23 İyul 2017, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

 

ARXİV

İyul 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Gümüşlü və Şahbulaq kəndləri Şərur rayonunun təbii gözəllikləri, əsrarəngiz mənzərələri ilə göz­oxşayan yaşayış məntəqələrindəndir. Bu kəndlərin ətəyində yerləşdiyi başıqarlı dağların sinəsi yaz-yay aylarında təbii rənglərdən toxunmuş xalıya bənzəyir. Şapur bulağından bir qədər yuxarı ərazidə yerləşən Şahbulaq kəndi dağlarının, dərələrinin, landşaftının özünəməxsusluğu ilə digər yerlərdən fərqlənir.

Ötən əsrin ortalarında Arpaçayın sol sahilində, Dərələyəz silsiləsinin ətəyində salınan Gümüşlü isə əvvəlcə fəhlə qəsəbəsi kimi tanınıb. Bu yaşayış məntəqəsinin yaranmasının səbəbi həmin ərazilərdə qurğuşun-gümüş yataqları əsasında filizsaflaşdırıcı mədənin yaradılması olub.
Son illər muxtar respublikanın digər kəndləri kimi, Gümüşlü və Şahbulaq kəndləri də, sözün həqiqi mənasında, əsl inkişaf yoluna qədəm qoyub. Şahbulaq kəndinə gedən yol və yolun üstündəki körpülər yenidən qurulub, kənddə ikimərtəbəli məktəb binası və xidmət mərkəzi istifadəyə verilib. Gümüşlüdə isə birində 8, digərində 10 ailə yaşayan 2 bina əsaslı şəkildə təmir olunaraq sakinlərin ixtiyarına verilib, xidmət və kənd mərkəzləri tikilib. Binaların ətrafında abadlıq işləri aparılıb, gülkarlıq və yaşıllıqlar salınıb.

Gümüşlüdə son illərin ərməğanı olan yeni məktəb binası təhsilin inkişafına göstərilən dövlət qayğısı kimi dəyərləndirilir. Məktəbin pedaqoqu, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İdris Əliyev deyir ki, təhsil ocağı uzun illər yararsız binada fəaliyyət göstərib. Bugünkü ikimərtəbəli, 220 şagird yerlik yaraşıqlı məktəb binası 2005-ci ildə inşa olunub, iki il bundan əvvəl isə əsaslı təmir edilib. Burada geniş və işıqlı sinif otaqları, laboratoriyalar, fənn kabinələri, kompüter sinfi, dərslik və bədii ədəbiyyatla təmin olunmuş zəngin kitabxana, idman zalı var. Müasir istilik sistemi qış mövsümündə dərslərin fasiləsiz tədrisinə şərait yaradır. Məktəbin həyətində 1,5 hektar tədris-təcrübə sahəsi vardır. Burada meyvə ağacları, gül kolları əkib-becəririk. Çalışırıq ki, bizə göstərilən qayğıya cavab olaraq şagirdlərimizə hərtərəfli bilik verək, müstəqil Azərbaycanımıza layiq övladlar yetişdirək.
Yeri gəlmişkən qeyd edək ki, 2008-ci ildə Arpaçay dəryaçası əsaslı təmir olunandan sonra bəndin alt hissəsindəki kol-kos basmış, bataqlığa çevrilmiş ərazi təmizlənib, iməcilik yolu ilə 10 hektar sahədə yeni meyvə bağı salınıb. Gümüşlünün ictimai binalarına və məhəllələrinə Şahbulaq kəndinin dişgöynədən bulaqlarından 7 kilometr uzunluğunda içməli su xətti çəkilib.
Kənddə yeniliklər çoxdur. Bir neçə il əvvəl evlərin bacalarından qalxan qara tüstüyə indi rast gəlməzsən. Təbii qazın verilməsi ilə birlikdə insanların rahatlığı da təmin olunub. Bir vaxtlar palçıqdan, əriyən qardan keçilməz olan küçələrin siması tamamilə dəyişilib. Yollara qara örtük salınıb, kənd tamamilə telefonlaşdırılıb. Əhalinin asudə vaxtının səmərəli təşkilinə çalışan mədəniyyət evi, kitabxana, insanların sağlamlığı keşiyində duran tibb məntəqəsi sakinlərin xidmətindədir. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bu yaşayış məntəqəsində hər addımda özünü göstərir və təbii ki, bütün bunlar sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. İnsan amilinə belə qayğı onların ictimai həyatdakı fəallığını artırır, torpağa bağlılıq hisslərini gücləndirir. Ona görə də hər bir kənd sakini yaşadığı yurd yerinin daha da inkişaf edib gözəlləşməsinə töhfə verməyi özünün vətəndaşlıq borcu sayır.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Rafiq Məmmədov deyir ki, Şahbulaqla birlikdə 1000 nəfərdən artıq əhalisi, 260 təsərrüfatı olan Gümüşlü inzibati ərazi dairəsinin ümumi sahəsi 2 min 87 hektar­dır. Kənd adamları 54 hektar dövlət, 63 hektar pay torpağında və həyətlərdə əkinçiliyin dağlıq ərazilər üçün xarakterik olan sahələrini inkişaf etdirirlər. Kənddə elə bir ailə tapmaq olmaz ki, təsərrüfatın bu və ya digər sahəsi ilə məşğul olmasın. Hər iki kənd dağlıq zonada yerləşdiyindən aran yaşayış məntəqələrinə nisbətən əkin sahələri azdır. Ona görə də həm Gümüşlü əhalisi, həm də şahbulaqlılar hər qarış torpağın qədrini bilir, əkinçilik, meyvəçilik və heyvandarlıqla məşğul olurlar. Onlar bilirlər ki, torpağa qayğı göstərən əkinçinin zəhməti hədər getməz. Buna görə də zəhmətdən qorxmurlar. Unutmurlar ki, torpağa baş əyməyən, onun qayğısına qalmayan kənd adamının süfrəsi zəngin olmaz.
Gümüşlüdə və Şahbulaqda ötən il xeyli bostan və tərəvəz məhsulları yetişdirilib. Qeyd edək ki, bu kənd­lərin iqlim şəraiti və coğrafi mövqeyi meyvəçiliyin inkişafı üçün çox əlverişlidir. Hər bir ailənin özünün müxtəlif meyvə ağacları ilə zəngin bağı vardır. Bağlarda alma, armud, albalı, gavalı, heyva, ərik, şaftalı, gilas, cəviz və digər meyvə ağacları bol məhsul verir. Bu sahədə də böyük təcrübə qazanmış kənd adamları ötən təsərrüfat ilində 150 ton məhsul istehsal edib, ailə büdcəsinə xeyli gəlir gətiriblər. Toplanmış meyvənin satılmasında da heç bir problem yoxdur. Bağların bar-bəhərinin Naxçıvan şəhərində və rayon mərkəzində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına çıxarılması təmin edilir.
Heyvandarlıq dağ kəndlərində inkişaf etdirilən və iqtisadi cəhətdən xeyli sərfəli olan təsərrüfat sahəsidir. Odur ki, Gümüşlüdə və Şahbulaqda heyvandarlığa maraq ildən-ilə artır. Bu kəndlərdə əksər ailənin 3-4 baş iribuynuzlu və azı 10-15 baş xırdabuynuzlu heyvanı var. Arıçılıqla məşğul olanların da sayı ilbəil artır. Hazırda ərazidə yüzlərlə arı ailəsi saxlanılır. Təsərrüfat sahibləri yay fəslində arı ailələrini güllü-çiçəkli “Eyvazxan”, “Armudlu”, “Məhəmmədəli bulağı”, “Qız qalası” yaylaqlarına aparırlar. Bu isə daha keyfiyyətli məhsul istehsalına şərait yaradır.
Gümüşlü və Şahbulaq kəndləri turizmin inkişafı baxımından da böyük perspektivə malikdir. Bu sahə üçün o qədər də güclü reklam və təşkilatçılıq tədbirlərinə ehtiyac duyulmur. Turistlər üçün lazım olan saf iqlim və su ehtiyatı, yaşıllıq, abad kənd şəraiti, insanı cəlb edən təbiət mənzərələri, şəhərdə olduğu kimi, burada da infrastrukturun yüksək səviyyədə olması və qonaqpərvərlik turizm üçün hazır ehtiyatlardır. Təcrübə göstərir ki, bir çox ölkələrdə turizmin inkişafı kənd yaşıl turizmi ilə başlayıb. Burada kənd yaşıl turizmi Gümüşlü və Şahbulaq sakinlərinin təşəbbüskarlığı və qonaqpərvərliyi nəticəsində inkişaf edə bilər. Onu da deyək ki, bu sahənin sosial inkişafın təmin edilməsində üstünlükləri çoxdur. Bunlardan əhalinin maddi rifahının daha da yaxşılaşdırılması, kənd əhalisinin istehsal etdiyi məhsulların satışı, insanlar arasında ünsiyyət və yaxınlaşma, bölgənin adət-ənənəsi, məişətinin öyrənilməsi, təbliği və sairi qeyd etmək olar.
Bu gün Gümüşlü və Şahbulaq sakinləri xoş günlərini yaşayır. Kənd adamlarının əmin-arxayın yaşayışı, dövlətinə güvənməsi ölkəmizdə, eləcə də muxtar respublikamızda insan amilinə verilən dəyərin əyani ifadəsidir.

Elman MƏMMƏDOV
“Şərurun səsi” qəzetinin redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3415494
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3065
13196
91115
332107
3415494

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter