30 Mart 2020, Bazar ertəsi

  

Təbiətin və insan əlinin yaratdığı möcüzə

Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün geniş imkanlar var. Muxtar respublikanın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşıb. Bu da qədim diyarın turizm potensialının artmasına öz töhfəsini verir.

Qədim diyarın ərazisində olan flora və faunanın nadir növlərinin Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na daxil edilib və xüsusi mühafizəyə alınıb. Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, Arazboyu, Ordubad və Arpaçay Dövlət Təbiət yasaqlıqları hesabına xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 27 faizini təşkil edir. Muxtar respublikanın zəngin təbiəti və onun qorunması sahəsində həyata keçirilən tədbirlər isə burada turizmin bir çox növünün inkişafına şərait yaradıb.

Muxtar respublikada kənd turizmi sürətlə inkişaf edir

Son illər muxtar respublikada kənd turizmi sürətlə inkişaf edir. Bunun əsaslı səbəbləri var. Qədim diyarın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan verib, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artıb. Bu gün Naxçıvanın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınıb, su xətləri çəkilib, müasir infrastruktur obyektləri tikilib, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilib. Muxtar respublikanın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Xanəgah, Dırnıs, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Gümüşlü, Ərəfsə və başqa yaşayış məntəqələrində kənd turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Həmin kəndlərdə asudə vaxtını səmərəli keçirmək istəyən turistlərə həm də bütün zəruri xidmətlər təklif olunur. Həmçinin ailə təsərrüfatları tərəfindən hazırlanan ekoloji cəhətdən təmiz qida məhsulları və münasib qiymətlər turist məmnunluğunu səciyyələndirən amillərdəndir. Onu da deyək ki, 2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təərrüfatları ili” elan edilməsi, verilmiş subsidiyalar, ailə təsərrüfatlarına göstərilən dövlət qayğısı bu sahənin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirib. Bu səbəbdən muxtar respublikanın kənd yaşayış məntəqələrinə gələn turistlər həm də onlarla çeşiddə təmiz ekoloji məhsullarla tanış olurlar.

Naxçıvan fotoovçuluq üçün ən gözəl məkandır

Muxtar respublikaya səfər edən ekoturizm həvəskarları son dövrlərdə populyarlıq qazanmış fotoovçuluqla da məşğul ola bilərlər. Fotoovçuluğu bədii dillə “sakit ov” da adlandırırlar. Bu, turistlərə təbiətə ziyan vurmadan istirahət etmək şəraiti yaradır. Xüsusi mühafizə edilən təbiət ərazilərinin yaradılması, təbiəti mühafizə sahəsində görülən kompleks dövlət tədbirləri bu istiqamətdə də öz bəhrələrini verməkdədir. Belə ki, həmin tədbirlər əvvəllər sayı xeyli azalan bezoar dağ keçilərinin, muflonların sayının artmasına, ərazilərimizdə yeni heyvan növlərinin yaşaması üçün münbit şəraitin formalaşmasına stimul verib. Güclü mühafizə tədbirləri, ova qadağaların qoyulması yerli heyvan növlərinin sayının artmasına şərait yaradıb. Son illərdə muxtar respublika ərazisində dünyada nadir növlərdən olan bəbirlər müşahidə edilir. 2016-cı ildə Naxçıvan ərazisində bəbir ailəsinin qeydə alınması bu növlərin qədim diyarın ərazisində mövcudluğunun sübutudur.

Muxtar respublikada qış turizmi inkişaf edir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamının uğurlu icrası dayanıqlı turizm sektoru formalaşdırmaqla yanaşı, turistlərin bütün xidmətlərdən kompleks şəkildə istifadəsinə də zəmin yaradır.

Qeyd edək ki, müasir dövrdə dünyanın inkişaf etmiş ölkələrinin turizmin inkişafı istiqamətində mübarizə apardıqları ən böyük problem mövsümilikdir. Naxçıvan Muxtar Respublikasında aparılan məqsədyönlü tədbirlər və yaradılmış infrastruktur mövsümilik probleminin tam həllinə hesablanıb. Statistikaya nəzər saldıqda muxtar respublikamıza ilin bütün fəsillərində turistlərin gəldiyini müşahidə edirik. Bu isə digər ölkələrin aradan qaldırmağa çalışdığı mövsümilik probleminin Naxçıvan Muxtar Respublikasında artıq həllini tapdığının əyani sübutudur. Hazırda tikintisi davam edən Ağbulaq Xizək Mərkəzi isə muxtar respublikada qış turizminin inkişafına mühüm töhfə verəcək, yeni turizm növlərinin formalaşmasına gətirib çıxaracaqdır.

Güclü infrastruktura malik olan Naxçıvanın təhlükəsiz diyar olması onu turizmin çiçəkləndiyi məkana çevirir

Turizmin inkişafı yüksək səviyyədə qurulan infrastrukturla yanaşı, həm də sabitliklə, təhlükəsizliklə birbaşa bağlıdır. Hər iki amilin muxtar respublikada mövcudluğu, qədim diyarımızın cinayətsiz region kimi tanınması turistlərin bura gəlməsi üçün daha bir üstünlük yaradır. Bu gün muxtar respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan müasir infrastruktur dünyanın istənilən ölkəsi üçün nümunədir. Bu isə bütün sahələrdə olduğu kimi, turizm sahəsində də Naxçıvan modelinin formalaşdığının xəbərçisidir.

Rauf Əliyev

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR