19 Avqust 2019, Bazar ertəsi

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızın müasir sosial-iqtisadi inkişaf istiqamətləri arasında turizm özünün cazibədarlığı və regional inkişafa verdiyi töhfələri ilə diqqəti cəlb edir. Bu baxımdan Naxçıvanın zəngin turizm ehtiyatları əsasında formalaşan regional turizm bazarının mövcud vəziyyəti və onun daha da inkişafı maraqdoğuran məsələlərdəndir. Belə ki, məhz genişlənməkdə olan turizm bazarı vasitəsilə mövcud ehtiyatlardan səmərəli istifadəyə və bu sahə üzrə dayanıqlı inkişafa nail olmaq mümkündür.

Turizm çox sayda əsas və əlavə xidmətlərin göstərilməsi ilə mümkün olan bir servis sahəsidir. Turizm bazarı isə bu servislərin alınıb-­satıldığı məkan kimi ölkə və regional xüsusiyyətlərə malikdir. Əgər dünya üzrə buradakı vəziyyətə qısa nəzər salsaq, 2001-ci ildən ölkəmizin də üzvü olduğu Ümumdünya Turizm Təşkilatının son məlumatına görə, 1 milyard 326 milyon turistə göstərilən xidmətlər nəticəsində əldə olunmuş 1 trilyon 340 milyard ABŞ dolları həcmində gəlirlərin məhz dünya turizm bazarında göstərilən çoxşaxəli turizm xidmətləri hesabına formalaşdığını görə bilərik.
Muxtar respublikamız ölkəmizin mühüm turizm destinasiyalarından biri kimi yerli və əcnəbi turistlərin həmişə maraq göstərdiyi bir məkandır. Keçmiş sovetlər dövründə sərhədyanı bir region kimi Naxçıvan xarici turistlərin üzünə bağlı olsa da, indi muxtar respublikaya gəliş-gediş sərbəst və rahatdır. İl ərzində 400 min nəfərə yaxın turistin səyahət etdiyi Naxçıvan artıq mühüm iş­güzar görüşlərin keçirildiyi məkan, tanışlıq­-dərketmə, müalicə-rekreasiya, idman-sağlamlıq və dini-ziyarət məqsədli səyahətlər üzrə sərfəli destinasiya, minilliyin qlobal çağırışları arasında mühüm yer tutan sosial turizm üzrə mühüm imic qazanmış bir diyar kimi tanınmağa başlayıb.

Naxçıvan Muxtar Respublikasında turizm bazarının mövcud vəziyyətini regionda fəaliyyət göstərən turizm firmaları və turizm xidmətləri təklif edən servis sektoru müəssisələrinin arasındakı biznes əlaqələri ilə təyin etmək mümkündür. Bundan əlavə, muxtar respublikada regional turizm bazarında təklif formalaşdıran turizm sənayesi ünsürləri arasında inteqral əlaqələrin yaranması və buradakı dövlət tənzimləməsinin effektliliyi də mövcud vəziyyətə təsir edən müsbət amillərdəndir. Xatırladaq ki, 1991-ci ildən Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması ilə bütün Azərbaycan Respublikası vətəndaşları kimi, Naxçıvan Muxtar Respublikası sakinləri də istənilən dünya ölkəsinə səyahət etmək üçün yaxşı imkanlar qazandılar. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə insanların, əsasən, Türkiyə, Rusiya, İran, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri kimi xarici ölkələrə və eləcə də yerli turizm mərkəzlərinə olan səyahətləri artmağa başladı. Bununla yanaşı, gəlmə turizmə baxsaq, Naxçıvan Muxtar Respublikasının uzun bir müddət Ermənistan tərəfdən nəqliyyat-kommunikasiya blokadasına alınması və əcnəbi turistlərin, əsasən, qədim diyara ölkə­nin paytaxtı Bakı şəhərindən hava yolu ilə gəlməsi də burada beynəl­xalq turizm bazarının vəziyyətinə təsir edən amillər olaraq özünü göstərirdi.
Naxçıvan Muxtar Respublikasında turizm bazarı buradakı mövcud turizm ehtiyatları, infrastruktur və təhlükəsizlik şəraiti ilə xarakterizə edilir. Naxçıvana əsas əcnəbi turist kütləsi hava yolu ilə, həmçinin qonşu Türkiyə və İran ərazisindən keçməklə gəlir. Qeyd edək ki, həmin ölkələrdən günün 24 saatı ərzində diyarımıza turistlərin gəlməsi mümkündür. Ölkəmizin paytaxtı Bakıdan, İstanbul və Moskva şəhərlərindən Naxçıvana edilən uçuşlarla turistlər rahat şəkildə muxtar respublikaya səyahət edə bilirlər. Azərbaycan Hava Yollarının Naxçıvan uçuşları üçün biletlərin onlayn satışının da təşkil olunması turistlər üçün rahat seçim imkanı yaradır. Turistlərin muxtar respublika ərazisində rahat hərəkəti üçün müasir standartlara uyğun yol-infrastruktur şəraiti, tam təmin olunmuş enerji və ərzaq təhlükəsizliyi, sabitlik və yerli əhalinin yüksək milli qonaqpərvərliyi də regiona turist gətirilməsi üçün əlverişli şərait yaradır. Şübhəsiz, bütün bunlar Naxçıvanda turizm bazarının inkişafı üçün müsbət cəhətlərdəndir.
Turizm bazarı turizm gəlirlərinin yarandığı məkandır. Bu məkanda turistlərə xidmətlər göstərə biləcək istənilən sayda satıcı ola bilər. Bunlar iri otel, restoran və ya əyləncə müəssisəsindən tutmuş kiçik ailə təsərrüfatınadək hər bir subyekt ola bilər. Bu baxımdan muxtar respublikamızın turizm bazarında fəaliyyət göstərən turizm müəssisələri turistlərin tələbatlarının vaxtında müəyyənləşdirilməsi və yeni bazarların tutulması üçün marketinq tədbirləri, ölkələr üzrə araşdırmalar aparmalıdırlar. Qeyd edək ki, hazırda ölkə­mizin digər regionları, o cümlədən paytaxt Bakı şəhəri, Avropa ilə yanaşı, Şərq ölkələrindən də gələn turistlər üzrə bu bazarın genişlənməsi mümkündür. Naxçıvanda yerli əhalinin müsəlman adət-ənənələrinə, islami dəyərlərə bağlılığı və eyni zamanda müasirlik və tolerantlıq səviyyəsinin yüksək olması bu perspektivləri daha da artırır.
Naxçıvanın özünəməxsus iqlim xüsusiyyətləri burada bütün mövsümlərdə turizm bazarının inkişafı üçün münbit şərait yaradır. Bundan əlavə, muxtar respublikada fəaliyyət göstərən 20-dən artıq mehmanxana və xeyli sayda restoran müəssisəsindən və bir neçə turizm agentliyindən ibarət olan turizm sənayesi üzrə əldə edilən gəlirlər bu sahənin perspektivini ortaya qoyur.
Dünya təcrübəsinə nəzər salsaq, turizm-servis müəssisələrinin mövcud konyunkturanı nəzərə almaqla qlobal rəqabətə qoşulması, turistlərə təklif olunan ümumi xidmət zərfi içərisində əsas xidmətlərlə yanaşı, əlavə xidmətlərin payının artırılması da tələb olunur. Ayrıca, Naxçıvana xas olan bənzərsiz turizm məhsulunu daha yaxşı tanıda bilmək üçün istehlakçıya yönəlmiş reklamtipli tanıtım işlərinin həyata keçirilməsi, turizm sərgilərində iştirakı və dünyanın aparıcı turfirmaları və rezervasiya sistemləri ilə davamlı əlaqələr yaradılması vacib məsələlərdəndir. İnternetin imkanlarından istifadə olunmaqla müxtəlif saytların, fərdi və korporativ sosial şəbəkə hesablarının yaradılması da təklif edilən turzərflərin daha inandırıcı və etibarlı olması, turfirmanın və ümumilikdə, regionun müsbət turizm imicinin dərinləşdirilməsi baxımından əhəmiyyətlidir.
Muxtar respublikamız hər sahədə inkişaf edir və turizm bazarı da bu inkişaf fonunda yeni mərhələyə qədəm qoyur. İndi sahibkarlarımızı artıq on il əvvəlki kimi Naxçıvana hansı yollarla turist gətirilməsi deyil, yüz minlərlə səyahət edən turistlərə zəngin zərf xidmətləri təklif etməklə daha çox gəlir əldə olunması məsələləri düşündürür. Belə xidmətlərin təklifi üçün isə kifayət qədər təbii və tarixi-mədəni resursumuz, maddi­-texniki baza, müasir infrastruktur, intellektli gənc kadrlarımız və ən əsası dövlət dəstəyi vardır. Bütün bunlar Naxçıvan Muxtar Respublikasında turizm bazarının inkişafı üçün geniş imkanlar açır.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4459290
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2246
1580
2246
123331
4459290

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter