29 Aprel 2017, Şənbə

ARXİV

Aprel 2017
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov idmanın inkişafı və kütləviliyinin təmin olunması ilə bağlı konkret tapşırıqlar vermişdir. Ali Məclisin Sədri muxtar respublikada bu sahədə görülən işlərdən danışaraq demişdir: “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Aparılan idman siyasəti idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək məqsədinə xidmət edir”.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi müşavirədə verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə idman federasiyaları, şəhər və rayon icra hakimiyyətləri ilə birgə tədbirlər planı tərtib etmiş və icrasını diqqətdə saxlamışdır. Hesabat dövründə voleybol üzrə təcrübəli məşqçi və Naxçıvan Muxtar Respublikasının voleybol üzrə yığma komandasının tərkibində oynamaq üçün üç idmançı muxtar respublikaya dəvət olunmuş, Azərbaycan Respublikası Cüdo Federasiyasından bir qrup təcrübəli məşqçi iki gün müddətində muxtar respublikada məşqçilərin hazırlanması üçün treninqlər təşkil etmişdir. Naxçıvan şəhər 16 və 11 nömrəli tam orta məktəblərin futbol meydançalarında isə Azərbaycan Futbol Federasiyası Assosiasiyasının məşqçi-müəllimləri 300 məktəblinin iştirakı ilə ustad dərsləri keçmişlər.

Muxtar respublikada idman yarışlarının, xüsusən də ölkə və beynəlxalq səviyyəli yarışların keçirilməsi diqqətdə saxlanılmış, İlham Əliyev adına Olimpiya-İdman Kompleksində kişilər arasında voleybol üzrə Azərbaycan çempionatının final mərhələsi keçirilmişdir. Çempionatda ilk dəfə iştirak etmiş “Naxçıvan” komandası üçüncü yerə layiq görülmüşdür. Bundan başqa, federasiyadaxili yarışlar keçirilmiş və qalib idmançılar mükafatlandırılmışdır. Hesabat dövründə federasiyaların idman növləri üzrə yığma komandaları yaradılmış, Karate-do Federasiyasının 8, Boks Federasiyasının 19, Şərq Döyüşü Sənəti Federasiyasının 15, Güləş Federasiyasının 10, Yüngül Atletika Federasiyasının 12, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon Ağır Atletika bölməsinin isə 1 idmançısının Bakı şəhərində keçirilən birincilik və turnirlərdə iştirakı təmin edilmişdir. Bununla yanaşı, Boks Federasiyasının 7 idmançısı, Güləş Federasiyasının isə 25 idmançısı İran İslam Respublikasında təşkil edilən Beynəlxalq turnirlərdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində qızlar arasında atıcılığın stend növü üzrə Naxçıvan Muxtar Respublika birincilikləri keçirilmiş, birinciliklərdə 15-i qız olmaqla, ümumilikdə, 60-dan çox idmançı iştirak etmişdir. Naxçıvan Şahmat Mərkəzində isə 140 şahmatçının iştirakı ilə təsnifat turniri və açıq birincilik keçirilmişdir.
Muxtar respublikanın ümumtəhsil məktəblərindəki stadion, idman zalları və idman qurğularından səmərəli istifadə və onların qorunması, fiziki tərbiyə dərslərinin tədrisi, dərs pro­qramlarının düzgün tərtibi və icrası diqqətdə saxlanmışdır. Yanvar ayında ümumtəhsil məktəblərinin direktorları və fiziki tərbiyə müəllimləri üçün treninq və seminar təşkil olunmuşdur. Bədən tərbiyəsi və idman ixtisası üzrə peşəkar gənc kadrların hazırlıq səviyyəsinin artırılması üçün Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarında təhsil alan tələbələr arasında intellektual oyun keçirilmiş, gənclərlə iş və idman sahəsini əhatə edən tədbirlərdə tələbələrin iştirakı təmin olunmuşdur.
Müşavirədə Ali Məclisin Sədri qızların idmana cəlbi ilə bağlı konkret tapşırıqlar vermişdir. 2017-ci ilin birinci rübündə muxtar respublikada qızların idmana cəlbi istiqamətində tədbirlər davam etdirilmiş, Şərur rayonunda həndbol, üzgüçülük və bədii gimnastika bölməsi yaradılmışdır. Həndbol üzrə 24, üzgüçülük üzrə 12, bədii gimnastika üzrə isə 50 qız idmana cəlb olunmuşdur. Ümumilikdə, muxtar respublikada 150-dən çox qız bədii gimnastika idman növü ilə məşğul olur. Bədii gimnastika üzrə məşqçi-müəllim Bakı şəhərinə 3 aylıq ixtisasartırma kursuna göndərilmişdir. Bundan başqa, Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində bədii gimnastika bölmələri yaradılmış, bölmələrə Naxçıvan Dövlət Universitetinin 52, “Naxçıvan” Universitetinin isə 30-dan çox tələbəsi cəlb olunmuşdur. Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində 10-dan artıq sağlamlıq imkanı məhdud uşaqlara da müalicə xarakterli məşğələlər təşkil edilmiş, həmçinin Naxçıvan şəhərində qızlardan ibarət stolüstü tennis bölməsi yaradılmış, 20-dən artıq qız stolüstü tennis bölməsinə cəlb edilmişdir.
Ali təhsil müəssisələri və idman federasiyalarının birgə hazırladığı tədbirlər planına əsasən, hesabat dövründə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində basketbol üzrə Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin komandaları arasında yoldaşlıq görüşü, Duzdağ yolunda ali və orta ixtisas təhsili müəssisələrinin qız və oğlan tələbələri arasında kross qaçışı və ekstremal yürüş keçirilmişdir.
Məhdud fiziki imkanlı gənclərin də muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, bədən tərbiyəsi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasına təsiri ilə bağlı təbliğat işlərinin genişləndirilməsi diqqətdə saxlanılmışdır. İlham Əliyev adına Olimpiya-İdman Kompleksində fiziki imkanları məhdud şəxslər arasında pauerliftinq üzrə, Culfa rayon 3 nömrəli tam orta məktəbin idman zalında isə boccia idman növü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Birinciliklərdə 30-dan çox məhdud fiziki imkanlı uşaq iştirak etmişdir. İmkansız ailələrdən olan uşaq və yeniyetmələrin mövcud idman qurğu və zallarından ödənişsiz istifadələrinə şərait yaradılmış, aprelin 11-də bu kateqoriyadan olan 55 idmançı idman geyim və ləvazimatları ilə təmin olunmuşdur.
Muxtar respublikada məktəblərarası idman yarışlarının keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanaraq icra olunur. Həmçinin mövcud stadionlardan səmərəli istifadəyə də nəzarət gücləndirilir. Ötən dövrdə Naxçıvan Muxtar Respublika Stadionunda cari təmir işlərinə başlanmışdır.
Ümumilikdə, 2017-ci ilin birinci rübündə Naxçıvan şəhərində 6, Şərur rayonunda 14, Babək rayonunda 7, Culfa rayonunda 11, Ordubad rayonunda 10, Şahbuz rayonunda 10, Kəngərli rayonunda 6, Sədərək rayonunda 5 olmaqla, 69 idman yarışı keçirilmişdir. Bu dövrdə muxtar respublika idmançıları 94-ü Naxçıvan Muxtar Respublika birinciliyi, 49-u Azərbaycan birinciliyi, 30-u Beynəlxalq turnir, 2-si isə Asiya çempionatı olmaqla, 175 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2030993
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
14293
19173
106178
450971
2030993

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter