15 Aprel 2021, Cümə axşamı

“Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirələrdə və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda bu sahənin inkişafı ilə bağlı qarşıya konkret məqsədlər qoyulub. Dövlət proqramına uyğun olaraq muxtar respublikaya təcrübəli məşqçilərin dəvət edilməsi, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin təşkili Gənclər və İdman Nazirliyi ilə aidiyyəti qurumların diqqət mərkəzindədir. Son olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “C” kateqoriyalı məşqçilik kursunun keçirilməsi bunun bariz nümunəsidir. Şərur Olimpiya İdman Kompleksində təşkil olunan kursun son mərhələsinə dünən start verilib.

AFFA-nın Məşqçilər şöbəsinin əməkdaşı, futbol üzrə milli komandamızın köməkçi məşqçisi Arif Əsədov, təlimatçılardan İlkin Hüseynov və İlham Əzizzadənin iştirakı ilə keçirilən kursun 3-cü modulunda muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi iştirak edir. Bu modulda iştirakçılardan – gənc məşqçilərdən praktik, şifahi və yazılı imtahan götürüləcək. Yekunda imtahanda uğur qazanan iştirakçılar “C” kateqoriyası alacaqlar.
Naxçıvanda ilk dəfə təşkil olunan kursun sonuncu mərhələsində Hakimlər Komitəsinin Təhsil şöbəsinin rəhbəri Anar Salmanov da iştirak edir. Naxçıvana səfəri ilə bağlı Anar Salmanovun fikirlərini öyrəndik:

“Bundan öncə bir neçə dəfə Naxçıvan Muxtar Respublikasına səfərim olub. Hər dəfə hakimlərin hazırlıqları ilə bağlı səfərimdə gənc hakimlərə yeni qaydalar və təlimatlar barədə keçirilən seminarlarda məlumat vermişik. Bu dəfə gəlməyimin səbəbi isə Naxçıvanda təşkil olunan “C” kateqoriyalı məşqçi kursunda iştirak edən məşqçilərə qaydalar haqqında məlumat verməkdir. Həmçinin səfər zamanı burada hakimliklə məşğul olan referilərlə görüş keçirildi. Görüşün səbəbi ilk olaraq qaydalarda olan dəyişikliklər barədə məlumat vermək idi. Bununla yanaşı, videogörüntü vasitəsilə hakimlərə dəyişiklikləri də izah etdik və qaydalar barədə danışdıq. Şərurda təşkil olunan kursun son günlərində isə məşqçilərə videosüjetlərlə qaydalar göstəriləcək və onlarla müzakirələr aparılacaq. Onu demək istəyirəm ki, bu kateqoriyada məşqçilərin qaydaları öyrənməsi çox yaxşı haldır. Çünki istər futbolçular, məşqçilər, istərsə də hakimləri birləşdirən bir vasitə var – oyun qaydaları. Bu qaydaları hər kəs bilərsə, o zaman meydanda oyun vaxtı etirazlar da az olar. Kateqoriyalara bu dərslərin salınması müsbət haldır. Çünki hər il qaydalar dəyişir, yeni qərarlar qəbul edilir. Məşqçilərin də bunları bilməsi mütləqdir. Çünki onlar da öz növbələrində rəhbərlik etdikləri komandaların futbolçularına bunları çatdırırlar. Hazırda bütün klublar Hakimlər Komitəsinin üzvləri ilə birgə çalışırlar və futbolçular, yeni məşqçiliyə addım atanlar maarifləndirilir. Kursun burada təşkil olunması, eyni zamanda gənc məşqçilərin dəvəti Naxçıvan Futbol Federasiyası ilə AFFA-nın gördüyü müsbət işlərin bəhrəsidir. İnanırıq ki, gələcəkdə bu istiqamətdə aparılan işlər daha geniş vüsət alacaq”.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR