21 Noyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2017
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

 

 

LİNKLƏR

 

 

İyul ayının nəticələri də belə deməyə əsas verir

Ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikasında müxtəlif sahələri əhatə edən dövlət proqramlarının həyata keçirilməsi nəticəsində innovativ inkişaf davamlı xarakter alıb. Milli və bəşəri dəyərlərin vəhdətdə yaşadıldığı muxtar respublikada bu gün aparılan məqsədyönlü dövlət siyasəti sayəsində müasir sənaye kompleksləri yaradılıb, özəl ­sektorun fəaliyyəti genişləndirilib. Sevindirici haldır ki, bütün bölgələrin sosial-iqtisadi yüksəlişində, eyni zamanda həmin bölgələrdə yaşayan insanların məşğulluğunda müstəsna rol oynayan kənd təsərrüfatının inkişafı istiqamətində də muxtar respublikada kompleks tədbirlər həyata keçirilib.

Kənd təsərrüfatının rentabelli inkişafı həm də ərzaq təhlükəsizliyinin təmin olunması kimi mühüm bir məsələnin həllinə imkan verir. Bu gün həyata keçirilən aqrotexniki tədbirlər, keyfiyyətli toxum və gübrə təminatı, torpaqların münbitləşdirilməsi və müasir irriqasiya sistemlərinin istifadəyə verilməsi Naxçıvanda taxıl əkini sahələrini xeyli genişləndirib. Onu da qeyd edək ki, bu ilin məhsulu üçün muxtar respublikada 22 min 268 hektar sahədə buğda, 9 min 364 hektar sahədə isə arpa əkilib.
Kəngərli rayonunun Böyükdüz kəndindəki 400 hektar ərazidə isə mütərəqqi əkin və suvarma metodlarından istifadə edilib. Belə ki, bu taxıl sahəsində şırım üsulu ilə yerli iqlim şəraitinə uyğun məhsuldar “Qobustan” toxum sortu əkilib. Ərazidə qapalı suvarma şəbəkəsinin quraşdırılması, zərərvericilərə və xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin görülməsi taxılın vegetasiya dövründə yaxşı inkişafına və bol məhsul istehsalına səbəb olub.

İyulun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.
Kənd təsərrüfatında özünəməxsus yer tutan heyvandarlığın inkişafı da muxtar respublikada diqqət mərkəzində saxlanılır. Son illər Naxçıvanda heyvandarlıqla məşğul olan təsərrüfat subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi, qarışıq yem istehsalı müəssisələrinin fəaliyyətə başlaması, təbii yem və otlaq sahələrinin su təminatının yaxşılaşdırılması, həmçinin qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası heyvandarlığın inkişafına öz təsirini göstərib, daxili bazarda heyvan mənşəli ərzaq məhsullarının istehsal həcmində artım əldə olunub.
Bunu faktlar da sübut edir. Belə ki,­ 2000-­ci illə müqayisədə 2017-ci ilin ötən dövründə muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 2 dəfəyədək artıb. Hazırda muxtar respublikada 235 böyük heyvandarlıq, 65 quşçuluq, 102 arıçılıq, 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Dövlət qayğısının nəticəsidir ki, bu gün muxtar respublikada 3 ət, 12 süd, 1 gön-dəri emalı, 1 balıq konserv, 1 yem istehsalı müəssisəsi və 2 yem sexi fəaliyyət göstərir.
Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti muxtar respublikada mövcud olan 117 min başdan çox iribuynuzlu, 728 min başdan artıq xırdabuynuzlu heyvanların, 1 milyon başdan çox quşların, 70 min arı ailəsinin, o cümlədən vəhşi heyvanların yarada biləcəyi epizootoloji vəziyyəti nəzarətdə saxlayır. Göstərilən yüksək dövlət dəstəyi, təsdiq olunmuş tədbirlər planı, koordinasiyalı fəaliyyət, yaradılmış kadr potensialı, maddi-texniki cəhətdən təchiz olunmuş laboratoriyalar qarşıya qoyulan məqsədə nail olmağa imkan verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində 2016-2017-ci illərdə baytarlıq xidməti sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən səyyar müşavirədə bu məsələlər ətraflı müzakirə olunub.
Ali Məclisin Sədri dezinfeksiya işlərinin aparılması, epizootik vəziyyətin təhlilinə ­nəzarətin gücləndirilməsi, aşkar olunan xəstəliklərə qarşı operativ tədbirlərin görülməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, yerli arı genofondunun mühafizəsi, arı xəstəliklərinin qarşısının alınması üçün qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, ali və orta ixtisas məktəblərində baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təcrübi biliklərinin daha da möhkəmləndirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadə edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Sonra Ali Məclisin Sədri Dövlət Baytarlıq Xidmətinin işdə fərqlənən əməkdaşlarına xalça və saat hədiyyə edib, texniklərə yeni alınan 3 ədəd süni mayalandırma avadanlığı təqdim olunub.
Əhəmiyyətli geostrateji mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasının sosial-­iqtisadi inkişafı, qədim tarixi, mədəniyyəti, zəngin təbii sərvətləri, heyrətamiz təbiəti, havası, təmizliyi, insanların gülərüz və mehriban olması muxtar respublikaya səfər edən xarici ölkələrin diplomatik korpuslarının nümayəndələrinin də diqqətini cəlb edir, onlarda xoş təəssüratlar yaradır.
İyulun 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bert Skufsla görüşüb.
Dünyanın sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanın qədim tarixinin öyrənilməsi istiqamətində son illər mühüm işlər görülüb, muxtar respublikada mindən artıq müxtəlif təyinatlı abidə qeydə alınıb, milli-mədəni irsimizi yaşadan əsərlər, xüsusilə “Naxçıvan abidələri ensiklopediyası” nəşr edilib. Türk-islam mədəniyyəti əsrlər boyu böyük Türk dünyasının, eləcə də azərbaycanlıların inkişafına güclü təsir göstərən mühüm amil olub. Faktdır ki, müxtəlif iddiaların əksinə olaraq naxçıvanlılar 653-cü ildə ərəblərlə bağlanmış müqavilə nəticəsində könüllü olaraq İslam dinini qəbul ediblər. Bu müqavilə elmi, siyasi və tarixi baxımdan diqqəti cəlb edir. Dini etiqada görə, təktanrıçı olan naxçıvanlılar Nuh Peyğəmbərin davamçıları kimi də etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Naxçıvanın İslamı qəbul etmiş əhalisinin bu mədəniyyətin daşıyıcısı kimi çıxış etməsi regionun maddi-mənəvi həyatında da tədricən yeni dövrün, türk-islam mədəniyyəti dövrünün başlanmasına rəvac verib.
İyulun 7-də “Naxçıvan” Universitetində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın plenar iclasında səsləndirilən bu və digər faktlar elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın öz işinə başlaması münasibətilə təşkilatçılara təşəkkür edib, qonaqları salamlayıb. Ali Məclisin Sədri deyib: “Azərbaycanın Naxçıvan diyarında türk-islam mədəniyyəti on ikinci əsrdə özünün intibah mərhələsinə çatıb. Bu dövrdə yaşayıb-yaradan memar Əcəmi Əbubəkir oğlu Naxçıvaninin sənəti nəinki Azərbaycan, ümumilikdə Yaxın Şərq və islam memarlığında yeni bir məktəbin əsasını qoyub. Son illər muxtar respublikada qeydə alınan dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidələrdən 70-ə yaxını bərpa olunub. Bu gün müstəqil Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Min illər ərzində formalaşan tarixi-mədəni irsimizi, xüsusilə türk-islam mədəniyyəti ənənələrini davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə dəyərli sənət nümunələri yaradırlar. Müasir şəhərsalma işlərində türk-islam mədəniyyəti elementlərindən məqsədyönlü şəkildə istifadə olunur”.
Bu gün Naxçıvanın zəngin tarixi-mədəni irsi onun türk-islam mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini daha da artırır. Bu mənada, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi təsadüfi deyil. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən keçirilən “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi və təbliğində yeni mərhələnin əsasını qoyacaqdır.
Qeyd edək ki, beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayımlanıb, dünyanın bir sıra ölkələrində plenar iclasın gedişi maraqla izlənilib. Həmin gün beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Ölkəmizin, o cümlədən muxtar respublikamızın inkişafında fərqlənənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. İyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.
Naxçıvan Muxtar Respublikasında bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, investisiyaların daha çox regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin təmin edilməsi həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin ana xəttini təşkil edir. Muxtar respublikanın hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlər isə öz nəticəsini verməkdədir. Belə ki, Naxçıvanda bir il öncəyə nisbətən sənaye məhsulunun həcmi 1,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,3 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3,1 faiz, informasiya və rabitə xidmətləri 2 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 1,7 faiz, ixracın həcmi 1,3 faiz, əhalinin gəlirləri 1,1 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 2,5 faiz artıb.
İyulun 25-də keçirilən beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında bu barədə ətraflı məlumat verilib, bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib.
2017-ci ilin birinci yarısında muxtar respublikamızın sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri qarşıda duran vəzifələrlə bağlı əlaqədar dövlət qurumlarına konkret tapşırıqlar verib. Ali Məclisin Sədri deyib: “Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin ilk yarısının nəticələri həyata keçirilən tədbirlərin düzgün olduğunu bir daha təsdiq edir. 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş məruzəsində ölkə rəhbəri cənab İlham Əliyevin də dediyi kimi, “2017-ci il iqtisadi inkişaf ili olmalıdır... Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də iqtisadi potensialımız daha da güclənəcəkdir”.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilib, “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu, “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunub.
İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Musiqili Dram Teatrında belçikalı şair-dramaturq, Nobel mükafatı laureatı Moris Metterlinqin “Göy quş” əsərinin tamaşasına baxış olub.
Tamaşadan sonra Ali Məclisin Sədri səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb. Ali Məclisin Sədri rejissora və kollektivə təşəkkür edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qardaş Türkiyənin yaxın vilayətləri arasında elm, təhsil, mədəniyyət və iqtisadi sahədə əlaqələr daim inkişaf edir. İyulun ­­31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin yeni valisi Ənvər Ünlü ilə görüşüb.


Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin strateji məqsədi sosialyönümlü, diversifikasiya olunmuş, özünüinkişaf qabiliyyətli iqtisadiyyatın qurulmasıdır. Qürurla deyə bilərik ki, muxtar respublika bu sahədə tarix üçün olduqca qısa sayılan zaman kəsiyində qibtəediləcək nailiyyətlər qazanıb, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi adekvat olaraq bütün sahələrdə modernləşməyə əsaslı təkan verib. Naxçıvanın blokada vəziyyətində özünəməxsus milli inkişaf modelini yaratması Azərbaycan dövlətinin ən böyük uğuru, görkəmli dövlət xadimi Heydər Əliyev siyasi kursunun təntənəsidir. Bu, çətin şəraitdə yüksəlişin əldə edilməsinin mümkünlüyünün konkret və əyani göstəricisidir. Naxçıvanda qazanılmış uğurlu nəticələr, inkişafın sabit və dayanıqlı səciyyə daşıması qabaqcıl idarəçilik metodlarının tətbiq edilməsi ilə birbaşa bağlıdır.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

5283883
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5260
18197
23457
332089
5283883

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter