02 Dekabr 2020, Çərşənbə

Ailə çox mühüm sosiallaşma amili, tərbiyənin subyekti, uşağın özünüinkişafı, özünütəsdiqidir. Uşaq məhz ailədə ilk dəfə olaraq sosial qarşılıqlı əlaqədə olur, özü üçün insani münasibətlər aləmi açır, özünütərbiyə subyektinə çevrilir. Bu zaman ailə, həmçinin uşağın şəxsiyyət kimi inkişafı prosesində neqativ, mənfi təsirlər də göstərə bilir ki, buna səbəb ailədaxili konfliktlər, ailənin maddi vəziyyəti, güc və zorakılığın tətbiqi, uşağın inkişafına psixi travmaların təsiri, nəhayət, uşağın tərbiyəsinə valideynlərin mənfi münasibətləridir.
Sağlam ailə atmosferinin yaradılması o deməkdir ki, valideynlər uşaqların tərbiyəsi üzrə öz borc və məsuliyyət hissini dərk etsin, ata və ana arasında münasibətlər qarşılıqlı hörmətə əsaslansın, uşaqlar ailə təsərrüfatının həlli məsələlərinə cəlb edilsin, istirahət, idman, turizm, birgə gəzintilər ağıllı, əlverişli və münasib şəkildə təşkil olunsun. Ailə birlikdə musiqi dinləmə, kitab mütaliəsi ilə məşğul olsun, incəsənət və mədəniyyət tədbirlərinə, teatr və kinoya getsin və sair Bütün bunların həyata keçirilməsi, müsbət həlli isə valideynlərin, ailənin yaşlı üzvlərinin biliyi, bacarığı və rəhbərlik üslubunun səviyyəsindən asılıdır.

Valideyn uşağın həyatında, ictimai aləmə, cəmiyyətə qoşulmasında mühüm rol oynayır. Onun şəxsi keyfiyyətləri ailədə uşağın həyatına çox güclü təsir göstərən bir vasitədir. Təsadüfi deyil ki, biz həyatımızın çətin anlarında valideynlərimizi anır, onları düşünür, onlara müraciət edirik. Ətrafdakı insanlara, hadisələrə baxışlarımız, hiss və duyğularımız elə hisslər, duyğular və münasibətlərdir ki, onu digər emosional vəziyyətlərlə müqayisə etmək mümkün deyil. Valideyn və uşaqlar arasındakı doğma, spesifik hisslər belə bir başlıca cəhəti müəyyənləşdirməyə imkan verir ki, əgər uşaqlar valideynlərinin fikrini, davranış tərzini özü üçün etalon, əsaslı nümunə kimi qəbul edirsə, valideynlər də uşağın həyatını qurmağı, ona həmişə qayğılı münasibət göstərməyi bacarmalıdırlar.
Valideyn nümunəsi və avtoriteti (nüfuzu) sosial varisliyin mühüm mexanizmi kimi yaşlı nəslin yetişən nəslə mənəvi-əxlaqi təcrübəsinin ötürülməsidir. Valideyn nümunəsi sosial təcrübənin spesifik formasıdır. Ata və ana uşağın gözündə bu avtoriteti qoruyub saxlamalıdır.
Ailədə uşağın yüksək mənəvi-əxlaqi tərbiyəsində ata və ananın nümunəsi avtoritet olmalıdır. Valideynin həqiqi nüfuzu o zaman yaranır ki, o həm də siyasi və vətəndaşlıq keyfiyyətlərinə malik olsun. Uşaq bilməlidir ki, onun valideynlərindən hər ikisi, yaxud hər hansı biri ictimai fəaliyyəti, görüşləri ilə fərqlənir. Bu zaman uşaq valideynlərinin uğurları ilə fəxr edir.
Valideynin işini layiqincə həyata keçirmək üçün avtoritet ilk özül, bünövrədir. Bu özülü doğru məcraya, müsbət məzmun istiqamətinə yönləndirmək üçün valideynlərin yüksək pedaqoji mədəniyyətə, uşaq tərbiyəsi işində bilik və bacarıqlara yiyələnməsi vacibdir. Bu, ümummədəniyyət bazası və xüsusi hazırlıq əsasında formalaşır. Məqsədin, vəzifələrin təhlili əsasında, tərbiyənin məzmun, forma və metodlarının emprik modelini yaratmaq ailənin pedaqoji mədəniyyətini ifadə edir.
Valideynlərin pedaqoji mədəniyyətinin yüksəldilməsi üzrə işin məqsədyönlü təşkili üçün pedaqoq-müəllimlərlə ailənin əməkdaşlığına xüsusi önəm vermək lazımdır. Pedaqoqların valideynlərlə qarşılıqlı əlaqələrinin formalaşdırılması təhsil müəs-sisələrinin sosial siyasətinin prioritet istiqamətini təşkil edir. Təhsil vətəndaşın formalaşmasında əhəmiyyətli rol oynayır. Lakin unutmaq olmaz ki, uşaqlarda əxlaqi dəyərlər, o cümlədən vətəndaşlıq keyfiyyətləri məhz erkən yaşlardan formalaşdırılır, həyat tərzinin ağılla və bacarıqla qurulmasının istiqamətləri müəyyənləşdirilir. Valideynlər uşaqların tərbiyəsi sahəsində xüsusi biliklərə yiyələnmək, ailədaxili əlaqə və münasibətləri düzgün, yüksək səviyyədə qura bilmək üçün pedaqoqların ümumi səylərindən daha çox yararlanmalıdırlar.
Beləliklə, aydın olur ki, ailə institutunda uşaqların tərbiyəsinin müvəffəqiyyətini təmin etməyin çox mühüm amili kimi valideyn nümunəsi, onun rəhbərlik xüsusiyyəti, avtoriteti çox vacib şərtlərdir. Valideyn nümunəsi hamının qəbul etdiyi əhəmiyyətə və mahiyyətə malik olmaqla təsirli tərbiyə amili və pedaqoji taktdır. Bunun ən bariz nümunəsi isə vaxtilə – təxminən 30 il bundan əvvəl Vətən torpaqları uğrunda mərdlik və cəsurluqla mübarizə aparan ataların, ürəyi Vətən sevgili, yurd nisgilli anaların yetirdiyi övladların bu gün Azərbaycanın haqq işi uğrunda şərəfli mübarizədə, Vətən müharibəsində ön sıralarda gedərək misligörünməmiş qəhrəmanlıq və şücaət göstərməsidir. Soykökə bağlı, milli mentalitet, milli dəyərlər əsasında tərbiyə olunan bugünkü vətənpərvər nəsil Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda öz canınından keçərək tarix yazır. Təbii ki, bu da gələcək nəsillər üçün ideal vətənpərvərlik örnəyi olacaq.

Solmaz Cabbarova
Naxçıvan Dövlət Universitetinin Pedaqogika
və psixologiya kafedrasının müəllimi

ARXİV

Dekabr 2020
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR