24 Oktyabr 2017, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2017
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Elə ki yay turizm mövsümü başladı, Batabat yaylağını qonaqsız təsəvvür etmək mümkün deyil. Batabatı görmək Naxçıvana gələn hər bir turistin arzusudur. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması Batabata gediş-gəlişi xeyli asanlaşdırıb. Mərcan gözlü Batabatı görmək həvəsi hər il məni də çəkib o yerlərə aparır.
Dillər əzbəri olan Batabat yaylağı Şahbuz rayonunun ərazisində, Kiçik Qafqaz dağlarında yerləşir. Burada, əsasən, dağ, göl və dağ-çəmən landşaftı inkişaf edib. Batabat yaylağını dəniz səviyyəsindən, təqribən, 3100-3200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz” və “Bədəldağı” adı ilə tanınan dağlar əhatə edir. Təbiətin gözəl guşələrindən biri olan Batabat yaylağı gül-çiçəkli çəmənlikləri, saf və təmiz dağ havası, meşələri, Zorbulaq, Durnalıbulaq, Uzunbulaq kimi şirin suları və “Narzan” tipli Batabat mineral suları ilə məşhurdur. Batabat yaylağının təbiəti, onun saf havası ağciyər, ürək, əsəb və bir sıra xəstəliklər üçün çox faydalıdır. Batabat gölünün mənzərəsini, “Üzən ada”nı seyr etmək isə insana başqa bir zövq verir.

 Vətənimin seyrinə çağırıram elləri

Gözəl Vətənimin bir guşəsidir Batabat. Bu yerlərin iqlimi və füsunkar mənzərələri xarici turistləri də bura cəlb edir. Cənnət görmək istəyənin seçimi elə Batabat olur. Batabatın turizm əhəmiyyətini artıran bir sıra səbəblər var. Coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli deyir ki, bitkilərin növ müxtəlifliyinə görə bu ərazi Afrika qitəsində yerləşən məşhur Atlas dağlarından sonra ikinci yerdədir. Bunun da bir neçə səbəbi var: təbii iqlim şəraitinin rəngarəngliyi, yüksəklik qurşağının mövcudluğu və landşaftın mürəkkəbliyi. Digər tərəfdən, Batabat ərazisinin yerləşdiyi Naxçıvan Muxtar Respublikası 3 geo­botanik vilayətin sərhədində yerləşir. Ərazi bu vilayətlərin müxtəlif növ bitkilərini özündə cəmləşdirir. Yəni burada həm Qafqaz, həm Kiçik Asiya, həm də ön Asiyanın bitki növlərini görə bilərik. Ərazi Zəngəzur və Dərə­ləyəz sıra dağlarının təmas xəttində yerləşir. Zaman-zaman baş verən tektonik hərəkətlər relyefi mürəkkəbləşdirir, bu da eyni zamanda təbiətin rəngarəng­liyini artırır. Geoloji quruluşun mürəkkəbliyi burada müxtəlif genetik tiplərə məxsus çoxlu mağaraların yaranmasına səbəb olub. Qədim insanların məskunlaşdığı ayrı-ayrı yerlərdə insanlar tərəfindən mağaralar-zağalar inşa edilib. Misal olaraq tarixi və təbiət abidəsi olan məşhur Fərhad evini göstərmək olar. Batabat yaylağında arxeoloji abidə kimi qeydə alınan Fərhad evi Zorbulaqdan, təqribən,1 kilometr şərqdədir. 4 otaqdan ibarət Fərhad evi buradan keçən karvan yollarına xidmət etmiş və müvəqqəti sığınacaq kimi istifadə olunmuşdur. Bununla belə, ərazidə onlarla təbii mağaralar mövcuddur ki, bu da turistlərin marağına səbəb olur. Meşə hissəsində indiyə qədər tədqiq olunmayan mağaralarda qədim insanlar məskunlaşmışlar.
Ərazidə Naxçıvan Muxtar Respublikası üçün xas olmayan meşə örtüyü formalaşıb. Bunun əsas səbəbi əlverişli hidrogeoloji şəraitin olmasıdır. Biz ətrafı diqqətlə nəzərdən keçirsək, buranın dağlarla əhatə olunduğunu və çanaqşəkilli forma yaratdığını görmüş olarıq. Bu, yeraltı suların yalnız bir yerdən – Naxçıvançay dərəsindən çıxmasına səbəb olur. Və beləliklə, yer altında zəngin su ehtiyatı toplanıb. Bunun nəticəsində meşə örtüyü formalaşıb.
Qeyd etmək lazımdır ki, meşə ağaclarının bəziləri, məsələn, Şərq palıdı, Araz palıdı endemik bitkidir. Bu ağaclar landşaft zəncirinin əsas hissəsini təşkil edir. Yəni palıdın qozaları meşədə məskunlaşan çöl donuzlarının, donuzlar isə ayıların qida zəncirinin bir halqasını təşkil edir. Burada dünyanın ən zəhərli və ən qiymətli ilanlarından olan Radde gürzəsinə rast gəlinir. Bu, quru ilanları içərisində zəhərliliyinə görə ikinci sayılır.
Təbiətin zənginliyinin digər faktoru ərazisinin ekspozisiyası ilə bağlıdır, yəni dağların səmti güneyə doğrudur. Məhz bu səbəbdən buradakı Günəş radiasiyasının miqdarı, təxminən, ekvatorda olduğu qədərdir. Günəş radiasiyasının özü turizm-rekreasiya potensialının mühüm tərkib hissəsi sayılır. Havanın təmizliyi, mütləq hündürlüyün yuxarı olması, Günəş şüalarının spektrində olan müalicəvi şüaların bolluğuna səbəb olur. Səhər və axşam saatlarında insan orqanizmi üçün faydalı olan, müalicəvi əhəmiyyət daşıyan Günəş vannaları qəbul etmək üçün olduqca əlverişlidir.

Heç yana, heç yerə mən tələsmirəm...

Darıxmaq? Əsla. Batabata gələnlər səhər erkən saatlardan yola çıxarlar. Məqsəd həmin günü səhərdən qaş qaralanadək Batabatın füsunkar mənzərəsindən, saf havasından və ayna kimi dumduru sularından doya-doya faydalanmaqdır. Bura gələnlər özləri ilə mütləq su qabları da gətirərlər. Bu məqamda qeyd edək ki, Naxçıvan özünün təbii suları ilə dünyada tanınan bölgələrdən biridir. Muxtar respublikada 214 mineral su mənbəyi və eləcə də mindən artıq mineral bulaq vardır. Zorbulağın suyuna isə söz ola bilməz. Yayın bu qızmar çağında bumbuz suya toxunmaq, o sudan dadmaq, həm də bunu Zorbulağın gözündən içmək necə olar sizcə? Şahbuza yolu düşənlər mütləq gəlib bu dumduru bulaq suyundan qablara doldurub apararlar. Qənimət hesab edərlər. Bulaq suyu, bir də dağ havası cana məlhəmdir. Təbiətin bəxş etdiyi bu sərvətlərdən yararlanmaq məqsədilə Batabat yaylağına gələnlərin ardı-arası kəsilməz. Təbiətin seyrinə çıxan kim, şəkil çəkdirərək yaddaşa köçürən kim.
Nazim Bababəylinin sözlərinə görə, Zorbulağın adı Qırxbulaq idi. Əvvəllər ərazidə böyük bataqlıq olub. Bu bataqlıq Zorbulaq və onun ətrafında olan 40-a qədər bulaqla qidalanıb. Bataqlıq su anbarına çevrildikdən sonra həmin bulaqlar göl suyunun altında qalıb. Zorbulağa gəlincə isə bu bulağın suyu insan orqanizmi üçün olduqca faydalıdır. Əvvəla, mineral tərkibinə görə, ikinci bu sularda həll olunmuş oksigenin miqdarı həddindən artıq çox olduğuna görə. Zorbulağın suyu maqneziumlu-hidrokarbonatlı sular tipinə aiddir. Soyuq sulardakı oksigenli su içilərkən qanı həll olunmuş oksigenlə təmin edir ki, bu da olduqca faydalıdır. Bu sudan içən insan rahatlıq tapır. Zorbulaqda həll olunmuş oksigenin miqdarı 6 milliqrama çatır, bu da çox yüksək göstəricidir. Bulağın suyu vulkanogen süxurlardan sızır, bu zaman həm yüksək dərəcədə təmizlənmə baş verir, eyni zamanda su mikroelementlərlə zənginləşir. Bu da suyun yüksək keyfiyyət göstəricilərinə malik olmasını təmin edir. Qeyd olunan bu vulkanogen süxurların 26 milyon il yaşı vardır. Zorbulaq, eləcə də ərazidəki digər bulaqlar ətraf mühitin rekreasiya potensialını xeyli artırır.
Batabatda oldunsa, geri qayıtmaq haqqında düşünmürsən. Ta hava qaralıb, necə deyərlər, səni xəbərdar edənədək. Təbiət bütün cazibəsi ilə qarşındadır, ruhunu oxşayan rahatlıq səni özünə o qədər çəkir ki, geri dönməyə tələsmirsən. Məşhur “Üzən ada”nı zövqlə seyr etmədən, bu gözəl mənzərəni fotoaparatın yaddaşına köçürmədən bu yerlərdən necə ayrılmaq olar?
Batabat göllərindəki sularda olan müxtəlif mikroorqanizmlər inkişaf edərək suya yaşılımtıl rəng verir. Aşağı Batabat gölündə “Üzən ada”nın formalaşması da məhz bu amillə əlaqədardır. Əmələ gəlmiş zəngin bitki örtüyü tam çürüməyə məruz qalmadığına görə torfa çevrilir və bu torf ilbəil qalınlaşır. Torfun xüsusi çəkisi sudan yüngül olduğuna görə, o suyun üzündə qalır və suyun dibinə doğru inkişaf edir. Torf kütləsi güclü küləklərin təsiri ilə öz yerini tez-tez dəyişir və bu səbəbdən də “Üzən ada” adlanır. Bunun özü də gölə ekzotik görünüş verir.

Hər gülə, çiçəyə salam verməsəm...

Yuxarıda qeyd etdiyimiz kimi, Batabat massivində həddindən artıq endemik, relikt və dərman bitkiləri mövcuddur. Məsələn, raddel laləsi, qaymaqçiçəyi, pişikotu, həmərsin, gəvən, əvəlik, yarpız, dazotu, qantəpər, kəklikotu, solmazçiçək, səhləb – hər biri can dərmanı. Elə ki bitkilər torpaqdan baş qaldırdı, faydasını bilənlər gəlib toplayar, qışa saxlamaq üçün qurudarlar. Burada, necə deyərlər, gül gülü çağırır, bülbül bülbülü. Hər gülə, çiçəyə salam verməsən, xoş üz göstərməsən, nanələr, reyhanlar inciyər səndən. Çiçəklərin ətri adamı bihuş edir. Bəzisini iyləyirsən, bəzisini toplayıb özünlə götürürsən.
Saysız-hesabsız bitkilər ərazini həm də arıçılar üçün əlverişli edib. Arıçılar təbiətin səxavətindən ehtiyatla faydalanmağa çalışırlar. Şahbuz balının dadına isə dad çatmaz, bazarlarda adı ilə tanınır.
Yolüstü öz zəhmətlərinin məhsulu olan balla yanaşı, kənd adamlarının hazırladığı və satışa çıxardığı mürəbbə və kompotlar da diqqətimizdən yayınmır. Baldırğan turşusunu çox az adam tapılar ki, xoşlamasın. Nəinki turşusunu, mürəbbəsini belə, buradan tapmaq olar. Qızılgülün, həmərsin çiçəyinin, cəvizin mürəbbəsi, tut, həmərsin doşabı, saymaqla bitməyən nemətlər. Həm qiyməti münasib, həm də cana faydalı. Yoldan ötən yolçunu həm təbiətin yetişdirdiyi, həm də insan əlinin zəhməti ilə yoğrulan nemətlər əyləyər.
Təbiətlə təmas insana rahatlıq bəxş edir, həm sağlığına, həm də zövqlü anlar yaşamasına imkan verir. Siz də yay istirahətinizi səmərəli keçirmək istəyirsinizsə, təbiətin füsunkar gözəli Batabata gəlin.

Ruhiyyə RƏSULOVA
Naxçıvan televiziyasının baş redaktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4829863
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
10986
17982
28968
364923
4829863

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter