31 Mart 2020, Çərşənbə axşamı

Bu gün yurdumuza Boz ay daxil olur. Bu ay adətən görüləcək işlərin, keçirilən bayramların, həmçinin icra edilən mərasimlərin özünəməxsusluğu ilə seçilir.

Xalq təqviminə görə, Kiçik çillə fevralın 20-si ömrünü başa vurur, yerini Boz aya verir. Boz ay xalq arasında həm də “Alaçalpov”, “Çilləbeçə”, “Ağlar-gülər”, “Cəmlələr” adları ilə tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-nə) qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli – bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.

Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya “Bayram ayı” da deyilir.

NUHÇIXAN folklorşünas Ramazan Qafarlının Boz ay və qarşıdan gələn Novruz çərşənbələrinin mərasimləri ilə bağlı qeydlərini təqdim edir:

Xalq inancına görə Boz ay həm qışın, həm də ilin son ayıdır. Belə inanc mətnlərindən birində deyilir ki, qışda hər şey yatıb donur. Yaz gəlib dörd dəfəyə bunları ayıldır. Bunların ayılması Novruz bayramında olur. Ona görə də Novruz bayramı dörd həftədir və dörd İlaxır çərşənbə var: “Bu dörd çərşənbə xalq təqvimində qışın son ayı olan Boz ayın dörd çərşənbəsidir. Xalq təqvimində də qışın müddəti 3 aydır. Əvvəlcə dekabrın 20-dən yanvarın 30-dək davam edən 40 günlük Böyük çillə, ardı ilə fevralın 1-dən 20-dək davam edən Kiçik çillə, sonda fevralın 21-dən martın 21-dək davam edən Boz ay gəlir. Boz ay həm qışın, həm də ilin son ayıdır. Onun 4 çərşənbəsi köhnə ilin sonu – yeni ilin ərəfəsi kimi xalq arasında əlamətdar günlər kimi xüsusi fərqləndirilir və qeyd olunur.

Folklorşünas Azad Nəbiyev “İlaxır çərşənbələr” adlanan kitabında dörd çərşənbəni aşağıdakı adlar altında bu ardıcıllıqla sıralayıb:

Birinci çərşənbə – Su çərşənbəsi;

İkinci çərşənbə – Od çərşənbəsi;

Üçüncü çərşənbə – Yel çərşənbəsi;

Dördüncü çərşənbə – Torpaq çərşənbəsi.

Evatdı

İlaxır çərşənbələr müxtəlif mərasim ənənələri ilə zəngindir. Ev və çöllə bağlı çoxlu mərasimi xarakterli adət-ənənələr vardır. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri ev təmizləmədir. Bəzi yerlərdə buna evatdı deyirlər. Bu ənənənin əsas mahiyyəti ev-eşik təmizliyi ilə bağlıdır. Lakin bu, adi günlərdə görülən təmizlik deyil. İlaxır çərşənbələrdə, əsasən, üçüncü çərşənbədə həyata keçirilən bu təmizlik mərasimi xarakterlidir. Bunun əsasında inanc durur. Burada aparılan təmizlik, əslində, təzələnmə, yenilənmə xarakterli mərasimi ənənədir. Evatdının əsas mahiyyəti ev-eşiyə aid nə varsa, onun təmizlənərək təzələnməsindən ibarətdir. Bu prosesdə ev-eşiyə aid heç nə və heç kəs prosesdən kənarda qala bilməz. Evin paltar-palazı, yorğan-döşəyi, mir-mitili çölə çıxarılır, yuyulan yuyulur, yuyulmayan günə verilir. Həyət-baca təmizlənir, səliqəyə salınır. Bütün bu prosesin əsasında iki mərasimi amil durur. 

Birincisi, təmizlik – təzələnmə elə aparılmalıdır ki, həyət-bacanın, ev-eşiyin təmizlənməsi, səliqə-sahmanı, gözəlliyi, bir sözlə, yeni il – Novruz üçün hazır olması dərhal nəzərə çarpsın. Bu məsələdə heç bir əyər-əskiklik ola bilməz. Çünki Novruz bayramı təkcə ilin təzələnməsi deyil, bütünlükdə köhnə ili yaşamış hər kəsin və hər şeyin təzələnməsi deməkdir. İnsanlar öz yaşadıqları məkanı təmizləyib təzələdikləri kimi, ruhlarını da hər cür çirkinliklərdən təmizləyib, yeni ilə yenilənmiş, ruhən, mənən yenidən doğulmuş halda keçirlər.

İkincisi, təmizlik – təzələnmə zamanı köhnə, sınıq, sıradan çıxmış, yararsız nə varsa atılmalı, evdən uzaqlaşdırılmalıdır. Köhnə, yararsız paltar atılır, sınıq qab-qacaq tullanırdı. Təzə pal-paltar ilin hansı dövründə alınmasından asılı olmayaraq, ilaxır çərşənbədə – Novruz ərəfəsində üzə çıxarılırdı. Köhnə, sınıq, yararsız olan evdən atılmalı idi ki, insanlar yeni ilə tam təzələnmiş, yenilənmiş halda keçə bilsinlər. Əgər sınıq, yararsız bir şey evdə qalardısa, bu, yeni ildə uğursuzluğa səbəb olardı. Bütün bunlar aydın şəkildə göstərir ki, ilaxır çərşənbələrlə bağlı ev təmizlənməsi adi günlərdə olan təmizlik olmayıb, öz inanc əsaslarına malik mərasimi ənənədir.

Ağacqorxutma

Əslində, ilaxır çərşənbələrlə bağlı bütün mərasimi adət- ənənələrin hamısı yenilənməyə – təzələnməyə xidmət edir. Belə ənənələrdən biri ağacqorxutma adətidir. Bu, ilaxır çərşənbələrin açıq formada magik mahiyyətli ənənələrindəndir. Ağacqorxutma ayrıca icra olunan adət-ayin olsa da, onu mahiyyətcə evatdı mərasimindən ayırmaq olmaz. Evatdıda ev-eşik təmizləndiyi, yeniləndiyi kimi, ağacqorxutma ayini də bağ-bağatın təzələnməsinə xidmət edir. Bəzən bağdakı bir ağac meyvə vaxtı bar vermir. Bu zaman xüsusilə axır çərşənbədə həmin ayin icra olunur. Bir nəfər əlinə balta alıb ağacın yanına gəlir və üzünü ağaca tutaraq deyir ki, “əgər bu il bar verməsən, meyvə gətirməsən səni bu balta ilə kəsəcəyəm”. Bəzi bölgələrdə başqa bir nəfər ağacı qorxudan baltalı şəxsi dayandıraraq deyir ki, “kəsmə, gələn il bar verəcək”.

Ev-eşikdən köhnə, sınıq, yararsız əşyalar atıldığı kimi, bağ-bağatda da quru ağaclar kəsilir, qurumuş budaqlar budanır. Bar verməyən, lakin sağlam olan ağaclar isə qorxudulur. Qorxutmaqda məqsəd təkcə bar almaq deyil. Bir ağacın bar verməməsi onun mal-qara kimi qısırlığı, sonsuzluğu deməkdir. Qısırlıq, sonsuzluq isə böyük uğursuzluq sayılırdı. Bu qüsuru aradan qaldırmaq üçün insanlar ağacı qorxudub, onu yeniləyir, sağaldır, qüsurunu aradan qaldırırdılar.

Üzərlik yandırma

Üzərliyin Azərbaycan inanclar sistemində nə qədər yayğın inanc olması hər kəsə məlumdur. Üzərlik yandırma Novruz mərasim kompleksində təmizlənmə – yenilənmə ilə bağlı icra olunan ayinlərdəndir. İnsanlar Novruz tonqalına üzərlik atar, bununla da ev-eşiyə, mal-qaraya, ev sakinlərinə yönəlmiş hər hansı mənfi nəzərin təsirini aradan qaldırarmışlar. Bunun üçün onlar üzərliyin tüstüsünü ev sakinlərinə, evə, mal-qaraya tərəf tutarmışlar. Bu adət indi də çox yayılıb. Üzərlikyandırma yenilənmənin mühüm ayinlərindəndir. Üzərlik vasitəsi ilə bəd nəzər, pis niyyətlər təmizlənir.

Tonqal qalama

İlaxır çərşənbənin və ümumiyyətlə 4 çərşənbənin dördünün də ən ayrılmaz və əvəzolunmaz atributu tonqal qalamadır. Xüsusilə ilaxır çərşənbədə tonqal qalanır, insanlar “ağırlığım-uğurluğum bu odda qalsın” deyib onun üzərindən tullanırlar. Bu, axır çərşənbənin ən mühüm və açıq magik xarakterli ayinlərindəndir. Bu zaman nəğmələr də oxunur. Həmin nəğmələr məzmun və mahiyyətcə odla, təmizlənmə ilə bağlı alqış-dualardır. Araşdırmalar zamanı odun müxtəlif funksiyaları üzə çıxır:

Od Günəşin yerdəki rəmzidir;

Od birlik, mehribanlıq rəmzidir (ailə ocağı);

Od canlı varlıqdır;

Od gələcəkdən xəbər verə bilir;

Od təmizləyici, paklaşdırıcı, saflaşdırıcı, qoruyucu gücə malikdir...

Bu izahdan da göründüyü kimi, tonqal qalama Novruz mərasim kompleksinin magik xarakterli ayinlərindəndir.

Danatma

Belə mərasimlərdən biri danatma adətidir. Mərasim Novruz gecəsi icra olunur. İnsanlar səhərə qədər oyaq qalır, Günəşi qarşılayırlar. Novruz bayramı mərasim kompleksi Od-Günəş ünsürü ilə sıx bağlıdır. Bu, acı, sərt, ölüm, aclıq, qıtlıq saçan qışın yola salınması, həyat verən, bolluq, ruzi-bərəkət gətirən yazın qarşılanması mərasimidir. Lakin yaz öz-özünə gəlmirdi. İnsanlar müxtəlif magik mərasimlərlə onu gətirir və qarşılayırdılar. Yazın ən mühüm atributu Günəş idi. İnsanlar Novruz gecəsi oyaq qalıb, səhər dan yeri söküləndə yeni ildə ilk dəfə doğacaq Günəşi gözləyirdilər. Bu, Günəşin hərgünkü kimi doğması yox, Yeni ildə el-obaya, dünyaya ilk gəlişi idi. Onu gülər üzlə, alqış-dualarla, sevinclə qarşılamaq lazım idi ki, böyük həvəslə gəlsin. Çünki soyuq qışdan sonra insanların, heyvanların, bitkilərin bütün həyatı Günəşin gəlişindən asılı idi. Bu gəlişin mifoloji-inanclarla, magik ayinlərlə bağlılığı danatma gecəsi icra edilən fallarda ifadə olunur. Bu gecə həm də bəxt gecəsi idi. Odur ki, qızlar su ilə fal açıb bəxtlərini yoxlayırdılar. Danatma iştirakçıların Günəş doğandan sonra su üstünə gedib əl-üzünü yumaları, suyun üstündən tullanaraq, “ağırlığım-uğurluğum bu sulara” deməsi ilə başa çatırdı.

Papaqatdı

Axır çərşənbənin əsas adətlərindən biri papaqatdı adətidir. Buna bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. Məzmunu axır çərşənbə gecəsi evlərə papaq atıb, pay istəməkdir. Keçmişdə papaq yox, xurcun, torba, qurşaq atılmışdır: “Papaq qeyrət, namus, yaylıq abır-həya rəmzidir. Papaq və yaylıq insandan yuxarıda yerləşdiyi üçün Yaradana daha yaxındır. Papağın və yaylığın ayaqlar altına atılması, pay tələb edilməsi, əslində, aşağılıqdır. Qadının baş örpəyi ancaq savaşın, qan tökməyin qarşısı alınarkən araya atılırdı. Evin bacasından xurcun, torba sallamaq, yerə qurşaq sərməklə bağlı qədim adət ölkəmizin müstəmləkə çağlarında papaqla əvəz edilmişdir”.

Folklorşünas Ağaverdi Xəlil yazır ki, Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda (o cümlədən Ömər Xəyyamın “Novruznamə”sində və Əbu Reyhan əl-Biruninin “Asar əl baqiyə” əsərində) bu adətlərin zərdüştilik dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi haqqında məlumat verilir. Sonrakı dövrlərdə “torba atmaq”, “qurşaq atmaq” və ya “şal sallamaq”la əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirlərini göstərmişdir. Məsələn:

Məhəmmədhüseyn Şəhriyarın şeirində deyilir:

Ay nə gözəl qaydadı şal sallamaq,

Bayramlığı bel şalına bağlamaq.

Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır.

Səməni nəziri

İlaxır çərşənbənin ayinləri çoxdur. Bunlardan bəziləri səməni ilə bağlıdır. Onlardan biri səməni nəziri adətidir. Qəlbində bir niyyəti olan adam böyük qablara buğda töküb göyərtdirirdi. Sonra cücərtiləri əzib şirəsini çıxarır, şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq ləpəsi qatır, sonra xonça sinilərinə töküb yayırdılar. Xonçaları evə aparmayıb, həyətdə saxlayırdılar. Gecə yatmayıb niyyətin qəbul olması haqqında dua edirdilər. Səhər bişmişin dadına baxırdılar. Əgər bişmiş şirin çıxırdısa, demək, nəzir-niyyət qəbul olunmuşdur.

Səməni ovsunu

Səməni ovsunu adəti də magik xarakterlidir. Bu ayin uşağı olmayan qadınlardan ötrü icra olunurdu. Ayinin qaydası belədir: Oğul-qız böyütmüş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan və bununla da çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş “çərşənbə suyu”ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır. Yenə də oğul-uşaq böyütmüş başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu əlinə aldığı qayçı ilə doğraya-doğraya: “A səmənini göyərdən, bu gəlini də göyərt”, – deyir və yaxud: “Arpa, buğda dənidi, Göyərən səmənidi, Kəsdim, gəlin, çilləni, Övlad vermək dəmidi” – ovsun sözlərini deyir.

Əlbəttə, ilaxır çərşənbələrlə bağlı adət-ənənələr tarixən çox zəngin olub, zaman keçdikcə onlardan bəziləri daim müasirləşən həyatın təsiri ilə unudulub, bəziləri də şəklini dəyişərək yenilənib. Həmin ənənələrin inanc əsaslarına diqqət verilməsi iki əsas cəhəti üzə çıxarır:

Birincisi, ilaxır çərşənbənin adət-ənənələri mifik görüşlərlə bağlıdır. Onlarda qədim türk mifologiyasında dünyanın, kainatın, bütün varlıq aləminin və ümumiyyətlə, həyatın yaranmasının əsasını təşkil edən ilk ünsürlərin (Su, Od/Günəş, Bitki/Ağac, Torpaq, Hava və s.) izlərini görmək olur.

İkincisi, ilaxır çərşənbənin adət-ənənələri magik xarakter daşıyır. Onların, demək olar ki, hamısında magiya – sehr və ovsunla bağlı ayinlər icra olunur.

Bütün bunlar göstərir ki, ilaxır çərşənbələr, o cümlədən bütünlükdə Novruz bir mərasim kompleksi kimi xalqımızın qədim dünyagörüşünü, ilkin mifoloji-magik ənənələrini öyrənməkdən ötrü çox zəngin və əvəzsiz qaynaqdır.

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR