04 Avqust 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin rəsmi internet saytı müasir proqram təminatı və tərtib olunmuş alqoritm əsasında yenidən hazırlanaraq istifadəyə verilib. Yenilənmiş saytın əsas məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, rabitə və internet xidmətləri sahəsində fəaliyyəti gücləndirmək, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etməkdir.

rabite.nmr.az adı ilə fəaliyyət göstərən yeni sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib və yeni modullar əlavə edilib.
Sayt 6 bölmə, 13 altbölmədən və 16 moduldan ibarətdir. Əsas səhifədə istifadəçilərin informasiya əldə etmələri üçün Nazirliyin ünvanı, əlaqə telefonu, elektron poçt ünvanı və “Axtarış” bölməsi yerləşdirilmişdir. İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi, elektron hökumət, elektron imza, İP televiziya, internet xidməti, elektron təhlükəsizlik və “Startap Naxçıvan” portalı haqqında məlumatlar slaydlar şəklində yerləşdirilib.
Yeni yaradılan portalda ilk dəfə olaraq “İP televiziya” bölməsində İP TV Texnologiyası haqqında faydalı məlumat verilib, muxtar respublikada yayımlanan İP televiziya kanallarının siyahısı yerləşdirilib.
Vətəndaşların nazirliyə elektron formada müraciət etmələri üçün “Elektron müraciət” bölməsi yaradılıb, “Xidmətlər” bölməsində nazirliyin göstərdiyi xidmətlərin bannerləri və onlar haqqında məlumatlar daxil edilib, “Aktual keçidlər” bölməsində isə nazirlik, komitə, idarə və təşkilatların, həmçinin muzeylərin internet saytlarına keçidlər slayd şəklində yerləşdirilib.
Saytın “Naxçıvan bu gün” adlı bölməsində muxtar respublikamızın inkişafını və turizm potensialını əks etdirən, eləcə də tarixi abidələrinin fotoşəkilləri slaydlarla göstərilib.
Yeni saytın texniki üstünlükləri internet istifadəçilərinin internet və rabitə xidmətlərindən daha operativ faydalanmasına öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti