19 Sentyabr 2020, Şənbə

Əncir hələ eramızdan çox əvvəl becərilən qiymətli meyvədir. Yer üzündə 1000-ə qədər növü məlum olan əncir haqqında bütün dinlərdə söz açılır. Müqəddəs kitabımız “Qurani-Kərim”in 95-ci surəsində Allah Təbarəkə-Təala buyurur: “And olsun, əncirə və zeytuna”. Bu sözlər həmin meyvələrin müqəddəsliyini və insan orqanizmi üçün faydalı xüsusiyyətlərə malik olmasını təsdiqləyir. Əncir ağacı bir sıra mədəniyyətlər tərəfindən iqtidar simvolu və ibadət yeri, cənnətdən göndərilən meyvə kimi qəbul olunub. Bu səbəbdən də, bir sıra məzarlara başqa əşyalarla yanaşı, quru əncir də qoyulub. Tarixboyu bu ağacın, sadəcə, meyvəsi yox, qabığı, yarpaqları, kökləri və qatranı da dərman olaraq istifadə edilib. Əncir ekologiyaya verdiyi faydaları ilə də seçilir. Belə ki,  yer üzündə 1200-dən çox canlı  əncirlə qidalandığı üçün ekoloqlar onu “əsas qaynaq” olaraq görürlər.  

Ölkəmizin, demək olar ki, hər bölgəsində yetişən əncirin 2 – mədəni və Hirkan növləri daha geniş yayılıb. Subtropik meyvələr içərisində əncir dietikliyi, yüksək kaloriliyi, ətri, şirinliyi ilə digərlərindən fərqlənir. Təkcə bunlarla deyil, tərkibindəki vitamin, mineral və liflərlə zəngin bu meyvə muxtar respublikamızda da geniş şəkildə yetişdirilir. Qədim diyarımızın səfalı, füsunkar təbiəti ilə seçilən bölgələrindən olan Ordubadda bu meyvəni ərsəyə gətirən ailə təsərrüfatçılarının sayı kifayət qədərdir. Həm də əncir ən çox rayonun Kotam kəndində yetişdirilirmiş. Həmin kəndin sakini, ailə təsərrüfatçısı Nazim Həsənov deyir ki, bu meyvə bizim kənddə dədə-babadan əkilib-becərilir. Mən də bu işi öz ata-babamdan öyrənmişəm. Əncirin qara, ağ, kırım, sarı, şalaq növlərini yetişdiririk. Həyətyanı sahəmdə əkdiyim 10-15 əncir ağacından yaxşı məhsul əldə edirəm. Vaxtında qulluq etdikdə və yaxşı baxıldıqda bir ağacdan xeyli əncir götürmək mümkündür. Hazırda topladığımız məhsulu Naxçıvan bazarlarında satışa çıxarırıq, alıcı marağı da yüksəkdir. Əncirin mürəbbəsini, cemini də hazırlayır, həm də quruduruq. Muxtar respublikamızda təşkil olunan festivallarda bu məhsulla da rayonumuzu layiqincə təmsil edə bilirik. Bütün bunlar mənim kimi ailə təsərrüfatçılarına göstərilən diqqətin, qayğının nəticəsində mümkündür. 

Müsahibim bildirir ki, başqa meyvə ağacları ilə müqayisədə əncir ağacının torpağa uyğunlaşmaq xüsusiyyəti vardır. Əncir xüsusi suvarma sistemi olmayan zəif torpaq tiplərində də yetişə bilir. Lakin bu bitki quraqlıq iqlim şəraitində bol məhsul verir. Əncir əkərkən fidanlar arasındakı məsafəni düzgün təyin etmək lazımdır. İstiyə tələbkar olduğu üçün qışı şaxtalı keçən rayonlarda əncir sərilən formada becərilir və üzəri torpaqlanır, bu meyvə rütubətə orta dərəcədə tələbkardır. Müxtəlif tip torpaqlarda – qayalıqlardan başlamış ağır gilli torpaqlara qədər bütün sahələrdə bitə bilir. Lakin bol və yüksəkkeyfiyyətli məhsul almaq üçün kifayət qədər rütubətlənmiş, su və hava keçirmə qabiliyyətli, münbit, dərin şum qatına malik torpaqlar əlverişlidir. Əncir, əsasən, çiliklə çoxaldılır, digər vegetativ artırma üsulları ilə də (basma, kök pöhrəsi və sair) artırıla bilər. O, payızda və yazda əkilir, qışı sərt keçən rayonlarda yaz əkini daha əlverişlidir.
Müsahibim qeyd edir ki, əncir ildə 1-2 dəfə meyvə verir, meyvələri oval, armudvarı formalı olan, rəngi bənövşəyi-sarıdan yaşıl rəngə qədər dəyişə bilir, ən çox görülən isə tünd-mavi və ya sarıdır (sarı-yaşıl). Bu bitki əlverişli iqlim şəraitində böyüyərsə, 200 il meyvə verməyə qadirdir. Ağac ildə bir neçə dəfə çiçək açır, ancaq meyvələr yalnız isti vaxtda (yazdan payızadək) yetişir. Soyuğadavamlı hesab olunur, bəzi növləri, hətta – 20 dərəcəyə tab gətirə bilir.
Ailə təsərrüfatçısı onu da deyir ki, əncir həm də qiymətli qida, dərman bitkisidir. Tərkibində vitaminlər, kalsium, kalium, maqnezium, natrium, fosfor və dəmir vardır. Yarpağından alınan şirələr müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Həm təzə halda yeyilir, həm də ondan müxtəlif məhsullar – mürəbbə, cem, kompot, bəkməz, şərab, sirkə hazırlanıb əhali tərəfindən ilboyu istifadə olunur. Təzə əncir və ya qurusu çərəz kimi, salat və qəlyanaltılara əlavə kimi istifadə edilir. Əncir istənilən yeməyə ekzotik bir ləzzət və zərif ətir verir. Yüksək qidalı məhsul olan bu meyvə orqanizmə yüksək kalori verməklə yanaşı, həzm prosesini və ürəyin fəaliyyətini yaxşılaşdırır, qanazlığına və soyuqdəyməyə kömək edir. Əncir həm də ömrü uzadan qida hesab edilir. Onun meyvəsi ilə yanaşı, yarpaqları da müalicəvi xüsusiyyətləri ilə seçilir. Hələ qədimdə təbiblər öskürəyi, soyuqdəyməni, istiliksalmanı əncir yarpaqlarının dəmləməsi ilə müalicə ediblər. Bu xüsusiyyətlərinə görə dövrümüzdə onu “təbii aspirin” adlandırıblar. Yarpaqlarından hazırlanmış çay həm də ürək xəstəliklərindən və yüksək təzyiqdən, şəkərli diabetdən əziyyət çəkənlərə faydalıdır. İnsana güc və gümrahlıq verir, əhvalı yaxşılaşdırır, stresi azaldır. Əncir ağacından əldə edilən süd sənayedə xərçəngin müalicəsində müsbət nəticələr verir.
Hazırda əncir mövsümüdür və Naxçıvan bazarlarında əncirin bir neçə növü satılır. Təzəsi, qurusu, mürəbbəsi ilə süfrələrimizi bəzəyən bu faydalı meyvədən siz də dadmağa tələsin...

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR