22 Sentyabr 2021, Çərşənbə

Naxçıvan Muxtar Respublikası yüksək turizm potensialına malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” isə bu sahədə lazımi fəaliyyətin həyata keçirilməsinə imkan verib. Lakin dünya təcrübəsi göstərir ki, bu gün turizmdə ixtisaslaşmanın əhəmiyyəti gündən-günə artır. Çünki turizmin müxtəlif sahələri üzrə ixtisaslaşma turistlərin düzgün kateqoriyalara bölünməsi və yönləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Belə ixtisaslaşma turist məmnunluğunu təmin etməklə yanaşı, turistləri eyni bölgəyə növbəti dəfə gəlməyə də ruhlandırır.

Naxçıvanın turizm potensialının istifadə imkanları haqqında danışarkən burada bir çox istiqamətləri qiymətləndirmək mümkündür: dağ-piyada turizmi, dini və müalicəvi turizm, kənd turizmi, xizəkçilik, ekoloji turizm və sair. Bu yazıda bəhs edəcəyimiz aqroturizm isə adından da göründüyü kimi, aqrar və turizm sahələrinin qarşılıqlı əlaqələrindən yararlanaraq ortaya çıxır. Bəzi hallarda “aqroturizm” ilə “ekoloji turizm” ifadələri sinonim kimi qəbul edilsə də, burada fərqli cəhətlər var və bu amil hər iki turizm sahəsinə fərqli yanaşma ortaya qoymağı tələb edir. Məsələnin fərqinə baxmadan, ilk olaraq, belə bir sual meydana çıxır ki, turistlərin aqrar sahədə marağını təmin etmək nəyə lazımdır? Ümumiyyətlə, bu sahədə beynəlxalq təcrübə necədir? Bu suallara cavab həm də o baxımdan bizə maraqlıdır ki, Naxçıvan Muxtar Respublikası ekoloji sərvətləri ilə bərabər, həm də mühüm kənd təsərrüfatı regionudur. Son illərdə aqrar sahənin inkişafı üçün qəbul edilən mühüm Dövlət proqramlarının əsas məqsədi də regionda bu sahənin inkişafını tam təmin etməkdir. Belə olan tərzdə biz nəyə görə müasir turizm trendlərindən olan aqroturizmi inkişaf etdirməliyik?

Qeyd edək ki, aqroturizmin digərlərdən fərqi ondadır ki, burada turist üçün vacib olan bütün ehtiyatlar kəndlərdə, yəni aqrar sahələrin inkişaf etdirildiyi ərazilərdə axtarılır. Bu turizm sahəsinin inkişaf etdirildiyi ilk zamanlar bəzi ölkələr təbiət qoynunda yerləşən mənzərəli ərazilərdə xüsusi turist mərkəzləri (Şahbuz rayonunun Ağbulaq kəndində olduğu kimi) yaratmağa başladılar. Adətən, kəndlərə yaxın yerlərdə yaradılan belə mərkəzlər daha çox kənd turizminin inkişafını nəzərdə tuturdu. Turist bazarında belə mərkəzləri “VIP-kənd” adlandırırlar. Burada turistlərə tam xidmət paketi (mərkəzdə yataq otağı, qidalanma, kənddə gəzinti, əyləncə proqramları və sair) təqdim edilir. Lakin kənd turizmi ilə yanaşı, yaxud bu turizm sahəsinin daxilində inkişaf etdirilən aqroturizmdə isə turistləri daha çox aqrar sahələrdə görülən işlər maraqlandırır. İngilisdilli ölkələrdə – Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiya və Skandinaviya ölkələrində aqroturistlərin, kiçikhəcmli B&B (“Bed and Breakfast” – “gecə yatmaq və səhər yeməyi”) evlərdə yerləşdirilməsinə üstünlük verirlər. Belə yerlər kəndlərdə (kirayə ev üsulu), təbiətin qoynunda olur. Almaniyada aqroturizm kənd yerlərində davamlı inkişaf konsepsiyası prinsipləri çərçivəsində inkişaf edir. Çünki almanlar aqroturizmə sosial-mədəni baxımdan çox məsuliyyətlə yanaşırlar. İtaliyada isə bu turizm növü daha cəlbedicidir. Belə ki, İtaliyada, əsasən, aqroturistlərin fermada və həyətyanı sahələrdə ayrıca otaqda, kənd mehmanxanasında, xüsusi kənd evlərində, tarixi binalarda yerləşdirilməsi təcrübəsinə üstünlük verirlər. Qidalanma isə hər bir rayonun xüsusiyyətlərindən asılı olaraq yerli xarakterli olur. Bu ölkədə turistlər yerli fermerlərlə daha çox tanınmış aqrotəsərrüfatlarda çalışmağa üstünlük verirlər. Qeyd edək ki, belə aqrotəsərrüfatlar turistlərə yaratdıqları şəraitə görə dövlət tərəfindən qiymətləndirilir. 2 və ya 3 ulduzlu otellərdə olduğu kimi, burada da 2-3 “çiçəkli” aqrotəsərrüfatlara rast gəlmək mümkündür. Belə yerlərdə bir gecə qalmaq həm şərait, həm də qiymət baxımından turistlər üçün məqbul sayılır və bu qiymət regionlar üçün dəyişə bilir.
Belə misalları sadalamaqda məqsədimiz odur ki, aqroturizm konsepsiyasının elə bir vahid nümunəsi yoxdur. Hər bir ölkə bu turizm sahəsini öz daxili sosial, iqtisadi və mədəni şərtləri daxilində turistlərə təqdim edir. Qısa desək, aqroturizm aqrar sahədə fəaliyyətə maraq göstərən turistlərin marağını təmin edən turizm növüdür. Bir az da detallara varsaq, belə bir mənzərə təsəvvür edək. Bu gün dünyada səyahət imkanları olan insanların böyük bir qismi şəhərlərdə yaşayır. Şəhərlərdə isə insanlar daha çox ofis çərçivəsində (bank işi, təhsil, səhiyyə və sair) çalışdıqlarından onlara təbiət qoynunda, kənd yerlərində zəhmətkeş insanlarla bir yerdə olmaq daha maraqlı və cəlbedici görünür. Ancaq aqroturizmin fərqi ondadır ki, bu turizm növü turistlərə aqrar sahələrə daha yaxın olmağı, onlara yerli təsərrüfatçılarla birgə işləməyi, birgə yeməyi, təsərrüfat həyatına uyğun şəraitdə yatıb-durmağı, bir sözlə, özünü tam bir təsərrüfatçı kimi hiss etməsinə şərait yaradır. Elə aqroturizmi digər turizm sahələrindən fərqləndirən də budur.

Bir məsələni də vurğulayaq ki, aqroturizmin inkişafı yerli kənd təsərrüfatı məhsullarının tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Təsəvvür edək ki, muxtar respublikamızın istənilən bir kəndində 1 həftə yaşayan əcnəbi turist məhsullarımızın dadından, yetişdirilmə və ya tədarük qaydalarından tutmuş mətbəximizdə onlardan istifadəyədək bütün prosesi özü görür, hətta bu prosesdə iştirak edir. Yəni turist burada aqrar vərdişlərlə bərabər, digər milli xüsusiyyətlərimiz haqqında bilgilərə də sahib olur. Sosial şəbəkələrdən istifadənin kütləviliyini də nəzərə alsaq, bütün bu deyilənlərin qiymətini hesablamaq heç də çətin olmaz. Paralel olaraq müqayisə aparaq ki, hansısa fermerin bir məhsulu xarici bazarlarda tanıtması illərlə davam edir, o zaman aqroturizmin bir ölkəyə nə qədər faydası olacağını düşünməmək mümkün deyil.
Sonda bir məqamı da vurğulamaq istərdik. Sual oluna bilər ki, bu gün muxtar respublikamızın təbiəti, tarixi və mədəni abidələri imkan verir ki, regionumuz turizm cənnətinə çevrilsin. Belə olan halda turizmdə müxtəlif sahələrin ixtisaslaşmasına nə ehtiyac var? Həm də söhbət təkcə aqroturizmdən getmir, bunu idman turizmi, dağ turizmi, tarixi, dini, müalicə turizminə də aid etmək olar.
Cavabın əhatəli olduğunu nəzərə alıb belə ümumiləşdirmə apara bilərik. Ötən əsrin 90-cı illərinədək dünya turizmində belə tendensiya mövcud idi ki, turistlər digər ölkələrə gedən kimi ən çox həmin ölkələrdə mövcud olan muzeyləri, teatrları, eləcə də digər tarixi və mədəniyyət abidələrini ziyarət edər, şəhərlərin mərkəzi park və küçələrində, bəzi hallarda təbiət qoynunda fotoşəkillər çəkdirərdilər. Amma dövr dəyişdikcə, turizmin tələbləri də dəyişir. İndi turistlərin getdikləri ölkəni seçmək istəkləri onların şəxsi düşüncə və tələblərindən, ailə, peşə və hobbi maraqlarından irəli gəlir. Dünya turizmi elə bir vəziyyətə gəlib ki, siz meqapolis həyatı yaşamağa məcbur olan bir əcnəbini başqa bir ölkədə yaşadığı bir həftə ərzində hər gün muzey və teatrlara baxmağa məcbur edə bilməzsiniz, o buna ən çox bir gününü sərf edər. Və yaxud, incəsənət sahəsinə marağı olan birini günlərlə fermer təsərrüfatlarındakı prosesləri izləməyə razı salmaq mümkün deyil. Təbii ki, istisnalar bütün sahələrdə var. Amma, ümumilikdə, dünya üzrə turist axını məhz bu cür maraqlar üzərindən idarə olunur. Naxçıvanda isə dünya turistlərinin marağına səbəb olacaq çox şey var.

 Səbuhi HƏSƏNOV

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR