07 Avqust 2020, Cümə

Bulaqların bir səmtədir axarı,
Salvartının xoş görünür baxarı,
Biçənəkdən at səyirdib yuxarı,

Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.

Səhərin gözü açılmamışdan, hələ Günəş uca dağların başından boylanmamışdan yola çıxırıq. Avtomobilimiz Naxçıvan-Şahbuz-Batabat magistralı ilə hərəkət edir. Bu vaxtlar muxtar respublikamızın hər bir rayonundan, gələn qonaqların üz tutduğu məkana çevrilir Batabat... Kiçik Qafqaz dağlarında yerləşən bu yaylaq dəniz səviyyəsindən, təqribən, 3100-3200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz” və “Bədəldağı” adlı dağların əhatəsindədir.

Budəfəki səfərimizdə Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Əli Qurbanov da bizə qoşulur. Əli həkim getdiyimiz istiqamətdə başıqarlı dağları göstərib deyir: Havaların isti keçməsinə baxmayaraq, dağların başında hələ də qar var. El arasında belə bir söz var, deyərlər ki, Batabatda 4 fəsil bir gündə yaşana bilir. Bəli, doğrudan da, elədir. Qızmar yay günündə burada qonaq olan nabələd bir insan birdən-birə elə çiskinli, küləkli bir hava ilə rastlaşır ki, sanki payızın ən soyuq gününü yaşayır.
Hələ uşaq yaşlarımda ildə bir neçə dəfə bu yurdun qonağı olardım. Qonşularımız yığılıb bura ələyəz, şıppır, əvəlik və başqa bu kimi təbiətin əvəzsiz məhsullarından yığıb qış tədarükü etməyə gələrdilər. Mən də anama qoşulub onlara yoldaş olardım. Uşaqlığıma “səfər etdiyim andan” məni sürücü Hüseynin səsi ayırır: – Doğrudan da, muxtar respublikamızın hər bir sakini kimi Şahbuz rayonunun camaatı da əməyə bağlı insanlardır. Baxın, yol kənarlarında səliqə ilə salınmış əkin sahələri insan zəhmətinin nəyə qadir olduğunun və bu yerlərin insanlarının əməksevərliyinin canlı nümunəsidir.
Budur, artıq Biçənək kəndinə çatırıq. Bir zamanlar bomboş qalan kəndə indi maraq artıb. Baxdıqca gözoxşayan yaşıllıqlar, evlər kəndə xüsusi bir yaraşıq verir. Birazdan maşınımız hamar, qara örtüklü yoldan ayrılıb dağ yolu ilə şütüməyə başlayır. Bu yerlərə yaxşı bələd olan Əli həkim yolumuzun üstündə yerləşən “Turşsu” deyilən bir bulaq haqqında danışır. “Batabata gəlib Turşsudan içmədən keçmək olmaz”, – deyən həkimin sözünə, sanki sürücü də dəstək verirmiş kimi çəmənlik bir yerdə maşının əyləcini basır. Yolun kənarında yerləşən bulaqdan qaynayaraq çıxan bumbuz suya əl vurmaq mümkünsüzdür.
Artıq mənzilbaşına çatmışdıq. Öyrənirik ki, oba sakinləri Şərur rayonunun Cəlilkəndindən bu yaylaqlara üz tutublar. Həmsöhbət olduğumuz 89 yaşlı Abdulla baba bu yerlərin səfasından ağızdolusu danışır. O deyir ki, mən bu yaylağa hələ uşaqkən öz valideynlərimlə gələrdim. Zaman ötüb, artıq öz övladlarım, nəvə-nəticələrimlə bu yurdun sakininə çevrilmişəm. Batabatın təbiəti, zəngin bitki örtüyü heyvandarlıq üçün çox əlverişlidir. Gördüyünüz bu yaylaq həmişə küləklik olduğuna görə el arasında “Yellicə” yaylağı adlanır. Nə qədər əlçatmaz, ünyetməz ərazidə oba qursaq da, dövlətimizi var olsun, hər zaman buradakı insanlarla yaxından maraqlanırlar. Mütəmadi olaraq Şahbuz Rayon Baytarlıq İdarəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri bizimlə söhbətlər aparır, çadırlarımızı, örüşlərimizi dərmanlayır, lazım olan dərman preparatları ilə təmin edirlər. Söhbətimizin bu yerində yaşı yetmişi haqlayan Xanımgül nənə də bizə qoşulur: – Ay qızım, dağların qoynunda qərar tutub yaşadığımıza görə bazar-dükana əlimiz çatmır. Sağ olsunlar mağazaları maşınlarla ayağımıza qədər gətirirlər. İstədiyimiz məhsulu elə qapımızdaca ala bilirik.
Yaylaqda yaşadığımız müddətdə istehsaldan da ayrı qalmırıq. Belə ki, hazırladığımız süd, qatıq, şor, kərə, pendir kimi ağartı məhsullarını elə buradaca satırıq. Elə insanlar var ki, sırf bu məhsulları almaq üçün yaylaqlara qalxırlar. Bəzən də biz özümüz istehsal etdiyimiz məhsulları satış üçün yarmarkalara göndəririk. Lakin burada olduğumuz müddətdə tək işimiz heyvandarlıq olmur. Şahbuzun dağları zəngin bitki örtüyünə malikdir. Elə gördüyünüz bu dağda kəklikotu, səhləb, qantəpər, ələyəz, əvəlik və başqa otlardan yığıb tədarük edirik. Yığdığımız nemətlərdən hər il muxtar respublikadan kənarda yaşayan qohumlarımıza, xüsusilə Rusiyada yaşayan övladlarıma pay göndərirəm.
Obanın başları oyuna qarışan ən balaca sakinləri də bizi görüb ətrafımıza toplaşırlar. Havaların sərin keçməsi ilə əlaqədar oba sakinləri artıq bir neçə gün idi ki, burada yerləşib özlərinə şərait yaratmışdılar. Beşyaşlı Rəsul çəmənlikdə top oynamaqdan aldığı zövqdən hələ də doymamışdı. Rəsula yaxınlaşıb: “Harada yaşamaq daha gözəldir, burada, ya evinizdə?” – sualını verəndə balacanın: “Əlbəttə ki, burada!” – deyə qətiyyətli cavabında onun yay aylarında, xüsusilə də ölkə ərazisində pandemiyanın hökm sürdüyü, istirahət məkanlarına, yaxınlarının yaşadığı digər bölgələrə gediş-gəlişin məhdudlaşdığı bir vaxtda öz istirahətindən məmnunluğu duyulurdu.
Biz yaylaq sakinlərinin bir günü ilə tanış olarkən Şahbuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq İdarəsinin əməkdaşları da onların yaşadıqları çadırların ətrafını dərmanladı, sahibkarlarla maarifləndirici söhbətlər apardılar. Rayon Mərkəzi Xəstəxanasının həkimi Əli Qurbanov isə sakinlərin səhhətləri ilə maraqlanıb, onlara istifadəsi zəruri olan dərman preparatları təqdim etdi.
Beləcə, işimizlə bağlı səfərdə olduğumuz daha bir günün necə keçdiyinin fərqinə varmadan Günəşin batdığını müşahidə edirik. Yolumuz uzaq olduğundan “yolçu yolunda gərək”, – deyib şəhərə geri qayıtmağa tələsirik. Gördüklərimizdən belə qənaətə gəlirik ki, harada yaşamasından, hansı işlə məşğul olmasından asılı olmayaraq, dövlətimiz öz vətəndaşını həmişə qayğı ilə əhatə edir.

- Telli MƏMMƏDOVA

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR