24 Noyabr 2020, Çərşənbə axşamı

Qədim Naxçıvan özünün bənzərsiz turizm-rekreasiya ehtiyatları ilə həmişə buraya səyahət edən turistlərin diqqətini cəlb edir. İstər təbii, tarixi-mədəni, istərsə də sosial-antropoloji resurslar baxımından Azərbaycanın bu qədim diyarında turistlərin diqqətini çəkəcək çox geniş məzmunlu turizm ehtiyatları vardır. Naxçıvana səyahət edən turistlər buraya ilk ayaq basdığında, sanki bütün dünyadan daha fərqli məkana düşdüklərini, insan, təbiət və tarix anlayışının bir ahəngdə bir-birini çox gözəl tamamladığını öz gözləri ilə görürlər. İntensiv sosial-iqtisadi həyatın yaratdığı gərginliklərdən azad olmaq, mənəvi zənginliyə qovuşmaq və sağlamlığı bərpa etmək istəyən turistlərin də tələbatları budur.

Haçadağ Naxçıvanın simvolu, onun qürurunu və bütün dünyada bənzərsizliyini göstərən bir təbiət abidəsidir. Təbiət abidəsi kimi Haçadağın turizm-rekreasiya cazibəsi onu görənləri həmişə heyrətə salır. Bu tanışlıq isə Naxçıvana gələn hər bir qonaqda onun sərhədlərinə ayaq basmadan əvvəl başlanır. Coğrafi cəhətdən hardasa Naxçıvanın tam mərkəzi mövqeyində olan Haçadağ, sanki bir alınmaz qala kimi hələ uzaqdan özünün qürurlu duruşunu hamıya göstərir, qonaqları salamlayır, bədniyyətlilərin canına qorxu salır. Haçadağın ecazkar mənzərəsi ilə tanışlıq həm də Naxçıvana enən hava gəmisinin pəncərəsindən başlanır. Bu cazibə qüvvəsi özünün inikasını daha sonra turistlərin Naxçıvanla tanışlığı zamanı hər yerdə rastlaşacağı qonaqpərvərlik, sosial həyatdakı qayda-qanun və insanların gündəlik həyatındakı axıcı bir ahəngdə tapacaq.
Haçadağ Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində vulkan mənşəli dağdır. Demək olar ki, Naxçıvanın hər yerindən aydın görünən dağın hündürlüyü 2415 metrdir. Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincə çayının sol sahilində yerləşir. Naxçıvan şəhərindən, təxminən, 40, Culfa rayon mərkəzindən 30 kilometr məsafədədir. Dağın ətrafında Gal və Xoşkeşin kənd­ləri yerləşir. Yamacları sıldırımlı olan Haçadağın sinəsində kolluq və dağ-meşə landşaftı var. Zirvənin daha iki adı mövcuddur: onlardan biri İnandağ, yəni “inam dağı”, digəri isə Haçadağ, yəni zirvənin dar buğumla birləşdirilmiş iki hissədən ibarət olduğunu ifadə edən “ikiyə parçalanmış dağ” kimi səslənir. Şumer mənşəli əfsanəyə görə, Nuh Peyğəmbərin gəmisi Gəmiqayadan Ağrı dağına yola düşərkən Haçadağın zirvəsinə elə güclü toxunmuşdur ki, dağ haçalanmışdır. Ehtimal ki, dağın adı da bu əfsanə ilə bağlıdır.
Haçadağ Naxçıvanın hazırda ən populyar turizm marşrutlarından biri olan Naxçıvan-Əlincə turizm mar­şrutunun üzərində yerləşir. Əlincəyə çatmağa az qalmış turistlərin gözü qarşısında əzəmətlə ucalan Haçadağ, sanki Əlincəqalanın böyük qardaşı kimi tarixboyu Naxçıvana gəlmiş səyyahları salamlayaraq öz varlığını bütün dünyaya tanıdıb. İlin çox vaxtı incəbelli nazlı gəlin kimi ağ örpəyə bürünən Haçadağın sinəsindəki dumanın uzaqdan görünüşü fotohəvəskarları olan turistlər üçün əsl turizm resursudur. Belə mənzərələri isə istər günçıxımı, istərsə də günbatımı saatlarında daha çox görmək olar. Haçadağa qalxmaq, buradakı zəngin flora və fauna ilə tanış olmaq istəyən turistlər üçün isə onları burada bambaşqa bir dünya gözləyir. Dağa dırmanmış alpinist turistlər etiraf edirlər ki, buradakı vəhşi həyatın zənginliyi heç də Amazon cəngəlliklərindən geri qalmır. Şübhəsiz, Naxçıvandakı təmiz ekoloji şərait və təbiətin qorunmasına yönəlmiş tədbirlər Haçadağ və ətrafında da hər kəsin gözünü doyura biləcək bir təbii zənginlik yaradır. Burada yerli faunaya xas olan vəhşi heyvanları, nadir quşları, unikal dərman bitkilərini, qayada bitmiş kol və ağacları, dağın zirvəsinə yaxın yerdən qaynayan buz bulaqları görmək istəyənlər üçün maraqlı səyahət pro­qramları təşkil etmək olar. Bütün bunlar isə turistləri Haçadağa çəkən, hər dəfəsində onu görüb heyrətlənən insanlarda dərin təəssüratlar yaradan cazibə elementləridir.
Haçadağ ekoturistlərin, alpinistlərin və ekstremal yürüş həvəskarlarının həvəslə dırmandığı bir turizm destinasiyadır. Dağa Culfanın Gal və Xoşkeşin kəndlərindən yerli bələdçilərin xidmətlərindən istifadə etməklə dırmanmaq olar. İlin aprel, may aylarında dağa edilən yürüşlər daha maraqlıdır. Dağın zirvəsinə asan dırmanmaq, vəhşi təbiətə daha az zərər vermək baxımından bu, turizmin də dayanıqlı inkişafı prinsiplərinə əməl olunması deməkdir. Çünki Haçadağ təkcə turistlərin maraq obyekti deyil, həm də xalqımızın milli sərvəti, ümumbəşəri dəyər daşıyan bir təbiət möcüzəsidir.
Naxçıvanda ilin yaz fəsli, ayların yağmurlu, günlərin daha uzun və havanın da şəffaf vaxtlarıdır. Belə bir zamanda Haçadağı bir daha görməyin, onun gözəlliyini yaddaşlara köçürməyin tam vaxtıdır.

Həbib Zeynalov
Naxçıvan Dövlət Universitetinin müəllimi

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR