23 Oktyabr 2017, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Yaxın keçmişimizin xatirələri, bu günümüzün təəssüratları

“...Biz ağsaqqallar böyük narahatlıq hissi ilə Sizə bildirməyə məcburuq ki, Ordubad rayonunda iqtisadi-siyasi vəziyyət olduqca gərgindir. Bunun bir səbəbi ondan irəli gəlir ki, rayonun inzibati orqanları, ilk növbədə isə rayon prokuroru və xalq hakimi siyasi sabitliyi bərpa etmək iqtidarında deyillər. Dövlət qanunlarının icrasına nəzarət edilmir, zəhmətkeşlərin hüquqlarının qorunmasına laqeyd münasibət göstərilir, sağlam qüvvələrin hər addımda təhqir edilməsinə, onların hədələnməsinə, döyülməsinə heç bir reaksiya verilmir. Bir sözlə, rayon prokuroru və rayonun xalq hakimi Azərbaycan dövlətinin və respublika hökumətinin qanunlarını və hüquqi aktlarını yerinə yetirmək istəmir, Xalq Cəbhəsinin mənafeyinə xidmət göstərirlər. 1 mart 1994-cü il tarixdə biz ağsaqqalların təşəbbüsü ilə keçirilən mitinqdə ictimaiyyəti narahat edən bir sıra problemlər açıqlandı. Çıxış edənlər dəqiq faktlar əsasında göstərdilər ki, rayon rəhbərliyi fəlakət qarşısında olan rayonu xilas etmək iqtidarında deyildir. Buna görə də xalq deputatları məclisinin və İcraiyyə Komitəsinin rəhbərliyi qeyd-şərtsiz istefa verməlidirlər”. 

Bu sətirlər ümummilli liderimiz Heydər Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Ordubad rayonunun şəhər, qəsəbə və kəndlərində yaşayan bir qrup ağsaqqalın iştirak etdiyi, 1 mart 1994-cü il tarixdə keçirilmiş mitinqdə qəbul edilmiş müraciətindən götürülüb. Qeyd edək ki, müraciət “Şərq qapısı” qəzetinin 5 mart 1994-cü il tarixli nömrəsində dərc edilib və Ordubad rayonunun o illərdəki durumunu gözlər önünə sərir.

Həmin mitinqdə qəbul edilmiş qətnamədə deyilirdi: “1 mart 1994-cü il tarixdə Ordubad şəhərində rayon ağsaqqallarının iştirakı ilə keçirilən mitinqdə rayonda ictimai-siyasi vəziyyəti, getdikcə dərinləşən iqtisadi böhranı, günü-gündən artan mənəvi sarsıntı şəraitini böyük narahatlıq hissilə müzakirə edərək bildiririk ki, Azərbaycanda xalq təsərrüfatının bir çox sahələrində, eləcə də ideya­-siyasi, əxlaqi və vətənpərvərlik sahəsində nəzərəçarpan müsbət dəyişikliklər əmələ gəldiyi, siyasi iqlimdə sabitlik yarandığı halda, Ordubad rayonunda dözülməz vəziyyət hökm sürməkdədir. Azərbaycan dövləti, hökuməti, ali qanunvericilik orqanları tərəfindən qəbul edilən mühüm həyati əhəmiyyətə malik qərarlar və hüquqi aktlar yerinə yetirilmir. Rəhbərliyin zəifliyi, təşkilatçılıq işinin yarıtmaz olması ilə əlaqədar müəssisələr işləmir, xidmət təşkilatlarının bir çoxu iflic vəziyyətinə düşmüşdür. İşsizlik ictimai bəlaya çevrilmişdir. Kənd təsərrüfatı tamamilə dağılmaq üzrədir. İctimai mal-qara talan edilərək satılmışdır. Bağ-bağat, tutluqlar, üzümlüklər, əsasən, sıradan çıxmış, bərəkətli torpaqların bir hissəsi naxələf adamların əlinə keçmişdir. Təsərrüfatda qaramalın sayı son 3 ildə 10 dəfə, davarların sayı 12 dəfə, ət və süd istehsalı orta hesabla 200 dəfə azalmışdır.
Təxribat xarakterli təbliğat və rayon rəhbərliyinin anlaşılmaz mövqeyi nəticəsində təsərrüfata düşmən münasibət bərqərar olmaqdadır. Yerlərdə torpağa münasibət dözülməzdir. Payızlıq taxıl əkinləri heç bir aqrotexniki qaydada aparılmamış, indiyədək becərilmə tədbirləri həyata keçirilməmişdir. Cari ilin məhsulu üçün yaz-tarla işlərinə hazırlıq isə tamamilə unudulmuşdur. Kəndlərdə əmək qabiliyyətli əhalinin əksəriyyəti ictimai faydalı əməkdən kənarda qalmışdır. Xırda alver, möhtəkirlik, kommersiya ticarəti əhalini ac-­yalavac vəziyyətə düçar etmişdir”.
Həmin dövrdə baş verənlər yalnız acı xatirə kimi yaddaşlarda qalıb. O dövrün canlı şahidi, rayon ziyalısı, təqaüdçü müəllim Südeyif Hacıyevin xatirələrindən: – 1995-ci ildə cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Ordubad rayonunda vəziyyət müsbətə doğru dəyişildi, bütün sahələrdə iflasa üz tutmuş rayonda həyata keçirilmiş təxirə­salınmaz tədbirlər nəticəsində əvvəlcə ictimai-siyasi sabitlik bərpa olundu, iqtisadi böhranın aradan qaldırılması üçün ilkin zəruri addımlar atıldı. O dövr üçün atılan mütərəqqi addımlardan biri də qanunların aliliyinin təmin edilməsi, dövlət qurumlarında yüksək vəzifələrə səriştəli şəxslərin gətirilməsi, aqrar sahədə mühüm qərarların verilməsi oldu. Rayonun müxtəlif sahələrdə inkişafına əhalinin bütün təbəqələri cəlb edildi. Bunun da nəticəsində inkişaf təmin olundu, əhalinin məşğulluq problemi aradan qaldırıldı, azad sahibkarlıq inkişaf etdirildi, dağıdılmış aqrar sahə bərpa olundu. Son 22 ildə rayonda görülən işlər onu deməyə əsas verir ki, ulu öndərimizin Naxçıvanın inkişafı naminə başlatdığı işlər muxtar respublika rəhbəri tərəfindən uğurla davam etdirilir.
Bəli, keçmişlə bu gün arasında körpü salarkən Ordubadın böyük inkişaf yolu keçdiyinə şahidlik edənlərlə söhbətimiz maraqlı məqamlarla yadda qalır. Ordubad şəhər sakini Yusif Abbasquliyevin dediklərindən: – Ordubadın o çətin günlərində, saysız məhrumiyyətlərlə üzləşən rayon sakinlərinin, sağlam düşüncə sahibi insanların yeganə təsəllisi ulu öndərimizin muxtar respublikaya rəhbərlik etməsi olub. Hər kəsin qəlbində zərrə qədər də şübhə yeri olmayıb ki, tezliklə Ordubadda ikihakimiyyətliliyə son qoyulacaq. Dövlətin güclü əli yerində olmayan daşları yerinə qoyub, hər bir sahədə qanunun aliliyini təmin edəcək. Belə də oldu. 1995-ci ildən sonra isə bərbad infrastruktura malik Ordubad əhalisi şüşə kimi hamar yollara, fasiləsiz elektrik enerjisi və mavi yanacağa, abad kəndlərə, ən müasir üslubda inşa olunmuş məktəb və bağçalara, dolanışığını təmin edən iş yerlərinə, bir sözlə, sosial rifaha qovuşdu. Rayonun çətin günlərində Ordubadı tərk edib gedənlərdən bəzilərinin indi uzaqdan Ordubada “qayğıkeşlik” göstərdiyini görəndə, sözdə yanarlılıq nümayiş etdirdiklərini eşidəndə istər-istəməz narahatlıq keçirirəm. Belələrinə üz tutub demək istəyirəm ki, gözlərini açıb Ordubada bir də yaxşı-yaxşı baxsınlar. İndi bu rayon söz qəhrəmanlarının deyil, əməldə qayğıkeşlik, təəssübkeşlik göstərən insanların meydanıdır.
Yol gedir Ordubada… Rayonun bu günündən söz açmışkən dağlar arasında ilan kimi gah qıvrılıb, gah açılan yollar, körpülər haqda danışma­maq, ağappaq yol nişanları ilə bəzədilmiş yolların ətrafında sırayla salınan, balaca uşaq kimi hər gün qulluq və nəvaziş görən fidanları vəsf etməmək ən azından etinasızlıq olar.
Maraqlısı budur ki, bir ucu Ordubad şəhərindən başlayan yolların istənilənini gözünə kəsdirib getsən, sonuncu ünvana, kəndə qədər aparan yolda eyni keyfiyyətin, eyni səliqənin və diqqətin şahidi olarsan. Hamar yolda irəliləyən avtomobil bağ-bağçaların, bir-birindən yaraşıqlı kənd mərkəzlərinin, məktəblərin, həkim ambulatoriyalarının, muzeylərin və digər obyektlərin yanından keçdikcə rayonun müstəqillik dövründə nail olduğu uğurlu yol kino lenti kimi gözlər önünə gəlir. Bir daha əmin olursan ki, müstəqil Azərbaycanın çiçəklənən Ordubadında hər şey müsbətə doğru dəyişilib, hər şey yenilənib. İstər-istəməz bu dəyişikliklərin əldə olunması üçün gərgin əmək sərf edildiyi qənaətinə gəlirsən. Çünki rayonun aran kəndləri bir tərəfə dursun, ucqar dağ kəndlərində, sıldırım qayaların qənşərində elə tikililər ucaldılıb ki, burada daş üstünə daş qoyulması 70 illik sovet dövrünün inşaatçıları üçün müşkül məsələ olub. Ancaq müstəqillik illərində dövlətimizin qətiyyətli addımları inşaatçıları gördükləri işə daha da həvəsləndirib. Ucqar dağ kəndlərinə mal-materialın, avadanlığın, texnikanın aparılması nə qədər çətin olsa da, qarşıya çıxan çətinliklər inşaatçılarımızı qorxutmayıb, əksinə onlar böyük diqqət, məsuliyyət və əzmkar­lıqla öhdələrinə düşən vəzifələri yerinə yetiriblər. Son 22 ildə rayonda yüzdən çox obyekt inşa edilərək və ya yenidən qurularaq istifadəyə verilib, onlarla yaşayış məntəqəsi, eləcə də ucqar dağ yaşayış məntəqələri abad kəndlər sırasına qoşulub. 2002-ci ildə rayonda əsas kapitala yönəldilmiş investisiyaların tikinti-quraşdırma işlərinə ayrılan həcmi 330 min manat idisə, təkcə 2017-ci ilin 8 ayında bu rəqəm 36 milyon 257,8 min manat təşkil edib. Bütün bu görülən işlər rayonun dünənindən bu gününə seçilən düzgün yolun qazandırdığı nailiyyətlərdən, dövlətimizin rayon sakinlərinin rahat yaşamasına və işləməsinə diqqətindən, bir sözlə, muxtar respublikada insan amilinə verilən önəmdən xəbər verir.
Ordubad rayonunun Aza kənd sakini Məhəmmədəli Kazımov deyir ki, rayonda son illərdə əkinçiliyə, eləcə də kənd təsərrüfatının digər sahələrinə marağın artması bir çox amillərlə bağlıdır. Yəni torpağa münasibətin dəyişməsi səbəbsiz deyil. Müstəqilliyin ilk illərində min bir əziyyətlə yetişdirilən məhsul suvarma suyu çatışmazlığı ucbatından əkinçinin gözü qarşısında tələf olurdu. Bir çox hallarda isə alıcı məsələsi həllini tapmadığından yetişdirilən məhsul tarlada dəyər-dəyməzinə satılırdı. Bundan başqa, istehsalçı, əkinçi bilmirdi ki, yaxşı məhsuldarlığa nail olmaq üçün keyfiyyətli toxumları, mineral gübrələri haradan və kimdən alsın. Üstəlik, əkinçinin sağ əli hesab olunan texnika sarıdan təminat aşağı səviyyədə idi. Ən yaxşı halda sovet dövründən qalma köhnə və yararsız maşın-mexanizmlər kara gəlirdi. İstismar müddətini başa vurmuş bu texnika ilə aqrotexniki tədbirlərin müəyyən olunmuş müddətdə həyata keçirilməsini, məhsulun vaxtında və itkisiz yığılmasını təşkil etmək mümkün deyildi. Təbii ki, bu çətinliklərin müqabilində əkinçinin qazancı az olurdu. Gəlir çəkilən xərcləri ödəmirdi. Nəticədə, istehsalçı torpaqdan aralı düşürdü. Amma nə yaxşı ki bu çətinliklərin ömrü uzun olmadı. Ölkənin maddi imkanları yaxşılaşdıqca dövlətin aqrar sahəyə qayğı və diqqəti artdı. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə kreditlərin verilməsi, onların yüksəkkeyfiyyətli toxumla, gübrə və texnika ilə təmin olunması, eləcə də emal müəssisələrinin yaradılması, suvarma sistemlərinin təkmilləşdirilməsi və yenidən qurulması kəndlini torpağa qaytardı. İndi istəsə, kəndli məhsulu həmin gün satar, istəsə, soyuducu anbarlara tədarük edər, qış aylarında sərfəli qiymətə bazara çıxarar. Bir ağsaqqal kimi torpaq mülkiyyətçilərinə üzümü tutub demək istəyirəm ki, yaradılan şəraitin qədir-qiymətini bilsinlər, bu imkanlardan səmərəli istifadə etsinlər, şəraitin yaratdığı üstünlükləri dəyərləndirməyi bacarsınlar. Onda xeyir-bərəkət də olacaq, bolluq da.
Bağ salmaq, ağac əkmək, bağçaları gül-çiçəyə qərq etmək ata-babalarımızdan bizə miras qalıb. Ordubadda iməciliklər yolu ilə yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarından ibarət meyvə bağları salınıb, 200 minə yaxın ting əkilib. Dövlətin maliyyə dəstəyindən yararlanan rayon sakinləri qurutma, paketləmə sahələri, istixanalar yaradıblar. Təkcə bu ilin ötən dövründə meyvə bağlarından 27 ton məhsul əldə edilib. Bu il rayonun bağlarında 35 növdə ərik, 17 növdə şaftalı, 22 növdə gavalı, 9 növdə alça, 35 növdə cəviz, 14 növdə heyva, 16 növdə armud, 6 növdə əncir, müxtəlif növlərdə gilas, gilənar, zoğal, badam yetişdirilib, dadı-tamı ilə bütün ölkədə məşhur olan limon istehsalı artırılıb.
Əhalinin alıcılıq imkanlarının yaxşılaşması bazarlara Ordubad rayonundan daha çox süfrə üzümü və ondan hazırlanan müxtəlif məhsulların çıxarılması ilə müşayiət olunur. Hazırda daxili və xarici bazara keyfiyyətli məhsul çıxarılması, yeni texnologiyanın tətbiqi, üzümçülük üzrə böyük fermer təsərrüfatlarının yaradılması istiqamətində məqsədyönlü iş aparılır, üzümçülüyün sənaye miqyasında genişləndirilməsi imkanları araşdırılır.
Müstəqillik illərində arıçılığın inkişafı istiqamətində həyata ke­çirilən tədbirlər, dövlət maliyyə dəstəyinin gücləndirilməsi daha uğurlu göstəricilər əldə edilməsinə şərait yaradıb. Bütün bunların nəticəsidir ki, rayonda arı ailələrinin sayı ilbəil artır, istehsal olunan məhsulun nəinki rayondan, hətta muxtar respublika hüdudlarından kənarda da satışı təşkil edilir.

Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə mətin olsa,
Getməz heç ordu bada.

Bu gün Ordubad rayonunun düşmənlə üzbəüz yaşayış məntəqələrini qoruyan hər bir əsgər, hər bir komandir bir sərkərdədir. Onlar doğma Naxçıvanımızın, eləcə də qədim yurd yerimiz Ordubadın hər qarışı üçün canlarından keçməyə hazırdırlar. Bu isə qədirbilən sakinləri daha da ruhlandırır, onları yaşayıb-yaratmağa sövq edir. Ordubad rayonunun yaşayış məntəqələrini gəzərkən, tarixiliyin və müasirliyin vəhdətindən doğan gözəllikləri seyr edərkən bir daha müstəqilliyimizin saysız bəhrələrinin insanların həyatına, məişətinə, yaşayış tərzinə müsbət təsir etdiyinin şahidinə çevrilirsən.
Bu gün hər bir ordubadlı muxtar respublika rəhbərinin qayğıkeş əməllərinin bəhrəsini gündəlik həyatında hiss edir, insanların yaxşı yaşaması üçün yaradanların yaxşı əməllərini minnətdarlıqla qarşılayırlar.

 Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4811925
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
11030
15275
11030
346985
4811925

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter