18 Avqust 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

Avqust 2017
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək bildirib ki, 1995-ci ildən ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi üçün yeni bina tikilib və ya əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilib, təhsil müəssisələrinin maddi-texniki bazaları gücləndirilib, tədrisin yüksək səviyyədə qurulmasına şərait yaradılıb. 

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə hər il olduğu kimi, bu il də muxtar respublikamızda məktəb binalarının tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi fikir verilib.
2017-ci ilin I yarımili ərzində Naxçıvan şəhərində 3 və 13 nömrəli, Şərur rayonunda Şərur şəhər 2 nömrəli, Çəmənli, Şahbuz rayonunda Kolanı kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq şagird və müəllimlərimizin istifadəsinə verilib.
Bildirilib ki, hazırda Naxçıvan şəhərində 6 nömrəli, Şərur rayonunda Qarahəsənli, Ərəbyengicə, Ələkli, Babək rayonunda Payız, Gərməçataq, Ordubad rayonunda Üstüpü, Culfa rayonunda Dizə kənd tam orta məktəbləri üçün binaların tikintisi davam etdirilir.

2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 2017-ci ilin birinci yarımili ərzində Heydər Əliyev Muzeyi, Xatirə Muzeyi, Bəhruz Kəngərli Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və görkəmli şəxsiyyət­lərin ev-muzeyləri ilə interaktiv əlaqələr yaradılıb. Bununla yanaşı AMEA Naxçıvan Bölməsi ilə muxtar respublika ümumtəhsil məktəbləri arasında interaktiv açıq dərslər, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Regional Bölməsində imtahanda iştirak edən nəzarətçi-müəllimlərlə ilk dəfə olaraq interaktiv seminar keçirilib.
Diqqətə çatdırılıb ki, 2015-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” ­Sərəncama uyğun olaraq AMEA Naxçıvan Bölməsində və orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli müəllimlər tərəfindən 2017-ci ilin birinci yarımili ərzində muxtar respublika ümumtəhsil məktəblərində 1022 saat nümunəvi dərslər tədris olunub.
Vurğulanıb ki, bu il məktəbi bitirən 2758 məzundan 2117-si müxtəlif ali məktəblərə, Heydər Əliyev adına Hərbi Liseyi bitirən 215 məzun isə ali hərbi məktəblərə sənəd təqdim edib. Ümumilikdə, 2332 məzun ali məktəblərə qəbul üçün sənəd verib ki, bu da məktəbi bitirənlərin 78,4 faizini təşkil edir. Bununla yanaşı, bu il muxtar respublikanın ümumtəhsil məktəblərindən ümumi orta təhsil bazasından 1305, tam orta təhsil bazası üzrə isə 141 olmaqla, ümumilikdə, 1446 məzun orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib.
Məruzə ətrafında Ordubad, Şahbuz, Kəngərli Rayon Təhsil şöbələrinin müdirləri Samir Zeynalov, Araz Məmmədov, Emin Məmmədxanlı, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva və Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Sevindik Vəliyev birinci yarımildə görülən işlər barədə çıxış ediblər.

 Fatma BABAYEVA

*   *   *

Naxçıvan Şəhər İcra Hakimiyyətində bu ilin birinci yarısında görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
İclası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açaraq beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələrin qısa zamanda və yüksək keyfiyyətlə icra olunmasının ­vacibliyini qeyd edib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyahət İmanov bu ilin birinci yarısının yekunları haqda məruzə edərək bildirib ki, hesabat dövründə Naxçıvan şəhərində abadlıq-bərpa, tikinti-quraşdırma işləri ön plana çəkilərək, əhalinin mənzillərə olan tələbatının ödənilməsi, eləcə də mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni yaşayış binalarının tikintisinə, habelə mövcud binaların yenidən qurulmasına diqqət yetirilib.
Bəhs edilən dövrdə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 377 milyon 138 min 200 manat investisiya qoyulub. Bu da ötən illə müqayisədə 1,4 faiz çoxdur. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artıb. Vətəndaşların vəsaiti hesabına 165 min 484 kvadratmetr ərazidə yeni yaşayış sahələri salınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan uğurlar, yeni iş yerlərinin açılması, əhalinin rifah halının yaxşılaşması demoqrafik vəziyyətə də müsbət təsir göstərib, Naxçıvan şəhərində əhalinin sayı artaraq 97 min nəfəri ötüb. Bu ilin yanvar-iyun aylarında 385 milyon 306 min 500 manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Bu dövrdə 432 yeni iş yeri açılıb, onlardan 423-ü daimi iş yeridir. Əvvəlki illərdə olduğu kimi, bu il də strateji əhəmiyyət kəsb edən taxılçılığın inkişafına xüsusi diqqət yetirilib, bu ilin məhsulu üçün 2095 hektar sahədə əkin aparılıb. Yaşıllaşdırma tədbirləri zamanı Naxçıvan şəhərinin ərazisinə 70 ədəd müxtəlif meşə, 481 ədəd müxtəlif meyvə, 10 min 800 ədəd həmişəyaşıl ağac, 400 ədəd müxtəlif gül və dekorativ kollar əkilib, 1,5 hektarlıq meyvə bağlarında bərpa işləri aparılıb.
Bildirilib ki, bu ilin birinci yarısında Naxçıvan şəhəri ərazisinə 41 POS-terminal quraşdırılıb. Naxçıvan şəhərində əhaliyə göstərilən nəqliyyat xidməti sahəsində də bir sıra işlər görülüb. Əhaliyə 64 avtobus, 20 mikroavtobus, 221 ədəd taksi xidmət göstərib. Cari ilin müvafiq dövründə Naxçıvan şəhərində nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2 min 810,9 ton yük, 23865,9 min nəfər sərnişin daşınıb. Yük daşınması 2,1, sərnişin daşınması 3,1 faiz artıb. Bu ilin 6 ayı ərzində işaxtaran kimi qeydə alınan 139 nəfər işlə təmin edilib, bunlardan 101 nəfəri qadın, 3 nəfəri fiziki imkanları məhdud şəxs olub. 46 nəfər ictimai işə cəlb edilib, 4 nəfər kvota (norma) yerlərinə göndərilib, 74 nəfərə peşə hazırlığı kursları keçməsi üçün şərait yaradılıb. Bunlardan da 28 nəfəri işlə təmin olunub.
Sonra məruzə ətrafında çıxışlar olub.
İclasa Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov yekun vurub.

 Səbuhi HÜSEYNOV

*   *  *

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulmuş vəzifələr və 2017-ci ilin birinci yarısında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərə dair kollegiya iclası keçirilib.
Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov açaraq bildirib ki, cari ilin ötən dövrü ərzində muxtar respublikada digər sahələrlə yanaşı, əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində də işlər davam etdirilib. Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılıb. Belə ki, Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Arpaçay və Çəmənli kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılıb, burada kompüter-tomoqrafiya aparatı quraşdırılıb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Ərəbyengicə kəndində həkim ambulatoriyası binasının tikintisi hazırda davam etdirilir.
Kadr hazırlığı və səhiyyə obyektlərinin müasir avadanlıqlarla təchiz olunması sahəsində tədbirlər ardıcıl şəkildə həyata keçirilir.
Vurğulanıb ki, səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Bu sahədə Səhiyyə Nazirliyi müəssisələrində də keçən 6 ay ərzində müəyyən işlər görülüb. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, müalicə­-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması və ümumiyyətlə, əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə öz müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2017-ci ilin 6 ayı ərzində 2 min 617 uşaq doğulub, təbii artım 1639 nəfər, doğum göstəricisi 5,8 promilli təşkil edib.
Qeyd olunub ki, muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək üçün ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yerlərdə müayinə-müalicə işini təşkil edib.
Hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirilib, onlar Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşmə kurslarına göndəriliblər. Həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib.
Bu müddət ərzində müxtəlif klinikalardan yüksəkixtisaslı həkimlər və kollektivlər muxtar respublikaya dəvət olunub və Naxçıvan həkimləri ilə birgə fəaliyyət göstərərək sosial layihələr çərçivəsində, ümumilikdə, 375 cərrahi əməliyyat, o cümlədən 7 xəstədə açıq ürək, 41 xəstədə göz və 327 xəstədə digər müxtəlif əməliyyatlar aparıblar.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tibbi statistika və informatika sektorunun aparıcı məsləhətçisi Xavər Babayeva, nazirliyin aparat rəhbəri Nihad Seyidov və başqaları çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıblar.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov yekun vurub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində yarımilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasını xidmətin rəisi Namiq Paşayev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, xidmətin balansında ümumi gücü 137 meqavat olan 2 istilik, gücü 70,4 meqavat olan 5 su, 20 meqavatlıq Günəş elektrik stansiyası vardır.
Qeyd edilib ki, muxtar respublikanın elektrik enerjisi işlədicilərinin tələbatı yay günlərində 80-85 meqavat, suvarma mövsümü olmayan dövrlərdə isə 45-50 meqavat təşkil edir. Cari ilin ötən dövrü ərzində muxtar respublikanın elektrik şəbəkələrinə 222 milyon 70 min 155 kilovat-saat elektrik enerjisi daxil olub, bunun 18 milyon 831 min kilovat-saatı İran İslam Respublikasından alınıb. Altı ay ərzində İran İslam Respublikasına 25 milyon 797 min kilovat-saat elektrik enerjisi verilib. Alternativ və bərpa olunan elektrik stansiyalarında elektrik enerjisi istehsalı ümumi istehsalın 62,2 faizini təşkil edib ki, bu da dünyada nadir göstərici hesab edilir.
Vurğulanıb ki, xidmət tərəfindən elektrik stansiyalarında, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafikə uyğun olaraq əsaslı və cari təmir işləri aparılır, tələbatçıların elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, transformator yarım­stansiyalarının qoyulması, müxtəlif gərginlikli elektrik verilişi xətlərinin çəkilməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu ilin altı ayı ərzində muxtar respublikanın şəhər və kəndlərində 7 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası quraşdırılıb, 92 ədəd 10/0,4 kilovoltluq transformator yarımstansiyası təmir edilib, 19,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib, 5 kilometr uzunluğunda hava elektrik verilişi xətləri kabel xətləri ilə əvəz edilib.
Hesabat dövründə Naxçıvan şəhərində, Şərur və Culfa rayonlarında yerləşən transformator təmiri sexlərində 41 ədəd 10/0,4 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qaytarılıb.
Muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulub, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilib. Naxçıvan şəhərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların qoyulması işləri davam etdirilir. Son altı ay ərzində 2 min 810 ədəd belə sayğac quraşdırılaraq bu tip sayğacların sayı 17 min 556-ya çatdırılıb.
Qeyd olunub ki, yüksəkixtisaslı kadrların hazırlanması da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetində təhsil almış mühəndis-elektriklərdən keçən il 4 nəfəri, bu ilin ötən dövründə isə 3 nəfəri ixtisasına uyğun işlə təmin edilib.
Tədbirdə Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin direktoru Yunis Əliyev, Araz SES-in direktoru Nadir İsmayıllı, Naxçıvan Şəhər Elektrik Şəbəkəsinin direktoru İqrar Əliyev, Ordubad Rayon Elektrik Şəbəkəsinin direktoru Ramazan Rzayev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər haqqında məlumat veriblər.
İclasa Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev yekun vurub.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3809796
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14471
14451
73908
264013
3809796

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter