tarix üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829676
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10799
17982
28781
364736
4829676

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter