19 Sentyabr 2019, Cümə axşamı

Xalqımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən Novruz bayramının əsas atributlarından biri də bayram süfrəsidir. Bir neçə ildir ki, Naxçıvan şəhərindəki Mərkəzi bazarda təşkil olunan ənənəvi bayram yarmarkası da süfrələrimizdə əsl bayram bolluğu yaradır, Novruzu layiqincə keçirməyə imkan verir.
Biz də bu bayram ərəfəsində, mart ayının 16-dan başlayaraq Mərkəzi bazarda keçirilən yarmarkaya üz tutduq. Qələbəlik və məhsul bolluğu olan yarmarkada alıcı və satıcılarla görüşüb həmsöhbət olduq.
Naxçıvan şəhər sakini Pərvanə Quliyeva bildirdi ki, bayram üçün almaq istədiyimiz məhsulların hamısına burada rast gəlmək olar. Qiymətlər də münasibdir. Sevindirici haldır ki, belə keyfiyyətli məhsulların hamısı yerli istehsaldır. Odur ki, builki Novruz bayramında da süfrələrimizi öz məhsullarımız bəzəyəcək.
Digər həmsöhbətimiz Şərur rayonunun Cəlilkənd sakini, 27 yaşlı ailə təsərrüfatçısı Sənan Qasımzadə yarmarkaya mürəbbələr, turşular, müxtəlif çeşiddə məhsullar çıxarıb. O gətirdiyi məhsullara alıcılar tərəfindən böyük maraq göstərildiyini deyir.

Bir-birindən ləziz görünən, səliqə ilə qablaşdırılmış şirniyyatları piştaxta üzərinə düzən Sədərək rayon sakini 19 yaşlı gənc təsərrüfatçı Jalə Abbasova deyir ki, bayram yarmarkasının təşkili həm biz torpaq mülkiyyətçilərinə, həm də alıcılara əlverişli şərait yaradır, istehsalçılardan rüsum alınmır. Belə şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm.
Alıcılardan biri, şəhər sakini, ­təqaüçü-müəllim Zahirə Cəfərova ilə elə piştaxta önündəcə həmsöhbət olduq. O dedi ki, ötən illə müqayisədə qiymətlərdə artım yoxdur. Bazarda təklifi artırmaqla və tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olunub. Daha doğrusu, qiymətlər bazarlarda yaradılan bolluğa uyğun formalaşıb.
Məlumat üçün bildirək ki, şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda Novruz bayramı münasibətilə keçirilən bayram yarmarkası mart ayının 24-dək davam edəcək. İlk gün yarmarkaya muxtar respublikada fəaliyyət göstərən 32 istehsal müəssisəsi tərəfindən 117 adda 195 çeşiddə məhsul çıxarılıb. Eyni zamanda 262 ailə təsərrüfatı subyekti tərəfindən 168 adda məhsulun satışı təşkil olunub.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR