23 Oktyabr 2020, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən müəllimlərin işə qəbulu üçün 30 iyun 2020-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 31 avqust-16 sentyabr tarixlərdə keçirilmişdir.
Müsabiqəyə 268 vakant vəzifə çıxarılmışdı. 186 vəzifənin tutulması üçün 746 namizəd müraciət etmişdi ki, bu da son illərdə ən yüksək göstəricidir. Belə ki, 2018-ci ilin eyni dövründə 527, 2019-cu ildə isə 599 müraciət qeydə alınmışdı. Test imtahanlarında 714 namizəd iştirak edib, onlardan 414-ü keçid balını toplamışdır.
Ən çox vakant vəzifələr Şərur rayonu (63 yer), Ordubad rayonu (60 yer) və Babək rayonu (40 yer) üzrə mövcud olmuşdur. Ən çox İbtidai sinif müəllimliyi (148 müraciət), İngilis dili (145 müraciət), Tarix (69 müraciət) və Azərbaycan dili (55 müraciət) ixtisasları üzrə qeydiyyat aparılmışdır.

Müsabiqədə hər bir namizədə, ümumilikdə, 60 olmaqla, müəssisələrdə tədris edilən ixtisaslar üzrə fənn proqramlarına aid 40, tədris metodikası və təlim strategiyalarına aid 20 test tapşırığı təqdim olunmuşdur. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt verilmiş və hər bir düzgün cavab bir balla qiymətləndirilmişdir. Səhv cavablar düzgün cavablara təsir etmir.
Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.
İmtahanda namizədlər tibbi maskadan istifadə edib, sosial məsafə qorunub və digər sanitar-gigiyenik tələblərə əməl olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR