07 Dekabr 2021, Çərşənbə axşamı

Sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin real həyata uzlaşması, bir fərd olaraq özünəqulluq və özünəxidmət bacarıqlarına malik olması, müstəqil yaşam vərdişlərinə yiyələnməsi, fiziki və əqli inkişaf səviyyəsinə uyğun olaraq təhsil alması onların inkişafını şərtləndirən əsas amillərdən biridir. Muxtar respublikamızda da xüsusi qayğıya ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır, onların yüksək səviyyədə təhsil almasına, asudə vaxtlarının səmərəli təşkilinə, cəmiyyətə inteqrasiyasına həssaslıqla yanaşılır. Onlarla bağlı qanunvericilik sistemində yeni təminatların təsbit edilməsi dövlətin uşaqlara göstərdiyi diqqətin ifadəsi olmaqla yanaşı, həm də onların cəmiyyətə inteqrasiyasına təkan verən amildir. 

Həyata keçirilən tədbirlər bu kateqoriyanın nümayəndələrinin sosiallaşmasına, sağlam həyat tərzinə, təhsilə maraqlarının artmasına, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradır. Sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlbi onların cəmiyyətə inteqrasiyasının ilkin mərhələlərindən biri hesab olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın da məqsədi sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, inklüziv təhsilə keçid imkanlarının artırılması, distant təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Proqramda nəzərdə tutulmuş tədbirlərin icracı məqsədilə sağlamlıq imkanları məhdud uşaqların əqli və fiziki potensialları nəzərə alınmaqla məktəbəqədər və ümumtəhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərinə cəlbi istiqamətində təhlillər aparılmış, 56 şagird ümumtəhsil müəssisələrinə cəlb edilmişdir. Həmin uşaqların hər biri dövlət qayğısı ilə əhatə olunmuşdur ki, bu da onların həyatında və inkişafında mühüm əhəmiyyətə malikdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə məşğul olacaq təhsilverənlərin inklüziv təhsil üzrə bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılmış, Naxçıvan Müəllimlər İnstitutu ilə birgə təhlillər aparılmış, təşkil olunacaq seminarlara müvafiq müəllim və məktəb psixoloqlarının cəlbi nəzərdə tutulmuşdur.

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqlar təhsilə cəlb edilərkən əqli və fiziki imkanlarının müxtəlifliyi, xüsusilə nəzərə alınır. Belə ki, muxtar respublikada eşitmə və hərəkət qabiliyyəti məhdud uşaqlar üçün distant dərslər təşkil olunur, görmə qabiliyyəti məhdud uşaqlar xüsusi ibtidai məktəbə cəlb edilir. Dövlət proqramında da bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. 2021-2022-ci tədris ilində Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin I sinfinə 1, II sinfinə 3, III sinfinə 2, IV sinfinə 1 olmaqla, ümumilikdə, 7 şagird cəlb edilmişdir.
Proqramın əhatə dairəsinə daxil olan uşaqlarla təhsilin təşkilində maddi və digər tələbatların ödənilməsi stimullaşdırıcı əhəmiyyət daşıyır. Bu məqsədlə həyata keçirilən tədbirlər sağlamlıq imkanları məhdud uşaqların dövlət qayğısı ilə əhatə olunmasının əsas göstəricilərindəndir. Dövlət proqramının icrasına uyğun olaraq cari ilin sentyabr ayında tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud uşaqlara məktəbli geyimi və ləvazimatların verilməsi ilə bağlı ümumtəhsil məktəblərində təhsil alan hər iki valideynini itirən 93, sağlamlıq imkanları məhdud 295 və aztəminatlı ailələrin 115 uşağı olmaqla, ümumilikdə, 503 sosial qayğıya ehtiyacı olan uşaq məktəbli formaları və ləvazimatları ilə təmin edilmişdir.
Muxtar respublikada bu sosial kateqoriyadan olan şəxslərin təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından kənarda qalmaması üçün görülən işlər davamlı xarakter almışdır. Bu baxımdan ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi mühüm önəm kəsb edir. Bu baxımdan 2021-ci ilin ötən dövründə Dövlət proqramının icrası istiqamətində görülən işlər nəticəsində Naxçıvan Şəhər Peşə Liseyinin bərbər-manikürçü və Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin xalçaçı kurslarının hər birindən 1 nəfər olmaqla, ümumilikdə, 2 sağlamlıq imkanları məhdud uşaq kursu başa vuraraq sertifikat almışdır. Naxçıvan Şəhər Peşə Liseyinin xalçaçı kursuna isə bu kateqoriyadan olan 1 uşaq cəlb olunmuşdur. Hazırda bu kursun dərsləri davam edir.
İdrak fəaliyyəti, nitq, davranış və şəxsiyyət problemlərinin aradan qaldırılmasında sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili müstəsna əhəmiyyət daşıyır. Uşaqların intellektual və mənəvi inkişafı, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakının təmin edilməsinə yönələn tədbirlər davam etdirilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə tədbirlərin keçirilməsi, onların məktəbdənkənar müəssisələrə cəlb edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Yay tədbirlər planı”na uyğun olaraq keçirilən əl işlərindən ibarət sərgiyə 36 sağlamlıq imkanları məhdud uşaq cəlb edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR