13 Dekabr 2019, Cümə

Naxçıvanın qızmar yay günləri davam etdikcə, qışdakı kimi gecələr isti yorğana bürünüb yatmağı arzulayanlar bunu nağıllarda yox, cəmisi birsaatlıq rahat yolla Küküyə gəlməklə tapa bilərlər. Bu mənada, Şahbuzun dilbər guşəsi Kükü kəndi bu rayonun ən böyük yaşayış məntəqəsindən biri olmaqla bərabər, həm də yay-kamp turizmi üçün də ideal məkanlardan biridir. Son illər buraya istirahət üçün gələnlərin marağının artması, yerli əhalidə turistlərin yerləşdirilməsi üçün hosteltipli evlərin yaradılması və kənd infrastrukturunun buna çox əlverişli olması belə deməyə əsas verir.

Kükünün təbiəti çox rəngarəng və bənzərsizdir. Bir çoxlarının nəzərində Kükü kəndi dağ boyda qayaların üzük qaşı kimi səf çəkdiyi zirvələri ilə yadda qalsa da, burada digər təbii cazibə elementləri istənilən qədərdir. Həm də ilin dörd fəslində. Küküdə yazın ilk ilıq nəfəsi duyulduqca sürətlə canlanıb boy atan yaşıl təbiət payız girənə qədər öz təravətini saxlayır. Qabaqlıdan Qanlıgölədək güneylə quzeyin bir-birini əvəzlədiyi sıra dağların döşündəki laləli-nərgizli təpələr insanın ruhunu oxşamaqla küsülüləri də barışdırır. Naxçıvançayın ən böyük qolu olan Kükü çayı Gurbulaqdan xan Arazadək uzun yolçuluğuna məhz buradan bu gözəlliyin çeşnisinə mavi rəng qatır. Xülasə, Küküdən danışanda, sanki nənəsinin danışdığı sehrli nağılın ovsunundan bir anda oyanıb onu qucaqlayan bal nəvələrin arzularının çiçək açdığı cənnət guşəsi yada düşür.

Kəndin gözəlliklərindən danışmaq üçün Küküyə gəlmək, burada qalmaq lazımdır. Doğrudur, Naxçıvan şəhərindən başlayaraq Kükü kəndi istiqaməti üzrə turizm marşrutu müasir turistlər tərəfindən kifayət qədər tanınmasa da, virtual aləmdə və könüllü gənclər tərəfindən bu kənd artıq çoxdan kəşf edilib. Bunun üçün isə burada hər kəsin maraq dairəsinə uyğun hər cür cazibə elementi vardır. Kimisi üçün sərin yay gecələri, kimisi üçün yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları, kimisi üçün yaxşı qorunub yaşadılan və əslində, milli sərvətimiz olan kənd adətləri, kimisi üçün isə yaşıl təbiətdə əyləncə... Odur ki, yay tətili günlərində çox deyil, iki-üç həftəni Kükü kəndində keçirənlər, əslində, bunların hamısından dada bilmək, dolğun rekreasiya olunmaq imkanı əldə edirlər.
Yay-kamp turizmi müasir dövrdə geniş yayılıb. Tələbə-gənclər, ailəvi istirahətə çıxanlar və ümumilikdə, təbiət həvəskarları üçün bu turizm növü çox cazibədardır.

Kükü kəndində yay-kamp turizmi üçün coğrafi mövqe, landşaft, iqlim, su, ekoloji şərait və insan resursları kimi faktorları nəzərə aldıqda burada ekoturizmin bu yarımnövünün inkişafından danışmaq yerinə düşər. 1500 nəfərə yaxın əhalisi olan Kükü kəndində onlarla iri ailə təsərrüfatçısı və torpaq mülkiyyətçiləri vardır. Kükü dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşdiyi üçün burada istehsal olunan məhsulların, xüsusən balın ayrı bir keyfiyyəti vardır. Elmi ədəbiyyatlarda dərman bitkilərinin yayılma arealına görə təkcə Cənubi Qafqazda deyil, bütün Avropada seçilən bir ərazi olan Dərələyəzin cənub yamacları – Dərəboğazındakı arı ­pətəkləri də bal şirəsini məhz bu unikal dərman bitkilərindən çəkir. Odur ki, Kükünün saf təbiəti və florası burada herbari turizmi ilə yanaşı, həm də sağlamlıq turizmi üçün geniş ­imkanlar açır. Kəndin ağsaqqal ziyalılarının söhbətlərinə görə, hətta bir vaxtlar, ötən əsrin 80-ci illərində burada iqlim kurortu da yaradılması gündəmdə olub.
Kükü bağlar məskənidir... Kükü alması kimi yaxşı tanınan və yerli şəraitə uyğunlaşaraq özünəməxsus dad-tamı və mineral tərkibi ilə seçilən alma sortlarından başqa burada yetişən armud, cəviz, almaxara, gilas, gilənarın da xüsusi keyfiyyəti vardır. Kənddəki bostanlar arandakından düz bir ay gec yetişsə də, iyun və iyul aylarının bol Günəşi ilə qidalanan tərəvəz məhsullarının dadından doymaq olmur. Odur ki, yay aylarında kəndə istirahətə gəlmiş turistlərin süfrəsinə düzülmüş yerli məhsullar qastronomiya turizmi həvəskarları üçün də yaxşı təəssürat yaradır.
Yay günləri uzun olsa da, Kükü və eləcə də diyarımızın belə dağlıq kəndlərinə gəlmiş qonaqlar üçün zaman çox sürətlə keçir. Şübhəsiz, yandırıcı Günəşin olmadığı, bir-­birindən maraqlı kənd həyatı element­ləri ilə zəngin və ən əsası doğulduğu doğma torpağa möhkəm bağlı insanların yaşadığı bir kənddə keçirilən tətil günləri səhərin sübh saatlarından başlasa da, axşamın necə düşdüyünü adam heç özü də bilmir. Yay aylarında şəhər sakinləri, xüsusən məktəbli uşaqlar gecə gec yatıb, səhər gec oyanmağa adət etsələr də, kənddə bunun əksinə olan həyat ritmi insanların fizioloji gümrahlığına da çox kömək edir.
Turizm inkişaf etdirildiyi ərazidə bütün müsbət sosial effektlərə təkan verən ən mühüm amillərdən biridir. Başda məşğulluq olmaqla, iqtisadi və sosial həyatda insanları düşündürən bir çox problemlər məhz turizmin sayəsində, necə deyərlər, öz-özünə həll olur. Ona görə də dövlətin yaratdığı şəraitdən bəhrələnərək turizm kamplarının yaradılması Kükü kəndi əhalisinin ürəyincədir. Yerli sakinlər əmindirlər ki, nə qədər çox turist gələrsə bu, bir o qədər çox qazanc, təbii ehtiyatların dəyərinin yüksəlməsi, sosial həyatın daha da canlanması və təkcə Kükünün deyil, bu istiqamətdəki digər kəndlərin də nəqliyyat çətinliklərinin həll olunması deməkdir.

Əli CABBAROV

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR