21 Sentyabr 2021, Çərşənbə axşamı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqədə qalib gəlmiş “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti Təhlükəsizlik İdarəsinin əməkdaşları mükafatlandırılıb. Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Eyvaz Əsgərov açaraq müsabiqənin və qazanılan uğurun əhəmiyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru Mahir Əliyev çıxış edərək dəmir yollarının təhlükəsizliyi sahəsində görülən işlərdən danışıb, yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıq edib. Bildirilib ki, bu gün muxtar respublikamızda elə bir müəssisə, təşkilat, xidmət və istehsal sahəsi tapa bilməzsən ki, orada əməkçi insanlar üçün münbit iş şəraiti yaradılmasın. Belə şəraitin nəticəsində “Naxçıvan Dəmir Yolları” MMC Təhlükəsizlik İdarəsi üzrə sağlam həyat, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi istiqamətində bir çox səmərəli tədbirlər reallaşdırılır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov bildirib ki, əməyin mühafizəsi və təhlükəsizliyi şuranın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Şuranın Tədbirlər Planına uyğun olaraq ilk təşkilatlarda, xüsusilə əməyin mühafizəsinə ciddi ehtiyac duyulan müəssisələrdə olur, maarifəndirici tədbirlər keçirir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hər il “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında təşkil olunan müsabiqələrdə iştirak edirlər.
Qeyd edilib ki, “Naxçıvan Dəmir Yolları” MMC-nin Təhlükəsizlik İdarəsi 2020-ci il üçün nəzərdə tutulan müsabiqədə fəal iştirak edib, təşkilatın fəaliyyətini əks etdirən sənədlər Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının İcraiyyə Komitəsinin 2021-ci il 3 may tarixli Qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına göndərilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Qərarına əsasən həmin idarə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi – 2020” adı uğrunda respublika müsabiqəsinin qalibi olub.
Təhlükəsizlik İdarəsinin kollektivini təbrik edən Anar İbrahimov uğurun əldə olunması, eləcə də sağlam və təhlükəsiz əmək şəraitinin formalaşması üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müsabiqədə qalib gəlmiş “Naxçıvan Dəmir Yolları” MMC Təhlükəsizlik İdarəsinin kollektivinə fəxri diplom və qiymətli hədiyyə, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən isə bir qrup əməkdaşa Fəxri fərman və pul mükafatı verilib. İdarənin rəisi Səxavət Kazımov verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlıq edib, dəmir yolları sahəsində sağlam və təhlükəsiz əmək şəraitinin formalaşması üçün bundan sonra da səylə çalışacaqlarını diqqətə çatdırıb.

 Nail ƏSGƏROV

ARXİV

Sentyabr 2021
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR