21 Sentyabr 2021, Çərşənbə axşamı

Yurd sevgisi 


Kimsənin bilmədiyi milyon illər əvvəl bir bulaq qaynayırdı. Uca Yaradanın bu torpaqlara bəxş etdiyi ən gözəl sərvət olan göz yaşı kimi dumduru suyun dünyaya göz açdığı bu bulaq indiki kimi o vaxtlar da, sanki arxasındakı ləşkər dağların əzəməti qədər güclüydü. Bulaq o zamandan bu günədək özünün gur suyu ilə heç yorulub tükənmədən Xan Araza doğru tələsib, axırda yorğun düşsə də, sonda məcrasına sığınmış minlərlə insanın dilində yaşayan bir əfsanəyə döndü: Kükü dağının sərt sıldırımlı qayalarından ələnən şəlalənin gözəlliyi ilə hamını qısqandıracaq Gurbulaq əfsanəsinə!

Təmiz, saf suya olan ehtiyac ən qədim insanın ilk mədəni tələbatıdır. Su kimi pak həyat yaşayıb, su qədər də uzunömürlü olmaq həmişə insanın xəyallarında yaşayıb, yaşlandıqca da çılğın bulaq sevgisi onun ürəyinə hakim olub. Bu mənada, aynatək təmiz bir bulaq gözündən, sanki anasının baxışlarını tapıb, həzin şırıltısından onun laylay nəğməsini dinləyə bilənlər dünyanın ən xoşbəxtləridir. Çünki bulaq ölümdən sonrakı həyatı bu işıqlı dünyada yenidən görə biləcəyimiz tək təbiət möcüzəsidir.
Su həyatdır. Gurbulağın canlı həyat hekayəsi onunla birgə yaşamış on minlərlə insanın su yaddaşından süzülüb gələn ən gözəl xatirələrlə doludur. Qızmar Günəşin qasıb-qovurduğu ən quraq yay günlərində heç gözünü qırpmadan hamıya istədiyi qədər su yetişdirən Gurbulaq çox səxavətlidir. İlıq bahar Günəşinin rahiyəsində süslənmiş al çiçəklərin eşqinə alışıb-yanan arıların balı qədər şirin, minnətsizdir onun səxavəti. Papaqdaşdan, Qiblə bulağınadək hər kəklikotunun, hər xınalı kəkliyin canında bir Gurbulaq damlası axır. Onun məcrasında su bol, yaşamağa yer də yetərincədir. Əli əmək tutan hər kəs üçün Gurbulaq həm də iş-güc, yamyaşıl çəmənliklər, geniş bağ-bağça deməkdir. Adı dillər əzbəri olmuş Kükü alması da öz şöhrətini Gurbulağın şirin suyuna borcludur. Beləcə, bu torpaqda min illər əvvəlki kimi yaşayan kim varsa, azuqəsini tapmaq üçün öncə Allaha təvəkkül edib, sonra da hər sübhdən Gurbulağın halal xeyir-bərəkətinə doğru yola çıxır.
Gurbulaq gözəl bir nəğmə, nəğməkar bir şəlalədir. Gurbulağın axar suyu, gözəl şəlaləsinin nəğmə sözcükləri onunla birgə yaşayanlar üçün ən kövrək Vətən bəstəsidir. Yorulmaq bilmədən daşlara çırpılan ağappaq su damlalarının təkrarsız səsi həzin notlarla bütünləşdikdə öz Leylasına sevgisindən danışan məhəbbət aşiqlərinin ürəyinə məlhəm kimi yayılır, əsl can dərmanına dönür.
Gurbulaq yurd sevgisidir. Bulağın qaynadığı Dərələyəz dağları Naxçıvanın ən ucqar yurd yerləri olsa da, burada məskunlaşmış insanlar heç bir zaman bu torpaqlardan köç etməyi ağıllarına belə, gətirməmiş, əksinə, nəsildən-nəslə keçən mətin yaşam hekayələri ilə öz övladlarına od-ocağa sahib çıxmağı, hər bulaq başında bir yuva qurmağı vəsiyyət etmişlər. Kükü dağında isə Gurbulağın qol-qanadı olan irili-xırdalı yüzlərlə belə şirinsulu bulaqlar qaynayır. Yüzillər keçəndən sonra ata-babaların qurub-yaratmaq istəyi xəyallardan gerçəyə döndükcə, beləcə, Gurbulaq yurdunda yaşayanların su sevdası da sonsuz sədaqətlə möhkəmlənib, ailə şəcərəsi kimi doğmalaşıb.
Gurbulaq bu yerlərin qonaq-qarası, ecazkar turizm resursudur. Yayın istisində bulağın sərin nəvazişindən məst olub, əldəyməmiş təbiət gözəli ilə baş-başa qalmaq istəyənlər üçün Gurbulaq bu dünyanın ən xudmani yeridir. Onun sorağına gələnlər yaxşı bilirlər ki, öz gözəlliyini kimsə ilə bölüşməyən Gurbulaq həm də rekreantların və ya sadəcə, ekoturistlərin doyunca paylaşa biləcəyi zəngin bir təəssürat mənbəyidir. Bu suyun elə bir cazibə gücü var ki, bir gün buraya yolu düşənlər sabah dünyanın o başında olsalar da, hökmən yenidən qayıdıb gələcəklər.
Gurbulaq əfsanəsini bir daha dinləmək üçün!

 Əli CABBAROV 

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR