31 Mart 2020, Çərşənbə axşamı

Xalq təqvimində “Böyük çillə”, “Kiçik çillə”, “Boz ay” adları ilə üç dövrə bölünən qış qədim təsəvvürlərdə təbiətin “ölməsi” kimi də xarakterizə olunur. Novruza doğru istiqamət alan Boz ay dönəmində “ölən təbiət” yenidən dirilir. İlin sonuncu çərşənbələrinin cəmləşdiyi Boz ay xalq arasında “ağlar-gülər ay” da adlanır. Dünyanın yaranmasında iştirak edən su, torpaq, yel, od mifizmi xalq təfəkküründə dərin iz salaraq ilaxır çərşənbələrin də xüsusiləşməsini şərtləndirir. 

 Novruz mərasimi öncəsi çərşənbələr onlarla bağlı ritual və mərasimlərdən ibarətdir. Çərşənbələrin Novruz bayramının özəlliklərini daşıyaraq bəzi təsəvvürlərlə bağlı olduğu məlumdur. İlaxır çərşənbələrlə bağlı fikirlər müxtəlif mifoloji düşüncələrdən qaynaqlanır və su, torpaq, yel və od mifizmi ilə əlaqədardır. 

Su dünyanın ilkin yaradılış stixiyasıdır. Su həm də dünya mifoloji düşüncəsində yaradıcı başlanğıcdır. Elə mifoloji düşüncələrə əsaslanaraq demək olar ki, su möcüzəsi dünyanın yaranmasında yaradanın həmkarı kimi iştirak edir. Su struktursuzdur, hara gəldi axır, göydən yağır, yerdən çıxır, beləliklə də, geniş məkanı tutur. Buna görə də əski düşüncə onu ilkin yaradılış çağı, xaosun bir stixiyası kimi təsəvvür etmişdir.
Azərbaycan folklorunda, o cümlədən nağıllarında da su ilə bağlı inanclara və onları təmsil edən obrazlara tez-tez rast gəlinir. Su həyat, sevgi nişanəsidir. Elə nağıllarımızda da qeyri-adi qəhrəmanların yaranışında su mühüm yer tutur. Su övlad bəxş edir. Qocalıq çağlarını keçirən insanlara suyun övlad verməsi Azərbaycan nağıllarında öz əksini tapmışdır. Öz kökləri ilə mifoloji düşüncənin hökm sürdüyü çağlara gedib çıxan belə nağıllar maraqlı süjet xətti ilə seçilir. Həmin nağılların kompazisiyasında övladsız ata-ananın arzusu, qəhrəmanın qeyri-adi, möcüzəli dünyaya gəlməsi motivi mühüm yer tutur. Bu cəhət Azərbaycan nağıllarından “Kəl Həsənin nağılı”nda da əks olunub. Nağılda təsvir edilir ki, uşaq arzusu ilə yaşayan ər-arvad artıq qocalıq yaşlarına gəlib çatıblar. Bir təsadüf onların həyatının axarını dəyişir. Nisə əri xəstələndiyi üçün meşəyə odun dalınca gedir. O, meşədə bərk acır, bir neçə armud dərib yeyir və bundan sonra çox susuzladığını hiss edir. Nisə bulaqdan doyunca su içir. Bundan sonra gözəl bir quşun da yumurtasını “başına çəkir”. Bu hadisədən bir müddət sonra Nisə qeyri-adi keyfiyyətləri ilə seçilən bir oğlan dünyaya gətirir. Bu oğlan – Kəl Həsən adi insanların bacara bilmədiyi ən çətin sınaqlardan çıxır, heç kimin məğlub edə bilmədiyi Kəşkaş pəhləvanı öldürərək gözəl Pəri xanımı onun əlindən xilas edir.
Suyun övlad bəxş etməsi, suya inam “Reyhanın nağılı”nda da aydın şəkildə özünü qoruyub saxlamışdır. Hər iki nağıl motivi öz köklərilə mifoloji inancların hökm sürdüyü zamanla səsləşir. Həmin nağıllarda ananın tez-tez su içməsi və bunun nəticəsində övlada sahib olması, öz arzusuna çatması su inamı ilə sıx şəkildə bağlılıqdan doğmuşdur.
Özünün çoxsaylı araşdırmalarında su ünsürünün türk mifologiyasında oynadığı rola xüsusi diqqət yetirən professor Mirəli Seyidov yazır: “Suya və bitkiyə (ağaca) inam türk xalqlarının əski inamlar aləmi ilə bağlıdır. Su da, ağac da (dünya ağacı) ilkindir. İnsan və həyat onlardan yaranmışdır. Su və dünya ağacı insanlara can, ruh verir. Bu mifoloji baxış ibtidai insanın həyat tərzindən, yaşayışından, dünyanı dərk etməsindən yaranmışdır. Əski insan üçün su və ağac (bitki) onun həyatı, yaşayışı üçün əsas idi. Buna görə də onlar bir çox xalqlarda mifikləşmişdir. Bu səbəbdən də insan suda, bitkidə əbədilik, ölməzlik axtarmışdır”.
Əvvəldə söylədiyimiz kimi, dünyanın yaranmasında ilkin başlanğıc hesab edilən su ilə bağlı düşüncələr mövsüm mərasimlərinə də öz təsirini göstərmişdir. Qışı çillələrə bölən etnos Boz ayı çərşənbələrə ayırır və bunları ilin sonuncu, axırıncı çərşənbəsi adlandırır. Və bu çərşənbələrin birincisi ilkin yaradılış başlanğıcı olan suyun adı ilə bağlanır. Elə həmin zamanlardan “Su çərşənbəsi” adlanan ilk ilaxır çərşənbə xalq arasında Novruzun ilk başlanğıcı hesab edilir.
Su çərşənbəsi xalq arasında “sular Novruzu”, “sular bayramı”, “gözəl çərşənbə” adları ilə də tanınmaqdadır. Bu çərşənbədə Azərbaycanın müxtəlif regionlarında, o cümlədən muxtar respublikamızda su ilə bağlı bir çox ayinlər icra olunur. Naxçıvanda su çərşənbəsinin bəzi ayinlərinin icrasını mütləq sayırlar. Bunların icrası bir çox mifoloji inamların əsasını təşkil edir. Xoşagəlməz yuxuların suya danışılması, su ilə qorxunun bədəndən çıxarılması, pal-paltara, ev-eşiyə təzə su çilənməsi qədim türklərin suya tapınma inamı ilə əlaqəlidir. Bunu xalq yaradıcılığı örnəkləri içərisində yaranmış arxaik janr nümunələri sübut edir: “Yuxuda su görmək aydınlıqdır”, “Səfərə çıxan insanın arxasınca su atarlar”, “Lal axan sudan keçməzlər”, “Suyun lal axanı, adamın yerə baxanı”, “Su səhəngi suda sınar”, “Su bir yerdə qalanda iylənər” və sair kimi nümunələrdə suyun əski türk aləmində müqəddəs bilinən anlayışlar sırasında olduğu sübut edilir. Ümumən, Azərbaycan, o cümlədən muxtar respublika ərazisinin folklor yaddaşında su çərşənbəsi ilə əlaqəli inanc və sınama nümunələri də ­diqqətçəkəndir:
– İlk çərşənbədən başlayaraq qonşuya axşamçağı ələk, maya, kibrit verilməz. Zərurət olduqda diləyə gələn qadındırsa, başından örpəyini, kişidirsə, papağını götürüb istədiyini verərlər.
– Su çərşənbəsində övlad həsrətində olan qadının başına “su qırxlamaq” ayini icra olunur. Bu ayindən sonra həmin qadının övladı olacağına inam yaranır.
– Canında qorxuluğu olan, qorxan insanın başına su çərşənbəsində su qırxlamaq məqbul sayılır.
– Su çərşənbəsində qadınların sevərək icra etdikləri ayinlərdən biri də axar su üzərinə getməkdir. Səhər tezdən axar su üzərinə gedən insan danışıb-dinmədən, qəlbində arzu tutaraq həmin sudan içərsə, arzuları çin olar.
– Su çərşənbəsində axar su üzərindən tullanmaq, keçmək də məqbul sayılar.
Bu ayinlər hazırda Azərbaycanın müxtəlif regionlarında, o cümlədən qədim diyarımızda ənənəvi şəkildə icra olunmaqdadır. Su çərşənbəsinin saf qədəmi uğurlu olsun! Elə bu məqamda Dədəmiz Qorqudun su kimi duru alqışı da yada düşür: “Qamən axan görglü suyunuz ­qurumasın!”
Biz də ömrünüzün su kimi uzun, ruzinizin bol-bərəkətli olması diləyilə ilk çərşənbənizi təbrik edir, uğurlu-sayalı olsun, – deyirik.

Aytən Cəfərova
filologiya üzrə fəlsəfə doktoru,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR