16 Yanvar 2021, Şənbə

Düzgün nitq fikri məntiqli ifadə etmənin əsası, başlıca ünsiyyət vasitəsidir. Səlis nitq çox erkən yaşlardan tədricən formalaşır. Buna görə də uşağın nitqinin formalaşması prosesinə düzgün müdaxilə olunmalıdır, yəni nitqdə olan qüsurlar vaxtında valideynlər və ya mütəxəssislər tərəfindən aşkarlanmalı və korreksiya edilməlidir. Körpə dünyaya gələn gündən onun hərtərəfli inkşafına diqqət ayrılmalı, mütəmadi olaraq göz təması qurulmalıdır. Ona görə ki, nitq inkişafına, ünsiyyət bacarıqlarının formalaşmasına keçid göz təmasından başlayır. Eyni zamanda uşaqla danışarkən düzgün və səlis nitqdən istifadə etməklə, ona əşyalar tanıdılmalıdır. Körpələr müxtəlif əşyaların səsindən qorxursa, onlar həmin səslər olan yerə aparılmamalıdır. Əks halda, bu qorxu körpənin nitqinin ləngiməsinə səbəb ola bilər.

Yuxarıdakı fikirləri ümumiləşdirərək belə deyə bilərik ki, nitq bacarığının formalaşması üçün psixi inkişaf normal səviyyədə olmalıdır. Nitq qarşıdakı insanın dediklərini eşitmək, anlamaq, cavabı beyində hazırlayıb, səsləndirmək kimi mürəkkəb bir prosesdir. Bu səbəbdən də müasir dövrdə nitq qüsurları tibbi reabilitasiya proseslərinin də əsasını təşkil edir. Bu məqsədlə, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində də nitq qüsurlarının aradan qaldırılması, psixi inkişafın təmin edilməsi istiqamətində müxtəlif reabilitasiya işləri aparılır. Mərkəzdə təlim-bərpa, psixoloji dəstək xidməti, defektoloji bölmə, kinekt, əmək terapiyası və musiqi terapiyası otaqları fəaliyyət göstərir ki, bu otaqlarda uşaqların nitq, psixi, böyük və kiçik motor bacarıqlarının inkişafı üçün təlim məşğələləri keçirilir. Eyni zamanda mərkəzə ilk dəfə müraciət edən valideynlərlə psixoloji söhbətlər aparılır, uşağın hansı bölməyə uyğun olduğu müəyyənləşdirilir və müvafiq bölməyə yönləndirilir.

Qeyd etdiyimiz kimi körpə uşaqda nitq ləngiyirsə, onun psixi inkişafdan da qalması qaçılmazdır. Buna görə də Regional İnformasiya Mərkəzində uşaqlara müxtəlif testlər tətbiq olunur. “Psixoloji inkişaf” testi də onlardan biridir. Onu da vurğulayaq ki, uşağın nitqində olan qüsurları tezliklə aradan qaldırmaq üçün ilkin konsultasiya çox vacibdir. Bu zaman loqopedlərimiz uşağın nəfəs aktını və artikulyasiya aparatını – dil və yanaqların vəziyyəti, çənənin, dişlərin quruluşu, sərt, yumşaq damağın vəziyyətini yoxlayır, ona uyğun proqram hazırlayırlar. Əgər uşağın dilində, yanaqlarında nöqsanlar aşkar edilərsə, bu zaman uşağa loqopedik masaj da tətbiq olunur. Həmin masaj loqopediyanın bir hissəsini əhatə edir. Əvvəlcə əzələ tonusu yoxlanılaraq ona uyğun masaj proqramı tərtib edilir. Masaj zamanı uşağın vəziyyətinə fikir vermək lazımdır ki, əzələlərdə heç bir gərginlik olmasın. Bəs təlimə hansı yaşda başlanılarsa, daha uğurlu nəticə əldə etmək olar? Uşağın nitqinin formalaşması 3 yaşında başa çatır. Bu səbəbdən təlimə erkən yaşlarda başlamaq düzgün deyil. Çünki bəzən uşağın nitqində müəyyən qədər yubanmalar da ola bilər. Bu zaman əsas üstünlük uşağın anlama-qavrama qabiliyyətinə verilməlidir. Yəni uşaq ona verilən sualı və müraciəti anlamalı, komandaları yerinə yetirməlidir. Əgər uşağın həm nitqi, həm də anlaması zəifdirsə, bu zaman 2 yaş altı aylığından təlimlərə başlanması uyğun hesab olunur. Ümumiyyətlə, təlimə vaxtında müdaxilə uşağın yaşıdlarından geri qalmamasına, onların sosiallaşmasına şərait yaradır. Bu baxımdan, valideynlər bu məsələlərə həssas yanaşmalı və vaxtında zəruri tədbirlər görülməlidir. Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Muxtar respublikamızda digər uşaqlar kimi sağlamlıq imkanları məhdud uşaqların da gələcəyi, onların sağlamlıqlarının bərpa və reabilitasiyasına göstərilən dövlət qayğısından, yaradılan şəraitdən səmərəli istifadə etməliyik

Hürü Hüseynova
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional
İnformasiya Mərkəzinin müəllim-defektoloqu

ARXİV

Yanvar 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR