26 May 2017, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

ARXİV

May 2017
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

 Bu yerlərdə hər qayaya, daşa salavat çevirməsəm, 

ürəyim rahatlıq tapmaz

Yurdumuzun hər qarışı mənə doğma və əzizdir. Azərbaycan, sözün əsl mənasında, gözəlliklər və özəlliklər məskənidir. Onun vəsfi və əsrarəngiz hüsnü ilə bağlı unudulmaz söz ustadlarımız bir-birindən dəyərli poetik nümunələr yaradıblar. Təbii ki, bu şeirlərin ovqatında tərənnüm də var, təsvir də, həsrət də, sadəcə, təqdim də, hətta mübarizlik də, döyüş ruhu da…Hər bir şeir öz müəllifinin daxili dünyasının əks-sədasıdır. Elə misralar da yaradılıb ki, sanki Vətənimizin şəklidir:

Azərbaycan şahindir,
Dimdiyi göy sularda,
Qanadları göylərdə…

Xəritəyə nəzər salsaq, Xalq şairi Rəsul Rzanın nə qədər haqlı olduğu dərhal bilinər. 

Tanınmadığın bir qapını döysən, yaşlısı sənə “balam”, çocuğu isə “nənəm” deyəcək

Nə isə… Mətləbdən uzaq düşdüm. Hərdən özüm də duyğularımı sözün rənginə bələməklə hisslərimi Vətənimin çalarlarına yönəldirəm: Zəngəzurum – dərdli qəlbim, Qarabağım – şah damarım, dağlar gözəli Şuşa ruhumun ünvanı, Mil-Muğanım geniş ürəyim, Cənubum – Lənkəranım göz nurum, Şimalım – əhli dostlarım, Şirvanım – şir biləklim, Bakım – taleyim, səadətim, sevincim, əbədi ünvanım… Və nəhayət, Naxçıvanım – Ana yurdun havasını ala bildiyim cənnətməkan! Müqəddəs və doğma diyar! Bu yerlərdə təkcə dağlara, pirlərə, müqəddəs ünvanlara deyil, hər qayaya, daşa salavat çevirməsəm, ürəyim rahatlıq tapmaz. Üç tərəfdən düşmənlə üz-üzə dayanmasına baxmayaraq, bu diyar qurub-yaradan insanların ilhamlı əməyi nəticəsində gündən-günə gözəlləşir. Şair Əliyar Yusiflinin misraları ilə bu qədim yurdun xəritəsi çox poetik naxışlanıb:

 Baxın, xəritədə bu qədim diyar,

Kiçik bir nöqtəylə qeyd edilibdi.

Bu yerin qolunda aslan gücü var,

Burdan cahangirlər peşman gedibdi.

Naxçıvanda tanınmadığın bir qapını döysən, yaşlısı sənə “balam”, çocuğu isə “nənəm” deyərək elə qarşılayacaq ki, elə bil yüz illərdir, sən bu ailənin içindəsən. Sənə elə qonaqpərvərlik göstərib, əzizləyəcəklər ki… Bu sözləri elə-belə demədim, başıma gələnlərin diktəsidir. Hər dəfə Naxçıvana yolum düşəndə mütləq ziyarət edəcəyim məkanlar var. Bax həmin vaxtlarda bir qapını səhv döymüşdüm. Amma elə məhəbbət və ülfət gördüm ki, hələ də unuda bilmirəm. Hüseyn Cavidin ev-muzeyi ilə qonşu olan Zeynəb ananın təsadüfi qonağı oldum. Onun mehri məni elə kövrəltdi ki, sanki uzun həsrətdən sonra anamla görüşmüşdüm. Bizdə – Bakıda qapını yanlış döyən olsa, yəqin ki, “səhv gəlibsiniz” deyərək qapını örtərik. Naxçıvanda isə, əksinə, bizi elə məhəbbətlə qarşıladılar ki, handan-hana anladıq ünvanı dəyişik saldığımızı. Bu qəfil qonaqlığı və xoş münasibəti orada kimə söylədiksə “başqa cür necə olmalıdır ki, bura Naxçıvandır...” dedilər. Xalq şairi Süleyman Rüstəmin məşhur bir şeiri­nin misralarını xatırladım: “Bizdən inciməmiş bir əziz qonaq...”

“Şərqin gözəli”

Əbəs yerə yurdumuzun qədim və ulu diyarı Naxçıvanı “Şərqin gözəli” adlandırmırlar. Müğənnilər də böyük həvəslə, şövqlə oxuyurlar: “O, Naxçıvandır, Nəqşi-cahandır”. Qeyri-adi gözəlliyə, təbiətə, zəngin tarixə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası Türkiyə ilə 11 kilometr məsafə istisna olmaqla, şimal və şərqdən indiki Ermənistan (sərhəd xəttinin uzunluğu 246 kilometr), qərb və cənubdan İran İslam Respublikası (204 kilometr) ilə həmsərhəddir. Türkiyə və İranla sərhədi Araz çayı, Ermənistanla isə, əsasən, Zəngəzur və Dərələyəz silsilələri təşkil edir. Qədim memarlıq abidələri ilə dünyada məşhur olan Naxçıvan yeganə məkandır ki, XII əsrdə analığın, qadınlığın şərəfinə abidə ucaldılıb. Möminə xatın türbəsi adlanan bu məşhur məqbərə, bir növ, Naxçıvanın rəmzi sayılır. Qarabağlar Türbə Kompleksi, Naxçıvan şəhərindəki Buzxana (XIV əsr), Xanəgah Abidə Kompleksi, imamzadələr, Gilan türbəsi, Şərq hamamı (XVIII əsr), Qazançı körpüsü, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Yusif Küseyir oğlu türbəsi, müxtəlif məscidlər milli memarlıq abidələri kimi qorunmaqdadır. Nuhun türbəsi isə bu yerlərin ulu tarixindən bir əks-sədadır. Bəşəriyyətin qədim yaşayış məskənlərindən sayılan Naxçıvanı Nuh Peyğəmbərin gəmisinin endiyi yer kimi səciyyələndirirlər. Bu, tarixdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Hüseyn Cavid məqbərəsi qədim ənənənin ən gözəl davamı kimi dəyərləndirilir. Muxtar respublikanın hər bir rayonunda muzey var. Naxçıvanda isə bunların sayı daha çoxdur. Şəhərdəki Mirzə Cəlilin, Bəhruz Kəngərlinin, Hüseyn Cavidin, Cəmşid Naxçıvanskinin, Ordubadda Məmməd Səid Ordubadinin, Yusif Məmməd­əliyevin, Kəngərlidə Şahtaxtinskilər Muzeyi, Şahbuzun Nursu kəndində Məmməd Arazın ev-muzeyləri daim qonaq-qaralıdır. Naxçıvanda Xan evinin yaxınlığındakı Açıq Səma Altında Muzeyin isə analoqu yoxdur. Daş dövrünün bütün məişət avadanlıqları, heykəl və heyvan fiqurları burada toplanıb. Hər bir eksponatın 1000-1500, bəzilərinin də 2000 yaşı var. Əslində, blokada şəraitində yaşayan, böyük Azərbaycanla ancaq hava vasitəsilə (son illər İran ərazisindən keçməklə də – F.X.) əlaqə yaradan Naxçıvanın gecələri işıqlı, gündüzləri fərəhgətiricidir. Naxçıvanlılar, sözün əsl mənasında, fədakar və qürurludurlar. Bax bu səbəbdən də doğma diyarı nəinki qoruyub saxlaya biliblər, həm də onun gündən-günə daha da tərəqqi etməsinə nail olublar.

Naxçıvanda qərib ağac yoxdur

Bu gün Naxçıvan istənilən Avropa şəhərinə meydan oxumaq qüdrətinə malikdir. Son 20 ildə bu qədim diyar elə gözəlləşib ki... Hər dəfə Naxçıvandan heyrət və sevinc hisslərilə qayıdıram. Şəhərdə çoxlu yeni binalar tikilib. Maraqlı və diqqət­çəkən cəhət budur ki, qədimliklə müasirlik məharətlə qovuşub. Əgər bir tərəfdə qədim tikililər, abidələr şəhəri gözəlləşdirirsə, lap yaxınlıqdakı diaqnostika, ticarət, üzgüçülük, şahmat mərkəzləri də füsunkarlığı birə-beş artırır. Naxçıvan yaşıllıqlar, parklar, bağlar, seyrəngahlar, şəlalələr ünvanına çevrilib. Qədim Naxçıvanla müasir Naxçıvan ata-bala kimi bir-birinin əlindən mehribancasına tutaraq, daha da işıqlı gələcəyə doğru inamla addımlayır. Naxçıvan memarları çalışırlar ki, yaradılan hər bir abidə, tikilən hər bir bina köhnə gözəlliyi tamamlasın, şəhərə yeni rövnəq və cazibə gətirsin. Naxçıvanda əkilən ağacların, gül-çiçək kollarının sayı bilinmir. Yaxşı cəhət də budur ki, Naxçıvanda qərib ağac yoxdur. Yerli təbiətə və torpağa uyğun ağaclar əkilib-becərilir. Ona görə də Naxçıvan bağbanının əməyi hədər getmir. Hər tərəfdə səliqə-sahman, təmizlik hökm sürür. Şəhəri başdan-ayağa gəzdik. Sözün əsl mənasında, möhtəşəm təmizlik! Həqiqətən də, gözəlliyin ilkin şərti təmizliklə bağlıdır. Bütün mənalarda belədir. Naxçıvan bu gün müqəddəs bir Şərq şəhəridir! Naxçıvan bu gün müasir Avropa şəhəridir!

Əshabi-Kəhf – Məkkəm, Mədinəm mənim

Ağlım kəsəndən həmişə anamın dilindən bu sözləri eşidərdim: “Ya Həzrət Abbas, ya Əshabi-Kəhf...” Bu çağırışın-andın ahəngindəki dualar illərdir, mənimlə yol gəlir. Heç unuda bilmirəm, son nəfəsində də mənə tapşırdı ki, Əshabi-Kəhfi mütləq ziyarət edim. Hətta yastığının altındakı pula da işarə etdi ki, qurban demişdim, mənim adımdan alıb kəsdirərsən. Nəziri böyük oğlum Elnurla bağlı idi. Anamın vəsiyyətinə əməl etsəm də, hər dəfə Naxçıvana gedəndə mütləq bu müqəddəs məkanın ziyarətçisi oluram. Mənə elə gəlir ki, anamın ruhu da ordadır... Özümü elə çarəsiz hiss edirəm ki... Bu yerlər Allahın varlığını, hökmünü, qüdrətini, böyüklüyünü, ucalığını təsdiq edən dağ möhürüdür. Bu ziyarətgah Qurani-Şərifə düşmüş adının paklığını, müqəddəsliyini hifz etmək görünüşündədir. Müasirtipli kölgəliklər yaradılmış, ziyarətçilərin rahatlığını təmin etmək üçün masa və oturacaqlar qoyulmuş, su çəkilmişdir. Maşınların ayrıca dayanacağı, qurban kəsmək üçün xüsusi yer, namaz qılmaq üçün tikilmiş məscidlər buraya gələnləri valeh edir. Ən başlıcası odur ki, bu ziyarətgahda dilənçiyə, nəzir-niyaz yığana rast gəlmirsən. Tarixən Naxçıvanda, elə Əshabi-Kəhfdə də dilənçi olmayıb. Ötən illərdə el arasında Beşbarmaq adlanan, əslində isə Xızır-zində baba ziyarətgahında olmuşduq. Gördüklərimiz, müşahidələrimiz bizi dəhşətə gətirmişdi. Antisanitariyanın baş alıb getdiyi, zibilliklərin tüğyan etdiyi bu məkanda fürsəti fövtə verməyənlərin soyğunçuluq əməlləri, hər daşın kölgəsində, bütün ziyarətgah boyu pilləkənin əvvəlindən dağın zirvəsinə qədər “nəzir yığanların” düzülməsi bizi narahat etmişdi. Hər dəfə Əshabi-Kəhfi ziyarətdən sonra bu qənaətə gəlirəm ki, hər bir məkan onun rəhbərinin necəliyi və adı ilə bağlıdır. Əgər bu dağlar qoynunda, Əshabi-Kəhfdə bu şərait yaradıla bilirsə, Bakı-Siyəzən yolunun üstündə yerləşən Beşbarmaq dağının ətrafında abadlıq aparmaq olmazmı? Bizə elə gəlir ki, Siyəzən rayon rəhbərliyi öyrənmək və nümunə götürmək üçün bir dəfə yolunu Əshabi-Kəhfə salsa, dediklərimizi anlayar. On il öncə də belə bir iradla mətbuatda çıxış etmişdim ki, bəzi ziyarətgahların ətrafındakı xoşagəlməz halların qarşısı alınmalıdır. Hələ də nöqsanlar davam edir. Ziyarətgahlarda xarici ölkələrdən gəlmiş insanlar da olur.

İşıqları gur, ocaqları alovlu

Ötən əsrin sonlarında yurdumuzun Ermənistanla sərhəd bölgələrində olduğu kimi, Naxçıvanda da gərgin vəziyyət yaşandı. Erməni quldurlarının torpağımızın bu qiymətli parçasını zəbt etmək niyyəti baş tutmadı. Çünki naxçıvanlılar inandıqları, arxalandıq­ları ümummilli liderimiz Heydər Əliyevlə birlikdə idilər. Məhz ulu öndərin düşünülmüş addımları, müdrik siyasəti bu diyarı erməni murdarlığından qorudu. Doğrudur, xəbis qonşularımız olan ermənilər hələ də öz bədxahlıqlarından geri çəkilməyiblər. Pis əməl tərsinə yozulan yuxu kimidir, heç zaman çin olmur. Öz çatılarında boğulsunlar.
İndi Naxçıvanın işıqları daha da gur yanır. Ocaqları alovludur. Övladları həvəslə yaşayıb-yaradırlar. Prezident İlham Əliyevin tez-tez Naxçıvana getməsi burada ömür-gün sürənlərin həyat eşqini, dözümünü, qurub-yaratmaq əzmini daha da artırır. Muxtar respublikanın paytaxtı nəinki Azərbaycanın, dünyanın ən müasir və gözəl şəhərlərindən birinə çevrilib, onun ayrı-ayrı rayon və şəhərlərində – Ordubad, Culfa, Şərur, Şahbuz, Sədərək, Babək, nəhayət, Kəngərlidə həyat qaynayır. Təbiəti etibarilə son dərəcə maraqlı coğrafi relyefə və şəraitə malik olan Naxçıvan Muxtar Respublikası təkcə dağlarının ucalığı ilə deyil, təbiətinin rəngi ilə belə, fərqlənir. Daşından, qayasından qədimlik tökülür. Burada ağacların, güllərin, çiçəklərin rəngi də fərqlidir. Suyu, havası, balı, qaymağı, təndir çörəyi o qədər dadlıdır ki... Mətbəxi ayrıca bir mövzudur. Vayxırın, Badamlının su mənbələri dünyada məşhurdur. Bu yurdun insanları mərd, səxavətli, yuxarıda dediyim kimi, olduqca qonaqpərvərdirlər. Tək bircə dəfə Naxçıvanı gəzmək bəs edər ki, qəlbi ehtizaza gətirən gözəllikləri, qeyri-adi mənzərələri, alicənab insanları bu məkanı həmişə yadında saxlayasan.

Flora XƏLİLZADƏ
Əməkdar jurnalist

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2478908
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
17759
16737
80473
418471
2478908

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter