23 Sentyabr 2017, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2017
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

(Əvvəli qəzetin 8 avqust 2017-ci il tarixli nömrəsində)

...Bu kənd Şərqlə Qərb arasında mühüm rol oynayan Böyük İpək Yolu üzərində yerləşir. Bir zamanlar yüklə dolu dəvə karvanlarının keçidinə şahidlik edən bu yurd yeri indi beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinin hərəkət etdiyi mühüm dəhlizə çevrilib. İstər çar Rusiyası dövründə, istərsə də Sovetlər Birliyi zamanında kəndin adı mühüm strateji keçid məntəqəsi kimi çox sənədlərdə öz əksini tapıb. Ötən yazıda Azərbaycanın ən məşhur kəndlərindən biri olan Şahtaxtı haqqında məlumat versək də, əsas mövzumuz buradakı yaşı yüzdən çox olan tarixi yaşayış evləri barədə olmuşdu. Eyni zamanda kənddəki məhəllə adlarından, çoxsaylı sututarları olan göllərdən bəhs etmişdik. Bu yazıda da Şahtaxtının keçmişindən və bu günündən söhbət açacağıq. Ancaq gəlin əvvəlcə bu qədim yurdun tarixi keçmişinə qısa ekskurs edək.

Şahtaxtı – tarixin daş yaddaşı

Şahtaxtı Azərbaycanın, eləcə də Naxçıvanın ən qədim yaşayış məskənlərindən biridir. Bir ucu Araz çayına dayanan və “Qarahasar” deyilən böyük qala divarlarının əhatəsində yerləşmiş bu qədim yaşayış məskəni ilk dəfə 1936-cı ildə arxeoloq Ələsgər Ələkbərov tərəfindən arxeoloji tədqiqatlara cəlb olunub və burada aşkar olunan maddi-mədəniyyət nümunələri ərazinin qədim və zəngin tarixə malik olduğunu təsdiq edib. Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biri olan Şahtaxtı eramızdan əvvəl II minillikdə ətrafı möhkəmləndirilmiş bir yaşayış yerinə çevrilib, Orta Tunc dövrü Boyalı qablar mədəniyyətinin əsas istehsal ocaqlarından biri olub. Bizim eradan əvvəl III-I minilliyə aid Şahtaxtı Govur qalası isə Son Tunc – İlk Dəmir dövrlərinə aid edilir. Hazırda qalıqları mühafizə olunan qala divarları, güman ki, bir zamanlar yadelli hücumlardan müdafiə məqsədilə tikilib. Təəssüf ki, bu qala divarları, hələ geniş tədqiqatlara cəlb edilməyib və onun haqqında əlavə fikirlər səsləndirmək imkanımız yoxdur.

“Şahtaxtı” toponimi ilə bağlı fərqli mülahizələr mövcuddur. (Ötən yazıda bu haqda məlumat vermişdik). Vaxtilə “Qarahasar”, sonralar “Şahtaxtı” adlandırılan bu yurd yeri ilə bağlı da bir çox rəvayətlər var. Onlardan daha çox üzərində dayanılan isə budur ki, bu ad kəndə Azərbaycan Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətainin 1501-ci ildə Təbrizdə taxta çıxmasından sonra verilib. Bildirilir ki, Şirvanı ələ keçirən İsmayıl, Ağqoyunlu hökmdarı Əlvənd Mirzənin Naxçıvana 30 min nəfərlik qoşunla yürüş etdiyi xəbərini alır və dərhal özünün 7 minlik seçmə qızılbaş süvarisiylə Naxçıvan istiqamətinə hərəkət edir. İndiki Şahtaxtıya yaxın yerdə “Şərur düzü”ndə qarşılaşan Səfəvilər özlərindən 4 dəfə artıq olan ağqoyunlulara qalib gəlirlər və bununla da, qızılbaşların Təbrizə yolu açılır. 1501-ci ilin payızında Arazı keçərək Təbrizi tutan qızılbaşlar İsmayılı taxta çıxararaq onu şah elan edir və bununla da, Azərbaycan Səfəvi dövlətinin əsasını qoyurlar. Şahtaxtıda əsrlərdir dildən-dilə keçən bir rəvayətə görə, Şah İsmayıl Şirvandan Naxçıvana gələndə və “Şərur düzü”ndəki qələbəsindən sonra Şahtaxtının kənarında indi ”İydəli pir” adlandırılan, əsasən, iydə ağaclarından ibarət meşəlikdə düşərgə salmış və buna görə də kənd sonralar “Şahı taxta çıxaran yer” – “Şahtaxtı” adlandırılmışdır…

İydəli pir: sufilər məskəni, müqəddəs ocaq

Şahtaxtılıların uzaq keçmişdən üzübəri ziyarət etdikləri İydə­li pir indiyədək müqəddəs ziyarətgah kimi tanınır. Hələ Sovetlər Birliyi dövründən kənd camaatı, eləcə də Şərur rayonunun müxtəlif kəndlərindən gələnlər burada qurban kəsib, niyyət edərmişlər. Rəvayətlərə görə, bu müqəddəs məkan bir zamanlar sufi şeyxlərinin yaşadığı yer olub. Elmi mənbələrdə rast gəlinməsə də, qeyd etdiyimiz kimi, Şah İsmayılın İydəli pirdə gecələməsi haqqında məlumatlar da yerli əhali arasında geniş yayılıb.
Şahtaxtı haqqında yazı hazırlayarkən elə bu kənddən olan həmka­r­ımız Anar Qasımovla bu müqəddəs məkana baş çəkməyi də unutmadıq. Pirin olduğu yer kənddən, təxminən, 2 kilometr uzaqlıqda yerləşir. O qədər də böyük olmayan qayalıqlardan ibarət mağaranı xatırladan bu sığınacaqda 3-4 nəfər yağışdan, küləkdən qoruna bilər. Bu yer həmişə şahtaxtılıların, eləcə də digər kəndlərdən bura gələnlərin qəlbində böyük inam bəslədiyi bir ziyarətgah kimi tanınır. Hansısa niyyəti həyata keçən kəslər bu yerə gələr, qurban kəsər, yerdən xırda daşları götürərək qayalığa vurarlarmış. Daş qayalığa yapışarmışsa, həmin adamda niyyətinin qəbul olunacağına böyük inam yaranarmış. Ziyarətə gələnlər burada şam da yandırarmışlar. Mağaranın qaralmış divarlarından da bunu aydın görmək mümkündür. İydəli pirin yerləşdiyi ərazi isə, sözün həqiqi mənasında, çox möhtəşəmdir...
Pirin ətrafında xeyli əkin sahələri var. Vaxtilə çox sayda iydə ağaclarının olduğu deyilən ərazidə az da olsa, yenə də ağaclar qalır, əsasən də söyüd ağacları. Deyilənlərə görə, burada həm də xeyli sayda kəhrizlər var imiş. Hətta onların sayının on iki olduğunu söyləyirlər. Ancaq biz onlardan yalnız onunu saya bildik. Araz çayı istiqamətində axan bu kəhrizlərin suyu indi azalsa da, hazırda bu sulardan ətrafdakı əkin sahələrini suvarmaq üçün istifadə olunur. Şair Firudin Süleymanov demişkən:

Arazla qol-boyun olan kəhrizlər
Doğma diyarından üzülüb gedir.
Sanki uzaqlara, qərib ellərə
Yorğun karvan kimi düzülüb gedir.

Ərazidə vaxtilə çox sayda göllər də olub. İndi isə onların altısından istifadə edilir, yəni bu qədərinə su axır. Vaxtilə məşhur Şah bağı da burada yerləşirmiş. Bağda yetişən meyvələrin dadı-tamı ətraf mahallara da yayılıbmış. Xüsusilə burada yetişən əriklərin dadından doymaq olmurmuş, çox şirin imiş, saplağından şirəsi axarmış. Seyid Zamin Mirnəziroğlu bu mənzərəni belə vəsf edir:
Əriklər yetişmiş, şəhdi axırmış,
Görənlər yemirmiş, durub baxırmış.

Böyük şəxsiyyətlər yetirən
Şahtaxtı müasir yurd yeridir

Orta əsrlər dövründə ticarətin, sənətkarlığın, mədəniyyətin mərkəzinə çevrilən Şahtaxtı, həm də elmə, təhsilə böyük önəm verilən yaşayış məskəni kimi tanınıb. Şahtaxtı kəndi Azərbaycan xalqına Behbud ağa Şahtaxtinski, Əbülfət Şahtaxtinski, Məhəmməd ağa Şahtaxtinski, Adilə Şahtaxtinskaya, Elmira Şahtaxtinskaya, Zərifə xanım Əliyeva, Həbibulla Şahtaxtinski, Həmid ağa Şahtaxtinski, İsasultan Şahtaxtinski, Toğrul Şahtaxtinski və digər bu kimi görkəmli şəxsiyyətlər bəxş edib. Şahtaxtıda elmə, təhsilə, məktəb işinə hələ keçmiş zamanlardan böyük önəm verilib. Mənim üçün maraqlı məqamlardan biri də burada ilk məktəbin nə zaman yaradılması idi. Əvvəllər eşitmişdim ki, kənddə müxtəlif dövrlərdə və müxtəlif ünvanlarda məktəb fəaliyyət göstərib. Seyid Zamin Mirnəziroğlu bildirir ki, kənddə ilk məktəb 1888-ci ildə yaradılıb. Belə ki, Şahtaxtinskilər nəslinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtinski hələ gənc yaşlarından təhsilə, maarifə böyük maraq göstərib. O, doğulduğu Şahtaxtı kəndində dövlət məktəbinin açılması üçün çoxlu səylər edib.
1888-ci ildə Rusiya Daxili İşlər Nazirliyində çalışarkən İrəvan quberniyasının Xalq Məktəbləri müdirinə müraciət edərək Şahtaxtı kəndində dövlət məktəbinin açılmasını tələb edib. Onun tələbi maliyyə çətinliyi bəhanəsi ilə rədd edilib. Niyyətində qəti olan Məhəmməd ağa maliyyə yardımı üçün o zaman Qarsda komendant işləyən yaxın qohumu Əbülfət ağa Şahtaxtinskiyə müraciət edib və onun köməkliyi ilə 1888-ci ilin oktyabrında doğulduğu kənddə ikisinifli Zemstvo dövlət məktəbi açmağa nail olub. Bu faktı ağsaqqal ziyalı, Şahtaxtı kəndindən olan və hazırda Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Naxçıvan Şəhər Təşkilatının sədri vəzifəsində işləyən Firudin Süleymanov da təsdiqləyir. Firudun müəllim deyir ki, kənddə yeni məktəb tikilməsi maliyyə vəsaiti tələb etdiyindən bu təhsil ocağı kənd evlərinin birində təşkil olunur. Bu evi isə tədris ocağı kimi təmənnasız bağışlayan dövrünün ağıllı, savadlı qadınlarından biri olan Əsgər ağanın həyat yoldaşı Bədir xanım idi. Əsgər ağanın o zaman Araz çayı üzərindəki keçid məntəqəsinin yaxınlığında, eləcə də kənd meydanında dükanları varmış. Eyni zamanda İrəvan şəhərinin ətrafında da hektarlarla torpaq sahələrinə malik imiş. Sonralar Bədir xanım uşaqları ilə birlikdə Naxçıvan şəhərinə köçmüş və burada dünyasını dəyişmişdir. O zaman çar Rusiyası zabitlərinin uşaqlarının və yerli sakinlərin övladlarının təhsil aldığı məktəbin ilk direktoru isə Naxçıvan şəhər sakini, Qori Müəllimlər Seminariyasında Cəlil Məmmədquluzadə ilə bir yerdə oxumuş Əbülqasım Sultanov olur. Seyid Zamin Mirnəziroğlunun bildirdiyinə görə, kənddəki bu məktəb həmin dövrdə Naxçıvanda fəaliyyət göstərən 16 məktəbdən biri olub. Kənddə olarkən ikiillik Zemstvo məktəbinin yerləşdiyi evlə də maraqlandıq. Kəndə ilk səfərimizdə bununla bağlı fərqli məlumatlar aldıq. Məsələ burasındadır ki, İbrahim ağa Şahtaxtinskinin həyat yoldaşı Zivər xanım da, təxminən, 1919-1920-ci illərdə evini məktəb üçün səlahiyyətli ­orqanlara bağışlamışdı. Bu məlumatı bizimlə bölüşən Firudin Süleymanov özü də ilk təhsilini məhz həmin məktəbdə aldığını deyir. Bundan əlavə, Firudin müəllim İbrahim ağa Şahtaxtinskinin bacısı Tovuz xanımın da yaşadığı evin məktəb üçün istifadəyə verildiyini bizə bildirir. Bu evlərin məktəb kimi istifadə olunması ayrı-ayrı illərə təsadüf etsə də, araşdırmaya ehtiyacı olan məsələlərdən biri bu məktəblərin niyə eyni deyil, fərqli evlərdə fəaliyyət göstərməsidir. Kənddəki ilk məktəbin məhz hansı evdə yerləşdiyi haqqında bilgiləri isə yenə də Firudin Süleymanovdan aldıq. Onun dediyinə görə, həmin ev hazırda kənddəki köhnə məscidin (Araza baxan istiqamətdə) sol tərəfində yerləşən evdir. Qeyd edək ki, hazırda bu evdə heç kim yaşamır, ancaq köhnə tikililərdən biri kimi əhəmiyyətini qoruyub saxlayır.
Şahtaxtı kəndi SSRİ dövründə həm də burada istismar olunan travertin yataqlarına görə tanınıb. XX əsrin 60-70-ci illərində Naxçıvanda istehsal olunan travertinin şöhrəti bütün SSRİ miqyasında geniş yayılıb. Naxçıvan MSSR-in 50 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabda bu sətirləri oxuyuruq: “Yalnız respublikamızın deyil, Sovet İttifaqının bir sıra nəhəng tikililərində Naxçıvanın Şahtaxtı travertinindən geniş istifadə olunur. Ulyanovsk şəhərindəki Memorial Kompleks, Moskva Dövlət Universitetinin binası, Kremlin Qurultaylar sarayı, Moskvadakı Naməlum əsgərin qəbri, Ostankino televiziya mərkəzinin, Qarşılıqlı İqtisadi Yardım Şurasının binası, Moskvadakı “Rossiya” mehmanxanası və bir çox başqa tikintilərin bəzək işlərində Şahtaxtı travertinindən istifadə edilmişdir”.
Müstəqilliyimizin bərpasından sonrakı dövrdə Şahtaxtı kəndi də özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Sovetlər Birliyinin süqutundan sonra İran İslam Respublikası ilə əlaqələrin inkişaf etdirilməsində burada salınmış körpü mühüm rol oynayıb. Xatırladaq ki, Şahtaxtı-Poldəşt körpüsünün tikilməsi məsələsini ilk dəfə ümummilli lider Heydər Əliyev 1992-ci ilin mayında, İranın Qərbi Azərbaycan Vilayətindən Naxçıvana rəsmi səfərə gəlmiş nümayəndə heyəti qarşısında qaldırmışdır. 1992-ci ilin avqustunda ümummilli liderin İrana etdiyi rəsmi səfəri zamanı imzalanan əməkdaşlıq protokolunda Şahtaxtı-Poldəşt müvəqqəti körpüsünün tikilməsi ayrıca bənd kimi öz əksini tapmışdır. Həmin protokolun icrası istiqamətində konkret tədbirlər görülmüş, 1992-ci ilin dekabrında körpünün açılışı olmuşdur. Daha sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2005-ci­ ilin yanvarında İran İslam Respublikasına rəsmi səfəri zamanı Şahtaxtı-Poldəşt körpüsünün tikintisi barədə razılıq əldə olunmuş, həmin körpü 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. Həmin ilin avqustunda Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında “Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında Memorandum” imzalanmışdır. 22 oktyabr 2009-cu il tarixdə Şahtaxtı Gömrük İdarəsinin inzibati binası da daxil olmaqla, ümumilikdə, Şahtaxtı sərhəd-keçid kompleksi istifadəyə verilmişdir. Müasir körpünün salınması və sərhəd-keçid məntəqəsinə beynəlxalq statusun verilməsi məntəqənin buraxılış imkanlarını artırmış, nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaratmışdır.
Muxtar respublikamızın əksər kənd yaşayış məntəqələrində olduğu kimi, Şahtaxtı kəndində də kompleks quruculuq işləri aparılmışdır. Hər şeydən əvvəl, kəndin tanınmış şəxsiyyətlər yetirdiyi Şahtaxtinskilər nəslinin Azərbaycan xalqı qarşısında xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu­ il 9 fevral tarixli Sərəncamı ilə burada Şahtax­­tin­ski­lərin ev-muzeyi yaradılmış, elə həmin ilin may ayının 13-də muzeyin açılışı olmuşdur. Şahtaxtinskilər nəslinin davamçılarından olan və hazırda Fransada yaşayan Aleksis Şahtaxtinski də açılış mərasimində iştirak etmiş, görülən işlərə görə minnətdar­lığını bildirmiş və burada olduğundan qürur hissi keçirdiyini dilə gətirmişdir. Yeri düşmüşkən, adıçəkilən muzey cari ildə yenidən əsaslı şəkildə təmir olunmuşdur. Yenə də 2010-cu ilin dekabr ayında kənddə yeni sosial obyektlər – kənd mərkəzi, həkim ambulatoriyası, ticarət mərkəzi, Qıvraq qəsəbəsi ilə kəndi, eyni zamanda gömrük məntəqəsini birləşdirən 5 kilometr uzunluğunda yol yenidən qurularaq istifadəyə verilmişdir.

Şahtaxtı kəndi muxtar respublikamızın qədim və maraqlı tarixə, mühüm strateji əraziyə malik yurd yerlərindən biridir. Yüzillər boyu karvan ticarətinə şahidlik etmiş, mədəni və iqtisadi əlaqələrin inkişafına böyük töhfə vermiş bu kənd tarixi missiyasını bu gün də uğurla davam etdirir. Fərqli olan isə bu tarixilik üzərində müasirliyin təntənəsidir.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4348092
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3714
17506
82649
336456
4348092

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter