03 Mart 2021, Çərşənbə

Resurslara doğru gedildikcə o, sərvətə, xəzinəyə çevrilir

Qədimliyi və təbii gözəllikləri ilə hər zaman qürur duyduğumuz Naxçıvanımız bir-birindən səfalı, bənzərsiz, hər fəslinin öz füsnu ilə bu yerlərə gələnlərdə, bu gözəllikləri görənlərdə unudulmaz təəssüratlar yaradır. İnsanın təsəvvürünə belə, gətirmədiyi təbii, zəngin gözəlliklərlə əhatə olunan, onu yalnız görəndən sonra, doğrudan da, İlahinin bir möcüzəsi olduğunu təsdiqlədiyimiz bölgələrimizdən biri də Ağbulaqdır. Enişində saf, şaqraq ağ bulaqları ilə yuxarılara doğru qalxdıqca ağ buludları birləşən, dağları kəndə arxa, torpağı insanlarına dayaq olan bu qədim yurd yeri, həqiqətən, bir İlahi bəxşişidir. Şəfalı buz suları, təmiz havası, bol nemətli dağı-daşı, min bir dərdə dərman gül-çiçəkli düzləri ilə Ağbulaq bir təbiət ensiklopediyasıdır, desək, yanılmarıq...

Pioner düşərgəsindən xatirələr...

Ağbulaq Xizək Mərkəzi istifadəyə verilərkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ağbulaq kəndi Sovetlər Birliyi dövründə də havasına və təbiətinə görə mütəxəssislərin diqqətini cəlb etmiş, burada məktəblilərin yay düşərgələri təşkil olunmuşdu. Muxtar respublikanın müxtəlif məktəblərindən olan şagirdlər yay tətilini burada keçirib, kəndin təbiəti ilə tanış olurdular” fikirləri ilə biranlıq xəyalən 1980-90-cı illərin Ağbulağına – pioner düşərgəsinə qayıtdım. Qardaşımla yay tətilini bir neçə dəfə həmin pioner düşərgəsində keçirmişdik. Yadımdadır, Naxçıvan şəhərindən, digər rayonlardan da olan məktəbliləri gətirən avtobus rayon mərkəzindən keçəndə biz də onlara qoşulub Ağbulağa yollanırdıq. Kəndə çatanda bütün müəllim və məktəblilər yorulub əldən düşmüş olurdu. Çünki yollar çox bərbad idi. Naxçıvandan Ağbulağa qədər bəlkə də, saatyarımlıq yol idi. Kəndin dolanbac yollarını avtobus “iməkləyə-iməkləyə” qalxırdı. Düşərgənin əsas binası kənd məktəbində yerləşirdi. Məktəb də ki, nə məktəb. Köhnə, təmirsiz... O zamanlar ayaqlı dəmir çarpayılar var idi. Bir də görürdük ki, çarpayının bir tərəfi qalxıb, digər tərəfi enib. Baxırdıq ki, çarpayının ayağı döşəmədəki çürük hissədən içəri keçib. Yeməkxana məktəbin balaca bufetinin kiçik zalında yerləşirdi. O zamanlar su, kanalizasiya şəraiti olmadığına görə burada mətbəx tamamilə primitiv şəkildə qurulmuşdu. Kəndə gəzintiyə çıxırdıq. Günortaya tozun-torpağın içərisində düşərgəmizə qayıdırdıq. Dəfələrlə daşlı-çınqıllı yollarda elə yıxılırdıq ki, həkim və tibb bacısı dizlərimizdən daşları qan axa-axa təmizləyirdilər. Uşaq idik, əyləncə axtarırdıq, qaçırdıq, atılıb-düşürdük, oynayırdıq, kim idi şəraitsizliyi fikirləşən. Lakin bu günün prizmasından baxanda çox mətləblərin fərqində olur insan... Evə qayıdanda məhəllədə uşaqlarla birlikdə xatirələrimizi bölüşürdük. Məhəllədən Ukraynanın o zamanlar üçün çox məşhur olan “Artek” pioner düşərgəsinə gedən uşaqlar olurdu. Onlar xatirələrindən, gəzib-gördükləri yerlərdən söhbət açanda biz danışmağa utanırdıq. Bu dəfə kiçik olsaq da, fərqi çox yaxşı analiz edə bilirdik, çünki gördüklərimizlə yoldaşlarımızın nağıl etdikləri arasındakı fərq müqayisə edilməyəcək dərəcədə idi. Biz də çox arzulayırdıq “Artek”ə getməyi. Lakin qismət... Hər yay arzularımız xəyal olub gercəkdən çox uzaqlarda bizimlə baş-başa qalanda yenə də Ağbulağa üz tutur, olanımıza qane olmağa çalışırdıq.

“Artek”dən Ağbulağa... xəyaldan gerçəyə...

7 il əvvəl işimlə bağlı Ağbulağa tez-tez getməli olurdum. Bu o zaman idi ki, blokada Naxçıvanının hər bir ucqar kəndi kimi, Ağbulaq da öz miskin donunu təzələyirdi. Burada Sovetlər Birliyindən qalma köhnə, yararsız məktəb binası yenisi ilə əvəz olunurdu. O məktəb ki bizim düşərgə vaxtından 20-30 il də keçirdi və bu bina daha da yararsız vəziyyətə düşmüşdü. Kənd və xidmət mərkəzləri tikilirdi ki, bu, insanlar tərəfindən möcüzə kimi qarşılanırdı. Çünki o vaxt kənd mərkəzləri yeni bir infrastruktur kimi Naxçıvanda qurulurdu. Burada xidmət təşkilatlarının birgə fəaliyyət göstərəcəkləri insanlara nağıl kimi maraqlı gəlirdi. Onlar illərlə kəndin bərbad yolları ilə rayon mərkəzinə – həkimə, evlərinə ərzaq almağa, hansısa bir sənəd ardınca gedərkən bir gün bütün bunların dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən kəndlərinə – düz evlərinə qədər gələcəyini xəyal belə, etmirdilər. O bərbad yollar kəndin coğrafi mövqeyi çətin olduğu üçün qarış-qarış yeniləşdirilirdi. Nədənsə, bu kəndə hər dəfə getdiyimdə həmin o pioner düşərgəmiz gözlərim önündə canlanır, məhəllə uşaqlarının “Artek” təəssüratları qulaqlarımda təzələnirdi. Bu kənd, sanki mənim və o zaman həmin sözləri dinləyən uşaqların xəyal yerimiz idi. Lakin mənim o uşaqlardan bir fərqim bu idi ki, burada aparılan quruculuq işlərini, muxtar respublika rəhbərinin dəfələrlə kəndə gəlməsini, burada qurulanların planı, tikilişi ilə maraqlanmasını, inşaatçılara yeni fikirlər, göstərişlər verməsini anbaan izləmək qismətimdə vardı. Beləliklə, kənd gözlərim önündə yeniləşdikcə illər öncənin Ağbulağı xatirələrə çevrilir, Naxçıvanın dünəni ilə bu günü fonunda bir bölgənin müqayisəsini yaradırdı. Bu həm də o zaman idi ki, illərlə əl dəyməyən təbii resursumuza doğru artıq addım atılmışdı. Burada istirahət mərkəzinin tikintisi mənim xəyalımda da, gözlərimdə də “Artek”i Ağbulağa gətirirdi. Uşaqlıq düşüncələrimizə möcüzələr diyarı kimi köklənmiş “Artek”i...

Ağbulaq dünən və bu gün

Ağbulaq Şahbuzun xüsusi gözəlliyə malik bölgəsidir. Dağların köksünə bərqərar olan bu ərazi ətrafdakı kəndləri öz ovucuna almaq qüdrətindən yaradılıb. Ağbulaqdan Aşağı Qışlaq kəndinə baxarkən bu kənd, sanki Ağbulağın “ovucunun” içində dururmuş kimi təsir bağışlayır adama. Kolanıdan Ağbulağa baxanda isə özünü dağların zirvəsinə sığdıran bir məkanı seyr edirsən. Təbiətin misilsiz gözəlliklərindən yetərincə pay alan Ağbulaq saymaqla bitməyən əsrarəngizliyə malikdir. Biçənək aşırımını keçib kəndə üz tutarkən maşın dolanbac yollarla, sanki yerin yeddi qatından zirvələrə doğru yolçuluğa çıxır. Adama elə gəlir ki, torpaqla səmanın “əllərinin” bir-birinə dəydiyi anda kəndə çatmış olursan. Bax belə bir gözəlliklər məkanıdır Ağbulaq. Bu gözəlliyin fonunda dünəninin miskinliyi heç Ağbulağa yaraşan deyildi. Təbii gözəlliklərlə insan əllərinin yaratdıqları harmoniya təşkil etmirsə, təbiət öz gözəlliyini göstərməkdə aciz qalır. Mən bu fikrə kəndlərimizin dünəni ilə bu gününü müqayisə edərək gəlmişəm. Elə bütün bunlara görə də 2013-cü ildə burada kompleks quruculuq işlərindən sonra obyektlərin açılış mərasimində iştirak edənlərdən biri kimi böyük qürur hissi keçirirdim. Yəni bu kənd o kənd idimi? Bu yollar o yollar idimi? O məktəb, o mağaza dünənkilərlə müqayisə edilə bilərdimi? Hələ, üstəlik, buradakı istirahət mərkəzi xəyal ediləcək bir obyekt idimi? İnsanlar da həmin insanlar deyildilər. Onların üzləri gülürdü. Miskin kəndlərinin simasındakı yeniliklərdən yaranan sevinc hissi sakinlərin üzlərində günəş şəfəqləri kimi bərq vururdu. Çünki onlar çox yaxşı anlayırdılar ki, pis günlər arxada qaldı. Yağış yağarkən övladları sinifdə oturduqları yerdəcə islanmayacaqlar, ərzaq dalınca kilometrlərlə məsafə qət etməyəcəklər, müayinə olunmaq üçün yolxərci verməyəcəklər, hansısa bir arayış üçün rayon mərkəzinə enməyəcəklər. Üstəlik, kəndin zəhmət adamları onu da yaxşı bilirdilər ki, yeni istirahət mərkəzi onların təsərrüfatlarında istehsal etdiklərini realizə etmək üçün əlverişli vasitə olacaq və onlar Naxçıvan şəhərindəki bazarlara üz tutmaqla yox, qapılarının ağzındaca gəlir əldə edə biləcəklər.

Ağbulaq istirahət mərkəzində bir gün

Bu istirahət mərkəzi heç də qapılarını tək turistlərə, qonaqlara açmadı. Buranın ilk sakinləri Ali Məclis Sədrinin tapşırığı ilə təhsildə və fəaliyyətində fərqlənən naxçıvanlı şagirdlər, gənclər, tələbələr oldular. Bu, indi də bir ənənə olaraq davam etdirilir. Elə istirahət mərkəzində bir gün ərzində müşahidə etdiklərim qarşısında o qədər munis hisslər yaşamışdım ki... 2015-ci il idi. Ağbulaq İstirahət Mərkəzi məktəblilərə birhəftəlik yenə də qapılarını açmışdı. Övladım da onlar arasında idi. Onu görmək üçün mərkəzə getmişdim. Yayın cırhacır istisindən xəbərsiz olan kəndin qoynunda yerləşən mərkəz yeniyetmə və gənclərin səs-küyü ilə maraqlı istirahətə və əyləncəyə çağırış edirdi, sanki. Burada əyləşdiyim yerdən vaxtliə pioner düşərgəsinin yerləşdiyi, indi isə ondan əsla iz belə, qalmayan yer açıqca görünürdü. Bəli, izi qalmasa da, hər dəfə o tərəfə baxdıqda elə bil o məktəbi, o həyəti görürdüm. Gördükcə də müqayisə edir, yenə də məhəllə uşaqlarının “Artek” təəssüratlarını xatırlayırdım. Buradakı gördüklərim məhəllə uşaqlarının “ Artek”də görüb sadaladıqlarından qat-qat artıq idi. Biz “Artek”ə gedən, orada istirahət edən gənclərdən olmasaq da, Ağbulaq İstirahət Mərkəzi ilə “Artek”i bizə bəxş etmişdi dövlətimiz. Məni ən çox qürurlandıran isə o uşaqlıqla bu uşaqlığın, o gəncliklə bu gəncliyin müqayisəsi fonunda övladlarımızın bizim məhrum olduqlarımızı evlərinin içindəcə əldə etmələri olmuşdu. Buna nə qədər qürurlanmışdımsa, bu istirahət mərkəzini yaradanlara o qədər minnətdarlıq hissi duymuşdum.

Ağbulağ-Naxçıvanın dörd fəsil turizm ilki

“Turizm sahəsi həm regionların inkişafı, həm də ki ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm vasitədir”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin vacib və lazımi tövsiyələrinə blokada Naxçıvanında turizmlə bağlı görülən işlər böyük töhfədir. Bəli, Naxçıvan Ağbulaq turizmi ilə dünyaya inteqrasiya edəcəkdir. Bu, artıq xəyal yox, gerçəklikdir.

İki gün öncə Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi ilə xəyalən “Artek”ə getməyim bu yazını yazmağıma vəsilə oldu. Yenə o xatirələr, yenə o müqayisələr... Lakin bu dəfə müqayisələr xatirələri üstələdi. O mənada ki artıq Ağbulaq ikinci bir turizm növünə – dağ-xizək turizminə qucaq açırdı. Əgər yay turizmini sevənlər Ağbulağın gözəlliyini kəşf edib evlərinə qayıdırdılarsa, xizək mərkəzi yay turizmi üçün buranı seçənlərin qış istirahəti üçün məhz buraya qayıtmaları deməkdir. Beləliklə, Naxçıvanda ilk mövsümsüz turzim məkanı yaranır. Maraqlıdır, dörd fəslin turzim məkanı olan Ağbulaq, sən demə, vaxtilə toxunmadıqca yatan, yazda, baharda da qış yuxusundan doymayan bir resurs olaraq qalırdı. Necə ki, müstəqilliyimiz ilə yaşıd olan Naxçıvan blokadasının ilk acınacaqlı illərində qaranlıq, ərzaq və əkinəyararalı torpaq qıtlığı təbii resurslarımıza doğru gedildikcə insanların yollarını işıqlandırdı, enerji və ərzaq təhlükəsizliyinə, əkinəyararlı torpaqlara sahibləndirdi, Ağbulaqdakı təbii resurslara illər öncədən gedilincə də bu gün dünyanın ən məşhur turizm bölgələri ilə bir sırada dayanan turistik məkan yaradıldı. Bu məkan bir sərvət, xəzinədir. Ölkəmizdə zamanla mənfəət gətirəcək bir xəzinə. Ali Məclis Sədrinin mərkəzin açılış mərasimində vurğuladığı kimi: “İki il ərzində qurulan dağ-xizək mərkəzi bu gün muxtar respublikanın sərvətinə çevrilib. Bir sözlə, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması tək bir kəndin, muxtar respublikanın deyil, ölkəmizin inkişafına xidmət edəcəkdir”.

Mətanət MƏMMƏDOVA

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR