24 Noyabr 2020, Çərşənbə axşamı

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, analoji olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 25 may tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamına uyğun olaraq hər il may ayının 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd edilir. 

Ötən illərdə ekoloji problemlərin həll edilməsi məqsədilə xüsusi dövlət proqramları qəbul edilmiş, mühüm regional və beynəlxalq əhəmiyyətli layihələr, ölkə başçısının sədrliyi ilə ekoloji məsələlərə dair bir neçə müşavirə keçirilmişdir. 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi və həmin ildən başlayaraq hər il Bakı şəhərində beynəlxalq ekologiya sərgilərinin keçirilməsi də bu sahənin inkişafına qayğının ifadəsidir.

Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə həyata keçirilən ekoloji tədbirlər davamlı xarakter almışdır. Bu məqsədlə xüsusi dövlət proqramları qəbul edilmiş, ekoloji tədbirlərin icrası ilə əlaqədar müvafiq sərəncamlar imzalanmışdır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikamızda yaşıllıq ehtiyatları dəfələrlə artaraq ümumi ərazimizin 20 faizini təşkil etmişdir. Müqayisə üçün bildirək ki, 1995-ci ildə bu göstərici yalnız 1 faizə bərabər idi. Kontinental iqlim şəraiti olan regionumuzda meşə ehtiyatlarının bu qədər artması göstərilən qayğının və düzgün ekoloji tədbirlərin nəticəsidir. Xüsusilə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun olan tinglərin seçilməsi, yetişdirilməsi, müasir suvarma sistemlərinin qurulması və düzgün aqrotexniki qulluq bu sahədə inkişafa səbəb olmuşdur. Yaşıllaşdırma tədbirlərində regionun torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış ting yetişdirilməsi bu səmərəliliyi daha da artırır. Ötən illərdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə tingçiliyi müəssisəsində 12 milyona qədər müxtəlif növ tinglər yetişdirilmişdir. Müəssisə tərəfindən ildə 500 min ədəddən çox ting yetişdirilir.

Muxtar respublikamızda aparılan yaşıllaşdırma tədbirlərində ekoloji əhəmiyyətlə bərabər, iqtisadi səmərəlilik də əsas götürülərək meyvə bağlarının salınması sahəsində də tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012 və 2016-cı il tarixli sərəncamları ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı ilə bağlı dövlət proqramlarına uyğun olaraq yeni meyvə bağları salınıb. 5 min hektardan çox sahədə meyvə bağlarının əkilməsi Naxçıvanın tarixi meyvəçilik şöhrətinin yenidən qaytarılmasına zəmin yaratmışdır. Qeyd edək ki, yaşıllıqların salındığı ərazilərin çoxu kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilər, müxtəlif dərəcədə şoranlaşmış, eroziyaya uğramış, münbitliyini itirmiş torpaqlardır ki, bu da həmin ərazilərin yenidən bərpa olunmasına əlverişli şərait yaradacaqdır. Relyefi kənd təsərrüfatı əkinləri üçün əlverişli olmayan təpəlik ərazilərdə terras üsulu ilə yaşıllıqların salınması, səhralaşmaya meyilli, külək eroziyasına məruz qalan magistral yol kənarlarında, su eroziyasına məruz qalan çay vadilərində qoruyucu zolaqların salınması bu baxımdan xüsusilə əhəmiyyətli olmuşdur. Qeyd edək ki, transsərhəd Araz çayının Naxçıvanın torpaq hüdudlarını yuması, çay vadisinin ərazilərimizə doğru dəyişməsi kimi halların qarşısının alınması məqsədilə görülən mühəndis-texniki işlərlə bərabər, həmin ərazilərdə yulğunluqların qorunması və artırılması tədbirlərinin böyük əhəmiyyəti vardır.
Muxtar respublika ərazisində əlverişli ekoloji mühitin yaradılmasında mühüm amillərdən biri təbii mühit unikallığının, bitki və heyvan ehtiyatlarının qorunması və bərpa edilməsidir ki, bunun da əsasını xüsusi mühafizə olunan təbiət ərazilərinin (qoruq, milli park, yasaqlıq və sair) yaradılması təşkil edir. Qeyd edək ki, regionumuzda ilk xüsusi mühafizə olunan təbiət ərazisi hələ 1969-cu ildə ölkəmizdə ilk rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev tərəfindən 40 min hektar ərazidə yaradılan Ordubad Dövlət Təbiət Yasaqlığı olmuşdur. Ölkə ərazisində ilk milli park da Naxçıvanda, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə ərazisi 12 min 131 hektar olan Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı və ərazisi 3 min 139 hektar olan Şahbuz Dövlət Təbiət Qoruğu, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr və 2009-cu il 22 iyun tarixli sərəncamları ilə “Arazboyu” (ərazisi – 9118 ha) və “Arpaçay” (ərazisi – 68911,18 ha) Dövlət Təbiət yasaqlıqları yaradılmışdır. Belə təbiət ərazilərinin yaradılmasında əsas məqsədlərdən biri də mövcud təbii potensialdan istifadə edərək ekoturizmin inkişaf etdirilməsidir. Bu baxımdan milli park statuslu təbiət obyektlərinin yaradılması müasir dövrümüzün tələblərinə cavab verir. Bu amil əsas götürülərək ölkə Prezidentinin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə mövcud milli park, qoruq ərazilərinin sahəsi genişləndirilərək ümumi ərazisi 42 min 787 hektar olan Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı yaradılıb. Hazırda muxtar respublika ərazisinin 27 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinə daxildir. Qeyd edək ki, inkişaf etmiş, təbiətə xoş münasibət göstərilən ­ölkələrdə bu göstərici ümumi ərazilərin yalnız 10-15 faizini təşkil edir.

Xüsusi mühafizə edilən təbiət ərazilərinin yaradılması, təbiəti mühafizə sahəsində görülən kompleks dövlət tədbirləri nəticəsində əvvəllər sayı tükənməkdə olan (məsələn, bezoar dağ keçiləri, muflonlar) növlərin sayının artmasına, ərazilərimizdə yeni heyvan növlərinin yaşaması üçün əlverişli şəraitin formalaşmasına stimul yaratmışdır. Son illərdə muxtar respublika ərazisində dünyanın nadir növlərindən olan bəbirlərin müşahidə olunması dediklərimizə sübutdur. 1969-cu ildə ərazilərimizdə muflonların və bezoar dağ keçilərinin sayının azalması təhlükəsi olduğundan onların xüsusi qorunması, ovlanmasının qarşısının alınması məqsədilə Ordubad Dövlət Yasaqlığı yaradılmış, bu da həmin növlərin sayının dəfələrlə artmasına və nəsillərinin tükənmə təhlükəsinin aradan qalxmasına səbəb olmuşdur.
Fauna və flora ehtiyatlarının qorunması sahəsində görülən mühüm işlərdən biri də nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin öyrənilməsi və xüsusi qorunmasının təşkil olunmasıdır. Bunun üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının flora və faunasına dair 2 cilddən ibarət “Qırmızı kitab”ı hazırlanmışdır.
Muxtar respublikamızın ərazisinin coğrafi mövqeyi, relyef xüsusiyyətləri, mövcud təbii-iqlim xüsusiyyətləri bu regionda kontinental iqlim şəraitini formalaşdırır. Bu iqlim şəraitinin öyrənilməsi məqsədilə hidrometeoroloji xidmət müasir dövrün tələblərinə uyğun təşkil edilmişdir. Xidmətin yaxşılaşdırılması üçün müasir avadanlıqlar alınmışdır.
Muxtar respublika ərazisində ətraf mühitin əsas komponentləri olan suyun ekoloji təmizliyinin qorunması və bərpa edilməsi sahəsində görülən işlər istər təsərrüfat, istərsə də içməli su kimi istifadə edilən suların kəmiyyəti ilə bərabər, keyfiyyətinin də artmasına şərait yaratmışdır. Dünyada yalnız bir neçə inkişaf etmiş ölkədə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə tətbiq olunan müasir sutəmizləyici qurğular sistemi muxtar respublikamızda da qurulmuşdur. İçməli su ilə bərabər, təsərrüfat sularına olan tələbatın təmin edilməsi sahəsində də mühüm işlər həyata keçirilir. Ərazilərin torpaq ehtiyatlarının münbitliyinin qorunması, relyef xüsusiyyətləri nəzərə alınaraq və sudan səmərəli istifadə edilməsi məqsədilə 1200 hektardan çox ərazidə damcılı suvarma sistemləri ­qurulmuşdur.
Muxtar respublikada uğurla həyata keçirilən sosial-iqtisadi siyasət çərçivəsində əlverişli iqlim amillərindən də səmərəli istifadə edilir. Belə ki, son illər muxtar respublikamızda günəş panellərinin qurulması və elektrik enerjisinin istehsalı iqtisadiyyatın inkişafına mühüm töhfədir. Bununla da, atmosferə mənfi təsir göstərən qaz-turbin və modultipli elektrik stansiyalarının yerini tullantısız və ziyansız günəş panelləri tutur. İqlim dəyişkənliyi nəticəsində yaranan küləklərin də gücündən istifadə edilməklə elektrik enerjisi istehsal edən külək turbinlərinin quraşdırılması da diqqətdə saxlanılır.
Muxtar respublika ərazisində xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, yüzillik yaşı olan ağaclar, şəlalələr, mağaralar, elmi, təcrübi, tarixi əhəmiyyətə malik olan obyektlərin, təbiət komplekslərinin abidə kimi daha yaxşı mühafizə olunması üçün onların xüsusi pasportları hazırlanmış və qeydiyyatı aparılmışdır. Müasir dünyamızda turizmin ən çox maraq göstərilən sahəsi olan ekoturizmin, kənd turizminin əsasını qeyd olunan təbii zənginliklər təşkil edir. Bunun üçün təbiət abidələrinin qorunması həm ekoloji, həm də mühüm iqtisadi əhəmiyyətə malikdir.
Məlumdur ki, təbiəti təkcə ekoloji tədbirlərlə, inzibatçılıqla qorumaq mümkün deyil. Böyük təbiətşünas-alim akademik Həsən Əliyev deyirdi ki, təbiətin keşiyində durmaq üçün sözün gücündən istifadə etmək lazımdır. Əgər insan bilsə ki, təbiətə vurduğu ziyan hansı fəlakətlərə səbəb olur, onda bu işləri heç vaxt görməz. Bu sahənin əhəmiyyəti nəzərə alınaraq qəbul edilmiş “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Qanuna uyğun olaraq ekoloji təbliğat və maarifləndirmə sahəsində də fəaliyyət davamlı olaraq həyata keçirilməkdədir.
Beləliklə, ümummilli lider Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” fikrinin əsas istiqamətverici xətt olaraq götürüldüyü Naxçıvanda davamlı inkişafın təmin edilməsi üçün iqtisadi inkişafla yanaşı, ekoloji tarazlığın qorunması da qarşıya qoyulan məqsəd olmaqla milli inkişaf strategiyamızın gələcəyinə daha böyük ümidlə baxmağa imkan yaradır.

Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR