06 Aprel 2020, Bazar ertəsi

Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi doğma yurdumuzun layiqli təmsilçisidir

Bu günlərdə Bakıda olarkən paytaxtımızda yaşayan və fəaliyyət göstərən hər bir naxçıvanlının üz tutduğu ünvana – Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinə yollandım.  Məqsədim nümayəndəliyin fəaliyyəti ilə maraqlanıb onu oxuculara təqdim etmək idi. Üçmərtəbəli yaraşıqlı binaya daxil olarkən özümü ulu Naxçıvanımızın hüdudları daxilində, doğma bir məkandaymış kimi hiss etdim. Doğrudur, gözəl və müasir Bakı ölkəmizin paytaxtı kimi hər birimizin baş tacı, doğma şəhərimizdir.  Buna baxmayaraq, təhsilimlə əlaqədar 1 aya yaxındır, Naxçıvandan ayrı düşdüyümdən doğma diyarım üçün yamanca darıxdığımı etiraf etməliyəm. Bəlkə də, buna görədir ki, Daimi Nümayəndəliyin binasına daxil olduğum anda qədim və müasir Naxçıvanın qəlbimdə tamam başqa məhəbbət dolu yer tutduğuna bir daha əmin oldum. İlk andan kollektivin məni gülərüz, səmimi qarşılaması və mehriban münasibəti məndə xoş təəssürat oyatdı. Əmin oldum ki, burada Daimi Nümayəndəliyin rəhbəri və onun müavini ilə yanaşı, sektorlar üzrə fəaliyyət göstərən bilikli, savadlı, təcrübəli gənclər də paytaxtımızda doğma Naxçıvanımızı layiqincə təmsil edirlər. Əməkdaşlarla qısa tanışlıqdan sonra Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərovla görüşümüz isə daha yaddaqalan oldu. Bəxtiyar müəllimlə söhbətimizə bu qurumun fəaliyyət istiqamətləri barədə başladıq.

 


– Bəxtiyar müəllim, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi nə vaxtdan fəaliyyət göstərir və fəaliyyət istiqamətləri hansılardır?
– Daimi Nümayəndəlik 27 ildir ki, fəaliyyət göstərir. Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi vaxtda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il 24 fevral tarixli qərarı ilə yaradılıb. Ali Məclisin Sədri cənab Vasif Talıbovun 2010-cu il 21 aprel tarixli Fərmanı ilə Daimi Nümayəndəliyin yeni Əsasnaməsi təsdiq olunub və fəaliyyət istiqamətləri müəyyənləşib.
Daimi nümayəndəliyin əsas fəaliyyət istiqamətlərinə gəldikdə, qısaca onu deyə bilərəm ki, qurum Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanları arasında gündəlik əlaqələrin təmin olunması işini həyata keçirir. Bundan əlavə, muxtar respublikanın elm, təhsil, yaradıcılıq təşkilatları və digər ictimai qurumları ilə ölkənin müvafiq qurumları və müxtəlif sahələrdə fəaliyyət göstərən yaradıcı insanları arasında əlaqələrin yaradılması və genişləndirilməsi, muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatı ilə bağlı tədbirlərin təşkili və keçirilməsi də öhdəliklərimiz sırasındadır.
Daimi Nümayəndəliyin ən önəmli, əsas vəzifələrindən biri də öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlarla, xüsusilə xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən səfirlikləri, müvafiq qurumları ilə əməkdaşlıq etmək və xarici ölkə səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfərlərinə yaxından köməklik göstərməkdir.
– Təmsil etdiyim “Şərq qapısı” qəzetində, eləcə də digər KİV-də mütəmadi olaraq Daimi Nümayəndəliyin xətti ilə müxtəlif tədbirlərin və görüşlərin təşkil olunması barədə məlumatlara rast gəlirik. Yola saldığımız 2019-cu ilə geri dönsək, il ərzində nümayəndəliyin hansı tədbirlərini qısaca xatırlamaq yerinə düşər?
– Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin illik fəaliyyəti, qeyd etdiyim kimi, geniş spektrlidir. Bu mənada, xüsusi vurğulamaq istəyirəm ki, bu gün daimi nümayəndəlik nəinki Azərbaycan Respublikasında və hətta onun hüdudlarından kənarda belə, günü-gündən inkişaf edən, yüksələn doğma Naxçıvanımızı şərəflə təmsil edən bir dövlət orqanı kimi fəaliyyətini genişləndirməkdədir. Buna görə də ölkəmizdə və xarici dövlətlərdə keçirilən bir çox mühüm rəsmi, mədəni və digər tədbirlərdə iştirak edir, muxtar respublikamızın əldə etdiyi nailiyyətləri qürurla təbliğ edirik. Sevindirici hal ondan ibarətdir ki, son illər Daimi Nümayəndəlik bir çox sahədə səmərəli fəaliyyəti, uğurlu bir təmsilçilik nümunəsi formalaşdırıb, Azərbaycanın yüksək dövlət orqanları və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun diqqət mərkəzinə çevrilib.
Ötən ilin yaddaqalan tədbirləri barədə danışarkən onu qeyd edim ki, 2019-cu il xalqımız, xüsusilə hər bir naxçıvanlı üçün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinin qeyd olunması ilə əlamətdar oldu. Ötən il, təbii ki, 95 illiklə bağlı Daimi Nümayəndəlik bir sıra silsilə tədbirləri həyata keçirdi.
Onlardan ötən ilin fevral ayında Daimi Nümayəndəlikdə respublikamızın elm, mədəniyyət xadimlərinin, ictimai xadimlərin iştirakı ilə təşkil edilmiş “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətimizdir” adlı dəyirmi masanı qeyd edə bilərəm. Bu dəyirmi masada tanınmış ziyalıların iştirak etməsi, onların bir tərəfdən muxtariyyətimizin tarixinə və onun yaranma zərurətinə, Azərbaycanın tarixi, onun taleyində oynadığı mühüm rola olan münasibətini ifadə edirdisə, digər tərəfdən də, bugünkü müasir Naxçıvanımızın və heç vaxt olmayan böyük nailiyyətlərinə olan yüksək münasibəti, dəstəyi bir daha diqqətə çatdırırdı.
Keçən ilin oktyabr ayında Fransanın Paris şəhərində keçirilən Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclasını xüsusilə xatırlatmaq istəyirəm. Qürurvericidir ki, bu tədbirdə Naxçıvanı məhz Daimi Nümayəndəlik təmsil edib. Komitənin iclasında, belə demək mümkündürsə, Avropanın aparıcı dövləti sayılan Fransada, onun rəsmi şəxslərinin, xüsusilə bu ölkənin regionlarını təmsil edən nümayəndələrin iştirak etdiyi rəsmi tədbirdə Naxçıvanın daha da yaxından tanıdılması üçün geniş təqdimat keçirilib. Bu il Naxçıvanda imzalanması nəzərdə tutulan Naxçıvan şəhəri ilə Fransanın Möntrö-Fot-Yon şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası ilə bağlı, Fransadakı görüşlərin davamı olaraq, bildiyiniz kimi, biz adıçəkilən şəhərə də səfər etdik. Fikrimcə, bu, iki ölkə arasındakı əlaqələrin inkişafında yeni mərhələ kimi dəyərləndirilməlidir. Eyni zamanda bu, müasir, son dərəcə inkişaf etmiş, intibah dövrünü yaşayan ulu Naxçıvanımızı beynəlxalq arenada tanıtmaq baxımından böyük əhəmiyyətə malik bir səfər oldu.
– Bəxtiyar müəllim, ötən il martın 2-də Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət və Uşaq filarmoniyaları kollektivlərinin konserti olmuşdu. Sizin tədbirdə əhatəli çıxışınızdan sonra Naxçıvanın incəsənət xadimlərinin ifasında möhtəşəm bir konsert pro­qramı izlədik...
– Bəli, mən söhbətimizin davamında elə bu məqama toxunacaqdım. Necə deyərlər, siz məni qabaqladınız. Qeyd edim ki, Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı təşkil olunan tədbirlər sırasında bu konsert ən yaddaqalan oldu. Siz də şahidi olmusunuz ki, konsertdə çox sayda xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpus nümayəndələri, deputatlar, ölkəmizin incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər. İstedadlı musiqiçilərimizin ifasında səslənən mahnı və musiqi nömrələri tədbir iştirakçılarının coşqun alqışına səbəb oldu. Konsert proqramından sonra xarici qonaqlar məmnunluqlarını bildirir, bu kimi proqramların tez-tez təşkil olunmasını arzu edirdilər. Bizə bundan dəyərli hədiyyə nə ola bilər?
Ötən il həm də zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi baxımından yaddaqalan il oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu məqsədlə imzaladığı müvafiq sərəncama əsasən Naxçıvanda və Türkiyədə bir sıra tədbirlər, konfranslar keçirildi. Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” Beynəlxalq konfransının keçirilməsi bu tədbirlərin nəticəsi kimi mühüm əhəmiyyət kəsb etdi. Cənab Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə Naxçıvanda nəşr edilmiş, görkəmli mütəfəkkirə həsr olunan “Nemətullah Naxçıvani” kitabının Bakı şəhərində təqdimatının keçirilməsi və kitabın yayılmasını təmin etmək öhdəmizə düşən vəzifələrdən idi. Bununla bağlı keçirilmiş konfransda iştirakımız bizim üçün yaddaqalan və əhəmiyyətli oldu.
– “Paytaxtımızdakı Naxçıvan”... Bu rəmzi ifadəni qısaca olaraq necə şərh edə bilərsiniz?
– Qeyd etdiyim kimi, Daimi Nümayəndəlik, təkcə Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu qazanmış Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının müvafiq dövlət orqanları arasında gündəlik əlaqələrin təmin edilməsini həyata keçirən təşkilat kimi deyil, eyni zamanda muxtar respublikanın xarici-iqtisadi əlaqələrinin qurulmasında da yaxından iştirak etməkdədir. Bununla yanaşı, əsasnaməyə daxil edilən bir sıra müddəalar da var ki, nümayəndəlik həm də bu müddəalar üzrə fəaliyyətini davam etdirir.
Bu gün Daimi Nümayəndəliyin fəaliyyəti Naxçıvan Muxtar Respublikasının adı ilə birbaşa bağlıdır və bu fəaliyyət muxtar respublikanın bütün sahələrini əhatə edir. O baxımdan çalışırıq ki, muxtar respublika rəhbəri tərəfindən qarşımıza qoyulan tələb və prinsiplərə uyğun şəkildə, bu gün Heydər Əliyev ideyaları ilə irəliləyən, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirilən uğurlu siyasətin Naxçıvandakı real nəticələrini xalqımıza, vətəndaşlarımıza, eyni zamanda beynəlxalq aləmə layiqincə, olduğu kimi çatdıraq.
Bundan başqa, Naxçıvanın beynəlxalq iqtisadi münasibətlərinin də inkişaf etməsinə öz töhfəmizi verməyə çalışırıq. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf və həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, Naxçıvan, təkcə Azərbaycanın deyil, eyni zamanda dünyanın diqqət mərkəzinə çevrilib. Daimi Nümayəndəliyin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə birbaşa münasibətlərin yaranması və eyni zamanda səfirlərin Daimi Nümayəndəliyə tez-tez gəlişi Naxçıvana olan diqqət və xüsusi marağı açıq göstərir. Təkcə bir faktı vurğulamaq istəyirəm ki, 2019-cu ildə Daimi Nümayəndəliyə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin 50-dək səfiri gəldi. Bu səfirlərin böyük əksəriyyəti sonradan Naxçıvan Muxtar Respublikasına rəsmi səfərlər etdi, diyarımızda bu gün həyata keçirilən uğurlu sosial-iqtisadi inkişafın nailiyyətlərinin canlı şahidi oldu və bir çox hallarda mətbuata bu barədə öz fikirlərini bildirdi.
Bununla yanaşı, il ərzində bir çox ölkələrin milli bayram və əlamətdar günləri ilə bağlı təşkil edilmiş rəsmi qəbullarda iştirak etmişik. Xarici ölkə səfirlərinin Daimi Nümayəndəliyin timsalında Naxçıvana olan marağını, münasibətini, Naxçıvan Muxtar Respublikasına tez-tez səfərlərini, orada həyata keçirilən işlərlə yaxından tanışlığını diqqət mərkəzinə gətirsək, fəxrlə deyə bilərik ki, bu gün Naxçıvanın real inkişaf mənzərəsini beynəlxalq aləmə çatdıra bilirik.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət bu gün Naxçıvanda uğurla həyata keçirilir. Əldə etdiyimiz nailiyyətlər onu deməyə əsas verir ki, bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin vaxtilə düşündüyü formada inkişaf edir və bu işdə flaqman sayıla biləcək Naxçıvan Muxtar Respublikası buna əyani sübutdur. Muxtar respublikada həyatın bütün sahələrində inkişaf göz qabağındadır. Burada insanların firavan həyatı, yaşayışı yüksək səviyyədə təmin edilib, vətəndaş məmnunluğuna tam nail olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin hər il Naxçıvana səfərləri zamanı bu diyarın inkişafını yüksək qiymətləndirməsi bizim üçün əsas göstəricidir. Muxtar respublikada həyatın bütün sahələrində əldə olunmuş nailiyyətləri, uğurları, bəzi hallarda tam statistik məlumatları mətbuata təqdim edir, beləliklə Azərbaycan ictimaiyyətinin, eyni zamanda xarici ölkələrin Bakıdakı səfirliklərinin müəyyən mənada marağına səbəb olan faktları tez-tez mətbuata açıqlayırıq.
– Bəxtiyar müəllim, Daimi Nümayəndəlik, həm də Bakı şəhərində yaşayan naxçıvanlılar üçün bir sıra məsələlərin həllini tapmasında vasitəçi olur...
– Daimi Nümayəndəlik Bakı şəhərində yaşayan naxçıvanlılar üçün dayaqdır, ümid yeridir desək, doğru olar. Çünki bizə müraciət edənlərin hər biri ilə yaxından maraqlanır, onların problemlərini qanunvericiliyin tələbləri əsasında həll etməyə çalışırıq. Daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək bizim vəzifələrimiz sırasındadır.
Onu da qeyd edim ki, 2019-cu il Daimi Nümayəndəliyimiz üçün bir məqamla daha yaddaqalan oldu. Belə ki, ötən ildən Daimi Nümayəndəlikdə Bakı şəhərində və respublikamızın digər bölgələrində yaşayan, Naxçıvanda daimi qeydiyyatda olan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi işi təşkil olunub. Bu da çox sevindirici haldır. Qərara alınıb ki, bu proses il ərzində bir neçə dəfə həyata keçirilsin. Muxtar respublika rəhbərinin təşəbbüsü ilə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarının Daimi Nümayəndəliklə birgə həyata keçirdikləri bu kampaniya vətəndaşlar tərəfindən çox böyük rəğbət və sevinc hissi ilə qarşılanıb. Əvvəllər insanlar çox uzaq məsafə qət edərək şəxsiyyət vəsiqəsi əldə etmək və ya dəyişdirmək üçün Naxçıvana getməli olurdular. Bu gün artıq o problem də öz həllini tapıb.
– Bakı şəhərində Naxçıvandan olan çox sayda tələbələr, magistrlər təhsil alırlar. Onların nümayəndəliklə bağlı müraciətləri olurmu?
– Çox düzgün buyurdunuz. Müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin də nümayəndəli­yimizə müxtəlif məsələlərlə bağlı müraciətləri olur. Bu müraciətlərin yerində araşdırılması və onların aradan qaldırılmasına çalışırıq.
Onu da qeyd edim ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə ölkəmizin yaradıcı insanlarının, görkəmli elm xadimlərinin Naxçıvan Muxtar Respublikasında, müasir texnologiya vasitəsilə çap olunmuş əsərlərinin, kitablarının da Daimi Nümayəndəlikdə təqdimat mərasimlərini keçiririk. Bu gün kollektiv olaraq çalışırıq ki, həyata keçirdiyimiz tədbirlərlə cəmiyyətin bizə olan inamını, müsbət münasibətini həmişə yüksək səviyyədə saxlayaq. Çünki biz anlayırıq ki, gördüyümüz bütün işlərlə Naxçıvanı təmsil edirik.
– Qeyd etdiyiniz kimi, Daimi Nümayəndəlik dövlət qurumları ilə geniş əlaqələrə malikdir. Kütləvi informasiya vasitələri, eləcə də təmsil etdiyim “Şərq qapısı” qəzeti ilə əlaqələr barədə nə deyə bilərsiniz?
– Təbii ki, biz Naxçıvan mətbuatının daimi abunəçisiyik. “Şərq qapısı” qəzeti bu gün Naxçıvanın reallıqlarını operativ şəkildə öz səhifələrində işıqlandırır. Nümayəndə­liyin fəaliyyətini, əldə etdiyimiz uğurları “Şərq qapısı”nın səhifələrində görmək qürurvericidir. Fürsətdən istifadə edib gündəlik fəaliyyətimizi işıqlandıran Naxçıvan Televiziyasının kollektivinə, “Nuhçıxan” İnformasiya Agentliyinə də sonsuz təşəkkürümü ifadə edirəm.
– Son olaraq, 2020-ci il üçün Daimi Nümayəndəliyin qarşısında duran vəzifələr barədə qısaca məlumat almaq istərdim...
– Özünüz də tanışlıq zamanı şahidi oldunuz ki, nümayəndəliyimizin kollektivi, bütövlükdə, gənclərdən ibarətdir. Gənclik isə enerji və yenilik deməkdir. Biz də yaradılan bu imkanlardan istifadə edərək çalışacağıq ki, 2020-ci ildə qarşımızda duran vəzifələri daha yüksək səviyyədə, Vətənimizə olan sonsuz məhəbbətimizlə, şövqlə yerinə yetirək.
Geniş müsahibəyə görə Bəxtiyar Əsgərova minnətdarlığımı bildirib, nümayəndəlikdən ayrılıram. Bu tanışlıq və apardığım söhbətlərdən də bir daha əmin oldum ki, paytaxtımız Bakıda Naxçıvan çox gözəl təmsil olunur. Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi naxçıvanlıların doğma diyardan kənardakı qürur mənbəyi, əsl dəstək ocağı, doğma yurdumuzun əziz bir guşəsidir.

 Gülcamal TAHİROVA
Naxçıvan-Bakı-Naxçıvan

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR