16 İyul 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri iqtisadiyyatın xammal bazası olmaqla yanaşı, həm də turizm potensialını formalaşdırır. Sovetlər Birliyinin tərkibində olduğumuz zaman bu potensialın qısa müddətdə gəlirgətirən subyektlərindən istifadə olunsa da, burada lazımi infrastruktur yaradılmayıb. Yalnız müstəqilliyimizin bərpasından sonra bütün ölkəmizdə olduğu kimi, qədim diyarımızda da xalqımız öz sərvətlərinin sahibi olub. 

Qeyd edək ki, Naxçıvanın turizm-rekreasiya coğrafiyası çoxşaxəli və genişdir. Ərazidə fərqli landşaft tiplərinin və iqlim qurşaqlarının mövcudluğu, həmçinin tərkib xüsusiyyətlərinə görə dünyada analogiyasına az rast gəlinən təbii sərvətlərə malik olması bu qədim diyarın turizm cəlbediciliyini artırır. Məlumdur ki, bu gün dünya turizmi çox şaxələnib. Hər il yeni turizm trendləri ortaya çıxır və bu trendlər kütləvi marağı qoruyub saxlaya bilirsə, özlüyündə bir sahəni formalaşdırıb inkişaf etdirir. Ancaq turizmdə bir sahə də vardır ki, insanlar ona hər zaman ehtiyac duyurlar. Bu, müalicə turizmidir. 

Müalicə turizmi son illərdə dünyada sürətlə inkişaf edir. Bunun da müəyyən səbəbləri var. Sadə məntiqlə yanaşsaq, elmi və texnoloji inkişafın müəyyən nəticələri Yer kürəsindəki təbii proseslərin nizamını pozduğundan canlı aləm getdikcə daha çox təhdidlərlə üz-üzə qalır. Bu da nəticədə, müxtəlif xəstəliklərin inkişafına və yayılmasına səbəb olur ki, məhz burada insanların müalicə almalarına, sağlamlıqlarına qovuşmalarına böyük ehtiyac yaranır. Bu gün dünyanın əksər elmi-tədqiqat institutları, tibb cəmiyyətləri də etiraf edirlər ki, müasir dövrdə xəstəliklərin və xəstə olanların sayı bundan əvvəlki onilliklərlə müqayisədə xeyli artıb. Lakin tibbin inkişafı, bu sahədəki infrastruktur və təbii potensial mənbələri dünyada bərabər yayılmadığından insanların müalicə turizmi üçün bir ölkədən digərlərinə müəyyən axını baş verir. Elə müalicə turizminin də ayrı-ayrı ölkə və regionlar üzrə inkişaf etməsinin səbəbi budur. Digər tərəfdən baxsaq, müalicə turizmi özündə istirahət amilini birləşdirsə də, burada məcburilik əsas xarakter daşıyır. Yəni bu gün istənilən insan istirahət məqsədilə hər hansı bir ölkəni seçməkdə azad olsa da, müalicə turizmində bu seçim bir qədər məhduddur. Çünki burada şəxsin əsas məqsədi müalicə almaq olduğundan o ən yaxşısını seçməlidir və bu seçimi digərləri ilə əvəz etmək o qədər də asan deyil. Məsələnin başqa bir maraqlı tərəfi isə odur ki, müalicə turizmindən yararlananlar digər turistlərlə müqayisədə getdikləri ölkədə daha çox qalırlar, yəni buna məcburdurlar. Bu isə müalicə turizmi potensialına malik ölkələrdə həm də ümumi turizm infrastrukturunu inkişaf etdirməyə ehtiyac yaradır ki, nəticədə, qazanan həmin ölkənin iqtisadiyyatı olur.

Naxçıvan Muxtar Respublikası da, yuxarıda qeyd etdiyimiz kimi, mühüm turizm potensialına malik bölgələrdəndir. Muxtar respublika turizmində öndə gedən sahələrdən biri də müalicə turizmidir. Fəaliyyəti 40 ildən artıq bir dövrü əhatə edən Duzdağ Fizioterapiya Mərkəzi bu sahədə ilklərdəndir. 1979-cu ildən insanların sağlamlıqlarının keşiyində dayanan bu müalicə ocağı ilk dövrlərdə lazımi şəraitə malik olmasa da, müstəqilliyimizin bərpasından sonrakı dövrdə, xüsusilə 2008-ci ildən burada pasiyentlər, tibbi və digər personal üçün müasir şərait yaradılmışdır. Hər il orta hesabla 3500-4000 pasiyentin müalicə aldığı bu mərkəzə Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya, İngiltərə kimi xarici ölkələrdən də yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün gələnlər az deyil. Duzdağa gələnlər bu gün artıq Naxçıvanın da qədim tarixi, zəngin mədəniyyəti ilə tanış olmaq imkanlarından yararlanırlar. Eyni zamanda Duzdağ təkcə müalicə məqsədli deyil, həm də Naxçıvanın qədim şəhər mədəniyyətini özündə əks etdirən tarixi obyekt kimi turistlərin diqqətini cəlb edir. Bu amil nəzərə alınaraq son illər burada Duz Muzeyi də yaradılıb. Yeri gəlmişkən muxtar respublikada publik hüquqi şəxs statusu almış ilk səhiyyə ocaqlarından biri də bu mərkəzdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı sərəncamla 2017-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib ki, bu da müalicə olunmaq istəyən insanların artan tələbatının ödənilməsinə yeni imkanlar açıb.

Muxtar respublikanın müalicə turizmində əhəmiyyətli rol oynayan amillərdən biri də burada müxtəlif kimyəvi tərkibə və temperatura malik çoxsaylı mineral su mənbələrinin olmasıdır. Naxçıvanda qeydə alınmış 250-dək mineral su mənbəyindən hər gün milyon litrlərlə su axır. Hələ qədim zamanlardan yerli sakinlər bu suların müalicəvi xüsusiyyətindən faydalanaraq, onlardan müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə ediblər. Belə əhəmiyyətli su mənbələrindən biri də Culfa rayonun ərazisində olan Darıdağ suyudur. Bu su əzələ sistemi, sümük-oynaq, həmçinin xalq arasında “duzlaşma” adlanan xəstəliklərin müalicəsində geniş istifadə olunur. Həmçinin Darıdağ suyu qanyaradıcı xüsusiyyətə malik olub, qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirir, onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin də müalicəsində geniş tətbiq edilir. Suyun bu cür müalicəvi xüsusiyyətləri nəzərə alınaraq hələ Sovetlər Birliyi dövründə burada Darıdağ Arsenli Su Müalicəxanası yaradılaraq fəaliyyətə başlayıb. 2005-ci ildə isə müalicəxana yenidən qurulub, xəstələrin müayinə və müalicəsi üçün burada lazımi şərait yaradılıb. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə bu səhiyyə müəssisəsinə də publik-hüquqi şəxs statusu verilib. Xatırladaq ki, müalicəxanaya hər il Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Hollandiya, Qazaxıstan və digər ölkələrdən yüzlərlə insan gəlir. Artan tələbat və müasir səhiyyə xidmətlərinin tətbiqi məqsədilə 2019-cu ilin mart ayından müalicəxana üçün yeni binanın tikintisinə başlanılıb. İşlər başa çatdırıldıqdan sonra burada pasiyentlərə müasir səhiyyə xidmətləri göstəriləcək. Darıdağ Arsenli Su Müalicəxanasının müasir kompleksdə fəaliyyətə başlaması muxtar respublikada termal turizmin inkişafında yeni bir mərhələ olacaq.

Təbii ki, muxtar respublikanın səfalı təbiəti, əlverişli iqlim qurşaqlarına malik olması bir çox bölgələrimizdə dağ-kurort turizmi sənayesinin inkişafına şərait yaradır. 2013-cü ildə Şahbuz rayonunda Ağbulaq İstirahət Mərkəzinin fəaliyyətə başlaması bu istiqamətdə ilk addımlardan olub. Müalicə turizminin infrastrukturu baxımından yuxarıda adıçəkilən obyektlərin hərtərəfli fəaliyyəti kurort turizmi imkanlarının genişlənməsinə də öz töhfəsini verəcək. Çünki gözəl təbiət, zəngin flora, təbii su mənbələri və təmiz hava özü bir müalicədir. Bu isə Naxçıvan ekoturizmində yeni marketinq yanaşmalarının tətbiqini və yerli resurslardan səmərəli istifadəni zəruri edir.

 Səbuhi HƏSƏNOV

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR