18 Sentyabr 2021, Şənbə

Qayğı və diqqətə, həssas münasibətə həmişə ehtiyacı olan fiziki imkanları məhdud insanların sosial müdafiəsinin gücləndirilməsi dünya ictimaiyyətini düşündürən əsas məsələdir. Onların reabilitasiyasına, cəmiyyətə inteqrasiyasına mühüm sosial vəzifə olaraq yanaşılan ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda bu qəbildən olan insanların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. 

Belə uşaqlara göstərilən diqqət sayəsində onların gözlə görünən məhdudiyyətləri kölgədə qalır. Bəzən qüsuruna görə valideynlərin imtina etdiyi uşağa dövlət ata-analıq edir, belə uşaqlara cəmiyyətin ağrı-acısı kimi yanaşmır, onlara sağlam vətəndaşlara bəslənən xoş münasibəti, qayğını göstərir. Çünki onlar təfəkkürün inkişafına görə normal insanlardan seçilmirlər.

Son illər doğma diyarımızda gələcəyimizi etibar edəcəyimiz uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisələrin yaradılması, onların hər cür şəraitlə təmin olunması dövlətimiz tərəfindən həyata keçirilən prioritet vəzifələrdəndir. Bu qayğının davamı kimi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzini misal göstərmək olar. Yaxın günlərdə adıçəkilən ünvana getməkdə məqsədimiz lazımi şəraitlə təchiz edilən müəssisənin fəaliyyəti ilə yaxından tanış olmaq idi.
2010-cu il oktyabr ayının 5-də məhdud fiziki imkanlı uşaqlar üçün istifadəyə verilən Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyətinin əsasını muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud şəxslərin informasiya texnologiyaları vasitəsilə sosial reabilitasiyası təşkil edir. Mərkəzin direktoru Minurə Musayevanın sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” mərkəz əməkdaşlarının məsuliyyət hissini daha da artırıb, proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün yaradılmış şəraitdən səmərəli istifadənin səviyyəsini daha da yüksəltməyə ruhlandırıb. Hazırda mərkəzdə brayl kitabxana, eşitmə qabiliyyəti məhdud şəxslər üçün elektron kitabxana, görmə qabiliyyəti məhdud şəxslər üçün audiokitabxana xidməti, kinekt və intellektual oyunlar üçün otaqlar, əmək və musiqi terapiyası otaqları mövcuddur. Mərkəzdə görmə qabiliyyəti məhdudlar üçün brayl displeylər, sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, həmçinin yazı formatında olan kitabları səsləndirən oxu maşını, audiokitabxana fondunu zənginləşdirmək üçün audiostudiya, subtitrli filmləri nümayiş etdirmək üçün kinozal da fəaliyyət göstərir.

Cari il ərzində də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə Naxçıvan şəhərindən və muxtar respublikanın rayonlarından sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların və fiziki imkanları məhdud şəxslərin cəlbi davam etdirilib. Mərkəzdə fəaliyyət göstərən bütün bölmələrə bu kateqoriyadan olan 88, həmçinin mərkəzin defektoloji bölməsinin Şərur rayon filialına 26, Ordubad rayon filialına isə 24 sağlamlıq imkanları məhdud uşaq cəlb edilməklə, ümumilikdə, 138 nəfərlə reabilitasiya tədbirləri aparılıb. Bəhs olunan dövr ərzində mərkəzin Defektoloji bölməsinin təlim məşğələlərinə 52, kinekt oyunlar otağına 20, məhdud fiziki imkanlıların kompüter kurslarına 20, əmək terapiyası otağına 29, musiqi terapiyası otağına 28, təlim bərpa otağına 9, psixoloji dəstək xidmətinə isə 36 sağlamlıq imkanları məhdud uşaq cəlb edilib. Müvafiq dövrdə mərkəzdə fəaliyyət göstərən Distant Tədris Mərkəzində 12 hərəkət qabiliyyəti məhdud şagirdin və eşitmə məhdudiyyətli şəxslər üçün fəaliyyət göstərən distant tədris kursunda 8 sağlamlıq imkanları məhdud uşağın distant tədrisi diqqətdə saxlanılıb. Mərkəzin kitabxanasında görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə bir bədii kitab və “Könül işığı” adlı jurnalın üç nömrəsi, eləcə də uşaqlar üçün “Şəfəq” jurnalının 1 nömrəsi çap olunub. Bu kateqoriyadan olan şəxslərin istifadəsi üçün yaradılmış audiokitabxana xidmətinə 7 audio­əsər və “Könül işığı” adlı jurnalın üç nömrəsi mərkəzin audiostudiya otağında səsləndirildikdən sonra montaj olunaraq yüklənib. Ümumilikdə, bu dövrdə mərkəzin audiokitabxana xidmətindən istifadə edərək görmə məhdudiyyətli şəxslər tərəfindən 1185 əsər dinlənilib.
Minurə Musayevanın sözlərinə görə, fiziki imkanları məhdud bir uşağın təhsilində ana və atanın iştirakının təmin edilməsi başlıca şərtlərdəndir. Çünki ana və ata uşağın təhsilində iştirak etdiyi təqdirdə qarşıya qoyulmuş məqsədlərə çatmaq daha asan olur. Bəzi valideynlər bu işdə hər şeyin müəllimdən asılı olduğunu düşünürlər. Unutmayaq ki, heç bir pedaqoqun əlində sehrli çubuq yoxdur. Ona görə də ata-ananın da üzərinə mühüm vəzifələr düşür. Onu da qeyd edim ki, fiziki imkanları məhdud uşağı olan anaların təhsil səviyyələri eyni olmadığından bəziləri uşaqların qüsuru haqqında lazımi və doğru biliyə sahib deyillər. Ona görə də müəyyən səhvlərə yol verilir ki, bu da qəbul­edilməzdir. Bu qəbildən olan uşaqlar gündəlik həyata, şəhər və cəmiyyət həyatına çox məhdud ölçüdə qarışırlar. Fiziki məhdudluğun bir faciə olmadığını həmin valideynlərə izah etmək vacibdir. Məhdud fiziki imkanlı uşaqların mümkün qədər müstəqil olması üçün öz-özünə kafi vəziyyətə gəlməsinə əhəmiyyət verilməli, bu məqsədə çatmaq üçün ailə psixoloji və sosioloji olaraq hazırlanmalıdır.

Mərkəzin psixoloqu Ağabəyim Bağırova deyir ki, bir çox ailələr uşaqlarının məhdud fiziki imkanlı olmasını qəbul edə bilmir, ondan utanc duymaq kimi hərəkətlərə yol verirlər. Onsuz da həmin uşaq bu kimi vəziyyətlər qarşısında daha çox özünə yönəlir, içinə qapalı bir psixika ilə həyatını yaşamağa başlayır. Belə bir yaşayış müddətində uşaq inkişaf pillələrini nizamlı bir şəkildə tamamlaya bilmədiyindən yaşıdlarına görə geri qalır və bu nizamsızlıqları bir-birini izləyir. Fiziki imkanları məhdud uşağa sahib olan ailələr uşağının təhsil müddətində ortaya çıxa biləcək problemlər qarşısında bir dəstəyə və professional bir köməyə ehtiyac duyurlar.
Mərkəzə gəlmişkən buraya cəlb edilmiş uşaqlarla da görüşür, onlardan biri ilə yaxından tanış oluruq. Aysu Əliyeva 12 yaşındadır. Anası Xumar xanım bizimlə söhbətində bildirir ki, uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən, həm hərəkət qabiliyyətinin məhdudluğu, həm də nitq qüsuru olan övladının taleyindən əvvəllər çox nigaran olublar. Lakin Aysu Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant tədrisə cəlb olunduqdan sonra onda xeyli irəliləyişlər müşahidə edilir. Belə ki, artıq nisbətən sərbəst danışmağı öyrənib, eyni zamanda yazmaq vərdişlərini də xeyli təkmilləşdirib. Distant təhsilin övladının həyatında böyük rol oynadığını bildirən Xumar xanım indi gələcəyə daha ümidlə baxdığını qeyd edir. Deyir ki, əvvəllər belə bir mənfi tendensiya vardı: məhdud fiziki imkanlı uşaq cəmiyyətdən gizlədilir, valideynlər onlar barədə danışmaq istəmir, ya da belə uşaqlardan imtina olunurdu. Amma bu gün bu məsələyə dövlət səviyyəsində münasibət sistemi formalaşıb. Bu gün fiziki imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğı muxtar respublikamızda hərtərəfli inkişafın və insan amilinə verilən yüksək dəyərin göstəricisidir. Məhz bu addım sağlamlıq imkanları məhdud uşaqların təhsil almaq hüququnu təmin etməklə, onları cəmiyyətin fəal bir üzvünə çevirir, hər kəs üçün bərabərhüquqlu yaşayış təmin edilir. Valideynlərə bu sevinci bəxş edənlər sağ olsunlar!
Bir zamanlar bəzi valideynlərin gözdağı hesab etdikləri bu balaca fidanlar indi dövlətimizin hərtərəfli qayğısı əhatəsindədirlər. Valideynlər də bunu görür və dəyərləndirirlər. Unutmayaq ki, bir insanın fiziki imkanlarının məhdud olması heç də onun sıralarımızdan geri qalması demək deyil. Fiziki baxımdan məhdud imkanlı elə insanlar var ki, onlar mənəvi cəhətdən bəzi sağlam adamlardan da faydalıdır. Çünki fiziki məhdudluq zahiri əlamətdir, elə insanların mənəviyyatı əksər hallarda sağlam olur.
Mərkəzdə gəldiyim qənaət belə oldu ki, onlar heç də tək deyillər və bu həqiqəti özləri də dərk edirlər.

 Gülcamal TAHİROVA

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR