28 Sentyabr 2020, Bazar ertəsi

Uşağın məktəb haqqında təsəvvürü mücərrəd olmasın deyə, valideyn ona məktəb haqqında düzgün məlumat verməlidir. Çünki uşağın xəyal dünyası zəngin və rəngarəngdir. Əgər valideyn uşağa məktəbin çox gözəl və əyləncəli yer olduğunu desə, bu zaman uşaqda məktəb haqqında doğru təsəvvür formalaşmaya bilər. Çünki bu yaşda olan uşaqlar üçün “gözəllik və əyləncə” anlayışı saysız-hesabsız oyuncağın olması, limitsiz oynamaq imkanı, fərqli attraksionlara minmək, daim istədiyi davranışı yerinə yetirmək deməkdir. Əgər biz uşağa “məktəb” anlayışını düzgün izah etməsək, o, məktəbə gedən zaman xəyallarının tam əksi olan bir mənzərə ilə qarşılaşacaqdır. Çünki məktəbdə yazı, oxu vərdişlərinin öyrədilməsi, nələrisə öyrənməyin tələb edilməsi, bir sözlə, məktəbin nizam-intizamı uşağın xəyalında yaratmış olduğu məktəb modeli ilə üst-üstə düşməyəcəkdir.

Bu səbəbdən valideynlər uşağı məktəbə psixoloji, sosial və emosional cəhətdən düzgün hazırlamalıdırlar. Uşağın məktəblə ilk tanışlığı sentyabr ayının 15-i olmamalıdır. Əgər uşaq məktəblə əvvəlcədən tanış deyilsə, yalnız dərs başlayan gün məktəbə gəlirsə, bu zaman məktəbdə olan böyük izdiham, səs-küy, yeniliklər, qarşılaşdığı situasiya ona vahiməli təsir bağışlayacaq. Bu zaman uşaqda təəccüb, qorxu, utancaqlıq kimi qarışıq duyğular yaranacaq və o ağlayaraq evə getmək istədiyini bildirəcəkdir. Valideynin onu sakitləşdirmək üçün etdiyi hər bir davranış və ya dediyi hər bir söz mövcud situasiyanı daha da dramatikləşdirəcəkdir.
Bəs nə etməli? Məktəbin açılmasına bir neçə gün qalmış valideyn məktəb binasını uşağa kənardan göstərərək onda təhsil ocağı haqqında ilkin təsəvvür formalaşdırılmalıdır. Səhəri gün isə məktəb rəhbərliyinin icazəsi ilə uşaq məktəblə daha yaxından tanış olmalıdır. Müəllimə onu gülərüz qarşılayaraq sinif otağına aparmalı, uşağı partasına əyləşdirərək bir neçə dəqiqə onunla səmimi ünsiyyət qurmalıdır. Bu zaman uşaqda məktəb haqqında real təsəvvürlər yaranmış olur. Uşağın ilk gündən məktəbi sevməsi üçün valideynin övladına seçim hüququ verməsi mütləqdir. Məsələn, məktəb üçün ləvazimatlar alarkən uşağı bu prosesdən ayrı tutmamalıdır. Öz əşyalarını seçə bilmək imkanı uşağa dəyərlilik, özünəinam, müstəqillik hissini qazandırmaqla yanaşı, məktəbə və dərslərinə maraq formalaşdıracaqdır. Müstəqillik qazanan uşaq daim valideyninin onun yanında olmasını tələb etmir. Çünki özü müstəqil surətdə qərarlar verməyi, sərbəst davranmağı, yoldaşları ilə ünsiyyət qurmağı öyrənmişdir.
Bildiyimiz kimi, uşaq məktəbə getməklə yeni bir mərhələyə – təlim mərhələsinə qədəm qoyur. Bu da mütləq nəzərə alınmalıdır ki, onun üçün mövcud şəraitin qayda-qanunlarına adaptasiya olmaq onun üçün heç də asan deyil. Müəllimlər bu məsələni diqqətdə saxlamalıdırlar.
Bəzi valideynlər uşaq məktəbə başlayan kimi onu tamamilə təlim fəaliyyətinə yönəldərək oyun fəaliyyətindən, əyləncələrdən təcrid edirlər. Uşağa göstərilən bu münasibət həm psixoloji, həm də pedaqoji cəhətdən yanlış davranışdır. On yaşına kimi oyun və təlim fəaliyyəti paralel surətdə olmalıdır. Təlim fəaliyyətində yaranan yorğunluq oyun fəaliyyəti zamanı aradan qalxır, uşaq əvvəlki rahatlıqla dərslərinə geri qayıda bilir. Oyun fəaliyyəti böyüklər üçün yalnız əyləncə kimi görünsə də, əslində, o da təlim fəaliyyəti kimi uşağı gələcəyə hazırlayır və ictimai təcrübəni öyrənməyə xidmət edir. Oyun fəaliyyətindən tamamilə məhrum edilən uşaqlarda məktəbə qarşı mənfi münasibət yaranır. Onlar düşünürlər ki, əgər məktəb olmasa idi, istənilən qədər oyuncaqları ilə vaxt keçirib əylənə bilərdilər. Təbii ki, məktəbi istəklərinin qarşısında duran bir sədd kimi görən uşağın öyrənməyə marağı azalacaqdır.
Bu səbəbdən dərslərə başladığı ilk günlərdən uşağa gündəlik olaraq oyun, təlim, yuxu rejimi yaratmaq lazımdır. O, nə zaman oynamalı, nə zaman təlim fəaliyyətinə başlamalı olduğunu bilməlidir.
Uşağa “Dərslərini indi hazırla, sonra nə qədər istəyirsən get oyna” demək düzgün deyildir. Altıyaşlı uşaqda bəzi qığırdaq sümüklər hələ möhkəmlənmədiyinə görə asanlıqla yorula bilir. Uşaq oxu, yazı tapşırıqlarını fasilələrlə yerinə yetirməlidir. Belə etdikdə, zehni və fiziki cəhətdən çox yorulmaz, məktəbi, dərsi kiçikyaşlı övladlarımıza sevdirməklə təhsil prosesində daha sürətli effektivliyə nail olarıq.

Həqiqət QASIMOVA
psixoloq

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR