20 Noyabr 2019, Çərşənbə

Muxtar respublikamızın tarixi və mədəniyyətinin inkişafında, ictimai fikir və düşüncənin tərəqqisində bir çox nəsillərin əvəzsiz rolu olub. Onlardan biri Kəngərli rayonunun Şaxtaxtı kəndində yaşamış və mühüm fəaliyyətləri ilə tarixdə iz qoymuş Şahtaxtinskilər nəslinin nümayəndələridir. Bu nəsil hər zaman bir amal, istək, məqsəd uğrunda – ölkəmizin nüfuzunun qorunması naminə şərəfli mübarizə aparıb, elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında mühüm rol oynayıblar. 

Ölkəmizin milli mənafeyi naminə çalışan, ona mühüm xidmətlər göstərən belə görkəmli şəxsiyyətlər bu gün dövlətimiz tərəfindən ehtiramla yad olunur, onların xidmətləri yüksək qiymətləndirilir. Elə bunun bariz nümunəsidir ki, Naxçıvan Muxtar ­Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən ziyalılar yurdu Şahtaxtıda Şahtaxtinskilər Muzeyi yaradılıb. Yaxın günlərdə biz də adıçəkilən muzeyə üz tutduq, burada Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olduq.

Ardını oxu...

Qıvraq qəsəbəsindəki uşaq bağçasında bu amil diqqət mərkəzində saxlanılır

Uşaqlar ailənin sevinci, millətin gələcəyi, ölkənin nurlu sabahıdır. Odur ki, onların hərtərəfli inkişafı, vətənpərvər ruhda böyüməsi, gələcəkdə cəmiyyətə layiqli vətəndaş olaraq yetişməsi çox önəmlidir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda uşaqlara böyük sevgi və qayğı ilə yanaşılır, onların təlim-tərbiyəsinin, təhsilinin, sağlamlığının, sosial müdafiəsinin yüksək səviyyədə təşkilinə hərtərəfli şərait yaradılır, ­hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Son illər muxtar respublikamızda gələcəyimizi etibar edəcəyimiz uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisələrin yaradılması, onların hər cür şəraitlə təmin olunması dövlətimiz tərəfindən həyata keçirilən prioritet vəzifələrdəndir. Bu qayğının davamı kimi ötən il Kəngərli rayonunun Qıvraq qəsəbəsində istifadəyə verilən uşaq bağçasını göstərmək olar. Yaxın günlərdə adıçəkilən ünvana getməkdə məqsədimiz lazımi şəraitin yaradıldığı bu tərbiyə müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmaq idi. 

Burada olarkən bağçanın müdiri Flora Məmmədli bildirdi ki, son illər muxtar respublikamızda uşaqların əlverişli sosial mühitdə böyüməsinə xüsusi diqqət göstərilir. Onların fiziki və əqli inkişafı, istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının düzgün təşkili sahəsində ardıcıl tədbirlər görülür. Ötən il aprel ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Kəngərli rayon Qıvraq qəsəbəsindəki uşaq bağçasının istifadəyə verilməsi də belə tədbirlərin davamıdır.

Ardını oxu...

Bu gün hər birimiz iftixar hissi ilə deyirik: “Bura Naxçıvandır!” Hər daşı-qayası min bir tarix danışan, qoynunda əzəmətli yadigarlara böyük sədaqətlə qucaq açan, nura, yaraşığa, güllük-gülüstana qərq olan doğma şəhərimiz – qürur, iftixar yerimiz! Qədim diyarımızın milli zənginliyindən xəbər verən, hər biri bir memarlıq incisi olan tarixi abidələr, muzeylər, yeni tikilən modern səhiyyə, təhsil mədəniyyət ocaqları şəhərimizin mənzərəsinə gözəllik, müasirlik, yenilik bəxş edir. Ələlxüsus da, küçə və parklarda, prospekt və meydanlarda məxsusi elementlərdən, o cümlədən ağaclar, bəzək kolları və müxtəlif gül-çiçəklərdən yüksək zövqlə istifadə olunması bu qədim şəhəri sehrli bir nağıl dünyasına çevirib.
Şəhərimizdə son illərdə, sözün əsl mənasında, yaşıllıqlar sürətlə genişlənməkdə, bir-birindən gözəl istirahət, əyləncə parklarının və xiyabanların sayı artmaqdadır. Bu gün abad şəhərin yaraşığı olan yaşıllıqlar, kölgəsində sərinlədiyimiz əzəmətli ağaclar, parklarda, xiyabanlarda gözoxşayan təmizlik və abadlıq şəhərin səliqə-sahmanına, gözəlliyinə sığal çəkən əllərin bəhrəsidir. Bu abad diyarda şəhər sakinlərinin hər mövsümdə, xüsusilə də yaz-yay mövsümlərində mənalı istirahəti üçün hər cür şərait yaradılıb.

Ardını oxu...

Yaşıl dona bürünmüş uca və əzəmətli dağlar, durnagözlü ­bulaqlar, gursulu çaylar uzun yola körpü salmışdı. Bu mənzərənin sehrinə düşə-düşə üz tutduğum ünvana yetişdim. Yaz öz gəlişi ilə Ordubad rayonunun Bist kəndinə bir başqa gözəllik bəxş etmişdi. 

Uzaq yol gəlsəm, bir az yorğun olsam da, bu füsunkar mənzərəni seyr etməkdən doymurdum. Axşam­üstü idi... Göbələk, əsasən, səhər tezdən yığıldığından həmin günü xala­qızımgildə gecələdim. İkimiz də göbələyin bitdiyi yerləri uşaq vaxtlarından çox yaxşı tanıyırdıq. Hələ o zamanlar yaz aylarında heç olmasa, həftədə bir dəfə nənəmlə birlikdə gedərdik göbələk yığmağa. Həmin yerlərə piyada getmək üçün bir neçə saat vaxt sərf etməli idik. Elə bu səbəbdən ertəsi gün sübh tezdən üz tutduq Tillək meşəsinə, Gəmiqayanın ətəklərinə... Meşəyə çatanda Günəş dağların arxasından yenicə boylanırdı. Belə sübh tezdən düşünmürdüm ki, bu yerlərdə bizdən başqa göbələk axtaranlar olmaz. Ancaq bizdən öncə meşəyə göbələk yığmaq üçün gələn bir neçə ortayaşlı qadın və bir də nurani bir ağsaqqalla rastlaşdıq. Otların üzərindəki şehdən hiss olunurdu ki, gecə bu tərəflərə xeyli yağış yağıb. Həzin-həzin yağan yağışdan sonra Günəşlə birlikdə torpağın təbiətə bəxş etdiyi göbələk isə yağışı sevdiyindən bu yerlərdə onu tapmaq o qədər də çətin deyildi. Hələ balaca ikən nənəm bizə necə göbələk yığmağı öyrətmişdi. Elə bu səbəbdən onu yığmağın qaydalarını bilirdik. Çoxları bilir, göbələyi necə gəldi yığmaq olmaz. Çünki belə olduqda torpağın ana təbiətə bəxş etdiyi bu ləziz və fayda­lı “başıpapaqlı”nın kökünə, necə deyərlər, daş atmış oluruq. Onu gövdəsinin torpağa, təqribən, 2-3 santimetr yaxın hissəsindən iti alətlə kəsmək lazımdır. Bu zərif neməti kobudluqla torpaqdan dartıb-qopardıqda ovulub əlinizdə qalacaq. Bu isə həm onun kökünə zərər verəcək, həm də yığılan məhsul zay olacaq. Ona görə də onu zərifliklə toplamaq lazımdır. Göbələyi polietilen torbalara yığmaq onun tərləməsinə, əzilməsinə səbəb olur. Əzildikdə isə qida dəyəri azalır və daha tez xarab olur. Elə bu ­səbəbdən göbələk yığarkən həsirdən toxunmuş səbətlərdən ­istifadə olunur.

Ardını oxu...

Ölkəmizin digər bölgələrindən gəlib muxtar respublikanın ucqar yaşayış məntəqələrində fəaliyyət göstərən gənc pedaqoqlar bu fikirdədirlər

“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməyi, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”, – deyən Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri hər zaman mühüm əhəmiyyət kəsb edib. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Prezident cənab İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olub. Ölkə başçısının təhsil sahəsinə olan diqqət və qayğısı bu sözlərlə aydın ifadə olunur: “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”. Dövlət başçısının bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri günümüzdə təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərtidir.

Bu gün muxtar respublikamızda da prioritet istiqamətlərdən birini təhsilin inkişafı təşkil edir. Modernləşmə və tərəqqi yolunda uğurla addımlayan diyarımızda təhsil sahəsinə böyük qayğı göstərilir. Tikilən və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən, güclü maddi-texniki bazaya malik müasir təhsil ocaqları təhsilin keyfiyyətinin yüksəldilməsinə, yüksəkixtisaslı kadr potensialının artırılmasına, muxtar respublikamızın dinamik inkişafına əvəzsiz töhfədir. Təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər istər müəllimlərin, istərsə də şagirdlərin hərtərəfli inkişafında mühüm rol oynayır. Ucqar dağ və sərhəd kənd məktəblərində kadr çatışmazlığı probleminin həlli də belə tədbirlərin tərkib hissəsidir.

Ardını oxu...

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda qadın polislər, hərbçilər, hakimlər, vəkillər, sədrlərin sayı kifayət qədərdir. Elə polislərdən söz düşmüşkən, bu yazımızın əsas mövzusu da muxtar respublikamızda ictimai asayişin qorunmasında özünəməxsus zərif cinsin nümayəndələrindən biri haqqında olacaq. Mövzunu hazırlayarkən əldə etdiyimiz məlumatlardan aydın oldu ki, muxtar respublikamızda bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli işi özünə həyat amalı seçən qadınlarımız onilliklər bundan əvvəl də olub.

Arxiv sənədlərində rastlaşdığımız mənbələrdən Naxçıvanda bir neçə qadının ilk dəfə polis işçisi kimi fəaliyyət göstərdiyini öyrəndik. Mənbələrdə İradə Cəfərova, Gülbahar Məmmədova, Elmira Əhmədova, Validə Məmmədovanın adlarına rast gəlsək də, onlardan yalnız biri – Elmira Əhmədova ilə həmsöhbət ola bildik.
Polis peşəsini dünyada ən gözəl və müqəddəs peşə sayan Elmira Əhmədova ömrünün əhəmiyyətli bir dövrünü əhatə edən 20 illik fəaliyyəti haqqında qürurla danışdı. Əslən Ucar rayonundan olan Elmira Əhmədova orta məktəbi də elə həmin rayonda bitirib. Hələ uşaq yaşlarından polis sənətini özünə peşə seçən xanım bu arzusuna 1987-ci ildə Rusiya Federasiyasının Rostov şəhərindəki keçmiş SSRİ milis məktəbinə qəbul olunmaqla çatıb. Məktəbi fərqlənmə ilə bitirən Elmira Əhmədova təyinatla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib. Maraqlıdır, görəsən, Elmira xanım necə olub, öz fəaliyyətini muxtar respublikamızda davam etdirib?

Ardını oxu...

Uca zirvələrin, sıldırımlı qayaların qoynunda Gəmiqayanın sərin mehiylə tumarlanan, ecazkar təbiətilə insanı ovsunlayan bu kəndin vüqarlı dağlarının əzəmətini, həzin zümzümə ilə insanın ruhunu oxşayan Əyriçay və Saqqarsu çaylarının xoş nəğməsini, qalın meşələrinin füsunkar gözəlliyini, səmimi insanlarının qonaqpərvərliyini sözlə ifadə etmək üçün coşqun təbiətli şair olmaq lazımdır, bəlkə də...

Bəli, haqqında bəhs edəcəyimiz əsrarəngiz təbiətin xəsislik etmədiyi, məharətli bir rəssam tablosunu xatırladan, qonaqpərvər, istiqanlı insanların məskəni olan bu gözəl diyar Ordubad rayonunun Xurs kəndidir. Bu kənddə hər fəslin xüsusi gözəlliyi var, lakin təbiətin insanı məst edən sükutu içində uyumuş bu gözəlliyi qış fəslində seyr etmək bir başqa aləmdir. Tənbəllik etməyib, soyuqdan, şaxtadan qorxmayıb insanı ovsunlayan ecazkar təbiətin sehrinə düşmək üçün üz tutduq Gəmiqayanın ovcunda mürgüləyən bu yurd yerinə...
Gəmiqaya dağlarının ətəyində yerləşən kəndə qış aran kəndlərinə nisbətən daha tez qədəm qoyur. Odur ki, dekabrın ilk günlərindən burada dağlar-daşlar qış libasını geyinib, ağ örpəyə bürünüb. Zirvələrdən süzülüb gələn dumduru sular, çaylar yuxuya getmiş bərəkətli torpaqlara layla çala-çala Araza doğru üz tutub. Təbiətin füsunkarlığına, gözəlliyinə vurulan, bu yurddan ayrılmaq istəməyən su damlaları donub dərənin kənarlarında qalıb. Uşaqların səs-küyündən hiss edirsən ki, qış onların ən sevimli fəslidir. Təpədən dərəyə xizək sürən uşaqlar özlərini dünyanın ən xoşbəxt, ən qayğısız insanları hesab edirlər – yıxılıb əzilsələr belə...

Ardını oxu...

Yaxın günlərdə Naxçıvan şəhərindəki Əziz Əliyev prospektində yeni qurulan yerüstü piyada keçidinin yanındakı dayanacaqda avtobus gözləyərkən müşahidə etdiyim mənzərə məni bu haqda yazmağa vadar etdi. Yolun digər tərəfində bazar və ticarət mərkəzi olduğundan bu istiqamətdə hərəkət edən avtomobillərin və piyadaların sayı çoxluq təşkil edir. Elə bu səbəbdən qanun keşikçiləri yol hərəkət qaydalarına riayət etməyən piyadaların təhlükəsizliyi məqsədilə onlara keçiddən istifadə etmək lazım olduğunu bildirirlər. Lakin, nədənsə, onların bəziləri nə özləri, nə də sürücülər üçün yaratdıqları təhlükəni dərk etmirlər. Hər kəsin isə dilində bir bəhanə var: tələsirəm. Kimisi işə tələsir, kimisi evə, kimisi həkimə... Ancaq düşünmürlər ki, keçidlərdən istifadə etmədikləri halda, yetişmək lazım olduqları yerə yox, ölümə tələsirlər.

Nəqliyyat vasitələrinin və piyadaların hərəkətini tənzimləmək və təhlükəsizliyini təmin etmək üçün yollarda işıqforlar quraşdırılır, keçidlər inşa olunur. Lakin piyadaların bir çoxunun işıqfora və keçidlərə əhəmiyyət vermədiyini görürük. Nə üçün bu qaydanı polislər məcburən həyata keçirməlidirlər? Axı polis yollarda dayanıb hər kəsə piyada zolağından istifadə etməyi və işıqfordankeçmə qaydasını öyrədə bilməz. Şəhərimizdə kifayət qədər piyada keçidlərinin olmasına baxmayaraq, piyadaların əksəriyyətinin onlardan istifadə etməmələrinin səbəbi nədir? Piyadalar üçün kifayət qədər maarifləndirici tədbirlərin aparılmamasımı, yoxsa cəmiyyətimizdə hələ də piyada mədəniyyətinin formalaşmamasımı? Tanıdığım bir neçə piyada ilə bu barədə söhbət zamanı belə məlum oldu ki, insanların keçidlərdən istifadə edib-etməməsi təhlükəsizliklə bağlı maarifləndirmənin yetərli olmamasıdır.

Ardını oxu...

XX əsrin 30-cu illəri tariximizin yaddaşına ən ağır illər kimi həkk olundu. Min hiylə, fəsadla qurulan sovet hakimiyyəti həmin illərdə ölkəmizdə yeni qanun-qaydalar tətbiq edir, müstəqilliyi əlindən alınmış xalqımızın dilini, dinini, mədəniyyətini, adət-ənənələrini, tarixini unutdurmağa çalışırdı. “Türk”, “İslam” sözlərini işlətmək, milli ənənələri xatırladacaq fikirlər söyləmək xəyanət hesab olunurdu. Sovet işğalından sonra həyata keçirilən qırğınlara baxmayaraq, xalqın ziyalıları hələ də azadlıq eşqi ilə yaşayırdılar. İşğal rejimini qəbul etməyən görkəmli ziyalılar kütləvi şəkildə məhv edilirdi. Həmin repressiyalar 1937-ci ildən başlayaraq daha da kəskinləşdi. Minlərlə insan “xalq düşməni” adı ilə damğalanıb həbs olundu, qətlə yetirildi. Repressiya dövrünün qurbanlarından biri də Azərbaycan ədəbiyyatının görkəmli siması, bəşəri ideyalar tərənnümçüsü, xalqını daim azad görmək istəyən Hüseyn Cavid idi. Uzaq Sibirdə sürgün həyatına məhkum edilən Hüseyn Cavid öz əzmi və iradəsini, sabaha olan ümidini itirmədi, bir gün azadlığa qovuşacağına inandı. Özünə nəsib olmasa da, ruhu azadlığa qovuşdu...

...İllər keçdi. Xalqı faciəyə düçar edənlər ifşa olundular. Haqsız qətl qurbanlarına ölümündən sonra bəraət verildi, onların günahsız olduqları bəyan edildi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci il iyul ayının 1-də Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinin keçirilməsi barədə verilən qərar şairin ikinci əsl bəraət sənədi oldu. Görkəmli dövlət xadiminin bu böyük qələm sahibinin timsalında milli poeziyamıza, onun nümayəndələrinə verdiyi yüksək qiyməti xalqımız 1982-ci ildə bir daha gördü. Həmin il oktyabr ayının 26-da görkəmli şair və dramaturq Hüseyn Cavidin cənazəsi Uzaq Sibirdən Vətənə gətirildi.

Ardını oxu...

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR