18 Yanvar 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2017
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli Sərəncam imzalayıb. Yubileyin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən muxtar respublikada müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
AMEA Naxçıvan Bölməsində plana əsasən, “Əziz Əliyev: həyat yolu” mövzusunda interaktiv dərs keçilib. Muxtar respublikanın 205 məktəbinin izlədiyi dərsi bölmənin sədri, akademik İsmayıl Hacıyev aparıb. Qeyd olunub ki, XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyev dərin ağıl və düşüncəyə, rəhbərlik etmək qabiliyyətinə və zəngin həyat təcrübəsinə malik idi. Əziz Əliyev 1897-ci ilin yanvar ayında qədim Azərbaycan torpağı olan İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. İlk təhsilini doğulduğu kənddə alıb. 1908-ci ildən sonra isə Rusiyanın Çita şəhərindəki gimnaziyada oxuyub. 1914-1917-ci illərdə İrəvan kişi gimnaziyasında təhsil alan Əziz Əliyev buranı qızıl medalla bitirdikdən sonra Rusiyanın Sankt-Peterburq şəhərindəki Hərbi Tibb Akademiyasına qəbul edilib. 1918-ci ildə İrəvana gələn Əziz Əliyev sonra ailəsini çətinliklə Naxçıvanın Şərur rayonuna gətirib, bir müddət sonra Şahtaxtı kəndinə köçüb.

Ailənin ağır vəziyyəti və ermənilərin törətdikləri qırğınların fəlakətli nəticələri Əziz Əliyevin Sankt-Peterburqa qayıdaraq təhsilini davam etdirməsinə imkan verməyib. O, 1923-cü ilin may ayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışıb.
1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçüb. Bundan sonra onun həyatının yeni mərhələsi başlayıb. Bakıda ilk vaxtlar Azərbaycan SSR Xalq Komissarları Şurasında iş icraçısı, həmin idarənin Ümumi şöbə müdirinin müavini, katib köməkçisi və nəhayət, respublika Xalq Komissarları Şurasının katibi vəzifələrini icra edib. O, bu çətin və məsuliyyətli vəzifələrdə çalışmaqla yanaşı, 1923-cü ildən etibarən yarımçıq qalmış ali tibb təhsilini indiki Bakı Dövlət Universitetinin Tibb fakültəsində davam etdirib, 1927-ci ildə universiteti əla qiymətlərlə bitirdiyindən Daxili xəstəliklər kafedrasında ordinator saxlanılıb. Əziz Əliyev sonra aspirant, assistent və dosent kimi fəaliyyət göstərib, 1929-1932-ci illərdə isə Azərbaycan Klinik İnstitutunun rektoru olub.

Bildirilib ki, Əziz Əliyev Azərbaycanda səhiyyə işinin təşkilinə xüsusi diqqət yetirib, onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. O, Xalq Səhiyyə Komissarlığı Müalicə şöbəsinin müdiri, Bakı Səhiyyə Şöbəsinin müdiri, Xalq Səhiyyə Komissarlığında müavin, xalq səhiyyə komissarı və digər vəzifələrdə çalışarkən respublikanın bütün rayonlarını gəzib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. 1930-cu ildə indiki Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılmasında yaxından iştirak edən Əziz Əliyev sonrakı çətin mərhələlərdə instituta uğurla rəhbərlik edib.
Həmin illərdə bir tərəfdən respublikada yüksəkixtisaslı həkimlərin hazırlanmasına ciddi ehtiyac duyulması, digər tərəfdən də onların hazırlığını təmin edə bilən kadr çatışmazlığı, Azərbaycan dilində tibbi ədəbiyyatın və dərs vəsaitlərinin azlığı, tədris bazalarının zəifliyi, kitab fondunun lazımi səviyyəyə çatdırılmaması və digər məsələlər həllini gözləyən problemlər idi. Bu problemlərin aradan qaldırılması üçün Əziz Əliyev yorulmadan çalışıb, azərbaycanlı kadrları işə cəlb edərək onların fəaliyyət dairəsini genişləndirib və beləliklə, ana dilində dərsliklər, dərs vəsaitləri, monoqrafiya və tövsiyələrin yazılmasına nail olub.
Əziz Əliyev hansı ictimai, inzibati, təşkilati işdə çalışmasından asılı olmayaraq, elmi axtarışlarını bir an belə dayandırmayıb. İnstitutu bitirəndən iki il sonra – 1929-cu ildə namizədlik, 1937-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. O, 1941-ci il mayın 13-də SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə isə professor vəzifələrinə seçilib.

Görkəmli alim 87 elmi əsərin müəllifidir. Bu əsərlərin böyük bir hissəsi təbabətin ayrı-ayrı sahələrinə, bir qismi isə tarixi və siyasi problemlərə həsr olunub. Onun elmi fəaliyyəti çoxşaxəli idi. Təsadüfi deyil ki, akademik Mustafa bəy Topçubaşov Əziz Əliyevi Azərbaycan səhiyyəsinin inkişaf tarixinin bir mərhələsi adlandırıb. Bu mərhələ böyük və məsul bir dövrü əhatə edir. Bu, həmin dövrdür ki, səhiyyə sahəsində böyük və genişmiqyaslı işlər görülür, beləliklə, Azərbaycanın səhiyyəsi dirçəlir, milli kadrların böyük dəstəsi hazırlanırdı.
Akademik İsmayıl Hacıyev deyib ki, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, görkəmli alimin ictimai fəaliyyəti də Vətənə, xalqa sədaqətlə xidmətdən ibarət olub. O, 1941-1942-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Əziz Əliyev 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib. Görkəmli dövlət xadimi I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR Ali Sovetinin deputatı olub.
Əziz Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri görkəmli həkim və alim, əla səhiyyə təşkilatçısı, səriştəli rəhbər və təcrübəli dövlət xadimi kimi yüksək qiymətləndirilib.
Professor Əziz Əliyevin sevimli həyat yoldaşı Leyli xanımla birgə böyütdükləri övladları valideyn tərbiyəsinə layiq və sadiq olublar. Ən əhəmiyyətlisi də odur ki, onlar atalarının himayəsinə arxalanmadan, heç kimdən kömək gözləmədən istedadları, bacarıqları hesabına ucalmış və hər biri öz peşəsi sahəsində böyük nailiyyətlər qazanıblar.
1998-ci il may ayının 14-də ­görkəmli alim, ictimai xadim Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Yubiley tədbirində çıxış edən ümummilli liderimiz Heydər Əliyev alimin şəxsiyyətini yüksək qiymətləndirərək deyib: “Əziz Əliyev Azərbaycan xalqının görkəmli nümayəndələrindən biridir. O lap əvvəldən qeyri-adi insan idi. O həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü”.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu elmin himayə olunması, xalqımızın dövlət və elm xadimlərinin elmi və nəzəri irslərinin yaşadılması ideyasının davamı olaraq ölkə Prezidenti cənab İlham Əliyev 2006-cı il dekabr ayının 5-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyi Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunub. Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov professor Əziz Əliyevin keçdiyi həyat yolunu nəsillərə nümunə kimi dəyərləndirərək deyib: “Əziz Əliyev dərin biliyə, yüksək təşkilatçılıq qabiliyyətinə malik bir insan kimi nəinki səhiyyəmizin inkişafına böyük töhfələr vermiş, eyni zamanda dövlət idarəçiliyində kadrlarla işləməyin, kütləni səfərbər etməyin, rəhbər-xalq münasibətlərinin bu gün də etalon ola biləcək ictimai praktikasını yaratmış, Azərbaycan elminin yeni istiqamətlərini müəyyənləşdirmiş, bu sahələrin inkişafına nail olmuşdur. Əziz Əliyevin həyatını və fəaliyyətini əks etdirən tarixi sənədləri izlədikcə onun dərin təfəkkürünə, işgüzarlığına, ağır sınaqlardan mətanətlə çıxmasına heyran qalmamaq mümkün deyil. Bu böyük şəxsiyyətin bütün fəaliyyəti xalqa layiqli xidmət nümunəsi idi”.
Böyük alim, görkəmli dövlət ­xadimi Əziz Əliyevin xatirəsi muxtar respublikada əbədiləşdirilib, Naxçıvan şəhərindəki küçələrdən birinə və Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına alimin adı verilib.

 Muxtar Məmmədov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

6245221
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10447
22591
67275
295524
6245221

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter