24 Yanvar 2017, Çərşənbə axşamı

ARXİV

Yanvar 2016
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərin tərkib hissəsi kimi məşğulluq probleminin həlli mühüm əhəmiyyət kəsb edir. Son illər Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi, istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına və əhalinin işlə təminatına əsaslı zəmin yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaratmış, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar açmışdır. Dövlət pro­qramına uyğun olaraq, əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi üzrə təhlillər aparılmış, əmək bazarının tələbinə uyğun peşə kursları təşkil edilmiş, işaxtaranlar mövcud olan vakansiyalar üzrə işlə təmin edilmiş, sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu diqqət mərkəzində saxlanılmış və nəticədə, muxtar respublikada 6 min 364 yeni iş yeri açılmışdır. Qeyd olunan dövrdə 39 hüquqi şəxs dövlət qeydiyyatına, 5 min 157 fiziki şəxs isə sahibkarlıq uçotuna alınmışdır. Bu dövrdə vaxtaşırı monitorinqlər keçirilmiş və işəgötürənlər tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət gücləndirilmişdir. Müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədilə 189-u özəl olmaqla, ümumilikdə, 383 müəssisədə sorğu keçirilmişdir.

Dövlət proqramına uyğun olaraq, muxtar respublikanın əmək bazarında əcnəbi işçiyə olan tələbatın müəyyənləşdirilməsi üçün proqnoz tərtib olunmuş, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə muxtar respublika ərazisində iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotaları təsdiq edilmişdir. Həmçinin “Naxçıvan Biznes Mərkəzi” MMC-də işəgötürənlərlə görüşlər keçirilmiş, onlara əcnəbi işçilərə olan tələbatın maksimum səviyyədə yerli əmək ehtiyatları hesabına təmin edilməsinin zəruriliyi və əmək bazarının tələbinə uyğun yaradılmış peşə kursları barədə məlumatlar verilmişdir.
Aktiv məşğulluq tədbirləri də dövlət proqramında nəzərdə tutulmuş tələblər əsasında yerinə yetirilmiş, ötən iki il ərzində məşğulluq xidməti orqanlarında qeydiyyatda olan 5 min 537 işaxtaran işlə təmin edilmişdir. Keçirilən əmək yarmarkaları bu baxımdan mühüm rol oynamışdır. Ümumiyyətlə, 2014-2015-ci illərdə keçirilmiş əmək yarmarkaları vasitəsilə 1627 nəfər, o cümlədən təhsil yarmarkalarında 220, səhiyyə yarmarkalarında isə 24 nəfər öz peşə və ixtisaslarına uyğun işlə təmin edilmişdir. Proqramın icrası gənclərin asudə vaxtının səmərəli təşkili və əmək vərdişlərinin möhkəmləndirilməsinə də mühüm töhfələr vermişdir. Belə ki, gənclər tətil günlərində mövsümi və haqqıödənilən ictimai işlərə göndərilmiş, ötən dövrdə 21 tələbə öz ixtisasına uyğun, 18 tələbə isə müvəqqəti xarakterli işlə təmin edilmişdir. Mütəmadi olaraq məşğulluq mərkəzləri tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmişdir. Ötən iki il ərzində məzunlardan 111-i Naxçıvan Regional Peşə Tədris Mərkəzində peşə kurslarına cəlb edilmişdir ki, onlardan 12-si sağlamlıq imkanları məhdud şəxslərdir. Bütün bunların nəticəsidir ki, son illər muxtar respublikada işsizlik statusu və müavinəti təyin edilməmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi əhalinin məşğulluğuna birbaşa təsir edən amillərdəndir. Buna görə də bəhs olunan dövrdə muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən kiçik və orta sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması məqsədilə 82 milyon 286 min manat həcmində güzəştli şərtlərlə kredit verilmişdir. Bu dövrdə Sahibkarlığa Kömək Fondu tərəfindən maliyyələşdirilmiş sahələr də daxil olmaqla, ümumilikdə, 732 yeni iş yeri açılmışdır. Fond tərəfindən maliyyələşdirilmiş digər layihələrin icrası başa çatdıqdan sonra daha 595 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Sahibkarlığa yeni başlamaq istəyən şəxslər üçün müvafiq kurslar keçirilmiş, İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış “Operativ əlaqə sistemi” vasitəsilə 117 sahibkarlıq subyektinə mütəmadi olaraq məsləhət, informasiya xidmətləri göstərilmişdir. Həmçinin “Naxçıvan Biznes Mərkəzi” MMC-də sahibkarlığa yeni başlamaq istəyən şəxslər və sahibkarlar üçün kurslar təşkil edilmişdir. Muxtar respublikada aparılan geniş quruculuq tədbirləri də yeni iş yerlərinin açılmasına əlverişli şərait yaradır. Qəsəbə və kəndlərdə istifadəyə verilən xidmət mərkəzləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Ötən dövrdə gözəllik salonları, bərbərxana və dərzi sexlərində 88 nəfər müvafiq peşələr üzrə işlə təmin edilmişdir.
Əmək bazarının tələbinə müvafiq olaraq, işaxtaranların peşə hazırlığının təşkili də diqqət mərkəzində saxlanılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində 16 peşə sahəsi üzrə kurslar təşkil edilmiş, peşə kurslarında 796 nəfər iştirak etmişdir. Həmçinin Təhsil Nazirliyinin tabeliyində olan peşə məktəblərində təşkil olunmuş peşə kurslarında 6 min 799 müdavim iştirak etmişdir. Bundan başqa, ötən dövrdə məişət, iaşə, istehsal, ticarət və təhsil sahələrində çalışan işçilər üçün peşə standartlarının tətbiqi məqsədilə 18 seminar keçirilmişdir. Təhsil müəssisələrinin və şadlıq saraylarının xidmət işçiləri üçün “İctimai iaşə obyektlərinin fəaliyyətlərinə dair tələblər” hazırlanmış, xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində kurslar təşkil edilmişdir.
Bu gün xalq sənətkarlığı sahələrinin dirçəldilməsi bir tərəfdən milli dəyərlərimizin yaşadılmasına, digər tərəfdən isə yeni sənətkarların yetişməsinə və istedadlı gənclərin məşğulluğunun təmin olunmasına xidmət edir. Bu səbəbdən də dövlət pro­qramının icrası zamanı xalq tətbiqi sənəti növləri üzrə kursların keçirilməsinə diqqət artırılmış, müdavimlərə xalçaçı, misgər və ağac üzərində oyma sənətlərinin sirləri öyrədilmişdir. “Naxçıvan Biznes Mərkəzi” MMC-nin tabeliyində fəaliyyət göstərən “Xalq Yaradıcılığı Emalatxanası”nda ağac üzərində oyma, xalçaçılıq, rəssamlıq və dekorativ-tətbiqi sənət növləri üzrə sahələr fəaliyyətə başlamış, 5 xalçaçı emalatxanada daimi işlə təmin olunmuşdur. Həmçinin emalatxanada sağlamlıq imkanları məhdud 9 nəfər ağac üzərində oyma sənəti üzrə təcrübəyə cəlb olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, “Dizayn Holdinq” Şirkətlər İttifaqının və “Gəmiqaya Mebel Fabriki” MMC-nin nəzdində mis üzərində döymə, ağac üzərində oyma, vitraj və dekorativ-tətbiqi sənət sahələri yaradılmış və mütəmadi kursların keçirilməsinə nail olunmuşdur. Qeyd olunan dövrdə “Naxçıvan Biznes Mərkəzi” MMC tərəfindən 49 fiziki şəxslə əlaqə yaradılaraq sərgi-satış məqsədilə 620 adda rəsm və əl işi qəbul edilmiş, əvvəlki illərdə qəbul edilənlər də daxil olmaqla, 24 min 671 manat dəyərində əl işlərinin satışı həyata keçirilmişdir. Mərkəzin “Xalq Yaradıcılığı Emalatxanası”nda toxunan 8 xalça satışa çıxarılmışdır.
“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda sosial cəhətdən həssas əhali qruplarının məşğulluğu üzrə müvafiq tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur. Bu kateqoriyadan olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dövlət və özəl müəssisələrdə işlə təmin olunması diqqətdə saxlanılmış, sağlamlıq imkanları məhdud 171, hərbi xidmətdən tərxis olunan 102, cəzaçəkmə müəssisəsindən azad edilən 6 nəfər münasib işlə təmin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş və sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə Naxçıvan Şəhər Tədris-Ticarət Mərkəzində onlar tərəfindən hazırlanan 23 rəsm, 285 əl işi və 32 xalça satışa çıxarılmışdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 53 məhdud fiziki imkanlı şəxsin rəsm və əl işlərindən ibarət sərgi-satış müsabiqəsi keçirilmiş, müsabiqəyə 34 rəsm və 137 əl işi çıxarılmışdır. Bundan başqa, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən xalq yaradıcılığı sərgisində bu kateqoriyadan olan şəxslərin 53 əl işinin satışı təşkil edilmişdir. Ötən illər ərzində “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” adlı sosial layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan 27 şəxslə müqavilə bağlanmış, onlar zəruri ləvazimatlarla təmin olunmuşlar. Sağlamlıq imkanları məhdud qadınların müvəqqəti məşğulluqlarını təmin etmək məqsədilə müvafiq kateqoriyalı 34 nəfərlə müqavilə bağlanmış, 5 min 466 cüt yun corab və 640 şərf toxunaraq hərbi hissələrə təhvil verilmişdir.
Müvafiq kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası məqsədilə 161 sağlamlıq imkanları məhdud, 2 cəzaçəkmə müəssisəsindən azad olunan şəxslər və hərbi xidmətdən tərxis olunan 20 nəfər peşə kurslarına cəlb edilmiş, bu dövrdə ünvanlı dövlət sosial yardımı almaq üçün şəhər və rayon Əhalinin Sosial Müdafiəsi mərkəzlərinə müraciət edən aztəminatlı ailələrin əmək qabiliyyətli 324 üzvü münasib işlə təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mütəmadi tədbirlər keçirmişdir. Bu məqsədlə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında, Naxçıvan şəhərində yerləşən Tədris-Ticarət Mərkəzinin əl işləri mağazasında və Novruz bayramı münasibətilə təşkil olunan sərgi-satışda 51 istedadlı qadının 305 rəsm və əl işinin satışı təşkil edilmişdir. Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində “Naxçıvan Muxtar Respublikası – 90” mövzusunda istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışı keçirilmiş, 157 qadının 343 rəsm və əl işi nümayiş olunmuşdur. Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda təşkil olunan sərgi-satışda isə 126 qadının 753 rəsm və əl işi nümayiş etdirilmişdir. İstedadlı və bacarıqlı qadınlar ötən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən xalq yaradıcılığı sərgisində də fəal iştirak etmiş, 123 qadının 672 əl işi sərgilənmişdir.
Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində məhkumların məşğulluğunun təmin olunması vacib məsələdir. Dövlət proqramına uyğun olaraq, müəssisənin təlim-tədris bölməsinin maddi-texniki bazası gücləndirilmiş, 5 kompüter dəsti alınaraq məhkumların istifadəsinə verilmişdir. 2014-2015-ci illərdə 49 məhkum misgər, kompüter istifadəçisi, ağac üzərində oyma və qazanxana maşinisti peşələri üzrə təşkil edilmiş kurslara cəlb edilmiş, onların hazırladıqları 83 rəsm və əl işinin sərgi və satışı təşkil edilmişdir. Bu sahədə işlərin daha səmərəli təşkili, peşə kurslarının fəaliyyətinin təmin olunması məqsədilə Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni istehsalat binası tikilir.
Ötən dövrdə işçilərin əmək hüquqlarının təmin edilməsi məqsədilə qeyri-formal məşğulluğun qarşısının alınması, işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının reallığı əks etdirməsinə də nəzarət gücləndirilmişdir. Naxçıvan Regional Peşə Tədris Mərkəzində əməyin mühafizəsi və əmək münasibətlərinin tənzimlənməsi üzrə mütəxəssislərin biliklərinin artırılması məqsədilə təşkil olunan kurslar bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm rol oynamışdır. Bunun nəti­cəsidir ki, 2014-2015-ci illər ərzində 712 sahibkarlıq obyektində 520 yeni əmək müqaviləsi bağlanmış, 1495 əmək müqaviləsində əməkhaqların real göstərilməsinə nail olunmuşdur. Əmək müqaviləsinin bağlanmamasına görə 3 fiziki şəxsə 3 min manat məbləğində cərimə tətbiq olunmuş, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməməsi səbəbindən 217 işçi tikinti sahəsindən uzaqlaşdırılmış, 484 işçi həmin vasitələrlə yerində təmin edilmişdir. Aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə 47 halda icrası məcburi olan göstəriş verilmiş, əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə 12 vəzifəli şəxsə 12 min 200 manat məbləğində cərimə tətbiq edilmişdir. Ötən illər ərzində 949 müəssisədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə- əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasına nail olunmuşdur.
Muxtar respublikada əməkçi miqrantların çalışdıqları iş yerlərində müvafiq statusa və fərdi icazələrə malik olmalarına və onların əmək fəaliyyətlərinin qanuniliyinə ciddi nəzarət edilir. 2014-2015-ci illərdə Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən tikinti, emal və digər sahələrdə çalışan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazələrinə malik olmaları, habelə iş icazələrində nəzərdə tutulmuş vəzifələr üzrə işləmələri, iş icazələrinin qüvvədəolma qaydaları nəzarətdə saxlanılmış, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 21 əcnəbi aşkar edilərək onlar haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tədbirləri tətbiq edilmiş, işəgötürənlər əmək miqrasiyası sahəsində maarifləndirilmişdir.
İşaxtaranlara əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatların çatdırılması bu gün qarşıda duran əsas məşğulluq tədbirlərindəndir. Dövlət Məşğulluq Xidmətinin (www.isaxtar.nmr.az) internet saytının hazırlanması bu mənada, mühüm əhəmiyyətə malik olmuşdur. Həmçinin bu sahədə müvafiq stimullaşdırıcı tədbirlər də görülmüşdür. Belə ki, 2015-ci ilin yanvar ayında işəgötürənlərin həvəsləndirilməsi məqsədilə “Ən fəal işəgötürən” nominasiyası üzrə müsabiqə təşkil edilmiş və qaliblər mükafatlandırılmışlar.

“2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların səmərəli məşğulluğunun təmin edilməsinə və peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına əsaslı zəmin yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

778691
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2893
7339
10232
243107
778691

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter