21 Aprel 2021, Çərşənbə

Şahbuz şəhərindən burulub gedən yol bizi Ağbulaq kəndinə aparır. Qış özü ilə gətirdiyi gözəllikləri buradakı daşlara, dağlara, ağaclara bağışlamaqda heç xəsislik eləməyib. Bu mənzərə bəzən adamı qarışıq duyğularla baş-başa qoyur, bəzənsə, bu gözəlliklərin fonunda səssiz-səmirsiz yolu seyr etməyə vadar edir.

Qarlı dağların arxasından boylanan Günəş şirin yuxudan yeni oyanan, yeni günün sevincini yaşayan kəndə daha bir gözəl mənzərə bağışlayır. Yolumuz hündürlüyə doğru olduğundan Günəş, elə bil ki, daha yaxından görünməyə başlayır, dağların qoynundakı qar daha parlaq gözə çarpır. Təbiət öz gözəllikləri sarıdan muxtar respublikamıza səxavətlə yanaşıb: əvəzi olmayan yeraltı, yerüstü sərvətlər, relyefinin rəngarəngliyi, flora və faunasının zənginliyi. Müqayisəolunmazdır bunlar.
Naxçıvanda turizm sahəsi hər ötən il daha da inkişaf edir. Artıq bir neçə ildir, qış turizminin inkişafı vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunmasına, onların istirahətinin təmin edilməsinə zəmin yaradıb. Ağbulaq İstirahət Kompleksi də bu işlərin tərkib hissəsidir.

Təbiətin turistlərə sürprizi ilə dolu olan kompleksə, demək olar ki, hər gün yüzlərlə insan üz tutur. Buranın ab-havası, yaradılan şərait insan ruhunu bircə anda öz təsiri altına alır. Əslində, təzadların vəhdətidir buralar, desək, yəqin ki, yanılmarıq. Ağ buludlarla naxışlanmış səma, Günəşin dağların üstündən boylanması, havanın temperaturunun isti olması, hər yerin ağ örpəyə bürünməsi... Təbiət, sanki bunlardan xəbərsizdir, ya da öz gözəlliyindən buralara pay verməkdə zərrə qədər də olsa, “paxıllıq” etməyib.
Ağbulaq kəndinin təmiz havası, saf suyu, əlverişli iqlim şəraiti burada turizmin inkişafı üçün böyük imkanlar açıb. Məhz bu cür təbii gözəlliklər nəzərə alınaraq kənddə turizm və istirahət kompleksinin yaradılmasına başlanılıb. 2013-cü ildən fəaliyyət göstərən kompleks qapılarını qonaqların üzünə açdığı elə ilk günlərdən turistlərin böyük marağına səbəb olub. Burada ümumi tutumu 76 nəfər olan 38 otaq, 3 restoran, 3 kottec inşa olunub. Otaqlar peyk yayımlı TV, daxili xətli telefon, minibar, kassa, vanna otağı (duş, duş kabinəsi) və sairlə təchiz edilib. Bundan başqa, minifutbol-voleybol meydançası, uşaqlar üçün əyləncə parkı, market, valyuta məntəqəsi, poçt xidməti və başqa xidmətlər də mövcuddur.

Ağbulaq Xizək Mərkəzi isə qışda turistlərin ən çox axın etdiyi məkandır. Dağ xizəkçiliyi üçün əlverişli məkana çevrilən Ağbulaqda pistin uzunluğu 1590, eni isə 20-35 metrdir. 980 metr uzunluğu olan kanat isə mərkəzə ayrıca gözəllik verir. İnsanların rahatlığı üçün mərkəzdə uzunluqları 134, 67 və 17 metr olan bandlar quraşdırılıb.
Mərkəzdə müşahidələrimiz zamanı aydın oldu ki, həftəsonları bura daha çox təşrif buyuranlar gənc və uşaqlar olur. Kompleksin ərazisində 2 kafe yerləşir ki, bunlardan biri kanatın son nöqtəsində fəaliyyət göstərir.
İnsanların istirahəti üçün bura ən ideal məkandır: istər öz gözəlliyinə, istərsə də qiymətlərinə görə. İstirahət mərkəzində xizək sürmək üçün lazım olan bütün avadanlıq və geyimlərin satıldığı mağaza fəaliyyət göstərir. Bu kompleksdə heç vaxt xizək və snoubord sürməyənlər üçün xizək məktəbi də mövcuddur. Müəllimlər tərəfindən keçirilən dərslərin qiymətləri də çox uyğundur. Dərslərdə iştirak edənlərin sayları artdıqca, qiymət daha da ucuzlaşır.

Xizək mərkəzində xizək avadanlıqları və ləvazimat qiymətlərinə gəlincə, burada ən uyğun qiymətlər seçilib. Snouborddan istifadə etmək istəyənlər snoubord, ayaqqabı və dəbilqə dəsti, xizək sürmək istəyənlər isə xizək çubuğu, ayaqqabı və dəbilqədən ibarət olan xizək dəstini buradan sərfəli qiymətə əldə edə bilər. Mərkəzdən istifadə edənlər buradan dəstləri almaya da bilərlər. Yalnız xizək və snoubordun kirayəsi də kifayətdir.
Qış turizm mövsümünə “Həyəcanı hiss et, dağlara meydan oxu!” devizi ilə başlayan xizək mərkəzində uşaq və böyüklər üçün kirşələrin istifadə qiyməti heç də bahalı deyil.Qar motorlarının həvəskarları münasib qiymətə bu həyəcanın ən pik nöqtəsini yaşaya bilərlər.
Ağbulaq Xizək Mərkəzində mikroavtobusla təşkil edilən turların da şahidi olduq. Öyrəndik ki, bu turlarda insanların istirahəti üçün hər bir imkan yaradılır.

Turizm kompleksi yeni istifadəyə verildiyindən buraya gələnlərin əksəriyyətinin məlumatlandırılmasına ehtiyac yaranır. Bu problemi həll etmək üçün girişdə informasiya lövhəsi asılıb. Eyni zamanda bura gələnlərə əlavə olaraq təhlükəsizlik barədə məlumat verilir. Xizək mərkəzində yarana biləcək hər hansı təhlükənin qarşısının alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı daim mərkəzdə olur.
Göründüyü kimi, muxtar respublikamızda turizm siyasəti kompleks xarakter daşıyır. Bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi, həyata keçirilən davamlı tədbirlər turizmin bütün sahələrində mühüm nailiyyətlər qazanılmasına imkan yaradacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların uğurlu icrası hazırda turizmin inkişafında əhəmiyyətli dönüş yaratmaqdadır. Bu sahəyə diqqət və qayğı göstərən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”.
Bu gün Naxçıvanda turizm sektorunun inkişafı keyfiyyət və kəmiyyət baxımından yeni mərhələyə qədəm qoyub. Yeni infrastrukturun yaradılması, xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı, diyarımızda keçirilən beynəlxalq tədbirlərin və idman yarışlarının da xüsusi payı göz önündədir.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR