22 Sentyabr 2021, Çərşənbə

Muxtar respublikada əhalinin yerli və ekoloji cəhətdən təmiz meyvə-tərəvəz məhsullarına olan tələbatını ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Dövlət proqramının başlıca məqsədi muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsulları ilə təmin etməkdən ibarətdir. Sevindirici haldır ki, bu gün muxtar diyarımızda aqrar bölmənin inkişaf etdirilən bütün sahələri içərisində tərəvəzçiliyin də xüsusi yeri vardır. Daim qida rasionumuzda mühüm yer tutan tərəvəz məhsulları insanların qidalanmasında mühüm rol oynayır.

Qeyd edək ki, tərəvəz əkinləri birillik, ikiillik və çoxillik formalarda olmaqla, 3 qrupa bölünür. Tərəvəz bitkiləri vegetasiya müddətlərinə tezyetişən (faraş) və gecyetişən olur. Tezyetişənlərin vegetasiya müddəti 25-40, gecyetişənlərin vegetasiya müddəti isə 80-120 günə bərabərdir.
Muxtar respublikamızın torpaq-iqlim şəraiti tərəvəz bitkilərinin ildə iki dəfə, yəni təkrarən əkilməsinə imkan verir. Bu sahəyə göstərilən hərtərəfli dövlət dəstəyinin nəticəsidir ki, torpaq mülkiyyətçiləri bəzi tezyetişən, vegetasiya müddəti az olan tərəvəz bitkilərinin təkrar, yəni ildə iki dəfə əkilməsini həyata keçirirlər. İldə iki dəfə əkilən tərəvəz növlərindən xiyarı, səbzəni, göy lobyanı, soğan və digərlərini göstərmək olar.
Muxtar respublikamızda təkrar tərəvəz əkinlərin keçirilməsi, əsasən, taxıl və arpa biçinindən, bəzən də yazda tezyetişən kartof məhsulunun yığımından sonra həyata keçirilir. Ötən illərdə olduğu kimi 2021-ci təsərrüfat ilində də təcrübəli sahibkarlar tərəfindən vahid torpaq sahəsindən ikinci dəfə təkrarən əkilib yüksək məhsul götürülməsinə xüsusi önəm verilir.
Təkrar tərəvəz əkinləri iyulun 25-dən başlayaraq avqustun 20-nə qədər başa çatdırılmalı, kompleks aqrotexniki tədbirlər optimal müddətdə həyata keçirilməlidir. Torpaq mülkiyyətçiləri bilməlidirlər ki, təkrar əkinlərin aparılması üçün mexaniki tərkibi yüngül, münbit və su saxlama qabiliyyəti yüksək olan sahələr seçilməlidir. Məlumdur ki, daim əkilib-becərilən torpaqlar öz münbitliyini tədricən itirir. Münbitliyinin bərpa olunması üçün əkinçilər həmin sahələri mineral və üzvi gübrələrlə təmin etməlidirlər. Ancaq münbitliyin artırılması torpağın analizinin aparılması yolu ilə həyata keçirilməli, çatışmayan üzvi və mineral maddələrin elmi əsaslara uyğun olaraq torpağa verilməsi təmin edilməlidir. Hər bir torpaq mülkiyyətçisi yüksək məhsul əldə etmək üçün torpağın analiz olunmasını diqqətdə saxlamalı, üzvi və mineral gübrələrdən tam səmərəli istifadə etməlidir. Torpaqda hansı qida maddələrinin çatışmadığını və hər hektar torpaq sahəsinə hansı gübrədən və nə qədər verilməsini müəyyən etməklə təkrar əkinlərdən yüksək məhsul götürüb bolluq yaratmaq olar.

Xaliq ABBASOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR