20 Noyabr 2019, Çərşənbə

Yer üzündə yaşayan bütün xalqlara nəsib olmayan müstəqillik ən qiymətli sərvətimiz kimi cəmiyyətin bütün sahələrində öz bəhrəsini verməkdədir. Müstəqil ölkəmizin dünya dövlətləri ilə yaratdığı iqtisadi-mədəni əlaqələrin miqyası genişləndikcə onun beynəlxalq aləmdəki nüfuzu artmaqda, vətəndaşların həyat səviyyəsi də yüksəlməkdədir. 10 dekabr 1948-ci il İnsan Hüquqları Haqqında Bəyannamənin 13-cü maddəsində göstərilən və insanların səyahət etməsi azadlıqlarını özündə ehtiva edən müddəalar da məhz cəmiyyətin inkişaf göstəricisi kimi turizmin əhəmiyyətini özündə göstərir. 

Xalqlar arasında iqtisadi-mədəni əlaqələrin dərinləşməsində turizm hazırda ən müvəffəqiyyətli yollardan biri hesab olunur. Bu mənada, insanlara dünyanın gözəllikləri ilə tanış olmaq, mənalı istirahət etmək imkanı yaradan turizm səfərlərinə getmək də müstəqil ölkə vətəndaşı kimi hər bir azərbaycanlının həyat tərzi elementinə çevrilib. Eyni zamanda zəngin turizm ehtiyatları və qonaqpərvərliyi ilə bütün dünya turistlərinin sevimli destinasiyasına çevrilmiş Azərbaycana səyahət etmək də həmişəkindən daha rahat və sərfəli olub. Ötən əsrin 50-ci illərindən başlayaraq dünyada turizmin kütləviləşməsindən Azərbaycan da öz bəhrəsini alıb. Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda turizmin inkişafı üçün də mühüm işlər görülüb, o zamanın standartlarına cavab verən qonaqpərvərlik sənayesi yaradılıb. Həmin dövrdə çox sayda yerli və xarici turistlərin səfər etdiyi Azərbaycan keçmiş ittifaqın turizm mərkəzlərindən biri kimi yaxşı tanınıb. 

Ölkəmizdə turizmin inkişafının yeni mərhələsi Azərbaycanın müstəqil ölkə kimi dünya arenasına çıxması ilə başlayır. Artıq 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanması ilə bu gün ən prestijli turizm növlərindən biri hesab olunan işgüzar turizmin Azərbaycanda da inkişafı üçün şərait yarandı. Bundan sonrakı dövr Azərbaycanın dünya turizm sektorunda xüsusi çəkisinin getdikcə artması ilə yadda qalıb. Müstəqillik illərində ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı mənzərəsinə nəzər saldıqda məhz sürətli inkişaf dinamikasının şahidi oluruq. Qədim Azərbaycan tarixinin hər səhifəsində öz izlərini qoruyub saxlamış Naxçıvan dünya mədəniyyətinə elə bir miras qazandırıb ki, onun dünyaya tanıdılması üçün indi turizm ən əlverişli vasitəyə çevrilib. Artıq Naxçıvanı tanımaq üçün səyahət edən əcnəbilərin sayı yüz minlərlədir.
Turizm dayanıqlı inkişaf prinsiplərinin ən yüksək səviyyədə olduğu bir sahədir. Başqa sözlə, turizm ehtiyatları bu gün nə qədər cazibədardırsa, onlar gələcək nəsillər üçün də o dərəcədə qorunub saxlanılmalı və turizmin inkişafı ilə ekoloji tarazlıq pozulmamalı, sosial mühit aşınmamalıdır. Turizmə kompleks halda bir elm sahəsi kimi yanaşılmasının nəticəsidir ki, bu gün Naxçıvandakı qiymətli tarixi abidələr ən yüksək səviyyədə mühafizə olunur, onların dünya mədəni mirasına qazandırılması üçün mümkün olan hər bir tədbir görülür. Naxçıvan şəhərinin tarixini və qədim mədəniyyətini özündə qoruyub saxlayan Naxçıvanqalanın, Nuh Peyğəmbərin məzarüstü türbəsinin, xalqımızın məğrurluq rəmzi Əlincəqalanın,“Qarabağlar Türbə Kompleksi”nin bərpa olunması, Gülüstan türbəsinə yenidən həyat verilməsi Naxçıvanın öncül olduğu nümunələrdəndir. Müqəddəs Əshabi-Kəhfin sorağına gələn zəvvarlar üçün yaradılmış rahat ziyarət şəraiti hər bir turistdə, Naxçıvana gələn hər bir qonaqda dərin məmnunluq və ehtiram hissləri, növbəti ziyarət üçün yeni motivlər yaradır.
Turizm yeni dünyanın yeddi möcüzəsindən biridir. Bu mənada, ölkəmizin iqtisadi, sosial və mədəni həyatında davam edən bu dəyişikliklər insanların dünyaya, gələcəyə baxışlarına, onların asudə vaxt seçiminə də təsir edir. Müasir Azərbaycan vətəndaşı ictimai-iqtisadi fəaliyyət seçimində olduğu kimi, səyahət-turizm marşrutlarında da sərbəstdir. Yaxın tarixə, sovet dönəminə isə qısa nəzər saldıqda orta və yaşlı nəslin nümayəndələri, eləcə də muxtar respublikamızın sakinləri səyahət edə bilmək üçün hansı süni çətinliklərin olduğunu yaxşı xatırlayırlar. Həmin dövrdə xüsusi bir icazə olmadan səyahət vizası alına bilinmədiyi kimi, muxtar respublikamız da sərhədyanı bir bölgə kimi əcnəbi turistlərin üzünə bağlı qalmışdı. Moskvadan idarə olunan planlı təsərrüfatın bir hissəsi kimi turizm-rekreasiya təsərrüfatının da komfortdan xeyli uzaq olması, insanların səyahət istiqamətlərinin ölkədaxili ya da sosialist düşərgəsi çərçivəsində məhdudlaşdırılması o dövrün insanlarının lüks istirahət arzularını gözündə qoymuşdu.
Artıq zaman dəyişilmiş və müstəqil ölkəmiz regionun lideri kimi həm getmə, həm də gəlmə turizmi sahəsində də üstün mövqeyə çatıb. Müstəqil Azərbaycan bu mövqeyindən qlobal sülhün tərəqqisi üçün maksimum istifadə edir, dünya miqyaslı tədbirlərlə planetin hər bir guşəsindən gələn turistlərə zəngin xidmətlər təklif edir. Ölkəmizdə yeni turizm marşrutları yaradılır, bu marşrutlardan istifadə üçün infrastruktur yenilənir. Azərbaycanın altı böyük turizm marşrutundan biri və ən maraqlısı olan Naxçıvan istiqaməti isə, sözün əsl mənasında, turistlər üçün yeni dünya ilə tanışlıq imkanları yaradır. 24 saat işləyən sərhəd-keçid məntəqələri, habelə paytaxt Bakı, Rusiyanın Moskva və Türkiyənin İstanbul şəhərlərindən gələn yüksək komfortlu təyyarələrlə Naxçıvana gediş-gəliş olduqca asanlaşıb. Müalicə, ziyarət, tanışlıq, ekoturizm, idman və digər məqsədlərlə Naxçıvana gələn turistlər Naxçıvandakı tolerantlığı, dəqiq və dürüst xidmətləri öz gözləri ilə görüb, zəngin turizm ehtiyatlarından istifadə edə bilirlər. Naxçıvanda təşkil olunan festivallar turistlər üçün bir bayram havası yaradır. Bu tədbirlərin sayı artdıqca Naxçıvan regionun turizm brendinə çevrilmədə sürətlə irəliləməkdədir. Nəticədə, bir vaxtlar Naxçıvana getməkdə tərəddüd edən əcnəbi turistlər artıq ikinci dəfə Əlincəqalanın zirvəsinə dırmanmaq, müqəddəs Əshabi-Kəhfdə bir daha dualar etmək, Duzdağın təmiz oksigenindən ciyərlərinə çəkmək və gözəl Batabatla baş-başa qalmaq üçün yenidən qədim diyarın yolunu tuturlar. Bütün bunları görüb yaşamaq isə naxçıvanlıları sevindirən hisslər kimi məhz müstəqil ölkə vətəndaşı olmağın bəhrələridir.

 Əli CABBAROV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR