23 Sentyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dünyanın görməli yerləri ilə tanışlıq məqsədilə səyahətə çıxıb dünyagörüşünü artırmaq müasir turistlərin ən geniş tələbatlarındandır. Şübhəsiz, Yer üzünün təbii gözəllikləri insanın mənəvi dünyasını zənginləşdirən ən əsas sərvətlərdir. Belə sərvətləri isə Uca Yaradan doğma torpağımızdan da əsirgəməyib. Naxçıvanın sahib olduğu unikal landşaft müxtəlifliyi buraya səyahət edən hər bir turistdə unudulmaz təəssürat yaradır.

Uzaq ölkələrdən Naxçıvana səyahət edənlər üçün Nuh Peyğəmbərin ayaq basdığı bu qədim Azərbaycan torpağı ilə tanışlıq hələ hava gəmisi yerə enmədən başlayır. Haçadağ istiqamətindən başlayaraq yerə enmək üçün gedərək yüksəkliyi azaldan təyyarənin pəncərələrindən Ağrı dağının əlçatmaz zirvəsi fonunda hörük kimi qıvrılaraq Naxçıvanla qucaqlaşan xan Arazın, qarşıda məğrur döyüşçülərin sırası kimi nizami Zəngəzur dağlarının və bu ulu yurdun simvolu Haçadağın panoramı bir andaca insanı özünə bağlayır. Naxçıvanla bir neçə dəqiqə çəkən belə quşbaxışı tanışlıqdan sonra Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanan turistləri heç bir yerdə görə bilməyəcəkləri gözəl mənzərələr gözləyir.

Tanışlıq baxımından dünyanın hər bir guşəsinin öz cazibəsi var. Turizmin gücü də elə bundadır. Naxçıvan dünyanın ucsuz-bucaqsız yerləri ilə müqayisədə çox da geniş bir əraziyə sahib olmasa da, buradakı təkrarolunmazlıqlar və onların kompaktlığı baxımından, bəlkə də, planetin ən gözəl yerlərindən biridir. Bunu Naxçıvana səyahət edən turistlərin maraq dolu baxışları və bitib-tükənməyən sualları deməyə əsas verir. Doğrudan da, əgər “Təbriz” mehmanxanasının 13-cü mərtəbəsindəki pəncərə önündən tarixlə müasirliyin bir məkanda qovuşduğu şəhəri və yalçın qayaların yamyaşıl yamaclarla növbələşdiyi dağları doyunca seyr etmək istəyən varsa, bu, turistlərin çoxdan bəri görmək istədiyi məkan – Naxçıvana gəlməlidir. Odur ki, bəzən hansısa səbəbdən Naxçıvanda tur mövzusu tapa bilməyən təsadüfi turizmçilər hələ də varsa, Sədərəkdən Ordubada, Batabatdan Haçadağadək geniş ərazidəki qeyri-adi gözəllikləri onlara bir daha xatırladırıq.
Naxçıvan möcüzələr diyarıdır. Bu təkcə qədim diyarda yaşayan insanların yaşayış tərzi, mübarizliyi və eyni zamanda qonaqpərvərliyi ilə ölçülmür. Burada bir rəssama və bəstəkara, yaxud şair və yazıçıya mövzular verən təbiət guşələri, landşaft müxtəlifliyi istənilən qədərdir. İlk olaraq Naxçıvana gələn qonaqlar Ordubadı görmək istəsələr, bu həm də qədim mədəniyyət və mətbəx nümunələri ilə zəngin bölgənin ərazisi ilə də tanışlıq baxımından əla fürsətdir. Hər dəfə səhər erkəndən Naxçıvandan Ordubada qədər səyahətə çıxan turistlər əvvəlcə Zəngəzur dağlarından, sonra isə Haçadağdan möhtəşəm gündoğumu mənzərəsinin heyranı olurlar. Səyahət avtomobili yolboyu irəlilədikcə, şübhəsiz, ən görkəmli mənzərə Haçadağa yaxınlaşdıqca açılır. Əgər turistlərimiz üçün Əlincə marşrutu da nəzərdə tutulubsa, onda daha cazibədar landşaft gözəllikləri ilə orada – Əlincənin zirvəsində tanış ola biləcəyini elan etmək mümkündür. Hələlik isə Darıdağ massivinə yaxınlaşdıqca uzaqlarda bir-biri ilə növbələşən dağların və dağətəyi təpələrin sanki bir ansambl kimi ahəngdar şəkildə sıralanmasını seyr edib, turistlərlə çox sayda foto və video təsvirləri çəkmək olar.
Burada bir məqam diqqətləri xüsusilə cəlb edir. Belə ki, Yaycı kəndindən başlayaraq Ordubad yolu boyunca uzanan qeyri-adi dağ mənzərələri muxtar respublikamıza səyahət edən bir sıra tanınmış turistlərin də diqqətindən yayınmayıb. Ətrafdakı şişqayalı dağların səssiz simfoniyasını sanki hansısa dahi bəstəkarın ən yaxşı musiqi əsərinə bənzədənlər də olub. Konkret olaraq, bu fikirlər bir neçə il əvvəl muxtar respublikamıza səyahət etmiş dünya şöhrətli rəssamımız Tahir Salahovun dilindən də deyilmişdi.
Ordubada daxil olarkən turistlərin marağını cəlb edən ilk gözəllik Bəlkə dağının və Bərəkə qayasının panoramıdır. Belə sərt qayalıqlara və yaxud panoramlı mənzərələrə planetin digər yerlərində rast gəlmək mümkündür. Ancaq min illərlə yaşı ölçülən Ordubad kimi qədim bir şəhərin cəmi yarım kilometrliyində yüksələn belə landşaft mənzərələrinə isə çətin ki, başqa yerlərdə rast gəlinə. Həm də Ordubad şəhərinin yerləşdiyi ərazinin quruluşu elədir ki, burada istənilən nöqtədən hansısa bir mənzərəni seyr etmək mümkündür. Tarixi binalar, muzeylər, məşhur insanların adı ilə bağlı yerlər, nəhəng Ordubad çinarları, qədim meydanlar bu diyarın görməli yerləridir. Bütün bunlar şəhərlə tanışlıq üçün geniş mövzu verən turizm ehtiyatlarımızdır. Belə mənzərələrin seyrinə doymayan turistlərimizi həm də Ordubad limonu ilə cəviz mürəbbəsinin olduğu çay süfrəsinə dəvət etmək mümkündür.
Naxçıvan-Batabat turizm marşrutu da landşaft gözəllikləri baxımından turistlərə unudulmaz təəssüratlar vəd edir. Şahbuz dağlarının uzaqdan görünən cazibəsi hələ bu istiqamətə yenicə yola çıxmış turistlər üçün ilk maraq obyektidir. Heydər Əliyev Su Anbarı bəndinə çatdığımızda bir anda az qala bütün Şahbuz rayonunun panoramı ilə Dərələyəz və Zəngəzur silsilələrinin cənub yamaclarındakı çox sayda təbiət abidələri, dağ çayları, təbii və süni göllər, sıldırımlı qaya aşırımları və nəhəng dərələrin seyrinə saatlarla dalmaq mümkündür. Qeyd etmək lazımdır ki, bu ərazilər həm də yürüş və ekstremal idman növləri ilə məşğul olanlar üçün də fəal istirahətin ən yaxşı yeridir. Təcrübə göstərir ki, belə ərazilərə, xüsusən Avropa, Rusiya və Yaxın Şərq ölkələrindən gələn turistlər çox maraq göstərirlər. Batabat yaylağının, buradakı meşə massivinin təbii quruluşu isə ilin istənilən fəslində səyahət edən turistlər üçün zəngin rekreasiya vəd edir.
Naxçıvana səyahət etmiş turistləri landşaft gözəllikləri ilə heyrətləndirən ən gözəl mənzərələrdən biri, heç şübhəsiz, Naxçıvan-Əlincə turizm marşrutu üzrə səyahət edərkən Əlincəçay vadisinə yetişdikdə gözlərimiz önündə açılan nəhəng görüntüdür. Bu astronomik mənzərəni görən istər yerli, istərsə də xarici turistlər olsun, kiminsə heç olmasa, bir neçə dəqiqə dayanıb seyrə dalmadığına və yaxud bir neçə fotoşəkil çəkdirmədən buradan uzaqlaşdığına inanmaq mümkün deyil. Xüsusən ilin yaz, payız fəsillərində, havanın şəffaf olduğu vaxtlarda buradan keçən təbii gözəllik həvəskarı turistlər üçün unikal mənzərələr vardır. Daha irəlidə, Əlincəqalanın zirvəsindən və Haçadağın ətəyindən Naxçıvanın təbii və insan əli gözəllikləri ilə tanış olan turistlər buraya səyahəti seçməkdə yanılmadıqlarına bir daha inanıb, elə bu zirvələrdəcə çəkdikləri fotoları 4G sürəti ilə öz dostları ilə paylaşırlar.
Gözəl Naxçıvanın heyrətamiz landşaft mənzərələri çoxdur. Onların qarşısında mat qalan turistlərlə də çox rastlaşmışıq. Amma əgər bir axşamçağı Naxçıvana gəlmiş turistlərimizə Gəmiqayanın zirvəsindən Ağrı dağına doğru günbatımı mənzərəsini də seyr etmək kimi bir tur proqramı təklif edə bilsək, bu, bəlkə də, onların indiyə qədər görə bildiyi ən gözəl landşaft mənzərəsi olacaq. Bu imkan isə yalnız bizdə, Naxçıvandadır.
Turizmi yeni dövrün yeddi möcüzəsindən biri adlandırırlar. Səyahətlərə yollanıb, dünyanın sonsuz gözəlliklərindən zövq almaq müqəddəs kitabımız “Qurani-Kərim”də də buyurulub. Çox sayda belə gözəlliklərlə tanış olmaq üçün Naxçıvana gəlmiş hər bir turistə göstərdiyimiz yüksək peşəkar xidmətlər isə ölkəmizin tanıdılması və iqtisadiyyatımızın inkişafı yolunda önəmli bir addım hesab edilir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3054853
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2047
3998
32085
106184
3054853

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter