05 Aprel 2020, Bazar

Maraq və həyəcanla çıxdığımız yolun uzaq olmasına baxmayaraq, heç də yorğun deyilik. Əksinə, seyrinə daldığımız mənzərələr – xəfif əsən küləyin mehindən dəniztək dalğalanan, yamyaşıl  çəmənliklərə naxış salan rəngarəng çiçəklər, zümrüd rəngli, gözyaşıtək saf bulaqlar insanın ruhuna rahatlıq bəxş edir. Gedəcəyimiz ünvana yaxınlaşdığımızı yol qət etdikcə sərinləyən havadan da bilirik. Çünki bu yerlər yayın ən qızmar çağında belə, uca zirvəsindən qarı əskik olmayan Gəmiqayanın qoynuna sığınan yurd yeridir. Bəli, bura Ordubad rayonunun Ələhi kəndidir. İlin bu vədəsində yaşıllıq və onun üzərinə əlvan xalı kimi sərilən çiçəklərdən də əbəs yerə bəhs etmədim. Çünki bu səfalı məkanda arandan fərqli olaraq hələ də yazın ətri duyulmaqdadır.

Əyriçayın sol sahili, Qapıcıq dağının ətəyində yerləşən bu kəndin adı “çökəklik” mənasına uyğun gəlsə də, yaşayış məntəqəsi indi öz inkişafının zirvəsindədir. Dağların əhatəsində yerləşən kəndə daxil olarkən gördüyümüz mənzərə – bir tərəfi qədim tarixə malik əfsanəvi yurd yeri Gəmiqaya, bir tərəfi yay fəslinin qızmar çağında könüloxşayan başıqarlı dağlar, min bir dərdin dərmanı yeraltı mineral bulaqlar, yolboyu kəndə gələnləri salamlayan meyvə ağacları, nadir ağaclar diyarı olan Tillək meşəsinin füsunkarlığı, insanın ruhunu dinləndirən Əyriçayın şırıltısı...

Ardını oxu...

Qədim Şərq müdriklərinin belə bir kəlamı var: “İnkişafa gedən yol təhsildən keçir”. Son illər diyarımızda əldə olunan hərtərəfli inkişaf və tərəqqinin də təməlində məhz müasir və mütərəqqi təhsil sisteminin formalaşdırılması, intellektual gəncliyin yetişdirilməsi dayanır. Bunu bu gün muxtar respublikanın 200-dən artıq təhsil ocağında yaradılan, müasir və innovativ yeniliklərə dayanan şərait, gənclərin savadlı, zəngin dünyagörüşlü və vətənpərvər ruhda böyüməsi üçün mütərəqqi və milli əsaslara söykənən yeni təhsil metodlarından səmərəli istifadə bir daha təsdiq edir. Bununla yanaşı, müəllimlərin müsabiqə yolu ilə işə qəbulunun tətbiqi də təhsildə keyfiyyət amilinin daha da yüksəldilməsinə zəmanət verir. Bütün bunların nəticəsidir ki, uğurlu təhsil islahatlarının əsas göstəricisi olan ali məktəblərə qəbul hər il yüksək nəticələrlə özünü büruzə verir.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Ötən əsrin 90-cı illərində Azərbaycan təhsili ulu öndərimizin bu müddəasına əsaslanan islahatlar nəticəsində əsl inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin uzaqgörən siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isə milli təhsilimizin davamlı inkişafını təmin etdi. Müstəqillik illərindən başlayaraq Azərbaycan təhsilində sistemli islahatlar aparılması ilə yanaşı, təhsilə dövlət tərəfindən ayrılan xərclərin həcmi də ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə dəfələrlə artırıldı.

Ardını oxu...

Qədim diyarımız tarixən zəngin təsərrüfat ənənələri ilə seçilib. Bu ənənələr içərisində isə meyvəçilik özünəməxsus yerə malikdir. Təsadüfi deyil ki, meyvəçilikdən söz düşəndə ilk olaraq ağlımıza belə ənənələri ilə məşhur olan Ordubad rayonu gəlir. Doğma Naxçıvanımızın bu bölgəsinə üz tutan qonaqların rayona xas olan milli mətbəxə maraqları artdıqca bu yurd yerinin meyvələrindən dadmaq və özləri ilə sovqat aparmaq istəyənlərin sayı da çoxalır. Elə bu səbəbdəndir ki, bu yaxınlarda Bakıdan gələn qonağım fürsət bilib Ordubadı gəzmək, daha çox təbii məhsulları, dünyada şöhrət tapan meyvələri ilə tanış olmaq istəyirdi. Bayram günləri olduğu üçün onun bu xahişini yerinə yetirməyi özümə borc bildim. Çünki biz hamımız həm də Naxçıvanımıza gələn qonaqların bələdçisi olmalı, diyarımızı hər yerdə tanıtmalı, təbliğ etməliyik. Ertəsi gün müasir Ordubad şəhərinin çinarlı, kəhrizli qədim məhəllələrini gəzib, təmiz havasında sərinlik tapdıq.

Qədim məhəllələr qonağımızı olduqca heyrətləndirsə də, bu barədə yazıb mətləbdən uzaq düşmək istəmirəm. Bir az da yol kənarlarındakı meyvə bağlarını gəzdikdən sonra həmsöhbətimi Ordubad şəhərindəki bazara aparmaq qərarına gəldim. Çünki həmin bazar Ordubadda meyvəçilik və mətbəx ənənələrinin nə qədər zəngin olduğunu nümayiş etdirən ünvanlardandır. Təsərrüfatçılar yetişdirdikləri təzə-tər məhsulları həmin bazara satışa çıxarmaqla həm də bu diyarın meyvəçilik şöhrətini nümayiş etdirirlər. Buradakı müxtəlif sortlarda şaftalı, gavalı, alma, armud, ərik, alça, çiyələk, böyürtkən və digər meyvə, tərəvəzlər bol məhsuldan xəbər verir. Digər tərəfdən qonağımızın gələn gündən sorağına düşdüyü Ordubadın sucuğu, alanası, miyanpuru, qaxı və çırtmasından da bu bazarda ürəyin istəyən qədər tapmaq mümkün idi. Yolboyu qonağıma ordubadlıların meyvələrdən mürəbbə və qurudulmuş halda qış üçün də hər zaman tədarük görmələri haqqında həvəslə məlumat verdim. Ona qurudulmuş armud, ərik və almadan qax, şaftalının xüsusi növü olan nazlı şaftalıdan alana, miyanpur, cəvizdən sucuq, alçadan çırtma hazırlanmasından, bu məhsulların nəfis görünüşündən və qeyri-adi ləziz dadından danışdım. Bildirdim ki, uzun müddət qaldığından bu məhsulları Ordubad bazarında ilin bütün fəsillərində tapa bilərsən. Bir sözlə, bu naz-nemətlər Ordubadın zəngin mətbəx mədəniyyətinin nümunəsi kimi müasir dövrümüzdə də süfrələrin bəzəyinə çevrilib. Etiraf edim ki, qonağımız da təzə məhsullardan daha çox Ordubad süfrəsinin bu nadir inciləri ilə maraqlanırdı. Dadına baxdıqca onların necə hazırlanmasından tutmuş istifadəsinə və faydalarına qədər hər biri haqqında məlumat almaq istəyirdi.

Ardını oxu...

Ailə öz üzvlərini formalaşdırıb cəmiyyətə təqdim edən kiçik bir toplum olsa da, milli mentalitetimizdə onun böyük mənəvi çəkisi var. Bu məsuliyyətli yükü daşımaq, demək olar ki, bizim həyat amalımızın əsasını təşkil edir. Ona görə ki, cəmiyyətimizdə hər kəs öz ailəsi üçün çalışır, əsl xoşbəxtliyi bunda görür. Ailəsinə dəyər verib, onu yaşadan isə öz xalqının, dövlətinin gələcəyinə xidmət edir. Çünki o, nümunəvi ailə üzvü kimi cəmiyyətə yararlı nəsil yetişdirir.

Cəmiyyətimizdə nümunəvi ailə dedikdə həm də uzun ömür sürən ailələr nəzərdə tutulur. Onlardan biri də Ordubad rayonunun Bist kəndində yaşayan Tahirovlar ailəsidir. Təməli 70 il bundan öncəyə dayanan bu ailəni, əslində, lap çoxdan tanıyıram. Demək olar ki, özümü və dünyanı dərk etdiyim gündən... Bu ailənin varlığı mənim həyatımda əhəmiyyətli rol oynayıb. Buna görə də 30 illik bir dövrünə şahidlik etdiyim iki insanın birgə keçən ömür hekayəsini yazmağı qərara aldım.
Mahmud Tahirov 1927-ci ildə Nürgüt kəndində doğulub. Qonşu Xurs kəndində dünyaya göz açan Tutu nənənin isə bu il 90 yaşı tamam oldu. Onların taleyi isə 70 il bundan öncə, 1949-cu ilin Novruz bayramında – martın 21-də birləşib.
Əslində, bu iki dünyagörmüş insanı canlı tarix kimi qəbul edirəm. O dövrün ağrılı, acılı, müharibələrlə dolu illərini onların dilindən, xatirələrindən çox eşidib, təsəvvürümdə çox canlandırmışam. Gəlin onlarla sizi də tanış edim. Başlayaq 92 yaşlı Mahmud Tahirovdan...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov avqustun 2-də Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncamla xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin geniş qeyd edilməsi məqsədilə Tədbirlər Planı təsdiq edilib. Muxtariyyət tariximizin tərkib hissəsini təşkil edən Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik tarixinə qısa ekskursiyanın oxucularımız üçün maraqlı olacağına inanırıq. Bu mövzuda həmsöhbətimiz muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimovdur.

– Nizami müəllim, əvvəlcə sizi və muzeyin bütün əməkdaşlarını bu münasibətlə təbrik edirik.
– Çox sağ olun. 2019-cu il bizim üçün çox əlamətdardır. Həm Naxçıvan Muxtar Respublikasının, həm də Naxçıvan Dövlət Tarix Muzeyinin yaradılmasının 95 illik yubileyini qeyd edirik. Muzeyimiz digər tarixi mərhələlərlə yanaşı, muxtariyyət tariximizi də özündə qoruyub yaşadır. Bu mənada, muzeyin yubileyinin dövlət səviyyəsində qeyd edilməsi tariximizə və muxtariyyətimizə göstərilən yüksək qayğıdır. Bu sərəncama görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığımızı bildiririk. Göstərilən diqqət və qayğıdan ruhlanan muzeyin kollektivi mədəni irsin qorunması və təbliği sahəsində fəaliyyətini daha da artıracaqdır.
– Qədim diyarımızda yaradılmış ilk Tarix-Etnoqrafiya Muzeyi sərəncamda da qeyd olunduğu kimi muxtar respublikada muzeyşünaslığın əsasını qoyub...

Ardını oxu...

Ötən əsrin 90-cı illərinin əvvəllərindəki Naxçıvanı yada saldıqda gözlərimiz önündə iqtisadi cəhətdən geridə qalmış, ərazi bütövlüyü təhlükə altında olan, dəmir yolu, elektrik və təbii qaz infrastrukturu sıradan çıxmış bir diyar canlanır. Ölkənin əsas ərazisindən təcrid olunan tarixi Azərbaycan diyarı blokada məngənəsində sıxılırdı. Blokada təkcə iqtisadi deyil, həm də müasir dövrün əsas tələblərindən olan informasiya sarıdan da muxtar respublikanı ciddi sıxıntı altında saxlamışdı. Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana qayıdışı və bu əzəli torpaqda Azərbaycanı real müstəqilliyə, davamlı inkişafa aparacaq siyasi fəaliyyət göstərməsi Naxçıvanı da real təhlükələrdən qurtardı, blokadanı hər mənada məhv etdi.
Bugünkü söhbətimizdə Naxçıvanda informasiya blokadası, onun yarılması və əldə olunan nailiyyətlərdən danışacağıq. Həmsöhbətim Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovdur.

– Anar müəllim, bildiyiniz kimi, ötən əsrin 90-cı illərində Naxçıvan təkcə iqtisadi baxımdan deyil, həm də informasiya blokadasına salınmışdı. Bu gündən baxdıqda həmin dövrü necə xarakterizə edərdiniz?
– Ötən əsrin 80-ci illərinin sonlarına doğru SSRİ-nin zəifləməsi, bu vəziyyətdən yararlanmaq istəyən qüvvələr üçün illər, hətta deyərdim ki, yüzilliklərlə vaxtaşırı və sistematik olaraq əzəli Azərbaycan torpaqlarının ələ keçirilməsi üçün bir fürsət yaratdı. Sovetlər Birliyinin həmin dövrdəki siyasi elitasının zəifliyi, bir çox hallarda isə erməni tərəfinə dəstəyi istər-­istəməz Azərbaycanda hiddətlə qarşılanırdı. Zəifləməsinə baxmayaraq, 1990-cı illərin əvvəllərində Sovet ­İttifaqı hələ də kifayət qədər güclü hərbi, siyasi və deyərdim ki, ideoloji təsir vasitələrinə malik idi. Yəni bu fonda həmin dövrün ən aktual məsələsi ictimai fikir üzərində nəzarətin yaradılması məsələsi idi. Həmin mübarizədə tərəflərin əsas məqsədi ittifaq kütləvi informasiya vasitələrində mövqelərinin çatdırılması, əks olunması idi. Düşünülürdü ki, bu yolla Qarabağ problemi ilə bağlı gələcəkdə qəbul edilə biləcək istənilən siyasi qərara və siyasətə ciddi təsir etmək mümkün olacaq.

Ardını oxu...

Yolumuz yaşı min illərə söykənən, qədim tarixə, gözəl təbiətə, zəhmətkeş və torpağa bağlı insanları olan Ordubad rayonunun Nəsirvaz kəndinədir. Avtomobilimiz hamar yollarla irəlilədikcə sehrinə düşdüyümüz mənzərələr – gözəllik libası geyinən dağlar, dərələr, göyqurşağının rənglərini kölgədə buraxan rəngarəng çəmənliklər ruhumuza dinclik bəxş edir.
Küləyin həzin mehindən yarpaqların pıçıltısını dinlədikcə, yenicə yağan yağışdan islanan torpağın ətrini hiss etdikcə xoş duyğular təlatümə gəlir, təbiət büründüyü libası ilə qəlbimizi riqqətə gətirir. Düşüncələrimizdə gözoxşayan mənzərələri və bərəkətli günləri ilə təcəssüm olunan fəsillərin yaraşığı yayı gözəl Naxçıvanımızın dağ kəndlərində müşahidə etmək, doğrudan da, bir başqa aləmdir. Belə əsrarəngiz mənzərələri heyranlıqla izlədiyimi görən sürücü deyir ki, Uca Yaradan bu yerlərə hər neməti bəxş edib. İlin bütün fəsillərində, günün hər çağında gözəldir, cazibədardır bu yerlər. Gilançay, Əyriçay boyunca sıralanan kəndlərdə uzaqdan boy göstərən yaraşıqlı binalar isə, heç şübhəsiz, gündən-günə inkişaf edən Naxçıvanın müasir mənzərəsidir. Görünən odur ki, muxtar respublikamızda aparılan geniş quruculuq, abadlıq işlərindən bütün kəndlərimizə pay düşüb. Günü-gündən yeniliyə qovuşan kəndlərdə mühüm infra­struktur layihələri həyata keçirilib. Bu yerlərdə aparılan quruculuq tədbirlərindən Nəsirvaz kəndi də öz payını alıb. Səfərimiz zamanı digər dağ kənd­ləri ilə yanaşı, bu kəndə də şəhər mədəniyyəti gətirildiyinin şahidi olduq. İstifadəyə verilən kənd və xidmət mərkəzləri, müasirtipli məktəb, mədəniyyət və səhiyyə ocaqları xidmətin səviyyəsini yüksəldib.

Ardını oxu...

(Esse)

Buradan şəhərimizin aşağı məhəllələrini canlandıran mənzərələri seyr etmək mənə daha xoş gəlir. Xüsusən gümüş kəmərtək parlayan xan Arazın səltənətinin seyrinə daldıqca doyumsuz gözəlliklərin şahidi olursan. Axşam tərəfi qürub edən Günəşin şəfəqləri Arazı rəngdən-rəngə boyayır.
Gözümün önündə canlanan bir maraqlı mənzərə də var burada. Adama elə gəlir ki, burada nə zamansa yer yerindən oynayıb. Uca qayalar parçalanaraq sinəsində sevənlərə yer ayırıb. Nə zaman buraya üz tutsam, uzun-uzadı salınan pillələrlə aşağı doğru enirəm. Elə buradaca ağlıma gözəl şairimiz Muxtar Qasımzadənin bu misraları düşür...

Qaya pilləkəndən enib gəlirəm
Yanında qalmağa, Qızlar bulağı.
Bir həzin nəğməyə dönüb gəlirəm,
Mən sənin olmağa, Qızlar bulağı.

Yayda səs-səsə verən su damlalarlı, qışda buz şəlaləli Qızlar bulağı... Əfsanə və rəvayətlərdə adıçəkilən, şəninə nəğmələr qoşulan, şeirlərdə vəsf edilən nazlı təbiət gözəli... Heç düşünmüsünüzmü bura niyə “Qızlar bulağı” adlandırılıb?
Hər ziyarətə gəldiyimdə bu sualla dərin düşüncələrə qapılıram. Bəlkə də, qayaların arasından daranıb süzülən mirvari su damlaları qızların zülfünə bənzədiyi üçün buraya Qızlar bulağı adı veriblər:

Ardını oxu...

Sağlamlıq imkanları məhdud övladlarımızın da özlərini cəmiyyətə yararlı hesab etmələri üçün hər cür şərait yaradılıb 

Təhsil bütün dövrlərdə cəmiyyət həyatının inkişafını təmin edən, onu irəliyə aparan amil olub. Çünki biliksiz cəmiyyətlər tarixin qaranlıq küncünə yuvarlandığı kimi, intellektli cəmiyyətlərin də daim inkişaf etdiyini bu gün kiməsə sübut etməyə ehtiyac yoxdur. Müasir dövrdə isə qloballaşan dünyada insan zəkasının səyi nəticəsində qazanılan nailiyyətlər elm və təhsili hərtərəfli inkişafın təkzibolunmaz dayağına çevirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”.

Bu gün Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Maddi dəyərlərin insan kapitalına çevrilməsi prinsipi muxtar respublikamızda həyata keçirilən təhsil quruculuğu tədbirlərinin əsasını təşkil edir. Onu da xatırladaq ki, ötən əsrin 90-cı illəri bu günümüzlə müqayisə­olunmaz dərəcədə acınacaqlı idi. Bugünkü gəncliyin valideyn və müəllimlərindən, həmin dövrə aid mətbuat və ədəbiyyat səhifələrindən də öyrəndiyi kimi, blokada vəziyyətinə salınmış Naxçıvanda digər sahələrlə yanaşı, təhsilin də vəziyyəti ürəkaçan deyildi. Sovet dövrünün yadigarı olan məktəb binalarının yararsız hala düşməsi, maddi-texniki bazanın yetərli səviyyədə olmaması, yanacaq və enerji çatışmazlığından istilik problemlərinin baş alıb getməsi təkcə şagirdləri deyil, maddi təminatı çox-çox aşağı olan müəllimləri də məktəbdən didərgin salmışdı. Qışın soyuq günlərində bölüşdürülən məhdud yanacaq hesabına neft sobası ilə qızdırılmağa çalışılan sinif otaqlarında oturmaq əsl məşəqqət idi.

Ardını oxu...

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR