21 Aprel 2021, Çərşənbə

Peşə və ya ixtisas seçimi insan həyatının ən vacib mərhələlərindən biridir. Düzgün seçim edilərsə, gələcək həyat, qurulacaq karyera da bu baxımdan daha uğurlu olar. Bu zaman insan həm mənəvi, həm də maddi tərəfdən təmin edilmiş olur ki, bu da ona öz biliyini daha da artırmağa və cəmiyyətə faydalı bir şəxs kimi formalaşmağına zəmin yaradır.

Peşə və ixtisas seçənin zövqünə, biliyinə, bacarıq və qabiliyyətinə, əmək bazarının tələblərinə uyğun gəldikdə o, həmişə işini sevir, onu həvəslə, zövqlə icra edir. Bu seçim düzgün aparılmadıqda isə insan həmişə özündən, öz peşəsindən, ixtisasından narazı olur. Ya bütün həyatıboyu bu narazılıqlar içərisində yaşayır, ya da öz sahəsini dəyişmək, başqa sahələrə üz tutmaq məcburiyyətində qalır. Əlbəttə, peşəni, ixtisası hər yaşda dəyişmək olar, lakin araşdırmalar illər keçdikcə bu cür dəyişikliklərin daha çətin olduğunu göstərir. Ona görə də formalaşmaqda olan gənc nəsli vaxtında həyata düzgün istiqamətdə hazırlamaq məqsədilə ölkəmizdə həmişə peşə və ixtisas hazırlığına prioritet məsələlərdən biri kimi üstünlük verilib. Çünki bu həm də əmək bazarının müasir tələblərə cavab verən kadrlarla təmin olunması deməkdir. Ona görə də gənclərin müəyyən peşəyə və ixtisasa yiyələnməsi, aldığı biliyin mütəmadi artırılaraq təkmilləşdirilməsi aktual məsələlərdən biri sayılır.
Ümummilli liderimiz Heydər Əliyev də bu məsələyə yüksək əhəmiyyət verərək deyirdi: “Hər bir sahənin mütəxəssisi olmalıdır. Hər bir sahənin mütəxəssisi professional təcrübəsi olan adam olmalıdır”.
Qeyd edək ki, bəhs olunan məsələnin muxtar respublikamızda da öz həllini yüksək səviyyədə tapması diqqət mərkəzindədir. Çünki peşəyönümlü məsləhət xidmətləri aktiv məşğulluq tədbirlərindən biridir. Bir məsələ isə, xüsusilə vurğulanmalıdır ki, həmin istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurla başa çatmasını təmin edib. Proqramın icrası dövründə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən 19425 yuxarı sinif şagirdinə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib. Bu illər ərzində proqrama əsasən görülən tədbirlər gənclərin müxtəlif sənət və peşələrə yiyələnmələrinə, nəticə etibarilə, onların məşğulluğunun təmin edilməsinə stimul olub.
Bunun davamı kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif ixtisaslar üzrə peşə hazırlığının, ümumtəhsil müəssisələrinin yuxarı siniflərində peşəyönümlü məşğələlərin və ixtisasartırmanın təşkil edilməsinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Proqramdan irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə tərtib etdiyi qrafikə uyğun olaraq məktəblərin yuxarı sinif şagirdlərinə peşəyönümlü məşğələlər rayon, şəhər məşğulluq mərkəzlərinin məsul işçiləri tərəfindən davam etdirilir. Şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilir.
Gənclər, işaxtaran və işsiz şəxslər belə tədbirlərə cəlb olunmaqla, onlar əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, məşğulluq mərkəzləri tərəfindən göstərilən xidmətlər barədə məlumat alırlar. Onlarla müxtəlif tədbirlər keçirilməklə, təhsil və bacarıqlarına, şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ya ixtisas seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərilir. Həmçinin gənclərə aktiv məşğulluq tədbirləri barədə də məlumatlar verilir. Bu məşğələlərin təşkilində məqsəd birmənalıdır: gənclərin gələcək həyat yollarını müəyyənləşdirərkən istəklərinə uyğun düzgün qərar qəbul edə bilmələrinə köməklik etmək, peşə və ixtisas seçimi haqqında onlara müfəssəl məlumatlar vermək, onları peşə seçməyə hazırlamaq.
Qeyd olunmalıdır ki, əmək bazarındakı real tələbata uyğun olaraq orta məktəblərdə təhsil alanların peşə, sənət, ixtisas seçimi istər valideynlərin, istərsə də müəllimlərin məsləhətlərindən çox asılıdır. Bu amil nəzərə alınmaqla maarifləndirmə və məsləhət tədbirlərinin təşkili zamanı yuxarı sinif şagirdlərinin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması məqsədilə valideynlərin də bu tədbirlərdə iştirakı təmin edilir, onlarla da söhbətlər aparılır.
Şagirdlərin düzgün peşəyə yiyələnmə və ixtisas seçməsi baxımından muxtar respublikada maarifləndirmə, məsləhət, təlim tədbirləri formasında müxtəlif xarakterli digər tədbirlərin də təşkili diqqət mərkəzində saxlanılır. Bu da, əsasən, təhsil müəssisələrində oxuyanların peşə marağının və qabiliyyətlərinin təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır, onlara düzgün seçim etmələrinə yardımçı olur.
Bir məsələni də oxucuların diqqətinə çatdıraq ki, vətəndaşlar yerlərdə fəaliyyət göstərən məşğulluq mərkəzləri ilə əlaqə saxlamaqla iş yerini və əmək rejimini seçmək üçün peşəyönümünə, peşə hazırlığına və yenidən hazırlığa, ixtisasının artırılmasına dair ətraflı məsləhətlər ala bilərlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı yeni Dövlət proqramı gənclərin peşə və ixtisas seçiminə, əhalinin məşğulluğunun təmin olunmasına davamlı dövlət qayğısının ifadəsidir. Belə qayğı həm də müəssisə və təşkilatların, həmçinin özəl sektorun ixtisaslı kadrlarla təminatına öz müsbət təsirini göstərir.

Yasin ƏLİYEV
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbəri

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR