13 Dekabr 2017, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Ana təbiət bəşəriyyətin yarandığı dövrdən insanların yaşayış məskəni olub. Hava, torpaq, su mənbələri, ağaclar və bitkilər insanların, ümumilikdə isə həyatın davamı üçün müstəsna rol oynayıb. Ancaq zaman keçdikcə insan oğlu bəzən təbiətə münasibətdə fərqli yol tutub, bilərəkdən və yaxud bilməyərəkdən onun zərərinə səbəb olacaq işlərə qol qoyub. Bununla da, təbiətin ahəngi pozulmağa doğru gedib. Nəticədə, ekoloji problemlərdən əziyyət çəkənlər də elə insanların özləri olub. Ancaq həyatda elə insanlar da yaşayıb ki, bütün ömürlərini təbiətin qorunmasına həsr ediblər, onun torpağına, suyuna, bu torpağın üzərində bitən hər ağaca, gülə, çiçəyə böyük məhəbbətlə yanaşıblar. 

Əgər həkimlər xəstələri müalicə edib yenidən həyata qaytarırlarsa, təbiəti sevənlər, torpağın, yaşıllıqların nazını çəkənlər gördükləri böyük işlərin sayəsində yüz minlərlə insanın sağlam ekoloji mühitdə yaşamasını təmin edirlər. Bunu da vurğulamaq lazımdır ki, təbiəti sevənlər, eyni zamanda bəşəriyyətin gələcəyinə böyük dəyər verən insanlardır. Məsələn, vaxtilə Hitler Almaniyasında bacarıqlı mühəndislər olsa da, onlar ölümcül silahlar hazırlayırdılar və yaxud savadlı həkimlər olsa da, onların əsas işi əsirlər üzərində ağlasığmaz sınaqlar keçirməkdən ibarət idi. Bu baxımdan həyatlarını təbiəti öyrənməyə, onu dərk etməyə, son nəticədə isə qorumağa həsr etmiş insanlar hər zaman hamı tərəfindən böyük hörmətlə anılır. Əslində, digər elm sahələri ilə müqayisədə dünyada məşhur təbiətşünas-alimlərin sayı elə də çox deyil. Ancaq bəxtimiz onda gətirib ki, ötən əsrdə xalqımız digər sahələrlə yanaşı, təbiətşünaslıq elminin inkişafına da böyük töhfələr vermiş alimlər yetişdirməyi bacarıb. Ekologiya elminə mühüm töhfələr verən, onun insan sağlamlığındakı rolu barədə sanballı elmi tədqiqatların müəllifi olan akademik Həsən Əliyevin ömür yolu isə Azərbaycan təbiətşünaslığında müstəsna rola malikdir.

Azərbaycan təbiətinin böyük hamisi ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində mühüm xidmətlər göstərmişdir. Təbiətşünas-alim bütün zəngin fəaliyyəti boyu ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir. Akademik Həsən Əliyevin istər görkəmli alim, istərsə də şəxsiyyət kimi böyüklüyü ondadır ki, onun elmi fəaliyyəti, sadəcə, Azərbaycanla məhdudlaşmır, ümumilikdə, dünya ekoloji sisteminə təsiri ilə seçilir. Məsələn, akademik XX əsrin 70-ci illərində yazırdı: “Ekologiya yaxın gələcəkdə bütün elmləri bir-biri ilə əlaqələndirən nəhəng və möhtəşəm bir çinar ağacını xatırladan fundamental, planetar əhəmiyyətli və çox perspektivli elmə çevriləcəkdir. Ekologiyasız başqa elmlərin inkişafı qeyri-mümkündür”. Zaman keçdikcə bu fikir onun çox uzaqgörən bir alim olduğunu bir daha sübut etdi. O, ekologiyada neçə illər sonra baş verəcək prosesləri əvvəlcədən görə bilirdi. Və yaxud başqa bir misal: görkəmli alim dillər əzbəri olan “Həyəcan təbili” kitabında yazır: “İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. 600 min ildən artıqdır ki, müasir insanla təbiət arasında münasibət müəyyən nisbətdə davam edir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca bu nisbət müəyyən mənada insanların xeyrinə dəyişir. İnsanın sayı artdıqca və texniki vasitələrə daha mükəmməl yiyələndikcə təbiətə daha çox təsir edir, onu dəyişdirir, qırır, öz məqsədləri üçün daha geniş istifadə edir, əvəzində isə ona heç nə qaytarmır. Demək, insan təbiətə çox ciddi zərər vurur”. Müasir dövrdə bu fikirlərin əyani təsdiqini həyatda daha çox görürük.
Alimin təbiətin mühafizəsinin müxtəlif problemlərinə həsr etdiyi çoxsaylı əsərləri ABŞ, Fransa, Yaponiya, Belçika, Almaniya, Vyetnam və əksər Şərqi Avropa ölkələrində nəşr edilib. Məşhur “Qəhvəyi meşə torpaqları” kitabı 1969-cu ildə Yerusəlim Universiteti tərəfindən ingilis dilində çapdan çıxıb. Brüsseldə çap olunan “Azərbaycan SSR-in dağlıq rayonlarında torpaq eroziyasının inkişafı və bu prosesin qarşısının alınması cəhdi” adlı monoqrafiyası ona böyük şöhrət qazandırıb.
Qeyd edək ki, 1907-ci il dekabr ayının 15-də Zəngəzur qəzasının Comərdli kəndində dünyaya göz açan görkəmli alim Naxçıvan şəhərində Kənd Təsərrüfatı Texnikumunu, Gəncə şəhərində isə Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1932-1934-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspirantı olub. 1934-1935-ci illərdə həmin institutun Şirvan zonasında təcrübə stansiyasının direktoru vəzifəsində çalışıb. Bu dövrdə apardığı elmi tədqiqatlar onun torpaqşünas, aqrobotanik və ekoloq alim kimi gələcək elmi fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirib. 1943-1944-cü illərdə Azərbaycan Elmlər Akademiyasının coğrafiya bölməsinin rəhbəri işlədiyi illərdə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. 1945-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim işləyən Həsən Əliyev respublikamızda torpaqşünaslıq, kənd təsərrüfatı, aqrobiologiya, ekologiya və coğrafiya kimi elm sahələrinin tədqiqatına geniş yer ayırıb. 1944-1949-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışan alim 1946-1962-ci illərdə Ümum­ittifaq Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan filialının sədri olub. 1949-1952-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutuna rəhbərlik edən Həsən Əliyev qısa müddətdə səkkizcildlik “Azərbaycan florası” kitabının hazırlanmasına və çapına qayğı göstərməklə bu işin uğurla başa çatmasına böyük əmək sərf edib. Onun təşəbbüsü ilə həmin institutun əməkdaşları tərəfindən axtarış-tədqiqat işləri aparılaraq respublikamızın 52 rayonunun 318 obyekt sahəsində 2469 nadir abidə ağacların, unikal meşəliklərin olması müəyyən edilib. 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən və 1957-ci ilə kimi bu elmi müəssisənin akademik katibi vəzifəsində işləyən Həsən Əliyev paralel olaraq, Torpaqşünaslıq və Aqro­kimya İnstitutunun şöbə müdiri kimi də fəaliyyət göstərib. 1968-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutuna direktor təyin edilib. Həmin dövrdə alimin bir sıra kitabları xarici dillərə tərcümə olunub.
Təbiətin mühafizəsinə xüsusi diqqət ayıran akademik ilk dəfə respublikamızda həmin problemin həllinin vacibliyi ilə bağlı öz səsini qaldıran alimdir. Belə ki, 1957-ci ildə Həsən Əliyevin təşəbbüsü ilə Bakıda Zaqafqaziyada təbiətin mühafizəsinə həsr olunmuş müşavirə keçirilib. Bu müşavirədə ilk dəfə dövlət təbiəti mühafizə xidmətinin yeni təşkilati formaları, təbiəti mühafizə üzrə komissiyanın fəaliyyəti təhlil edilib və əməli təkliflər irəli sürülüb. Bir vaxtlar respublikada fəaliyyət göstərmiş Ətraf Mühitə Nəzarət və Təbiəti Mühafizə Komitəsi, Təbiəti Mühafizə Cəmiyyəti bilavasitə böyük alimin şəxsi təşəbbüsü ilə yaradılıb. Həsən Əliyevin redaktorluğu ilə çap edilən “Azərbaycan təbiəti” adlı elmi-kütləvi jurnal təbiətimizin mühafizəsinin təbliğində mühüm rol oynayıb. Bu jurnalda təbiət humanizm, mənəvi paklıq, vətənpərvərlik hisslərinin daşıyıcısı kimi öz qiymətini tapıb.
Azərbaycanda ətraf mühitin mühafizəsi, təbiətə böyük sosial-iqtisadi ziyan vuran ekocoğrafi və dağıdıcı təbii fəlakətlərə dair problemlərin həlli məsələlərində akademik Həsən Əliyevin elmi-təcrübi təklifləri və tövsiyələri böyük rol oynamışdır. Çünki o, respublikamızın bölgələrini qarış-qarış gəzmiş, onların paleogenetik təkamülünü və coğrafi zonallıq prinsiplərinin kompleks aqrotexniki aspektlərini dərindən öyrənmişdir. Digər bir tərəfdən, Azərbaycanda təbiətin, o cümlədən torpaq örtüyünün üfüqi və yüksəklik istiqamətində yayılmasının coğrafi qanunauyğunluqlarını da o işləmişdir. Ona görə ki, regionlarda aqrar təsərrüfatların bu qanunauyğun formada yerləşdirilməsinə və torpaqlardan daha səmərəli və düzgün istifadələrinə əməl edilməsini istəyirdi. Azərbaycanda ilk dəfə istifadəsiz torpaqlardan dəmyə üzümçü­lükdə, bağçılıqda, otlaq təsərrüfatlarında istifadəni və onların məhsuldarlıq dəyərini təcrübədə sınaqdan çıxaran da Həsən Əliyev olmuşdur. Onun əldə etdiyi təcrübi nəticələrin tətbiqi Azərbaycanda 70-80-ci illərdə bu xarakterli təsərrüfatların, xüsusilə dəmyə üzümçülük sahəsinin artırılmasına geniş imkanlar vermişdir. Akademikin təşəbbüsü ilə Kürboyu “Qarayazı”, “Bəsitçay”, “Türyançay”, “İsmayıllı”, “Pirqulu”, Kiçik Qafqazda “Göygöl”, Qarabağ vulkanik yaylasının cənub hissəsində “Qaragöl” və nəsli kəsilmək təhlükəsi olan ceyranların mühafizəsi, artırılması üçün “Şirvan” Dövlət qoruqları yaradılmışdır.
Sevindirici haldır ki, bu gün həm də görkəmli təbiətşünas-alimin Naxçıvanın ekoloji mühiti, zəngin təbiətinin qorunması haqqındakı arzuları reallığa çevrilib. Bir vaxtlar yaşıl örtük sahəsi ümumi ərazisinin bir faizini belə, təşkil etməyən muxtar respublikada bu gün 12 faizdən çox ərazi yaşıllıqlara bürünüb. Qədim diyarda hər ilin yaz və payız iməciliklərində yeni yaşıllıq zolaqları, meyvə bağları salınır, qədim meyvə sortlarının, uzunömürlü ağacların bərpası diqqətdə saxlanılır. Azərbaycan Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə Ordubad rayonunda yaradılmış Milli Parka akademik Həsən Əliyevin adının verilməsi görkəmli təbiətşünas-alimə böyük ehtiramın ifadəsidir. Qeyd edək ki, 2009-cu il noyabrın 25-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılıb. Həmin sərəncamla milli parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.
Böyük alimin mənalı həyatı və elmi fəaliyyətinə göstərilən dövlət qayğısının nəticəsidir ki, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncamın muxtar respublikamızda icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə “Akademik Həsən Əliyevin 110 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Hazırda muxtar respublikamızda bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bəli, Azərbaycan təbiətinin qorunmasından və təbiət elminin inkişafından söz düşəndə adı həmişə ilk sırada çəkilən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor, Əməkdar elm xadimi, ABŞ-ın Ümumdünya Universitetinin fəxri elmlər doktoru olmuş Həsən Əliyev bu gün də ən xoş və səmimi hisslərlə xatırlanır. Ana təbiəti sevməyi və qorumağı hər kəsə tövsiyə edən, dünyanın müxtəlif ölkələrini gəzmiş akademik yazırdı: “Öz ölkəmiz qədər mənə xoş təsir bağışlayan ikinci bir ölkə tanımıram. Buranın insanları da, iqlimi də, torpağı, suyu, meşəsi, havası da əvəzolunmazdır. Burada yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir. Qaş kirpiyi, kirpik isə gözü qoruduğu kimi, bizim hər birimiz Allahın bizə bəxş etdiyi bu neməti göz bə­bəyimiz təki qorumalıyıq, onun keşiyində durmalıyıq, qayğısını çəkməliyik... Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim “çörək ağacımız” olmaqla yanaşı, həm də yaşayışımızın ibtidasını təşkil edir. Torpaq bizim üçün əzizdir, doğma və müqəddəsdir, torpaq Vətən deməkdir”.
Bu fikirlər həm də onun təsdiqidir ki, həqiqətən, doğma Vətəni Azərbaycanı, onun əsrarəngiz təbiətini böyük məhəbbətlə sevən akademik Həsən Əliyevi “Azərbaycan təbiətinin patriarxı” adlandıranlar heç də səhv etmirlər.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5651677
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1430
17035
35129
197568
5651677

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter