07 İyul 2020, Çərşənbə axşamı

Qədim zamanlardan Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən biri də ata-anaya, ağsaqqala, ağbirçəyə hörmət və dərin ehtiram olub. Müqəddəs dinimiz də köməyə ehtiyacı olanlara qayğı göstərməyi tövsiyə edib. Ulu əcdadlarımızın bu adətinin zamanın sınağından çıxaraq bizim dövrümüzədək gəlib çatması və bu gün də muxtar respublikamızda bu dəyərlərin yüksək səviyyədə yaşadılması hər birimiz üçün sevindirici və qürurvericidir. Bunun ifadəsini könüllülük hərəkatı bir daha təsdiq edir.

İki ilə yaxındır ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Sosial Könüllülük Akademiyası yaradılıb. Akademiyanın yaradılmasında əsas məqsəd könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin təşviqi, bu prosesə gənclərin qoşulmasının təmin edilməsi, sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunmasından ibarətdir. Respublikamızda 2020-ci ilin “Könüllülər ili” elan olunması isə gənclərin fəal­lığını daha da artırıb. Müvafiq təlim-tədris proseslərini keçən akademiya məzunlarının nazirliyin tədbirlərində iştirakı təmin edilir və onlar sosial sahədə həyata keçirilən xidmətlərlə yaxından tanış olurlar. Sosial könüllülərin iştirak etdiyi tədbirlər sırasında köməyə ehtiyacı olan tənha ahılların evlərinə hər həftə təşkil edilən və artıq ənənə halını almış ziyarətləri xüsusi qeyd etmək olar.
Ötən günlərdə Naxçıvan Muxtar Respublikası Sosial Müdafiə Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə bir qrup gənc könüllü Naxçıvan şəhərində yaşayan ahıl insanların evlərində görüşüb onlarla həmsöhbət olublar.
91 yaşlı şəhər sakini Zərifə ­Vəzirova könüllülərin qayğısı ilə əhatə olunanlardan biridir. O, ömrünün ilini müəllimlik peşəsinə həsr edib. Zərifə müəllimə deyir ki, bu gün gənc­lərin məni ziyarət etməsi sevincimə səbəb olur. Yetişməkdə olan gənc nəslin bu cür layihələrə cəlb edilməsi çox gözəl addımdır. Onlarla həmsöhbət olanda qəlbim sakitlik tapır. Sevindirici haldır ki, muxtar respublikamızda istər ahıl insanlar, istərsə də sosial qayğıya ehtiyacı olan hər bir vətəndaş dövlət qayğısı ilə əhatə olunub. Hər bir Azərbaycan gənci yaşlı, ahıl insanlara diqqət və qayğı göstərməyi özünə mənəvi borc hesab edir.
Belə insanlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edən Zərifə xanım bildirdi ki, dövlətimiz tərəfindən onun səhhəti ilə maraqlanmaq üçün bir həkim və bir tibb bacısı da ayrılıb. Onlar mütəmadi olaraq Zərifə müəllimənin sağlamlığı ilə maraqlanırlar. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış sosial işçi də onun qulluğunda durur.
Sosial könüllülərin üz tutduğu növbəti ünvan isə Səkinə Adıgözəlovanın mənzili oldu. Səkinə nənə şəhərimizin tənha yaşayan 82 yaşlı sakinidir.
Onun söhbəti:
– Heç kimim yoxdur, – demirəm, çünki dövlətim var. Xalqının arxasında dayanan, onun qayğısını çəkən dövlətim. Artıq 20 ildir ki, mənə sosial xidmət göstərilir. Bir ildən artıqdır ki, bu işə könüllülər də qoşulub. Gənclərimizin yaşlılara belə yardım göstərməsi məni ürəkdən sevindirir. Pandemiyanın muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı muxtar respublikamızda da bir çox qabaqlayıcı tədbirlər görülüb. Dövlətimiz həmişə olduğu kimi yenə də öz vətəndaşının yanındadır. Çölə çıxa bilmədiyim üçün gündəlik tələbatım sosial könüllülər tərəfindən ödənilir. Onlardan biri yemək üçün lazım olanları alanda, digəri evimdə təmizlik işləri aparır. Aprel ayında dövlət başçısı bizim kimi insanlara sosial xidmət göstərən işçilərin əməkhaqqının biraylıq ikiqat ödənilməsi haqqında sərəncam imzalayıb. Bu, məni çox sevindirdi. Zəhmətkeş insanlarına, xalqına dəyər verən ölkə başçısı var olsun. İnanıram ki, Uca Yaradanın köməyi ilə bu çətinlikdən də üzüağ çıxacağıq.
Sosial könüllülərin ahıllara göstərdikləri xidmətlərlə tanış olduqdan sonra onlardan bir neçəsinin bu tədbirlər haqqında fikirlərini öyrəndik.
Çilənar Yusifova:
– Lap qədim zamanlardan ağsaqqal, ahıl insanlara cavanlar da, böyüklər də hörmətlə yanaşıb, məsləhətlərinə ehtiyac duyublar. Qocaların sərvəti qazandıqları həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür. Könüllülərin dəstəsinə qoşulmaqla nəcib və xeyirxah bir təşəbbüs göstərdiyimizə əminəm.
Aytac Cəfərova:
– Ahıllara qayğı milli mənəviyyatımızın tərkib hissəsidir. Buna görə də ölkəmizdə onlara həmişə xüsusi diqqət göstərilir, sosial müdafiəsi gücləndirilir. Bu gün də belə insanlara həm ev işlərində kömək etməyə, həm də nəsihətlərini dinləməyə gəlmişik. Biz gənclər dövlətimiz tərəfindən ahıl vətəndaşlarımıza göstərilən xidmətlərdə iştirak etməkdən çox məmnunuq. İnsanlara yardım etmək, hər hansı bir sahədə çalışmaq və bunların əvəzində hər hansı qarşı­lıq gözləməmək! Gördüyümüz işin dəyərlərindən biri də budur. Bunu anlayıb könüllü olanlar isə çox böyük ürəyə malik insanlardır.
Alsu Məmmədli:
– Bu layihə haqqında eşidəndə çox sevindim. Çünki ailəmizdəki böyüklərlə yanaşı, köməyə ehtiyacı olan tanımadığımız insanların da yanında olmaq, onların bir gününün xoş keçməsinin səbəbkarına çevrilmək qədər gözəl heç nə ola bilməz. Yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək mənəvi borcumuzdur. Məhz bu hiss gənc­lərdə mühüm müsbət keyfiyyətlər yaradır. Onu da qeyd edim ki, artıq məzun olduğumuz Sosial Könüllülük Akademiyası bizə bu sahədə geniş imkanlar açır və biz də bu cür tədbirlərdə xüsusi istək və həvəslə iştirak edirik.
Hər bir insan öz həyat məramının, könlündəki arzu və diləklərin gerçəkləşməsi naminə yaşayır. Lakin hər hansı bir sahədə könüllü fəaliyyətlə məşğul olmağın insanın özü üçün könüllü nələrsə etməkdən bir fərqi var. O da xeyirxahlıq, humanizm prinsiplərini yaşatmağı gözəl bir ənənəyə çevirməkdir.
Ötən ay Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial könüllülər və Sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə onlayn görüş zamanı xüsusi karantin dövründə keçirilən tədbirlərdə fəal iştirak edən könüllülərin mükafatlandırılması da nəcib və xeyirxah əmələ verilən dəyərdir. Biz də onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

- Telli MƏMMƏDOVA

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR