21 Sentyabr 2019, Şənbə

Naxçıvanın təmiz havası, təbii gözəllikləri, gəzməli-görməli yerləri buraya gələn turistlərin sayını ilbəil artırır. Onların bir çoxu səyahətdən aldıqları təəssüratlarını müxtəlif sosial şəbəkələr vasitəsilə bölüşürlər. Bu yaxınlarda “Youtube” sosial şəbəkəsində Naxçıvanla bağlı bir neçə videoya rast gəldim. Paylaşmaların Günəş və Haluk Günay ailəsinə məxsus olduğunu öyrənib, onlarla əlaqə yaratdım. Günəş xanım iyul ayında Türkiyənin İzmir şəhərindən Naxçıvana səyahətə gəldiklərini bildirdi.
Onun yazdıqlarından: “İlk dəfə idi, Naxçıvana gəlirdik. Əslində, uzun bir səyahət planımız var idi. Türkiyənin bir çox şəhərindən keçib İqdıra gəldik və qısa bir yolçuluqdan sonra bu gözəl diyara çatdıq. Yaxşı ki, gəldik, – dedik Naxçıvana ayaq basan andan. Çünki burada türk olduğumuzu bilən hər kəs bizə “Bir millət, iki dövlət”, – dedi gülümsəyərək. Naxçıvana gəlməklə daha nizamlı, daha təmiz və fərqli bir yer gördük. Bir günlüyə gəlmişdik, əvvəlcə 3 gün burada olmaq istədik, buranın möhtəşəm gözəlliklərini gördükdən sonra 8 gün qalmağa qərar verdik. Daha çox qalmaq istəyirdik, lakin maşınımız üçün aldığımız vizanın vaxtı bitirdi. Gəzə bildiyimiz qədər hər yeri gəzməyə çalışdıq. Ordubadda ölkə əhəmiyyətli Azərbaycan memarlıq abidəsi “Qeysəriyyə”də olduq. Burada bölgənin tarixi haqqında geniş məlumat ala bildik. Bu tarixi şəhərin keçmişdə ticarət və ipəkçilik mərkəzi olduğunu öyrənib çox sevindik. Diqqətimizi ən çox meyvə ağaclarının sərbəst, əlçatan yerlərdə əkilmiş olması çəkdi. İnsanların istədiyimiz qədər meyvə toplayıb yeyə biləcəyimizi söyləmələri bizi təəccübləndirdi, meyvələrin dadını, ləzzətini çox bəyəndik. Ordubad bazarına da getdik. Burada bibərin dənə ilə satıcıya təklif olunması bizə maraqlı gəldi. Əkinçilikdə müxtəlif dərman vasitələrindən istifadə edilməməsi səbəbi ilə uzun zamandır, yemədiyimiz ləzzətli tərəvəz və meyvələrdən daddıq. Ordubadda həyatımızda ilk dəfə ən uzun və yaşlı çinar ağaclarını gördük. Gəmiqaya ətəklərinə qalxmağı çox istədik, ancaq havanın isti olması və yaşımız səbəbi ilə ayaqla çıxa bilmədik. Bizim maşınımızla da ora çıxmaq olmaz, – dedilər. Çox arzulayırdıq ki, oranı görək, amma nə edə bilərdik...
Muxtar respublikanın Culfa, Babək, Şərur, Kəngərli, Sədərək rayonlarına da getdik, Heydərabad qəsəbəsi, Çalxanqala, Qarabağlar kəndlərində olduq. Gülüstan, Fəzlullah Nəimi və Qarabağlar türbələrini, Əlincəqala, Əshabi­-Kəhf, Batabat, Duzdağ kimi məşhur yerləri gəzdik. Bu yerlər möhtəşəmdir, hamı mütləq bircə dəfə də olsa, gəlib Naxçıvanı görməlidir. Getdiyimiz rayon və kəndlərdə diqqətimizi abad yollar, müasir məktəblər çəkdi. Orta təhsil verən məktəblərlə yanaşı, ayrı-ayrı şahmat, musiqi, idman məktəbləri, eləcə də müxtəlif təhsil platformaları onu göstərirdi ki, bu yerlərdə yaxşı oxumaq üçün lazımi şərait yaradılıb.

Naxçıvanda ən çox diqqətimizi çəkən isə şəhərin ümumi görüntüsü idi. Küçələr geniş, qarşılaşdığımız insanlar səmimi, gülərüz, ekskursiya edilməli yerlər pulsuz, hər yer tərtəmiz, bir sözlə, yaşamaq üçün möhtəşəm bir yer. Bir gün Naxçıvandakı Xan sarayının bağçasında səhər yeməyi yedik, sonra sarayı gəzdik və buradan Şərq memarlığının incisi, tarixi Möminə xatın türbəsini seyr etdik. Naxçıvandakı Cümə məscidi, Şərq hamamında olduq. Onu deyərdim ki, buranın tarixi məkanları gəzmək üçün çox gözəl yerlərdir. Naxçıvanda özümüzü çox rahat, əminlikdə hiss etdik. İlk gecə bir az narahat olsaq da, növbəti yeddi gündə pəncərələrimiz açıq olurdu, çünki bura, mən deyərdim, dünyanın ən təhlükəsiz şəhərlərindən biridir.
Yollardakı qayda-qanun, insanlara xidmət edən taksi sürücülərinin səliqəli formada və tər-təmiz geyimləri diqqəti cəlb edən əsas məsələlər idi. Gəzdiyimiz kəndlərdən birində tanış olduğumuz Naxçıvan polisi də bizdə onların çox yardımsevər, işinə bağlı, doğru-düzgün insanlar olduğu təəssüratını yaratdı. Naxçıvan şəhərindəki məşhur bazara da getdik. Burada yerli insanların öz zəhmətləri hesabına ərsəyə gətirdikləri məhsullar və dağlardan toplanılan sağlamlıq üçün faydalı olan bitkilər satılırdı. Biz də bir neçə məhsuldan aldıq.
Naxçıvan mətbəxi haqqında isə onu deyə bilərəm ki, İqdır və ya Şərqi-Bəyazit mətbəxi ilə müəyyən bənzərlikləri vardır. Lakin Naxçıvan şəhəri və Babəkdə olan restoranlardan birində nahar etdik. Gördük ki, buranın özünəməxsus yeməkləri var. Onlar öz dadı və ləzzəti ilə seçilir.
Naxçıvanda gördüyümüz gözəllikləri paylaşmasaq olmaz, – deyə düşündük. “Youtube” kanalımızda muxtar respublikada gəzib-gördüyümüz yerləri paylaşandan sonra bu diyarın həqiqətən çox sevildiyinin şahidi olduq və həmin videolar barədə çox müsbət rəylər aldıq. İndi biz Naxçıvana növbəti səfərimizi səbirsizliklə gözləyirik”.
Doğma diyarımızla bağlı bu xoş təəssüratlardan qürur duymamaq mümkün deyil. Yurdumuz haqqında belə xoş sözləri eşidəndə bir gənc olaraq Naxçıvanda doğulub yaşamağımla fəxr edirəm. Fəxr edirəm ki, mən naxçıvanlıyam.

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR