19 Yanvar 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsi, iftixar günüdür. Çünki yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirmişlər.

Azərbaycan övladları ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirərək 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu, elə bir səhifədir ki, bizə milli ideallar uğrunda mübarizənin, bu yolda hər cür məhrumiyyətlərə sinə gərmək əzminin nə demək olduğunu xatırladır. Bu tarix Azərbaycan xalqının əyilməz bir xalq olduğunu, müstəqilliyi pay olaraq deyil, haqq olaraq aldığını sübut edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən bu faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir.

20 Yanvar faciəsini törətməkdə Sovet imperiyası rəhbərliyinin məqsədi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli azadlıq hərəkatına zərbə vurmaq, bununla yanaşı, azadlıq mübarizəsinə qalxmış digər müttəfiq respublikalara da “dərs vermək” istəyi idi. 1990-cı il yanvarın 19-da “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərmanın imzalanması, ozamankı SSRİ rəhbəri M.Qorbaçovun göstərişi və Azərbaycanın səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridilməsi, ölkəni informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün respublika televiziyasının enerji blokunun partladılması, qəzet və jurnalların nəşrinə qadağa qoyulması ermənipərəst mərkəzi hakimiyyət tərəfindən Azərbaycan xalqına qarşı aparılan mənəvi, ideoloji, siyasi təcavüz və terror idi.
Bakıya yeridilmiş qoşun kontingentinin sayı 60 min nəfərə çatırdı. Onlar “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər. Faktlarla sübut olunmuşdur ki, Azərbaycana göndərilən sovet ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınmış erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Sovet ordusunun xüsusi təlim keçmiş qoşun hissələri yanvarın 19-dan 20-nə keçən gecə 3 istiqamətdə Bakıya yeridilərək dinc əhaliyə qarşı misligörünməmiş vəhşiliklər etmiş, ağır cinayət törətmişdir. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz həbs edilmişdir. Terror əməliyyatı zamanı gözə dəyən hər kəs öldürülür, yaşayış evləri atəşə tutulur, təcili yardım maşınları, yol kənarında dayanan avtomobillər tankların altına salınıb əzilir, yaralılara yardım göstərən tibb işçiləri güllələnirdi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Ovaxtkı Sovet imperiyasının ideoloji təbliğatçısı olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində əsl həqiqətləri təkzib edir və yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Məqsəd əhalini sovet ordusuna və hüquq-mühafizə orqanlarına qarşı qaldırmaqdır...”
Ancaq nə ideoloji təbliğat, nə də əli qana bulanmış Bakıdakı sovet ordu hissələri xalqın müstəqillik, azadlıq arzularını boğa bilmədi. Sovet rəhbərliyində təmsil olunan rəsmilərin qanlı əməliyyatlara birbaşa rəhbərlik etməsi və amansız tədbirlərə əl ataraq milli azadlıq mücadiləsinə qalxmış insanların inam və iradəsini sarsıtmaq istəkləri baş tutmadı. SSRİ-nin digər müttəfiq respublikalarından fərqli olaraq, Azərbaycana göndərilən xüsusi ordu kontingentinin əliyalın xalqa qarşı daha amansız hərəkətləri sovet rejiminin iç üzünü bütün dünyaya açıb göstərdi.
20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında xalqımıza qarşı həyata keçirilmiş qanlı cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham etmişdir. Ulu öndər Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb etmişdir: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.
Ümummilli liderin bu bəyanatı SSRİ-nin hələ hökmünü sürdürdüyü vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etməklə yanaşı, həm də sözün əsl mənasında, böyük hünər və cəsarət idi. Ulu öndərimiz öz bəyanatında açıq şəkildə ozamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söyləmiş, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübuta yetirmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan xalqına göndərdiyi teleqramda deyilirdi: “Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürək­ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixi taleyinin hansı istiqamətdə inkişaf edəcəyinin sual altında qaldığı o təlatümlü günlərdə, Azərbaycan xalqının ən çətin anında Moskvadan doğma Vətəninə qayıtdı. Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyev Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da ovaxtkı hakimiyyət tərəfindən təzyiq və hədələr göstərilirdi. Buna baxmayaraq, ulu öndərimiz Vətənə döndü. Dahi rəhbərin öz xalqına olan sevgisi, xalqın da Ona inamı məkrli qüvvələrin arzularını ürəklərində qoydu.
Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdikləri qanlı cinayətlər eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərində erməni silahlı dəstələrinin fəallaşması ilə müşayiət olunmuşdur. Onların Kərkiyə, Sədərəyə və digər sərhəd kəndlərinə hücumu Qanlı Yanvarın ilk səhifəsini yazmışdı. Ancaq naxçıvanlılar düşmənin önündə mərdliklə dayandılar, şəhidlər verərək qədim Azərbaycan torpağını – Naxçıvanı qoruyub saxladılar.
Xalqımıza qarşı törədilən 20 Yanvar faciəsinə ilk dəfə ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində siyasi qiymət verilmişdir. Ümummilli liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu tarixi sənəddə deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır”. Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması öz əksini tapmışdır. Ümummilli liderimizin rəhbərliyi ilə 1992-ci il yanvarın 13-də “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli liderimizin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunurdu. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana sovet qoşun hissələrinin yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz ümummilli liderimizin təşəbbüsü ilə mümkün olmuşdur.
Ümummilli lider Heydər Əliyev 20 Yanvar hadisələrini Azərbaycan xalqının müstəqillik yolunda mübarizə tarixi kimi xarakterizə edərək demişdir: “20 Yanvar gününü xatırlayarkən hər birimiz eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, həmin qanlı gecədə əlil olanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli fərmanları ilə bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısı daha da artırılmışdır. Ölkəmizin paytaxtı Bakı şəhərinin Yasamal rayonundakı “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

1990-cı il 20 Yanvar qanlı faciəsini, həmin gün şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar. Çünki bir millət kimi sınmadığımızın, əyilmədiyimizin, məğlub olmadığımızın, ümummilli mənafelər uğrunda birləşə bildiyimizin, azadlığımızı və müstəqilliyimizi qanımızla və canımızla əldə etdiyimizin sübutu olan 20 Yanvar qan yaddaşımıza yazılmış faciəli tariximiz, eyni zamanda qəhrəmanlıq salnaməmizdir. Bu tarixi yazanların və bu tarixin hüquqi, siyasi və tarixi qiymətini verənlərin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. 20 Yanvar tarixi qürur və şərəf tariximizdir.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6268293
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
16927
16592
90347
318596
6268293

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter